Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1793/2022 05.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və buraxılmış məcburi müddət üçün əmək haqqının ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(012)-1566/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, onun barəsində "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli əmrin ləğv edilərək onun işə bərpa edilməsi və buraxılmış məcburi müddətlər üçün əmək haqqlarının "xxxx" MMC-dən tutularaq ona tam şəkildə ödənilməsi barədə qətnamə qəbul edilmməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh "xxxx" MMC arasında xx.xx.2011-ci il tarixində əmək müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən o, xx.xx.2013-cü il tarixindən “Ehtiyat hissələri üzrə mütəxəssis” vəzifəsini icra etmişdir. Cavabdeh təşkilat onun işə gəlməməsini səbəb göstərərək xx.xx.2021-ci il tarixində onun barəsində AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsaslanaraq “Əmək müqaviləsinə xitam verilməsi” nə dair qanunsuz əmr imzalamışdır. Belə ki, onun səhhətində problem yaranması səbəbi ilə işə gəlməməsi "xxxx" MMC-nin səlahiyyətlisi tərəfindən bildirilmişdir. Bununla bağlı onunla "xxxx" MMC arasında qeyd edilənləri sübuta yetirən “whatsapp” yazışmaları mövcuddur. Göründüyü kimi, onun səhhətində problem olması səbəbi ilə işə gəlməməsi cavabdeh tərəfindən bildirildiyi halda onun barəsində qanunsuz əmr verilmiş, əvvəllər onun barəsində (əmrə qədər) hər hansı bir xəbərdarlıq, töhmət, şiddətli töhmət tətbiq edilməməsi nəzərə alınmamış və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. Abşeron Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(012)-1566/2022 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı onun barəsində "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və buraxılmış məcburi müddətlər üçün əmək haqqlarının "xxxx" MMC-dən tutularaq ona tam şəkildə ödənilməsi barədə iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməsindən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, 1/306 №-li əmrdən görünür ki, "xxxx" MMC-nin X4 Departamentinin ehtiyat hissələri üzrə satış koordinatoru İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (72-ci maddəsinin “a” bəndi – özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əsasən xitam verilmiş, iddiaçı həmin əmrin qanunsuz verilməsini iddia etsədə,lakin məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında sübutlar tədqiq edilərkən müəyyən edilmişdir ki, İddiaçı 16 avqust 2021-ci il və 17 avqust 2021-ci il tarixlərdə heç bir üzürlü səbəb olmadan işə çıxmadığından "xxxx" MMC-nin direktoru Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə haqlı olaraq istinad etməklə iddiaçı ilə əmək müqaviləsinə xitam vermişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç», 72-ci maddəsinin «a» bəndinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(012)-1566/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: xx.xx.2021-ci il tarixdə "xxxx" LTD MMC-nin SƏTƏM şöbəsinin rəisi X6 ondan həmin ilin aprel ayında yoluxduğu “Covid-19” xəstəliyi ilə bağlı sənəd gətirməyini xahiş etmişdir. Həmin sənədi təqdim etməzdən əvvəl onun əhvalını soruşduqda ona burun və boğazında qıcıqlanma olduğunu bildirmişdir. Səbuhi Alışov onun bu sözündən dərhal sonra sonuncunun şöbə müdiri Aqşin Suleymanovla əlaqə saxlayıb onun evə getməyini təkid etmişdir. O, da öz növbəsində şöbə müdiri Aqşin Suleymanova bu barədə məlumat verdikdən sonra sonuncu ona evə getməyinə icazə vermişdir. İşdən çıxandan dərhal sonra o, ərazi üzrə sahə həkiminin yanına getmiş və sahə həkimindən işə təqdim etmək üçün arayış verməyini xahiş etmişdir. Həkim isə ona bildirmişdir ki, əgər qızdırma yoxdursa arayışın verilməsi mümkün deyildir. Həmin günü axşam saatlarında o, öz şöbə müdirinə qızdırması olmadığından arayışın həkim tərəfindən verilmədiyini bildirmiş və növbəti günü işə gəlib-gəlməyəcəyi barədə şöbə müdiri Aqşin Suleymanovdan sonuncunun Whatsapp nömrəsinə yazaraq soruşmuş, sonuncu ona yazaraq "..... xx.xx.2021-ci il tarixdə işə gəlməməyini, SƏTƏM üzrə rəisin onun evdə olmasını dediyini" bildirmişdir. xx.xx.2021-ci il tarixdə də şöbə müdiri ona yazaraq xx.xx.2021-ci il tarixdə də evdə qalmasını ona bildirmişdir. Yuxarıda qeyd olunanları açıq-aşkar "xxxx" LTD MMC-nin SƏTƏM şöbəsinin rəisi X3 və şöbə müdiri Aqşin Suleymanovun MMC-nin Baş direktoru Vahid Bağırova verdikləri izahatlarından da görmək olar. Şöbə müdiri Aqşin Suleymanovun MMC-nin Baş direktoru Vahid Bağırova verdiyi izahatına diqqət yetirsək görərik ki, şöbə müdiri A.Suleymanov bildirir ki, xx.xx.2021-ci il tarixdə ona zəng vuraraq həkimin sonuncunun qızdırması olmadığından arayışın verə bilməyicini demişdir. Daha sonra həmin günün axşamı İddiaçı şöbə müdiri A.Suleymanova yazaraq xx.xx.2021-ci il tarixdə işə gəlibgəlməyəcəyini soruşmuş, sonuncu isə ona bildirmişdir ki, SƏTƏM rəisi onun işə gəlməməsini bildirmişdir. Eynilə xx.xx.2021-ci il tarixlə bağlı da şöbə müdiri ona işə gəlməməyini bildirmişdir. Sual yaranır: Əgər xx.xx.2021-ci il tarixdə o, şöbə müdiri A.Suleymanova həkimdən işə təqdim etmək üçün arayışın təqdim etməsinin mümkün olmadığını bildirirsə hansı səbəbdən şöbə müdiri onun növbəti günləri işə gəlibgəlmədiyini ondan soruşduqda ona 17 və 18-i tarixlərdə evdə qalmağını bildirir. Göründüyü kimi şöbə müdiri onun tibbi arayış təqdim edə bilməyəcəyini bilirdi və buna baxmayaraq SƏTƏM üzrə rəisin ona həmin tarixlərdə evdə qalmalı olduğunu sonuncuya Whatsappla yazaraq bildirmişdi. Qeyd olunan işin faktiki halı işin obyektiv və düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə isə bilərəkdən işin bu kimi faktiki halına hüquqi qiymət verməmiş və ümümiyyətlə təqdim olunmuş Whatsapp yazışmalarını və MMC-nin Baş direktoruna verilmiş izahatları iş materiallarına bilərəkdən əlavə etməmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdiriımədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 68 “a”. Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Maddə 70 «ç» bəndi: İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Maddə 71.2-ci bəndi: bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 76.2. Əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 83.1 Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, "xxxx" MMC və İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı 23 iyul 2013-cü il tarixdə ehtiyyat hissələri üzrə mütəxəssis kimi işə qəbul edilmişdir. "xxxx" MMC-nin 21 sentyabr 2021-ci il tarixli, AZT-1/306 nömrəli əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə 21 entyabr 2021-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. "xxxx" MMC-nin Baş Direktoruna həmin Cəmiyyətin X4 Departamentinin rəisi X2 tərəfindən ünvanlanmış 31 avqust 2021-ci il tarixli təqdimatından görünür ki, İddiaçı 17 və 18 avqust 2021-ci il tarixlərdə icazə olmadan işə gəlməyib, müəssisədaxili intizam qaydalarını pozaraq əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinə əsasən onunla əmək müqaviləsinə xitam veriməsi xahiş edilmişdir. Əmək müqaviləsinə xitam veriməsi ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, iddiaçının əmək müqaviləsinə 21 entyabr 2021-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-də 03 iyul 2020-ci ildən işləyir. O, işə başlayanda İQ məsələlər üzrə baş direktorun müşaviri, bir müddət sonra isə X4 Departamentinin rəisi təyin edilmişdir. İddiaçı "xxxx" MMC-nin X4 Departamentinin ehtiyat hissələri üzrə satış koordinatoru olmuşdur. İddiaçı üzrsüz səbəbdən işə gəlmədiyinə görə şirkətin rəhbərliyinə təqdimat yazmışdır. İddiaçı bununla bağlı “COVİD-19 PCR” testi verməli idi. İddiaçı isə nə test vermiş, nə də həkimə getmiş, üzrsüz səbəbdən 2 gün işdən qalmışdır. İddiaçı onunla yalnız telefon vasitəsilə əlaqə saxlayaraq özünü yaxşı hiss etmədiyini bildirmişdir. İddiaçı həkimə getdyini bildirsə də, rəhbərliyə rəsmi arayış təqdim etməmişdir. İddiaçı 16 avqust 2021-ci il və 17 avqust 2021-ci il tarixdə heç bir üzrlü səbəb olmadan işə gəlməmiş, xx.xx.2021-ci ildə işə qayıtmış, xx.xx.2021-ci ildə o, təqdimat vermiş və xx.xx.2021-ci ildə işdən azad olunma barədə əmr verilmişdir. Bununla bağlı Təhlükəsizlik Departamentinin rəisi araşdırma aparmışdır. Şirkətdən azad olunma birbaşa şirkət rəhbərliyinin səlahiyyətindədir. "xxxx" MMC-nin 03 oktyabr 2021-ci il tarixli, AZT/x/566 nömrəli arayışından görünür ki, "xxxx" MMC fəaliyyət göstərdiyi dövrlər ərzində və hal-hazırda həmkarlar ittifaqı fəaliyyət göstərməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmış və hüquqi qiymət verilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(012)-1566/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1793/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1793/2022
05.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver