Məhkəmə qərarları › İş №2(105)-1797/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1797/2025

03.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1797/2025 03.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cinayət nəticəsində əldə edilmiş pul vəsaitinin qaytarılması, əldən çıxmış faydanın və dəymiş mənəvi zərərin əvəzinin tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cinayət nəticəsində əldə edilmiş pul vəsaitinin qaytarılması, əldən çıxmış faydanın və dəymiş mənəvi zərərin əvəzinin tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4677/2025 nömrəli, 30 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 162000 manat məbləğində pulun, 60632,38 manat borcun gecikdirildiyi günə görə faiz məbləğinin, 15000 manat məbləğində mənəvi ziyanın və 527,63 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə İddiaçı əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı - digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib digər şəxsin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı kimi, özünün isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayonu ərazisində yerləşən 4 saylı Ərazi İdarəsinin daşınmaz əmlakın sənədləşdirilməsi üzrə mütəxəssisi kimi zərərçəkmiş İddiaçı təqdim edəcəkləri, sənədləşmənin aparılması və başa çatdırılmasının digər şəxsə aid olması, pulların alınaraq sonradan bölüşdürüləcəyi barədə qabaqcadan öz rollarını aralarında bölüb razılaşdıqdan sonra 450000 manat müqabilində İddiaçı faktiki sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar sahəsində 218 nömrəli BTK-nin nəzdindəki 0,12 ha sahəsi olan orderli 34m, 535s, 535i nömrəli, daha eyni ölçüdə 2 ədəd, ümumilikdə 0,60 ha sahədən ibarət 5 ədəd bağ sahələrinə çıxarış, həmin bağ sahələrinin qarşısındakı 4,5 ha qeyri-yaşayış təyinatlı torpaq sahələrinə uzun müddətli istifadə üçün çıxarışlar alacağına yalandan vəd verib aldadaraq bu məqsədlə 2021-ci ilin may ayının ortalarında ünvan 1 ünvanında 24000 (iyirmi dörd min) manat, bir neçə gün sonra Sabunçu rayonu, Pirşağı qəsəbəsində 10000 (on min) manat, 2021 -ci ilin may ayının sonlarında eyni ünvanda 10000 (on min) manat, 2021-ci ilin iyun ayının əvvəllərində Yasamal rayonu, Naxçıvani küçəsində X2 vasitəsilə 3000 (üç min) manat, 2021-ci ilin iyun ayının ortalarında Binəqədi rayonu, Novxanı qəsəbəsindəki “Praqa” restoranının qarşısında X2 vasitəsilə 10000 (on min) manat, 2021-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən Azərbaycan Respublikası BDYPİ-nin yaxınlığında İddiaçı özündən 60000 (altmış min) manat, 2021-ci ilin iyul ayının əvvəllərində Binəqədi rayonu, Novxanı qəsəbəsindəki “Praqa” restoranının qarşısında X2 vasitəsilə hissə-hissə olmaqla 15000 (on beş min) manat, 20000 (iyirmi min) manat və 10000 (on min) manat, ümumilikdə 162000 (yüz altmış iki min) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş İddiaçı külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə İddiaçı əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı Cavabdeh1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib özünü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı kimi, Qəhrəman Fərəcovun isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayonu ərazisində yerləşən 4 saylı Ərazi İdarəsinin daşınmaz əmlakın sənədləşdirilməsi üzrə mütəxəssisi kimi zərərçəkmiş İddiaçı təqdim edəcəkləri, sənədləşmənin aparılması və başa çatdırılmasının ona aid olması, pulların alınaraq sonradan bölüşdürüləcəyi barədə qabaqcadan öz rollarını aralarında bölüb razılaşdıqdan sonra 450.000 manat müqabilində İddiaçı faktiki sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar sahəsində 218 nömrəli BTK-nin nəzdindəki 0,12 ha sahəsi olan orderli 534m, 535s, 535i nömrəli, daha eyni ölçüdə 2 ədəd, ümumilikdə 0,60 ha sahədən ibarət 5 ədəd bağ sahələrinə çıxarış, həmin bağ sahələrinin qarşısındakı 4,5 ha qeyri-yaşayış təyinatlı torpaq sahələrinə uzun müddətli istifadə üçün çıxarışlar alacağına yalandan vəd verib aldadaraq bu məqsədlə 2021-ci ilin may ayının ortalarında ünvan 2 ünvanda 24000 (iyirmi dörd min) manat, bir neçə gün sonra Sabunçu rayonu, Pirşağı qəsəbəsində 10000 (on min) manat, 2021-ci ilin may ayının sonlarında eyni ünvanda 10000 (on min) manat, 2021-ci ilin iyun ayının əvvəllərində Yasamal rayonu, Naxçıvani küçəsində X2 vasitəsilə 3000 (üç min) manat, 2021-ci ilin iyun ayının ortalarında Binəqədi rayonu, Novxanı qəsəbəsindəki “Praqa” restoranının qarşısında X2 vasitəsilə 10000 (on min) manat, 2021-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən Azərbaycan Respublikası BDYPİnin yaxınlığında İddiaçı özündən 60000 (altmış min) manat, 2021-ci ilin iyul ayının əvvəllərində Binəqədi rayonu, Novxanı qəsəbəsindəki “Praqa” restoranının qarşısında X2 vasitəsilə hissə-hissə olmaqla 15000 (on beş min) manat, 20000 (iyirmi min) manat və 10000 (on min) manat, ümumilikdə 162000 (yüz altmış iki min) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş İddiaçı külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)- 489/2024 nömrəli və xx.xx.2025-ci il tarixli, 1(101)-104/2025 nömrəli hökmlərindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dələduzluqla onun 162000 manat məbləğində pulunu ələ keçirmişlər. Nəticə etibarilə, o, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində 162000 manat pulundan məhrum olmuşdur. Digər tərəfdən, Cavabdeh1 və Cavabdeh2 tərəfindən 162000 manat pul məbləği xx.xx.2021-ci il tarixdən bu günədək - xx.xx.2025-ci il tarixinədək ödənilməmişdir. 162.000:100%*9.50%:365*1438 gün=60.632,38 manat. Ödənilməmiş günlərin sayı 1438 gün təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsinin miqdarı bu günə 7.5% faiz olmaqla, iki faiz bəndi əlavə edilməklə 9.5 % miqdarında gecikdirilmiş borcun üstünə faiz hesablanmalıdır. Bundan əlavə, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində o, psixoloji sarsıntı və iztirab keçirmişdir.

3. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini məhkəmə araşdırılması zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dələduzluqla iddiaçının cəmi 162000 manat məbləğində pulunu ələ keçirmələri, onlar barəsində məhkəmənin qanuni qüvvəsini almış hökmlərinin olması ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

4. Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, ona münasibətdə ləğv etməklə, İddiaçı ona qarşı maddi-mənəvi zərərinin ödənilməsi tələbinin tamamilə rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

5. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və ləğv edilməlidir. Belə ki, məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmiş, sübutları hərtərəfli araşdırmamış və tərəfindən irəli sürülən işin nəticəsi üçün həlledici əhəmiyyətə malik olan vəsatətləri nəzərə almamışdır. Məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə əsassız olaraq rədd edilmişdir. İddiaçı tərəfindən iddia edilən pul vəsaitlərinin verilmə tarixi 2021-ci ilin may-iyul aylarını əhatə edir. Mülki Məcəlləsinin tələblərinə əsasən ümumi iddia müddəti 3 (üç) ildir. İddiaçı isə məhkəməyə 2025-ci ildə, yəni hadisədən təxminən 4 il keçdikdən sonra müraciət etmişdir. Məhkəmə iclasında vəkili tərəfindən iddia müddətinin ötürülməsi faktı xüsusi olaraq vurğulanmış və bununla bağlı rəsmi ərizə təqdim olunmuşdur. Lakin məhkəmə heç bir hüquqi əsas gətirmədən bu faktı görməzdən gəlmiş və iddianı mahiyyəti üzrə araşdıraraq qanunsuz qətnamə qəbul etmişdir. İddia müddətinin keçməsi müstəqil olaraq iddianın rədd edilməsi üçün yetərli əsas olsa da, məhkəmə bu imperativ normanı pozmuşdur. Məhkəmə pul tələbini ondan və digər Cavabdeh2 "müştərək" qaydada tutulmasına qərar verərkən işin real hallarını təhrif etmişdir. O həm ibtidai istintaqda, həm də məhkəmə baxışı zamanı dəfələrlə bildirmiş və sübuta yetirmişdir ki, iddiaçıdan alınan vəsaitlər onun sərəncamında qalmamış, tam şəkildə işin icrası üçün digər Cavabdeh2 təhvil verilmişdir. Bu işdə o faktiki olaraq vasitəçi olmuş, hətta Cavabdeh2 inandığı üçün ona şəxsi vəsaitindən və digər şəxslərdən topladığı ümumilikdə 500.000 (beş yüz min) manata yaxın vəsaiti vermişdir. Pulların Cavabdeh2 verilməsi faktı şifahi bəyanatlarla deyil, konkret yazılı qəbzlər və qeydlərlə təsdiq olunmuşdur. Cavabdeh2 pulları qəbul etdiyini təsdiqləyərək imzalamışdır. Mülki qanunvericiliyin mahiyyətinə görə, varlanma kimin hesabına baş veribsə və vəsait kimin faktiki sahibliyindədirsə, tələb də həmin şəxsə yönəldilməlidir. Məhkəmənin pulu mənimsəyən əsas şəxs ilə onun məsuliyyətini eyniləşdirməsi ədalətsizdir. Həmçinin, iddia olunan məbləğlə bağlı ciddi ziddiyyətlər və sübutsuzluq mövcuddur. İddiaçı ona 162.000 manat verdiyini iddia etsə də, bunu təsdiq edən heç bir mötəbər yazılı sübut məhkəməyə təqdim edə bilməmişdir. O, öz ifadələrində iddiaçıdan 94.000 manat aldığını və onu da dərhal Nofələ verdiyini təsdiq etmişdir. Məhkəmə isə heç bir obyektiv sübut olmadan, sırf iddiaçının və cinayət işi üzrə şahid keçən Zöhrab adlı şəxsin yalan ifadəsinə əsaslanaraq onun üzərinə əlavə öhdəlik qoymuş və məbləği əsassız olaraq şişirtmişdir. Məhkəmə qətnaməsini Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə istinadən qursa da, nəzərə almamışdır ki, həmin hökmlər hələ qanuni qüvvəyə minməmişdir. Qanuni qüvvəyə minməmiş məhkəmə hökmü mülki iş üçün preyudisial əhəmiyyət daşıya bilməz. Buna baxmayaraq, məhkəmə təqsirsizlik prezumpsiyasını pozaraq, hələ yekunlaşmamış cinayət işinin nəticələrinə əsaslanaraq onun əmlak vəziyyətinə ağır zərbə vuran qərar qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, sübutları hərtərəfli araşdırmamış və nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə bu maddələrin tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı tərəfindən iddia edilən hadisələr (pulun verilməsi) 2021-ci ilin may-iyul aylarını əhatə edir. İddia ərizəsi isə məhkəməyə 2025-ci ildə, yəni hadisədən təxminən 4 il keçdikdən sonra verilmişdir. Qanunvericiliyə görə ümumi iddia müddəti 3 (üç) ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsi məhkəmə qərarının qəbul edilməsi üçün əsasdır. Məhkəmə iclasında tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə vəkili rəsmi vəsatət verməsinə baxmayaraq, məhkəmə bu imperativ normanı tətbiq etməmiş, bunun səbəblərini qətnamədə əsaslandırmamış və iddia müddətinin açıq-aşkar keçməsinə baxmayaraq işə mahiyyəti üzrə baxmışdır. Halbuki iddia müddətinin bitməsi iddianın rədd olunması üçün ayrıca və yetərli əsasdır və məhkəmənin bu məsələni araşdırmaması maddi hüququn bilavasitə pozuntusudur. Məhkəmə cavabdehlər arasında "müştərək məsuliyyət" prinsipini tətbiq edərkən maddi hüquq normalarını yanlış təfsir etmişdir. Mülki hüququn ədalət prinsipinə görə, zərərin əvəzi faktiki olaraq əmlakı əldə edən və ya zərəri vuran şəxsdən tutulmalıdır. İş materialları və təqdim etdiyi qəbzlər sübut edir ki, o vasitəçi olmuş və vəsaitlər tam şəkildə Cavabdeh2 təhvil verilmişdir. Faktiki olaraq puldan istifadə edən və onu mənimsəyən şəxs Cavabdeh2 olduğu halda, məhkəmənin ona qarşı eyni dərəcədə maddi məsuliyyət yükləməsi maddi hüququn mahiyyətinə ziddir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə qərar qəbul edərkən (5000 AZN), iddiaçının məhz onun hərəkətlərim nəticəsində hansı konkret mənəvi sarsıntı keçirdiyini əsaslandırmamışdır. İddiaçı özü riskli sövdələşməyə girmiş və nəticədə zərər çəkmişdir. O özü də bu işdə Cavabdeh2 tərəfindən aldadılmış və zərərçəkmişdir. Məhkəmə zərərin mövcudluğunu və məbləğini əsaslandıran heç bir tibbi və ya psixoloji rəy olmadan, sırf prezumpsiyaya əsaslanaraq yüksək məbləğdə mənəvi zərər müəyyən etmişdir ki, bu da qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə qətnaməsini əsaslandırarkən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmlərinə istinad etmişdir. Lakin MPM-in 82.4-cü maddəsinə əsasən, mülki işə baxılarkən yalnız "qanuni qüvvəyə minmiş" məhkəmə hökmü məcburi xarakter daşıyır. Məhkəmənin istinad etdiyi cinayət işi üzrə hökmlər hələ qanuni qüvvəyə minməmişdir (apellyasiya şikayəti vermək hüququ mövcuddur). Məhkəmə hələ yekunlaşmamış bir cinayət işinin nəticələrini mülki işdə təkzib edilməz fakt kimi qəbul edərək, təqsirsizlik prezumpsiyasını və prosessual qanunvericiliyi kobud şəkildə pozmuşdur. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində iddia müddətinin tətbiq edilməməsinin səbəblərini hüquqi cəhətdən izah etməmişdir. Onun yazılı vəsatətinin niyə rədd edildiyi barədə qətnamədə heç bir məntiqi və hüquqi əsas yoxdur. Sadəcə iddianın təmin edilməsinə keçilməsi, məhkəmə aktının əsaslandırılmamış olması deməkdir ki, bu da onun ləğvi üçün əsasdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə qərar qəbul edərkən (5000 AZN), iddiaçının məhz onun hərəkətləri nəticəsində hansı konkret mənəvi sarsıntı keçirdiyini əsaslandırmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

6. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

7. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

8. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, apellyasiya şikayətinə dair münasibət bildirməmişdir. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

11. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni Cavabdeh1 qətnaməni ona aid hissədə mübahisələndirmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mənəvi zərərin Cavabdeh1 tutulması hissəsində dəyişdirilməlidir.

16. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini məhkəmə araşdırılması zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dələduzluqla iddiaçının cəmi 162000 manat məbləğində pulunu ələ keçirmələri, onlar barəsində məhkəmənin qanuni qüvvəsini almış hökmlərinin olması ilə əsaslandırmışdır.

17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni Cavabdeh1 qətnaməni ona aid hissədə mübahisələndirmişdir.

18. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı).

19. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir.

21. Cavabdeh1 İddiaçı qarşı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib dələduzluq etməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh1 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilməsi işin mübahisəsiz halıdır.

22. Baxılan iş üzrə mübahisələndirilən hissədə iddia tələbi cinayət nəticəsində əldə edilmiş pul vəsaitinin qaytarılması, əldən çıxmış faydanın və dəymiş mənəvi zərərin əvəzinin tutulması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 21, 1097ci maddələri təşkil edir.

23. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1, 1096.2-ci maddələri).

24. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (Mülki Məcəllənin 1097.1. maddəsi).

25. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 təqsirli hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin maddi zərərin tutulması hissəsində gəldiyi nəticə qanuni və əsaslıdır.

26. Cavabdeh1 pul məbləğini digər cavabdehin alması, onun sadəcə vasitəçi olması barədə apellyasiya şikayətində göstərdiyi hallara dair sübutları məhkəməyə təqdim etmədiyindən, məhkəmə kollegiyası onun bu dəlillərini əsassız hesab edir.

27. Apellyasiya şikayətinin mənəvi zərərə görə 5000 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

28. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

29. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

30. Qeyd olunmalıdır ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

31. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

32. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Ali Məhkəmənin Plenum Qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

33. Məhkəmə kollegiyası Cavabdeh1 bu hərəkətləri nəticəsində iddiaçının əsəbsarsıntı keçirməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

34. Nəzərə alınmalıdır ki, mənəvi zərər məbləğinin müəyyən edilməsi üçün qanunvericilikdə konkret meyarlar müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi zərərin əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəkilində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır.Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərə uğramış şəxsə şişirdilmiş müəyyən bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər.

35. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tutulmalı olan zərərin əvəzi kimi 5000 manat məbləğində müəyyən edilməsi ağlabatan olmamışdır. Odur ki, məhkəmə kollegiyası həmin məbləğin 1000 manat məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir.

36. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli qətnaməsi Cavabdeh1 tutulmalı olan zərərin məbləği hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli qətnaməsi Cavabdeh1 tutulmalı olan zərərin məbləği hissəsində dəyişdirilsin. Cavabdeh1 zərərin əvəzi olaraq 1000 (bir min) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar