Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-248/2024 18.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 Kamran oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “lizinq müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 29 yanvar 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02 may 2023-cü il tarixli 07/02705 nömrəli operativ lizinq müqaviləsi üzrə 900 (doqquz yüz) manat məbləğində borc, həmçinin 50 (əlli) manat məbləğində mediasiya xərcinin əvəzi, ümumilikdə 950 (doqquz yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 02 may 2023-cü il tarixli 07/02705 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd “SR- 2065” markalı taxılyığan kombayn sonuncunun istifadəsinə verilmiş, bunun müqabilində cavabdeh iddiaçıya, ümumilikdə 6500 (altı min beş yüz) manat məbləğində ödəniş etməli olsa da, cəmi 5600 (beş min altı yüz) manat məbləğində ödəniş etmiş, nəticədə 900 (doqquz yüz) manat məbləğində borcu yaranmışdır. Həmin borc məbləğinin ödənilməsi dəfələrlə cavabdehdən tələb edilsə də, cavabdeh müxtəlif bəhanələrlə öhdəliyin icrasından yayınmışdır. Bununla əlaqədar ödənilməli olan pul vəsaitinin cavabdehdən məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsinin təmin edilməsini, 900 manat məbləğində borc, həmçinin 50 manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, ümumilikdə 950 (doqquz yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 may 2023-cü il tarixli 07/02705 nömrəli ”Aqroservis” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı tərəfindən 1 ədəd “SR-2065” markalı taxılyığan kombayn mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə 01 iyun 2023-cü il tarixdən 15 avqust 2023-cü il tarixinədək istifadə haqqı 6500 manat məbləğində müəyyən edilməklə Cavabdeh istifadəsinə verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan (istifadəçi) (Cavabdeh) texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərclərdən asılı olmayaraq, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği lizinq verənə (İddiaçı ASC-yə) tam şəkildə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.4-cü bəndinə əsasən, lizinqə verən lizinq alan tərəfindən müqavilənin şərtlərinə əməl edilmədikdə lizinqə (istifadəyə) verən onu yazılı xəbərdarlıq etməklə bu müqaviləni birtərəfli qaydada ləğv etmək, texnikanı geri götürmək, habelə ödənişdən qalan borcun və texnikaya dəymiş zərərin ödənilməsini qanuna müvafiq qaydada tələb etmək hüququna malikdir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, tərəflər bu müqavilənin şərtlərini yerinə yetirmədikdə, mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarında olan operativ lizinq müqaviləsinin predmetinin texniki vəziyyəti barədə məlumatları əks etdirən 05 may 2023-cü il tarixli 07/02705 nömrəli Akt 1-dən görünür ki, İddiaçı ASC-nin Qobustan rayon nümayəndəliyinin istifadəsində olan 1 ədəd “SR-2065” markalı taxılyığan kombayn (buraxılış ili - 2019, dövlət nömrə nişanı 37 T 416, şassi nömrəsi 701199) saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. İş materiallarında olan operativ lizinq müqaviləsinin predmetinin texniki vəziyyəti barədə məlumatları əks etdirən 16 avqust 2023-cü il tarixli 07/02705 nömrəli Akt 2-dən görünür ki, həmin texnika cavabdeh tərəfindən saz vəziyyətdə İddiaçı ASC-nin Qobustan regional nümayəndəliyinə təhvil verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 19 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 02 may 2023-cü il tarixli 07/02705 nömrəli operativ lizinq müqaviləsi üzrə hazırkı iş üzrə cavabdehin iddiaçıya qalıq borcu 900 (doqquz yüz) manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 1 ədəd “SR-2065” markalı taxılyığan kombaynın 01 iyun 2023-cü il tarixdən 15 avqust 2023-cü il tarixinədək istifadə haqqı 6500 (altı min beş yüz) manat müəyyən edilməklə cavabdehin istifadəsinə verilməsi ilə bağlı tərəflər arasında 02 may 2023-cü il tarixli 07/02705 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilə bağlanılmış, texnika 05 may 2023-cü il tarixli aktla həmin tarixdə cavabdehə təhvil verilmiş, müqavilə müddəti bitdikdən sonra, 16 avqust 2023-cü il tarixli aktla texnika iddiaçıya geri qaytarılmış, cavabdeh tərəfindən müqavilə ilə müəyyən edilmiş istifadə haqqından 5600 (beş min altı yüz) manat məbləğində ödəniş edilsə də, o, öhdəliyini tam icra etməyərək texnikadan istifadə üzrə yaranmış 900 (doqquz yüz) manat məbləğində borcunu iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 02 may 2023-cü il tarixli 07/02705 nömrəli operativ lizinq müqaviləsinə əsasən 900 (doqquz yüz) manat lizinq müqaviləsi üzrə borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən müqavilə üzrə yaranmış 900 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, iddia tələbinin 50 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 16 yanvar 2024-cü il tarixli MŞS/MT030/2024-02790 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışa və 15 yanvar 2024-cü il tarixli, BD17 nömrəli ödəniş qəbzinə əsasən, müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. “Mediasiya haqqında” 29 mart 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməsi və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, iddia tələbinin 50 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsi qismən təmin edilməli, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülərək cavabdehdən həmin xərcin yarısı, yəni 25 manatlıq hissəsinin əvəzi tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” 02 may 2023-cü il tarixli 07/02705 nömrəli müqaviləyə əsasən yaranmış 900 (doqquz yüz) manat məbləğində borc, həmçinin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş 25 (iyirmi beş) manat məbləğində mediasiya xərcinin əvəzi, cəmi 925 (doqquz yüz iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bunlardan əlavə, aşağıda istinad edilən qanunvericilik normalarının tələblərinə əsasən, iddianın qiymətinə uyğun olaraq hesablanan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 02 may 2023-cü il tarixli lizinq müqaviləsi üzrə 900 (doqquz yüz) manat məbləğində borc, həmçinin 25 (iyirmi beş) manat məbləğində mediasiya xərcinin əvəzi, cəmi 925 (doqquz yüz iyirmi beş) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehdən dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-248/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-248/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver