Məhkəmə qərarları › İş №2(105)-1789/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1789/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1789/2025 15.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(074)-897/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 04 iyun 2024-cü il tarixli, 01/02728 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqavilədən görünür ki, istifadəyə verən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 5000 manat kənd təsərrüfatı texnikasının mülkiyyət hüququnun istifadəçi Cavabdeh keçməməsi şərti ilə istifadəyə verir.

2. Texnika istifadəyə verilərkən saz vəziyətdə olması barədə 01/02728 nömrəli xx.xx.2024-cü il tarixli akt, texnika rayon bölməsinə geri qaytırılarkən 01/02728 nömrəli xx.xx.2024-cü il tarixli 02-ci akt tərtib edilmişdir.

3. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 04 iyun 2024-cü il tarixli, 01/02728 nömrəli müqavilə üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməli olduğu 5000 manat ödənişin 1500 manat hissəsini icra etmiş, 3500 manat borcu vardır.

4. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 07 mart 2025-ci il tarixli pretenziya bildirişi ilə Cavabdeh 3500 manat ödənişi icra etməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 iyun 2024-cü il tarixli, 01/02728 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3500 manat borcun və 55 manat dövlət rüsumu olmaqla, cəmi 3555 manat məbləğdə pulun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) və Cavabdeh arasında bağlanmış 04 iyun 2024-cü il tarixli 01/02728 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd “CLAAS Dominator-130” markalı taxılyığan kombayn cavabdehin istifadəyə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01/02728 nömrəli müqaviləyə əsasən 5000 manat öhdəlikdən 1500 manat ödəniş edərək 3500 manat borcu qalmışdır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsədə cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(074)-897/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 04 iyun 2024-cü il tarixli, 01/02728 nömrəli müqavilə üzrə 3500 manat pul və dövlət rüsumu kimi ödənilmiş 55 manat pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim Natiq İsmayılov).

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən iddiaçı lizinq obyektini cavabdehin istifadəsinə vermiş, cavabdeh isə lizinq obyektindən istifadə üçün müqavilənin şərtləri əsasında ödəniş etməklə lizinqə götürməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir.

9. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 448.1, 747.1, 748-1.12, 748-7.1, 748-9 və 748-10.1-ci maddələrinə istinad edilmişdir.

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi tam yalan və əsassızdır. Belə ki, sözügedən kombaynın Ağstafa Rayon Aqroservisindən onun adına götürülməsini orada Ramil və Teymur adlı vəzifəli şəxslər həyata keçirmişlər. Onların işçisi olmuş və hər hektara 10 azn olmaqla işləmişdir. Lakin hazırda Ramil və Teymur vəzifələrindən azad ediliblər. Aqrolizinqin rəhbəri Məftun müəllim onu məhkəməyə verəcəyini bildirirdi ki, kombayn onun adına sənədləşdirildiyinə görə onun pulunu da o ödəməlidir. O, isə öz növbəsində iş gedəgedə hər dəfə 1000 azn, 2000 azn, 800 azn, 700 azn, 600 azn və sair ödəməklə ondan cəmi 8000 (səkkiz min) manat pul almışlar və həmin pulu Ramil və Teymur adlı şəxslərə vermişdir. Halbuki, əgər doğrudan da həmin taxılyığan kombaynı özü götürsəydi ilkin ödəniş kimi 2500 manat pulu birbaşa ödəyərdi. Onlar kombayna görə ondan 8000 manat pul alıblar. Onu da qeyd edir ki, Məftun müəllim Teymur və Ramil adlı şəxslərlə danışdıqdan sonra kombayn istifadəyə buraxılmışdır. Lakin həmin danışığa qədər pulu ödənilmədiyindən kombayn istifadəyə buraxılmırdı. Əslində Məftun müəllim, Teymur və Ramil adlı şəxslər bir-biri ilə ortaq və işbirliyi olan əlaqəli şəxslər idi. Ona görə də, onun Aqrservisə heç bir pul borcu yoxdur. Üstündən 1 (bir) il 5 ay vaxt keçdikdən sonra bu məsələ üzrə məhkəməyə müraciət edilməsi tam əsassızdır. Apellyasiya şikayəti məhkəmə icraatına qəbul edildikdən sonra audio-səs yazılarını, "xxxx" ASC-yə məxsus 4169-7388-0034-3620 nömrəli kartını, müvafiq fotoşəkli məhkəməyə sübut kimi təqdim edəcəkdir və həmin sübutlar, danışıqlar və faktlar araşdırıldıqdan sonra aydın olacaq ki, qeyd etdiyi şəxslər dələduzluq edərək kombaynı onun adına sənədləşdirmiş və bunun qarşılığında ASC-yə 8000 manat pul ödəsə də, aldadılmış və ödənişi qəsdən icra etməmişlər. Çünki Aqroservisə məxsus kombayn onun adına olsa da, onun ödəniş sənədlərinin hamısı adları qeyd olunan şəxslərdə idi. Sadaladığı hallardan göründüyü kimi ASC-yə pul borcu yoxdur və bu iddianı qəbul etmir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyöun izahat verərək təmin edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

15. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-9-cu maddəsinə əsasən əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir;

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...) Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə... Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir.

19. İşdən görünür ki, "xxxx" ASC və Cavabdeh arasında bağlanmış 04 iyun 2024-cü il tarixli 01/02728 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd “CLAAS Dominator- 130” markalı taxılyığan kombayn xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində müvəqqəti istifadə üçün caabdeh ASC-yə 5000 manat ödəyəcəyi barədə razılığa gəlmişlər. Həmin məbləğin 1500 manat hissəsi icra edilsə də, 3500 manat icrasız qalmış və ASC hazırki tələblə məhkəməyə müraciət etmişdir.

20. xx.xx.2025-ci il tarixdə iddia ərizəsi məhkəməyə daxil olmuş, xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasının xx.xx.2025-ci il tarixdə saat 11:45-də keçirilməsi barədə bildiriş hazırlanmış və elektron kabinet vasitəsi ilə imzalanmaqla “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilmişdir. Həmin tarixdə tərəflər məhkəmə hazırlıq iclasında iştirak etmir və həmin tarixdə iddianın məhkəmə baxış iclasına təyin edilməsi barədə bildiriş iş materiallarında bildiriş mövcud olsa da, cavabdehə təqdim edilməsi barədə heç bir məlumat mövcud olmamışdır. Həmin tarixdə arayış tərtib olunur və məhkəmə iclası qeyri-iş gününə təyin edildiyi üçün məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilir. Bu dəfə də, cavabdehin məhkəmə iclasında iştirakı ona heç bir məlumat verilmir, iddiaçı tərəfin iştirakı ilə işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilir (cavabdehin apellyasiya şikayətinin dəlilin bir hissəsi sırf çəkişmə prinsipinin pozulması olmuşdur).

21. “AZEMİS” sistemindən müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti vardır.

22. Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

23. MPM-in 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

24. MPM-in 10-1.8-ci maddəsinə əsasən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.

25. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclasında iştirakını təmin etmək istiqamətində lazımi tədbirlər göstərməmiş, ona görə də, qətnamə prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir.

27. Belə ki, Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən; 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

28. Göründüyü kimi mülki mühakimə icraatı tərəflərin bərabərliyi və çəkişmə prinsipi ilə realizə edilir. İddia tələbi yönəlmiş cavabdehin iştirakı təmin edilməmiş, onun mübahisəyə hər hansı bir münasibətini aydınlaşdırmamış, bununla da mülki mühakimə icraatının tərəflərin bərabərliyi və çəkişmə prinsipi ilə realizə edilməsi prinsiplərini pozmaqla qətnamə qəbul etmişdir.

29. Birinci instansiya məhkəməsi məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatın cavabdehə təqdim edilməsi və həmin məlumatın cavabdeh tərəfindən alınması barədə sənəd iş materiallarında aşkar edilməmişdir.

30. “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır.

31. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında 04 iyun 2024-cü il tarixli, 01/02728 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqavilə imzalanmış, 1 ədəd “CLAAS Dominator-130” markalı taxılyığan kombayn xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 5000 manat qarşılığında Cavabdeh keçməməsi şərti ilə istifadəyə vermişdir.

32. Hazırki iddia ilə ASC qeyd olunan müqavilə üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməli olduğu 5000 manat ödənişin 1500 manat hissəsini icra etdiyi, 3500 manat borcu olduğunu göstərir və həmi məbləğin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

33. İş materiallarından göründüyü kimi Tərəflər arasında lizinq müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı müqavilədə nəzərdə tutulan texnikanı cavabdehin müvəqqəti istifadəsinə versə də, sonuncu müqavilə üzrə öhdəliyi lazımı qaydada icra etməyərək kənd təsərrüfatı texnikasından istifadə üçün nəzərdə tutulmuş məbləği tam çəkildə ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə ASC qarşısında borcu yaranmışdır.

34. Cavabdeh verdiyi apellyasiya şikayəti əsasında ASC-dən aldığı 1 ədəd “CLAAS Dominator-130” markalı taxılyığan kombaynı istifad etdiyi dövrlərdə hissə-hissə ASC-yə ümumilikdə 8000 manat ödəniş etdiyini göstərmiş, lakin bu ödənişlərin ASC-nin balansına icra etməsi halı məhkəmə kollegiyasının araşdırması zamanı təsdiqini tapmamış və iddiaçının nümayəndəsi bu halı qəbul etməmişdir.

35. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı lizinq müqaviləsi üzrə yaranmış borcu tələb etməkdə haqlıdır və həmin pul məbləği Cavabdeh ASC-nin xeyrinə tutulmalıdır.

38. Göstərilənlərə əsasən iddia təmin edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 04 iyun 2024-cü il tarixli, 01/02728 nömrəli müqavilə üzrə 3500 manat pul tutulmalıdır.

39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh iddiaçının əməkdaşları olan və apellyasiya şikayətində adları qeyd edilən Ramil və Teymura hazırki müqavilə üzrə ödənişləri verdiyini qeyd etsədə bununla bağlı təsdiq edici sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Ödənişləri etmiş olduğu halda isə bu onu müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliklərdən azad etmir. Bu halda cavabdeh yalnız onlara qarşı icra etdiyi ödənişlərin geri qaytarılması barədə müstəqil qaydada məhkəməyə müraciət edə bilər.

40. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Hazırki tələb üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 55 manat dövlət rüsumu ödənilmişdir. Həmin məbəğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

42. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(074)-897/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbininə dair iddiası təmin edilsin. Cavabdeh 04 iyun 2024-cü il tarixli, 01/02728 nömrəli müqavilə üzrə 3500 manat pul və dövlət rüsumu kimi ödənilmiş 55 manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar