Məhkəmə qərarları › İş №2(105)-1784/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1784/2024

25.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1784/2024 25.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpasından imtina, apellyasiya şikayətinin geri qaytarılması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə) “peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(060)-245/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(060)-245/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 480 (dörd yüz səksən) manat məbləğində ödənc, hüquqi xidmətə görə ödənilmiş 120 (bir yüz iyirmi) manat pul və 50 (əlli) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

2. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(060)-245/2024 qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddəti üzrlü hesab edib, müddətin bərpa edilməsini və apellyasiya şikayətinə baxılması üçün göndərilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, X2 ”Sumqayıt Superfosfat” ASC-yə qarşı iddiası Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il, 2(060)- 245/2024 saylı qətnaməsi ilə təmin edilmişdir. Sözügedən qətnamə xx.xx.2024-cü il tarixdə cəmiyyətin elektron kabineti vasitəsi ilə təqdim edilmişdir. Bildirilir ki, həmin vaxt Cəmiyyət faktiki fəaliyyət göstərməmiş. Bir sıra ixtisaslar üzrə eləcə də hüquqşünas ixtisası üzrə ştat vahidi olmamışdır. Eyni zamanda cəmiyyətin rəhbərliyi də həmin vaxt xarici ölkədə olmuşdur. Hüquqşünas olmadığı üçün qətnamə oxunmamış, şikayət vermənin prosessual müddətləri barədə rəhbərlik məlumatlandırılmamışdır. Nəticə də qətnamədən şikayət verilməsi müddəti ötürülmüşdür. Hesab edilir ki, prosessual müddətin buraxılmasının səbəbi üzürlüdür və buna görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133– cü maddəsinə əsasən məhkəmədən Sumqayıt şəhər məhkəməsinin qəbul etdiyi xx.xx.2024-cü il, 2(060)-245/2024 saylı qətnaməsindən şikayət verilməsi üçün MPM-nin 360–cı maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddətin ”Sumqayıt Superfosfat” ASC tərəfindən buraxılmasının səbəbi üzürlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsi məhkəmədən xahiş etmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı məhkəməyə ərizəyə etiraz təqdim edərək bildirmişdir ki, işdən göründüyü kimi cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6149/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir və xx.xx.2024cü il tarixdə qanuni qüvvəsini almışdır. "xxxx" ASC tərəfindən ünvanlanan buraxılmış prosessual müddətin bərpası haqqında ərizədə qeyd edilmişdir ki, sözügedən qətnamə xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Ərizədə göstərilmişdir ki, cəmiyyət həmin tarixdə fəaliyyət göstərməmişdir, eləcə də hüquqşünas ixtisası üzrə ştat vahidi olmam ışdır və rəhbərlik xaricdə olmuşdur. Hüquqşünas olmadığı üçün qətnamə oxunmamış, şikayət verilməsinin prosessual müddəti barədə rəhbərlik məlumatlandırılmamışdır. Bildirirlər ki, müddətin bərpasına dair ərizədə göstərilən səbəblər absurd, eyni zamanda əsassız səbəblərdir. Qeyd olunan səbəblər üzrsüz səbəblər hesab olunmalıdır. Belə ki, Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilm əsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Qeyd olunan səbəblər prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmuş, özü tərəfindən onların dəf edilməsi imkanlarına sahib olmuş, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətməmişdir. Bir daha bildirilir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-245/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir və artıq qanuni qüvvəsini almışdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, 2(060)- 245/2024 nömrəli iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş müddətin bərpasına dair ərizənin təmin edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(060)-245/2024 nömrəli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(060)-245/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir.

6. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-245/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(060)-245/2024 saylı qərardadının ləğv edilməsini, üzrlü buraxılmış prosessual müddətin bərpa edilməsini, apellyasiya şikayətinin iş materialları ilə birlikdə apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(060)-245/2024 nömrəli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-245/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Şikayətin dəlilləri Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Mirzəliyeva Ülviyyə Rəhim qızı şikayətini onunla əsaslandırmışdır ki, X2 Sumqayıt Superfosfat” ASC-yə qarşı iddiası Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il, 2(060)- 245/2024 saylı qətnaməsi ilə təmin edilmişdir. Sözügedən qətnamə xx.xx.2024-cü il tarixdə cəmiyyətin elektron kabineti vasitəsi ilə təqdim edilmişdir. Həmin vaxt Cəmiyyət faktiki fəaliyyət göstərməmişdir. Bir sıra ixtisaslar üzrə eləcə də hüquqşünas ixtisası üzrə ştat vahidi olmamışdır. Eyni zamanda cəmiyyətin rəhbərliyi də həmin vaxt xarici ölkədə olmuşdur. Hüquqşünas olmadığı üçün qətnamə oxunmamış, şikayət vermənin prosessual müddətləri barədə rəhbərlik məlumatlandırılmamışdır. Nəticədə qətnamədən şikayət verilməsi müddəti ötürülmüşdür. Qətnamədən apellyasiya şikayəti verilmiş, müddətin bərpası ilə bağlı ərizə apellyasiya şikayətinə əlavə edilmişdir. Lakin məhkəmə xx.xx.2024-cü il 2(060)- 245/2024 saylı qərardadla müddəti bərpa etməmişdir. Məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə müddətin bərpa edilməsini prosessual hüquq normasından sui-istifadəyə yol açması, qüvvəyə minməsindən aylar ötdükdən sonra belə, mübahisələndirilməsini sui-istifadə halına imkan yaradan qaydalar kimi təfsir olunacağı, belə halda fərdi və ictimai maraqlar arasında tarazlıq pozulması kimi qiymətləndirmişdir. Müddətin bərpasına dair ərizədə göstərilənləri nəzərə almamış, müəsissə rəhbərinin hüquqi biliklərə malik olmamasını, elektron məhkəmə sisteminin həmin vaxt yeni yaradılmasını, qətnamənin sistem vasitəsi ilə yerləşdirilməsinin rəsmi çatdırılma olduğunu bilməməsini nəzərə almamışdır.

Şikayətə qarşı etirazın dəlilləri

9. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən şikayətə qarşı yazılı etiraz verərək cavabdeh "xxxx" ASC tərəfindən ötürülmüş müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 2(060)-245/2024 nömrəli qərardadının dəyişdirmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

12. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(060)-245/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(060)-245/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(060)-245/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüququlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirməsinə maneə törətsin və məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

15. Qüvvədə olan mülki prosessual qanunvericiliyin normalarından göründüyü kimi şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Lakin vəsatətin veriməsi müddətin mexaniki bərpa edilməsinə səbəb olmur. Məhkəmə ilk növbədə müddətin buraxılmasının səbəblərini arşdırır. Əgər o, müddətin şikayəti verən şəxsdən asılı olmayan səbəblərdən (xəstəlik, ezamiyyət və s.) buraxıldığı qənaətinə gələrsə, vəsatəti təmin edərək müddəti bərpa edir, əks halda isə vəsatəti rədd edir.

16. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(060)-245/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir.

17. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Mirzəliyeva Ülviyyə Rəhim qızı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-245/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(060)-245/2024 saylı qərardadının ləğv edilməsini, üzrlü buraxılmış prosessual müddətin bərpa edilməsini, apellyasiya şikayətinin iş materialları ilə birlikdə apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

18. Mülki iş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(060)-245/2024 saylı qətnaməsi cavabdeh "xxxx" ASC-yə məxsus şəxsi elektron kabinetə xx.xx.2024-cü il tarixdə, saat 16:39-da yerləşdirilmiş və bu barədə iş materiallarına çıxarış əlavə edilmişdir.

19. Məhz bu səbəbdən məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC tərəfindən qətnamədən apellyasiya şikayət verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddətin üzrlü səbəb olmadan buraxılmış, həmçinin bunun əskini sübut edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

20. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının qeyri-müəyyən vaxtdan sonra onlara yenidən baxılması hüquqi müəyyənlik prinsipini pozur. Bu cür hallar Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə baxışına olan hüququnun mahiyyətinə ziddir.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı 20 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.

22. Avropa Məhkəməsi xüsusi ilə vurğulayır ki, daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (Raihani Belçikaya qarşı qərar).

23. Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir.

24. Eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı 20 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.

25. Göründüyü kimi müddətlərin müəyyən edilməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinin qarşısını almağa, mülki münasibətdə qeyri-müəyyənliyi, qeyri-sabitliyi aradan qaldırmağa xidmət göstərir.

26. Kollegiya qeyd etməyi zəruri bilir ki, məhkəmə aktının rəsmi qaydada tərəfə təqdim edilməsi məlumatlandırma xarakteri daşıyır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh məhkəmə mübahisəsi barədə məlumatlı olmuşdur /elektron bildiriş səh.16,17, xəbərnamə səh. 20/. Cavabdehin ərizədə göstərdiyi dəlillər müddətin buraxılmasının üzürlü səbəbi kimi qiymətləndirilərək məhkəmə aktının qəbul edildiyi vaxtdan 10 ay ötdükdən sonra buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas olaraq qəbul edilə bilməz. Kollgiya hesab edir ki, həmin dəlillər formal olmaqla əsassızdır. Belə ki, qeyd edildiyi kimi cavabdeh məhkəmə mübahisəsi barədə xəbərdar olmaqla məhkəmə aktını əldə etməkdə özü də maraqlı olmalı, hərəkətsizlik nümayiş etdirməməli idi.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akif Həsənov Azərbaycana qarşı” iş üzrə 19 sentyabr 2019-cu il tarixli Qərarında vurğulanmışdır ki, “ərizəçi birinci instansiya məhkəməsinin qərarından 26 noyabr 2007-ci ildə verdiyi şikayətini nəzərə alaraq ərizəçinin 2007-ci ilin axırında apellyasiya şikayəti münasibətində apellyasiya məhkəməsinin hərəkətsizliyi barədə xəbəri olmalı idi. Hətta, Bakı Apellyasiya Məhkəməsi onu məhkəmə iclasına çağırmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin, qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan apellyasiya baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir”.

28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunmaması ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir.

29. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(060)-245/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar