Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-18/2024 23.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə5, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1800 (min səkkiz yüz) manat məbləğində dəymiş maddi ziyan və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 1860 (min səkkiz yüz altmış) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 may tarixli 2022-ci il 06/01943 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Bildirilir ki, lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 1800 (min səkkiz yüz) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün 1800 (min səkkiz yüz) manat dəymiş maddi ziyan hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə5 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini və kombaynın onun istifadəsinə nasaz vəziyyətdə verildiyini bildirmişdir. O, 01-06 sentyabr 2022-ci il tarixlərdə xəstəxanada olduğunu, buna görə kombaynı iddiaçıya təhvil verə bilmədiyini və həmin vaxt kombaynın işlək vəziyyətdə olduğunu qeyd etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 may 2022-ci il tarixli 06/01943 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən cəmiyyət tərəfindən 1 ədəd “SR-2045” markalı taxılyığan kombayn mülkiyyət hüququ istifadəçiyə keçməmək şərtilə 01 iyun 2022-ci il tarixindən 31 iyul 2022-ci il tarixinədək istifadə haqqı 4500 manat müəyyən edilməklə Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan “Texniki vəziyyət haqqında” 13 may 2022-ci il tarixli 06/01943 Akt 1-dən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz Rayon Nümayəndəliyinin Siyəzən-Xızı rayon bölməsinin istifadəsində olan 1 ədəd “SR-2045” markalı taxılyığan kombayn (buraxılış ili - 2014-cü il; Dövlət qeydiyyat nömrəsi: 53-T-231; Mühərrik: № Z29712, Şassi: № 561337) saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinə ünvanlanmış 13 may 2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh 12 may 2022-ci il tarixli 06/01943 nömrəli müqavilə əsasında müvəqqəti istifadəyə götürdüyü 1 ədəd “SR- 2045” markalı taxılyığan kombaynı təyinatı üzrə istifadə etməyi, istismar zamanı zəruri texniki qulluq işlərinin vaxtında həyata keçirməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı, istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını və müqavilə (istifadə) müddəti bitdikdən sonra texnikanı saz və dəst təhvil verməyi və müqavilə müddəti (istifadə) bitməmişdən əvvəl təhvil verməyindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, yuxarıdakı cədvəldə nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz Regional Nümayəndəliyinin Siyəzən-Xızı bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 02 sentyabr 2022-ci il tarixli Aktda göstərilir ki, mexanizator Cavabdeh xəstəliyi ilə əlaqədar 1 ədəd “SR-2045” markalı taxılyığan kombaynı müqavilə müddəti bitdiyində Siyəzən-Xızı bölməsinin bazasına təhvil verə və sənədlərə imza ata bilməmişdir. Kombayn 01 sentyabr 2022-ci il tarixində Siyəzon-Xızı bölməsinin rəhbəri və mexanizatorları tərəfindən Xızı rayon Yarımca kənd ərazisindən bölmənin bazasına gətirilmişdir. Texnikaya baxış zamanı mühərrikin yanacaq nasosunda nasazlıq aşkar edilmişdir. Mexanizator nasazlığın 10 gün ərzində aradan qaldırılacağına söz vermişdir. (Aktda Cavabdeh imzası yoxdur). İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz Regional Nümayəndəliyinin Siyəzən-Xızı bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 02 sentyabr 2022-ci il tarixli Qüsur aktında göstərilir ki, 12 may 2022-ci il tarixli 06/01943 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi" barədə müqavilə əsasında istifadəçi Cavabdeh istifadəsinə verilmiş bir ədəd “SR-2045” markalı taxılyığan kombayna baxış zamanı mühərrikin yanacaq nasosunda nasazlıq aşkar edilmişdir (Aktda Cavabdeh imzası yoxdur). İş materiallarında olan “Texniki vəziyyət haqqında” 02 sentyabr 2022-ci il tarixli 06/01943 nömrəli Akt 2-dən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz Rayon Nümayəndəliyinin Siyəzən-Xızı rayon bölməsinin istifadəsində olan 1 ədəd “SR- 2045” markalı taxılyığan kombayn mexanizator Cavabdeh yanacaq sistemi nasaz vəziyyətdə təhvil alınmışdır (Aktda Cavabdeh imzası yoxdur). İş materiallarında olan “SR-2045” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə” arayışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz Rayon Nümayəndəliyinin Siyəzən-Xızı rayon bölməsinin istifadəsində olan və mexanizator Cavabdeh arasında bağlanmış 12 may 2022-ci il tarixli 06/01943 nömrəli müqavilə əsasında operativ lizinqə götürülmüş 561337 şassi nömrəli “SR-2045” markalı taxılyığan kombayn bölməyə təhvil verilərkən kombaynda nasazlıq müəyyən olunmuş, texnikanın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər 1800 manat (yanacaq nasosunun təmiri 1800 manat) hesablanmışdır. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Respublika X1 X4 X3 1618 nömrəli çıxarışdan (epikrizdən) görünür ki, Cavabdeh 01 sentyabr 2022-ci il tarixdən 06 sentyabr 2022-ci il tarixədək həmin xəstəxanada olunmuşdur. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 23 fevral 2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, texnikaya dəymiş 1800 manat məbləğində zərər tez bir zamanda İddiaçı ASC-yə ödənilməsi xahiş edilmiş, əks halda texnikaya dəymiş maddi ziyan üzrə borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. İş materiallarında olan 03 oktyabr 2024-cü il tarixli 9/5771 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Sampo Rosenlew SR-2045” markalı 53-T-231 dövlət qeydiyyat nişanlı taxılyığan kombaynın təmir-bərpa xərci 02 sentyabr 2022-ci il tarixə təxminən 1800 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 0 manat, təmir-bərpa işlərinin qiyməti – 1800 manat müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 12 may 2022-ci il tarixli 06/01943 nömrəli operativ lizinq müqaviləsi bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Həmin müqavilə əsasında “SR-2045” markalı taxılyığan kombayn 01 iyun 2022-ci il tarixindən 31 iyul 2022-ci il tarixinədək cavabdehə lizinqə verilmişdir. Sözügedən texnika nasaz vəziyyətdə iddiaçı tərəfindən təhvil alınmışdır. Texnika iddiaçı tərəfindən təhvil alınarkən iddiaçının nümayəndələri tərəfindən texnikaya baxış keçirilmişdir. Baxış nəticəsində texnikanın nasaz vəziyyətdə olması müəyyən edilmişdir. Bununla bağlı qüsur aktı tərtib edilərək texnikaya dəymiş zərərin 1800 manat olması müəyyən edilmişdir. Cavabdehə dəymiş zərərin ödənilməsi barədə pretenziya göndərilsə də, sonuncu yaranmış borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751-ci maddəsi əsasən lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasına əsasən hesab edir ki, iddiaçının dəymiş maddi ziyanla bağlı tələbi Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Həmin maddəyə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, kirayəyə verənin (hazırki işdə lizinqə verənin) maddi zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun icarəyə (lizinqə) verilmiş əşyanı, əmlakı geri aldığı andan başlanır. Həmin normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir və qanunda bu müddətin dayandırılması və ya kəsilməsi mümkünlüyü müəyyən edilməmişdir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçı (lizinqə verən) əmlakı lizinq alandan geri aldığı andan 6 (altı) ay ərzində həmin əmlaka dəymiş maddi ziyanın ödənilməsinə dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə iddiaçı bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. İş materiallarında olan texnikanın iddiaçıya geri qaytarılmasına dair tərtib edilmiş texniki vəziyyət haqqında 2 saylı aktdan görünür ki, texnika xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən təhvil alınmışdır və həmin tarixdə tərtib edilmiş qüsur aktı ilə texnikaya zərərin dəydiyi müəyyən olunmuşdur. Belə olduğu təqdirdə iddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulduğunu xx.xx.2022-ci il tarixdə bilmiş, hazırkı iddianı isə xx.xx.2023-cü il tarixdə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 7 ay sonra qaldırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən hesab edir ki, tərəflər arasında bağlanılmış lizinq müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarına əsasən iddiaçının cavabdehə qarşı vurulmuş zərərin ödənilməsi ilə bağlı tələb hüququ olsa da, onun tələb etmək hüququ Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbinə uyğun olaraq müddətin keçməsinə görə qüvvədən düşdüyündən, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddiası rədd edilməlidir. İddia rədd edildiyindən və iddiaçı məhkəmə xərclərindən azad edilmədiyindən iş üzrə iddiaçı tərəfindən mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilməlidir. Bundan başqa iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq X2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-18/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-18/2024
23.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver