Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-179/2023 13.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sumqayıt bələdiyyəsinin Cavabdeh və üçüncü şəxs İbrahimov Raqif Tapdıq oğluna qarşı mülki iş üzrə (Açar sözlər: zəbt olunmuş torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X9 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, iddiaçı Sumqayıt bələdiyyəsinin nümayəndəsi, eyni zamanda üçüncü şəxs İbrahimov Raqif Tapdıq oğlunun nümayəndəsi və vəkili Vəkil2 , Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2(060)-597/2017 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Sumqayıt bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şımalında salınan X8 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 2400 kvadrat metr olan həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılıması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tərəfindən iddia ərizəsinə dəyişiklik edilərək Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şımalında salınan X8 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılıması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs İbrahimov Raqif Tapdıq oğlu Sumqayıt bələdiyyəsinə müraciət edib, bələdiyyənin xx.xx.2008-ci il tarixli, 11 saylı qərarı ilə onun adına sənədləşdirilmiş Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan X8 7-ci məhəlləsinin ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsindən oranı zəbt etmiş Cavabdeh çıxarılmasına köməklik göstərməsini xahiş etmişdir. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, bələdiyyə torpaq sahəsinə daxil olan sözügedən torpaq sahəsi həqiqətən də hər hansı hüquq müəyyənedici sənədi olmadan zəbt edilmiş və qanunsuz olaraq hasara alınaraq orada dəmir köşk yerləşdirilmişdir. Halbuki qeyd edilən hərəkətlər torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçının qanuni mənafeyinə, habelə mülki və torpaq qanunvericiliklərinin normalarına ziddir. Cavabdehin heç bir qanuni sənədi olmadan torpaq sahəsindən istifadə etməsi torpaq sahəsini özbaşına tutma (zəbt etmə) kimi qiymətləndirilməlidir.
4. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
5. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2(060)-597/2017 nömrəli qətnaməsi ilə iddiaçı Sumqayıt bələdiyyəsinin Cavabdeh (üçüncü şəxs İbrahimov Raqif Tapdıq oğlu) qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilib, Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şımalında salınan X8 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılıması, həmin torpaq sahəsinin 13.3 kvadrat metr hissəsində inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi qət edilmişdir. (hakim Ruhiyyə Əsgərova)
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Sumqayıt bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə X2 Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şımalında salınan X8 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi ayrılmış, lakin həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmiş, X3 torpaq sahəsi üzərində yaranan sahiblik və istfiadə hüquqlarının realizəsindən ötrü Sumqayıt bələdiyyəsinə müraciət etmiş, bələdiyyə də həmin şəxsin hüquqlarının realizəsinin təmin edilməsi üçün məhkəməyə müraciət etmişdir.
7. Birinci instansiya məhkəməsi “Bələdiyyə torpaqlarının idarəsi edilməsi haqqında” Azərbaycan Respublikasınının Qanununun 4.0.11,5.1, Torpaq Məcəlləsinin 111, Mülki Məcəllənin 180.4-cü maddəsinə istinad edərək iddianı təmin etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2(060)-597/2017 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir.
Şikayətin dəlilləri:
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 08 iyun 2017-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan X8 7-ci məhəllə ərazisində yerləşən, sahəsi 600 kv metr olan həyətyanı torpaq sahəsindən onun çıxarılmağı və həmin torpaq sahəsinin 13,3 kvmetr hissəsində inşa edilmiş yardımçı tikilinin onun hesabına sökülməsində əsaslı olmamışdır. İddianı qəbul etmir. Qeyd olunan ərazi onun torpaq sahəsinə aid deyildir və qətnamədə qeyd olunan 13,3 kv metr yardımçı tikili heç vaxt onun torpaq sahəsində olmamışdır. Onunla qonşu olan Fikrət adlı vətəndaşın torpaq sahəsi vardır, qeyd olunan 13,3 kv metr yardımçı tikili onun sahəsindədir, Fikrət orada yaşamır. Həmin yardımçı tikili ilə onun torpaq sahəsinin hasarının arası 30 metrdir. O, heç kimin torpaq sahəsini zəbt elməmişdir. Onun torpaq sahəsi 0,10 hektardır. Bu torpaq sahəsi 1999-cu ildə baş mühasib işlədiyi "xxxx" ASC tərəfindən verilmişdir. Bununla əlaqədar ona Bağçının üzvlük kitabçası (№ 1207) da verilmişdir. 2012-ci ildə qanuni sənəd əsasında ev tikmiş və həmin vaxtdan da orada daimi yaşayır. Heç vaxt nə məhkəmə tərəfindən, nə də icra məmuru tərəfindən ona bildiriş gəlməmişdir. 2012-ci ildə ev tikəndə bələdiyyənin işçilərinin, hətta bələdiyyə sədrinin də məlumatı olmuşdur. Onun cavabdeh kimi təqdim edilməsini başa düşə bilmir. İddiaçının xx.xx.2016-cı il tarixli aktına əsasən guya 0,24 ha torpaq sahəsini hüquqmüəyyənedici sənəd olmadan zəbt edib ora dəmir köşk qoyulmuşdur. Bu akt tam şəkildə yalandır. Baxış keçirilsə onda 0,10 hektardan artıq torpaq sahəsinin olub-olmaması müəyyən edilər. Məhkəmə bütün bunları nəzərə almamış, onun məhkəmədə iştirakını təmin etmədiyindən qeyd etdikləri ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, icra məmuru əraziyə baxmağa gələndə onu çağırdı və ondan ərazinin kimə məxsus olduğunu soruşdu. Qonşunu tanıdığı üçün ərazinin onun olduğunu bilirdi. İcra məmuru qonşusu Fikrət Quliyevi çağırdı və onun sənədlərinə baxdı. Bundan sonra da qərarında göstərdi ki, ərazi ona yox, Fikrət Quliyevə məxsusdur. Raqif İbrahimov ona qarşı sonradan iddia qaldırmışdır. Bu səbəbdən hazırki qətnamədən apellyasiya şikayəti vermişdir. Raqif İbrahimov bələdiyyənin işçilərindəndir. Bələdiyyənin sədri Soltan adlı şəxs gəlib torpaq sahəsinə baxdı və ona tikinti aparmağa icazə verdi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2(060)-597/2017 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddia olunan ərazi cavabdehə aid deyil. Ərazi qonşu X4 torpaq sahəsidir. Dolayısıyla iş üzrə cavabdeh düzgün müəyyən olunmayıb. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ziya Abdullayevin xx.xx.2019-cu il tarixli qərarında mübahisəli torpaq sahəsinin Cavabdeh deyil, X6 məxsus olması göstərilmişdir və həmin qərar hal-hazırda qüvvədədir. İcra məmuru birinci instansiya məhkəməsinin qətnaməsinin icrası üçün dəfələrlə mübahisəli əraziyə gedib. Cavabdehə torpaq illərlə işlədiyi qurum olan "xxxx" ASC tərəfindən ayrılıb. O, 1980-ci ildən təyinatla gənc mütəxəssis kimi həmin müəssisədə işləməyə başlayıb. 1996-cı ildə torpaq almaq üçün növbəyə durub və 1999-cu ildə ona 10 sot torpaq sahəsi ayrılıb. 2016-cı ildə isə cavabdehə bağçılığın üzvlük kitabçası verilmişdir. Bələdiyyəyə 2000-2008-ci illərdə vergi cavabdeh tərəfindən ödənilmişdir. Bu barədə qəbzlər və üzvlük kitabçası məhkəməyə təqdim olunub. Raqif İbrahimovla razılığa gəlmək üçün sənədləri ona da göstərmiş və danışıqlar aparmışlar. Raqif İbrahimov bildirdi ki, o da hesab edir ki, tələb onlara yönəlməli deyil, yəni mübahisəli ərazi onların torpaq sahəsi deyil və əlavə olaraq qeyd etdi ki, onun problemi Cavabdehlə deyil, Sumqayıt Bələdiyyəsi ilədir. Cavabdeh 2012-ci ildən oğlu ilə birlikdə həmin ərazidə ev tikməklə yaşayır. X7 mütəxəssis torpaq sahəsində ölçmə aparandan sonra məlumatlı olmuşdu ki, sahəyə gəlinib və ölçmə işləri aparılıb. Məhz bu səbəbdən çəkdiyi hasarı iki daş hündürlüyündə əlavə olaraq qaldırmışdır. Bu fakt özü sübut edir ki, mübahisəli ərazinin hazırki cavabdehlə heç bir əlaqəsi yoxdur. Əvvəl məhkəmədə izahat verəndə bildirmişlər ki, torpaq sahəsi iddiaçının mülkiyyətində deyil. Amma ekspert rəyində göstərilir ki, torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bunun nə dərəcədə həqiqəti əks etdirdiyini deyə bilməz. Amma bilir ki, həmin ərazidə Sumqayıt Bələdiyyəsinin torpağı yoxdur. Bələdiyyənin torpaqları həmin ərazidən aşağıdadır. İş materiallarında xx.xx.2016-cı il tarixli akt var. Həmin aktda göstərilir ki, 24 sot torpaq sahəsində 1 metr hündürlüyündə hasar çəkilib və dəmir köşk tikilib. Halbuki, Cavabdeh 2012-ci ildən həmin ərazidə evini tikməklə yaşayır. Bələdiyyə tərəfindən məhkəməyə Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli qərarı təqdim olunub. Orada Samur-Abşeron kanalı boyu ərazinin yeni yaşayış massivi kimi bələdiyyəyə təhkim olunması göstərilib. Həmin qərarda 7-ci məhəllənin adı çəkilmir. Cavabdehə verilən ərazi 7-ci məhəllədə yerləşir. Mübahisəli torpaq sahəsinə dair texniki şərtlər 2012-ci ildən cavabdehə verilib və həmin vaxtdan da bu əsasla o kommunal xidmətlərdən istifadə edir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2(060)-597/2017 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
13. Məhkəmə kollegiyasının iclasında iddiaçı Sumqayıt bələdiyyəsinin nümayəndəsi, eyni zamanda üçüncü şəxs İbrahimov Raqif Tapdıq oğlunun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin qəbul etməyərək bildirdi ki, hazırda qüvvədə olan Torpaq Məcəlləsindən əvvəl qüvvədə olan Məcəllə torpağa mülkiyyətin növu kimi kollektiv mülkiyyəti də tanıyırdı. Bu formada müəssisə işçilərinə torpaq ayrılmasının əsası müəssisənin rəhbərliyinin və həmkarlar komitəsinin birgə qərarı olurdu. Bu prosesin özünün konkret prosedur qaydaları var idi. Bu barədə keçmiş SSRİ Nazirlər Kabinetinin, sonra da Azərbaycan SSRİ Nazirlər Kabinetinin “Bağçılıq Cəmiyyətlərinin Nizamnaməsinin təsdiq edilməsi barədə” qərarı var. Həmin qərarda birbaşa göstərilir ki, torpaq sahəsi hansı formada ayrıla bilər. Bu zaman metallurq cəmiyyətinin sədri torpaq ayıra bilməz. İşçiyə torpaq sahəsinin ayrılması barədə müəssisə rəhbərliyinin və müəssisənin həmkarlar komitəsinin birgə qərarı olmalıdır. Hal-hazırda həmin torpaq sahələrinə rəsmi mülkiyyətə dair sənəd almaq mümkün deyil. Çünki torpaq sahəsinin ayrılma proseduru qanuna uyğun formada aparılmayıb. Torpaq sahəsi 400 m2-dan az 600 m2-dan çox olmamaq şərti ilə ayrıla bilər. Üzvlük kitabçasında 10 sot torpaq sahəsinin ayrılması qeydinin olması həmin kitabçanın saxta olmasına dəlalət edir. Bundan əlavə latın qrafikalı möhürlərlə bağlı bildirmək istəyir ki, “Polad” möhürü 2003-cü ildə, “Metallurq” möhürü 2005-ci ildə hazırlanıb. Bu barədə məktub var. Amma kitabçalara həmin möhürlər vurulub və göstərilir ki, 80-90-cı illərdə torpaq sahələri ayrılıb. İcra məmuru qərarında başqa şəxsin adını göstərməklə öz səlahiyyətlərini aşıb. Fikrət Quliyevin həmin ərazi ilə bağlı sənədləşməsi başa çatmayıb. Həmin ərazi və 7-ci məhəllə bələdiyyə mülkiyyətidir. İddia ərizəsində yarımçıq tikili, yaxud 13 m2 ərazidən bəhs etməmişlər. Tikili deyəndə hasarı nəzərdə tuturlar. 3-cü şəxsin onlara müraciətinə əsasən iddia qaldıraraq 600 m2 ərazinin boşaldılmasını və həmin ərazidə inşa edilmiş qanunsuz tikilinin (hasarın) sökülməsini tələb etmişlər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2(060)-597/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 47.7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. 56.6. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. 66.1. 1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir.
17. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2.. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2(060)-597/2017 nömrəli qətnaməsi torpaq sahəsinin 13.3 kvadrat metr hissəsində inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi hissəsində ləğv edilməli, iddia tələbi torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin (hasarın) cavabdehin hesabına sökülməsi hissəsində təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən sxalanılmalıdır.
20. Belə ki, iş materiallarında olan 21 iyun 2001-ci il tarixli bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında protokoldan görünür ki, Samur-Abşeron” kanalı ərazisindəki torpaq sahələri “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir.
21. 21 iyun 2001-ci il tarixli aktdan görünür ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü və 21-ci maddələrinin göstəricilərinə əsasən, torpaqların mülkiyyət formaları üzrə inventarizasiya edilib, təyinatına görə araşdırma apararkən bələdiyyə mülkiyyətinə verilən torpaqların ümumi, sahəsi cəmi 7829.80 hektar olmuşdur. 22.Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt bələdiyyəsi tərəfindən təsdiq edilmiş 21 iyun 2001-ci il tarixli “Sumqayıt şəhər ərazisində bələdiyyə və xüsusi mülkiyyətə aid olan torpaqların eksplikasiyası”ndan görünür ki, çoxmənzilli evlərin yaşayış sahəsi, mikrorayon daxili həyətlər, daxili küçə və s torpaq yolları, prospekt, küçə baş yolları, ictimai tikililər, park və meydanlar, boş açıq sahələr, sair yarasız və başqa sahələr, örüş-otlaq sahələri, yaşıllıq zolaqları və sahələr, su hövzələri göl-gölməçələr, fərdi yaşayış sahəsi, qeyri-yaşayış sahəsi, qeyri bağ-bostan, tərəvəz sahəsi, “Yaşma” kollektiv bağ-bostan sahəsi, “Sarıqaya” bağ təsərrüfatı, dənizkənarı sahil xətti (qumlaqlar), çay, su axarlar, qəbirstanlıq sairə dini obyektlər, fiziki və hüquqi şəxslərin istifadəsi, sair kommunikasiya xətləri, təhsil sahəsi, məktəblər, tibb sahəsi, xəstəxana və sair, magistral, şosse yolları, dəmir yolu, Samur-Abşeron kanalı, uşaq bağçaları, sair kənar təşkilati obyektləri, sənaye obyektləri, xüsusi təyinatlı istifadəçi, sənaye obyektlərinin yardımçı təsərrüfatları sahələri Sumqayıt Bələdiyyəsinin mülkiyətinə verilmişdir. 23.Sumqayıt bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarından görünür ki, İbrahimov Raqif Tapdıq oğluna Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan X8 7-ci məhəlləsinin ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi ayrılmışdır.
24. Sumqayıt bələdiyyəsi tərəfindən tərtib olunmuş xx.xx.2016-ci il tarixli aktdan görünür ki, Sumqayıt bələdiyyəsinin icra aparatının memarlıq və tikinti şöbəsinin ərazi üzrə nəzarətçiləri Sumqayıt şəhərinin 76-cı məhəllə ərazisinə reyd keçirərkən ünvan 1 ünvanında qeydiyyatda oları Cavabdeh heç bir hüquqi sənədi olmadan qeyri-qanuni 0,24 ha torpaq sahəsini bir metr hündürlüyündə daş hasarla hasarlayaraq içindəki iri ağaclar dibindən kəsilərək zəbt edilmiş və orada qanunsuz dəmir köşk yerləşdirilmişdir. Onlar tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq Cavabdeh qanunsuz əməlinə saxta sənədlə haqq qazandırmaqla tikinti işlərini dayandırmamışdır.
25. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Sumqayıt bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə X2 Sumqayıt şəhərinin cənubunda “Samur- Abşeron” kanalının şımalında salınan X8 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi ayrılmış, lakin həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmiş, X5 torpaq sahəsi üzərində yaranan sahiblik və istfiadə hüquqlarının realizəsindən ötrü Sumqayıt bələdiyyəsinə müraciət etmiş, bələdiyyə də həmin şəxsin hüquqlarının realizəsinin təmin edilməsi üçün məhkəməyə müraciət etmişdir.
26. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya məxsus və xx.xx.2008-ci il tarixli qərar ilə X2 ayrılmış Sumqayıt şəhərinin cənubunda “Samur- Abşeron” kanalının şımalında salınan X8 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi ayrılmış, lakin həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edildiyindən cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin torpaq sahəsindən çıxarılması barədə gəldiyi nəticədə haqlı olmuşdur.
28. Belə ki, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsi olması barədə tərəflər arasında fikir ayrılığı olmuş, qeyd edilən halın aydınlaşdırılması üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2(105)-2109/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
29. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 10/845 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-186/2023 nömrəli mütəxəssis rəyinə əsasən Sumqayıt şəhərinin cənubunun Samur-Abşeron kanalınn şimalında salınan X8 7-ci məhəlləsinin ərazisində Cavabdeh faktiki istifadəsində 1197,5 kv.metr torpaq sahəsinin olduğu müəyyən edilir.
30. Mütəxəssis rəyinə əsasən Cavabdeh adına Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan X8 7-ci məhəlləsinin ərazisində olan torpaq sahəsi qeydiyyatdan keçmədiyindən qərardadın ikinci və üçüncü suallarını cavablandırmaq mümkün olmamışdır.
31. Qərardadda ekspert qarşısında qoyulmuş suallar tam cavablandırılmadığından məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(105)179/2023 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
32. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3463 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən zəbt edildiyi iddia edilən Sumqayıt şəhərinin cənubunda “Samur- Abşeron” kanalının şimalında salınan X8 7-ci məhəlləsinin ərazisindəki torpaq sahəsinin Bələdiyyənin müıkiyyətində aid olduğu müəyyən edilir.
33. Mütəxəssis rəyində və iş materiallarında məlumatlar olmadığından qərardadın ikinci sualını cavablandırmaq mümkün olmamışdır.
34. Göründüyü kimi, iddia tələbində cavabdehin çıxarılması qeyd edilən torpaq sahəsinin iddiaçı Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olması keçirilmiş ekspertizanın nəticələrinə dair ekspert rəyləri ilə təsdiqini tapmışdır. Bu səbəbdən də qeyd edilən tələb əsaslı olduğundan təmin edilməlidir.
35. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi cavabdehin torpaq sahəsindən çıxarılması hissəsində əsaslı olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi torpaq sahəsinin 13.3 kvadrat metr hissəsində inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi hissəsində ləğv edilməlidir.
37. Belə ki, iddia tələbindən və nümayəndənin izahatından görünür ki, tələbdə həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin, yəni daş hasarın cavabdehin hesabına sökülməsi xahiş edilsə də, məhkəmə iddia tələbindən kənara çıxaraq tələbdə qeyd edilməyən torpaq sahəsinin 13.3 kvadrat metr hissəsində inşa edilmiş yarımçıq tikilinin sökülməsini qət etmişdir.
38. Mülki Prosssual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
39. Göründüyü kimi tələbində torpaq sahəsinin 13.3 kvadrat metr hissəsində inşa edilmiş yarımçıq tikilinin sökülməsi barədə tələb olmasa da məhkəmə iddia tələbindən kənara çıxaraq qətnamə qəbul etmiş, bununla da prosessual qanunvericilik normalarının tələblərini pozmuşdur.
40. Belə olan halda birinci instansiya məhkəməsini qətnaməsi qeyd edilən hissədə ləğv edilməlidir.
41. Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelıyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
42. Bundan başqa məhkəmə kollegiyası tələbin torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin (hasarın) sökülməsi tələbinə qiymət verərək qeyd edir ki, iddiaçı torpaq sahəsində daş hasarın tikilməsini qeyd etsə də, buna dair mötəbər sübutlar təqdim etməmişdir.
43. İddia tələbinin qeyd edilən hissəsi mötəbər sübutlarla təsdiqini tapmadığından tələb həmin hissədə təmin edilə bilməz.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən apellyasiya qaydasında ləğv olunaraq iddianın rədd edilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil.
45. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2(060)-597/2017 nömrəli qətnaməsi torpaq sahəsinin 13.3 kvadrat metr hissəsində inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi hissəsində ləğv edilməli, iddia tələbi torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin (hasarın) cavabdehin hesabına sökülməsi hissəsində təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2(060)-597/2017 nömrəli qətnaməsi torpaq sahəsinin 13.3 kvadrat metr hissəsində inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi hissəsində ləğv edilsin. İddia tələbi torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin (hasarın) cavabdehin hesabına sökülməsi hissəsində təmin edilməsin. Qətnamə qalan hissədə - Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şımalında salınan X8 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılıması hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100( 50+50) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab- AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.