Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-461/2024 07.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş "lizinq müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçı və cavabdeh arasında bağlanmış 25 may 2023-cü il tarixli lizinq müqaviləsi üzrə 1000 (min) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 1030 (min otuz) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim olunan iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində "Bu ödəniş rüsumdan azaddır - məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr" qeyd olunsa da, iddia ərizəsində, digər tələblə yanaşı cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın tutulması da xahiş edilmişdir. Lakin iddia ərizəsinin həmin bölməsindəki məlumatlara görə dövlət rüsumu ödənilmədiyi halda, iddia tələbində cavabdehdən 30 manat məbləğində pulun tutulması xahiş olunmasına baxmayaraq, bu tələb iddia ərizəsində müvafiq qaydada əsaslandırılmamış, eyni zamanda dövlət rüsumunun ödənilmiş olması barədə zəruri məlumatlar müvafiq qaydada “Elektron məhkəmə” informasiya sisteminə (iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi barədə məlumatları əks etdirən “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsinə) daxil edilməmişdir. Yəni məhkəməyə iddia verilərkən iddianın qiyməti hesablanmaqla, iddia tələbi üçün ödənilməli olan dövlət rüsumunun məbləği müəyyən olunmalı və həmin miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmalıdır. Çünki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə əlavə etməyi zəruri hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024cü il tarixli ödəniş qəbzi “Elektron məhkəmə” İnformasiya sisteminin “Məhkəməyə ödənilmiş dövlət rüsumunun yoxlanılması” bölməsi (https://emehkeme.gov.az/Public/SearchPaymentDetails) vasitəsilə yoxlanılsa da, həmin qəbzdə qeyd edilmiş məbləğin məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə ödənilməsi barədə hər hansı məlumat aşkar olunmamışdır. Başqa sözlə, həmin ödəniş qəbzində göstərilən məbləğin, məhz hazırkı iddia ərizəsinin verilməsinə görə ödənilməsi öz təsdiqini tapmır. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia ərizəsində hazırkı tələblə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun əvəzinin tələb olunmasına baxmayaraq ərizənin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsinə “Bu ödəniş rüsumdan azaddır - məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr” qeydinin daxil edilməsi bir-biri ilə ziddiyyət təşkil edir və Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələbinə əsasən, iddiaçı tərəfindən “öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməli” olduğundan, hazırkı iddia ərizəsinin verilməsi ilə əlaqədar, ödənildiyi halda - həmin dövlət rüsumu barədə məlumatlar iddia ərizəsinin sözügedən bölməsinə əlavə edilməliydi. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda, ödənilməli dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 108-ci maddəsinin tələblərinə görə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir (108.1.1-ci maddə), məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir (108.2-ci maddə) və dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (108.3-cü maddə). Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki- Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması - iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi - mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Ona görə də, kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 149-150-ci maddələrinin müvafiq tələblərini lazımi qaydada yerinə yetirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş "lizinq müqaviləsi üzrə borcun tutulması" tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-461/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-461/2024
07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver