Məhkəmə qərarları › İş №e-2-2(119)-249/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-249/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-249/2024 24.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” 02 may 2023-cü il tarixli 07/02707 nömrəli müqaviləyə əsasən əsasən 2000 (iki min) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 2070 (iki min yetmiş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 may 2023-cü il tarixli 07/02707 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayn istifadəyə götürülmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 4000 (dörd min) manat öhdəlikdən 2000 (iki min) manat ödəniş edilmişdir. Cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2000 (iki min) manat borcu vardır. Cavabdeh iddiaçıya olan borcunu vaxtında qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. O, “Kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” 02 may 2023-cü il tarixli 07/02707 nömrəli müqavilə üzrə cavabdeh tərəfindən cəmi 2000 (iki min) manat məbləğində ödəniş edildiyini bildirmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, hüquqi savadı olmadığı üçün o, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış operativ lizinq müqaviləsi üzrə istifadə haqqının 4000 manat olduğunu bilməmişdir. İstifadə haqqının 2000 manat olduğunu zənn etdiyindən 1500 və 800 manat olmaqla iki dəfə ödəniş etmiş, lakin ödənişi təsdiq edən sənədləri mövcud deyildir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış “Kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” 02 may 2023-cü il tarixli 07/02707 nömrəli müqaviləyə əsasən Cəmiyyət tərəfindən 1 ədəd “SR-2045” markalı taxılyığan kombayn mülkiyyət hüququ istifadəçiyə keçməmək şərtilə 01 iyun 2023cü il tarixindən 15 avqust 2023-cü il tarixinədək istifadə haqqı 4000 (dörd min) manat müəyyən edilməklə Cavabdeh istifadəsinə verilmişdir. Həmin müqavilənin 2.1.4-cü bəndinə əsasən lizinqə verən lizinq alan tərəfindən müqavilənin şərtlərinə əməl edilmədikdə lizinqə (istifadəyə) verən onu yazılı xəbərdarlıq etməklə bu müqaviləni birtərəfli qaydada ləğv etmək, texnikanı geri götürmək, habelə ödənişdən qalan borcun və texnikaya dəymiş zərərin ödənilməsini qanuna müvafiq qaydada tələb etmək hüququna malikdir. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən lizinq alan ödəniş məbləğini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürür. İş materiallarında olan “Texniki vəziyyət haqqında” 02 may 2023-cü il tarixli 07/02707 nömrəli Akt 1-dən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qobustan Regional nümayəndəliyinin istifadəsində olan “SR-2045” markalı taxılyığan kombayn (buraxılış ili- 2014, dövlət nömrə nişanı 37T426, şassi nömrəsi 561355, mühərrik nömrəsi Z30595) saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 03 may 2023-cü il tarixdə 2000 (iki min) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 19 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, “Kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” 02 may 2023cü il tarixli 07/02707 nömrəli müqavilə üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qalıq borcu 2000 manat (iki min) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. - 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. - 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış “Kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” 02 may 2023-cü il tarixli 07/02707 nömrəli müqaviləyə əsasən cəmiyyət tərəfindən 1 ədəd “SR-2045” markalı taxılyığan kombayn 01 iyun 2023-cü il tarixindən 15 avqust 2023-cü il tarixinədək istifadə haqqı 4000 (dörd min) manat müəyyən edilməklə cavabdehin istifadəsinə verilmişdir. 02 may 2023-cü il tarixli aktla kombayn saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. Cavabdeh istifadə haqqından 2000 (iki min) manat məbləğində ödəniş etsə də, o, öhdəliyini tam icra etməyərək texnikadan istifadə üzrə yaranmış 2000 (iki min) manat məbləğində borcunu iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 2000 (iki min) manat borcun tutulması barədə iddia tələbi əsaslıdır. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 15 yanvar 2024-cü il tarixli MŞS.MT030.2023-02815 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh (VÖEN: **********) “Kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” 02 may 2023cü il tarixli 07/02707 nömrəli müqaviləyə əsasən 2000 manat (iki min) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 2070 manat (iki min yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbinə uyğun olaraq hesablanmış 40 (qırx) manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN: **********) “Kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” 02 may 2023-cü il tarixli 07/02707 nömrəli müqaviləyə əsasən 2000 manat (iki min) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 2070 manat (iki min yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh dövlət nəfinə 40 (qırx) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar