Məhkəmə qərarları › İş №2(3-8)-364/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-364/2026

14.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-364/2026 14.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı X1 cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: maddi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X1 cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər qismində 5465 (beş min dörd yüz doxsan beş) manat məbləğində zərərin əvəzi, 100 (yüz) manat məbləğində ekspertiza xərci, 500 (beş yüz) manat məbləğində əldən çıxmış fayda və mənəvi ziyan olmaqla, ümumilikdə 6065 (altı min altmış beş) manat məbləğində pulun və 82 (səksən iki) manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutulmaına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar tərtib edilən ##.##.2024-ci il tarixli, IPX******* nömrəli inzibati xəta haqqında protokola va ##.##.2024-cü il tarixli Abşeron DYP-nın IP ******* nömrəli qərarına əsasən Cavabdeh ##.##.2024-cü il tarixində, saat 09:40-da Saray dairəvi yolu ərazisində **-VR- *** dövlət qeydiyyat nişanlı, "Nissan Teana" minik markalı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq yol nişanının tələblərinə əhəmiyyət vermədən kobud qanun pozuntusu edərək ona məxsus **-CE-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Tucson” minik markalı avtomobilini vurması nəticəsində maddi ziyan vurmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məlum olmuşdur ki, cavabdeh avtomobil vasitəsini icbari sığorta etmədən idarə etmiş və buna görə də sığorta vasitəsi ilə ona dəymiş ziyanı qarşılamaq mümkün olmamış və cavabdeh ona dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Bundan başqa zədə almış avtomobil bir aydan çox müddətə təmirdə olduğundan hər gün işlədiyi yerə Bakı şəhərinin Novxanı kəndindən Qaradağ rayonun Lökbatan qəsəbəsinə gedib-gəlməyi üçün taksi xidmətindən istifadə etmək məcburiyyətində qaldığından əlavə olaraq maddi ziyana düşmüşdür. Belə ki, Novxanı kəndindən Lökbatan qəsəbəsinə taksi xidməti ancaq bir tərəfə ən azı 12 manat təşkil edir, pik saatlarda bu məbləğ 2 dəfəyə qədər qalxır və onun işlədiyi yerə gedib-gəlmək üçün ən azı gündəlik 25 manat pul xərcləmişdir. "xxxx" ASC-nin İxtisaslaşdırılmış Avtomobil mərkəzinin avtoekspertinin ##.#.2024-cü il tarixli ziyan aktına əsasən "Hyundai Tucson" minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin miqdarı 5465 (beş min dörd yüz altmış beş) manat hesablanmışdır.

3. İddia tələbinə qarşı yazılı etiraz verilməmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi qismən təmin edilsmiş, cavabdeh Cavabdeh 5140 (beş min yüz qırx) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı X1 ödənilməsi, dövlət rüsumuna görə ödənilmiş vəsaitdən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 71.40 (yetmiş bir manat qırx qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh alınaraq iddiaçı X1 xeyrinə ödənilməsi, iddiaçı X1 ekspertiza tədqiqatının dəyəri qismində 100 manat, cavabdeh Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 100 manatın tutularaq "xxxx” MMC- nin (H/h:AZ66AİİB38030019443905478109, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, icraçının VÖENi 1500136221, S.W.İ.F.T AIIBAZ2X, VÖEN 9900003611, Hesab AZ37NABZ01350100000000001944) hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Cavabdeh iddiaçı Sivas Kənanın xüsusi mülkiyyətində olan Hyundai Tucson markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Avtomobil iddiaçının faktiki istifadəsindədir. Cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və Cavabdeh dəymiş zərərin məbləğinin 5140 manat həddində olması müstəqil qiymətləndiricinin (ekspert rəyi) rəyi ilə təsdiq olunur. Əldən çıxmış fayda (taksi xərcinin) hissəsinin cavabdeh tərəfindən tutulması ilə bağlı məhkəmə iddianı əsaslı hesab etmir. Belə ki, həmin hissə ilə bağlı iddiaçı iddia tələbinin əsasını təsdiq edən dəlilləri məhkəməyə təqdim etməmişdir.

6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1, 363.1, 363.3, 386.1, 21, 1096. 1097.1, 1115-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilməsini, iddia tələbinin 1500 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları qətnamədə qeyd edilmiş olsa da bəzi məsələlər şişirdilmiş, realıığı əks etdirilməyən şəkildə qeyd edilmişdir. ##.##.2024-cü il tarixdə saat 09:40 radələrində Saray dairəvi yolu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı barəsində ##.##.2024-cü il tarixli, IPX******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və ##.##.2024-cü il tarixli, Abşeron DYP-nin IP ******* nömrəli qərarı ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi əsasında inzibati məsuliyyət tədbiri tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi həmin inzibati materiallara və ekspert rəyinə istinad edərək iddiaçının avtomobilinə dəymiş 5465 manat məbləğində maddi ziyanın və əlavə olaraq taksi xərclərinin onun tərəfindən tutulması barədə qərar qəbul etmişdir. Hesab edir ki, məhkəmənin qənaəti natamam araşdırmaya, sübutların düzgün qiymətləndirilməməsinə və ziyanın şişirdilmiş hesablanmasına əsaslanır. Qeyd edir ki, ziyanın məbləği real bazar dəyərinə uyğun müəyyən edilməmişdir. "xxxx" ASC- nin ##.##.2024-cü il tarixli ziyan aktında zərər 5465 manat müəyyən edilmişdir. Lakin avtomobilin faktiki istismar müddəti, yürüşü, texniki vəziyyəti nəzərə alınmamış, dəyişdirilməsi göstərilən hissələrin hamısının zəruri olub-olmaması əsaslandırılmamışdır. Təmir əvəzinə birbaşa dəyişdirilmə prinsipi tətbiq edimişdir. Göründüyü kimi qanunvericlikdə belə bir hal nəzərdə tutulmamışdır. Odur ki, qərar əsassız və qanunaziddir. Habelə iddiaçı Novxanı kəndindən Lökbatan qəsəbəsinə gündəlik 25 manat taksi xərci çəkdiyini göstərmişdir. Lakin həmin xərcləri təsdiq edən qəbz və ya elektron ödəniş sübutları təqdim edilməmişdir. Alternativ nəqliyyat vasitələrinin olması belə araşdırılmamışdır. Məhkəmə iddianı bu hissədə təmin etməsə də iddianın təmin edilməsi məhkəmə tərəfindən yalnız formal yazılmış iddia ərizəsinə əsaslandırılmışdır. Mülki qanunvericiliyə əsasən zərər real ziyan və əldən çıxmış faydadan ibarətdir. Real ziyan yalnız faktiki və sübut edilmiş xərcləri əhatə edir. İş materiallarında avtomobilin təmir xərclərinin nəzərə alınmaqla hesablanması aparılmamış, ehtiyat hissələrinin dəyişdirilməsinin zəruriliyi əsaslandırılmışdır. Belə ki, avtomoblliun buraxılış ili, faktiki vəziyəti nəzərə alınmadan qərar verilmişdir. Avtomobilin öz faktiki qiyməti bu reallığı əks etdirmir. İş materiallarına əlavə edilmiş şəkillər bunun əyani sübutduur. İş materiallarına əlavə edilmiş ekspert rəyi yalnız ehtimal xarakterli hesablamalara əsaslanmış, ziyanın həqiqi və qaçılmaz xərclərini sübut etməmişdir. Doğrudur, avtomobil onun tərəfindən hadisə zamanı icbari sığortasız idarə edilmişdir. Lakin bu hal yalnız inzibati məsuliyyət yaradır və mülki-hüquqi məsuliyyət çərçivəsində ziyanın həddən artıq və ya əsassız şəkildə müəyyən edilməsinə əsas vermir. Məhkəmə ziyanın real ölçüsünü obyektiv şəkildə müəyyən etməli idi. Habelə onu da qeyd edir ki, avtomobilin zərəri hadisədən əvvəl mövcud olubsa, hadisədən sonra artırılıbsa həmin şişirdilmiş zərərə görə məsuliyyət daşımır. Həmçinin iddiaçı məhkəməyə avtomobilin hadisədən qabaqkı texniki vəziyyətinin saz olmasına dair heç bir sübut təqdim etməmişdir. Avtomobilə dəymiş zərər iddia olunan məbləğ həcmində ola bilər. Lakin bu zərərin məsuliyyətini tam şəkildə ona yükləməsi əsassız və qanunsuzdur. Qəzada avtomobilin fotoşəkilləri zərərin miqdarının az olmasından xəbər verir. İşin əsas bu hissəsi, avtomobilin hadisədən əvvəlki texniki vəziyyəti araşdırılmamışdır. Bu isə zərərin şişirdilmiş qaydada hesablanmasına səbəb olmuşdur. Həmçinin ekspertiza rəyində hesablama metodologiyası göstərilməmiş, bazar qiymətləri ilə müqayisə aparılmamışdır. Bu səbəbdən eksperiza rəyi tam, obyektiv və əsaslandırlımış sübut sayıla bilməz. Yenidən ekspertiza təyin edilməlidir. Məhkəmə zərərin həqiqi bazar qiymətinə uyğunluğunu obyektiv araşdırmamış, alternativ və təkrar məhkəmə ekspertizası təyin etməmişdir. Göründüyü kimi tərəflər arasında iddianın real qiyməti ilə bağlı ziddiyyətlər yaranmışdır. Məhkəmə bu halı nəzərə almamışdır. Hesab edir ki, işlə bağlı təkrar ekspertiza təyin olunmalı, real dəymiş zayan düzgün qiymətləndirilməlidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçıya məxsus avtomobil köhnədir, zədələr göz qabağındadır. İddiaçı servisə yaxışlanmış, servis 2130 manat zərər qeyd etmişdir. Həmin zərər aktında bəzi qeyd edilənlər var idi ki, qəzaya aid deyildir. Həmçinin 1200 manat verə biləcəyini, 800 manatı nağd verə biləcəyini, 400 manatını sonra verəcəyini bildirmişdir. İddiaçı özü sonradan bildirmişdir ki, 1500 manat ödəməsən məhkəməyə verəcək, 6000-7000 manat tələb edəcək. İki qapısında yüngül batıq olub, təkər hissəsi əzilə bilər. Arxa-qabaq bufer bağlanan hissədən atmışdır. Polisdən çıxdıqdan sonra servisə getmişlər, ilkin olaraq zərərin məbləği 2130 manat müəyyən edilmişdir. 2130 manatı da ödəməyə maddi imkanı çatmır.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsindən görünür ki, "Hyundai Tucson minik" markalı, 2008-ci il buraxılışlı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.

13. ##.##.2024-cü il tarixli xxxx ASC-nin İxtisaslaşdırılmış Avtomobil Mərkəzinin X7 ziyan aktından görünür ki, Hyundai Tucson minik markalı,**-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərər 5465 manat təşkil etmişdir.

14. İnzibati tənbeh vermə haqqında ##.##.2024-cü il tarixli qərardan görünür ki,Cavabdeh ##.##.2024-cü il tarixdə saat 09.40 radələrində Saray dairəvi yolunda “Nissan Teana” minik markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydasını pozaraq, İXM-nin 327.1-ci maddəsi ilə barəsində cərimə tənbeh tədbiri tətbiq edilmişdir.

15. xxxx MMC-nin ##.##.2025-ci il tarixli hesabatından görünür ki, Hyundai Tucson markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin «xxxx» ASC-nin servis mərkəzi tərəfindən verilmiş qüsur aktına əsasən və iş materiallarında olan qüsur aktı nəzərə alınmaqla avtomobilin təmir bərpasına çəkiləcək xərcin dəyəri 5140 (beş min yüz qırx) manat təşkil etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 Mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

17. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

18. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı dəymiş zərərin məbləğinə münasibətdə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdrilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, hadisə baş vermiş ərəfədə tərtib edilmiş “xxxx” ASC-nin X7 ziyan aktı üzrə iddiaçının avtomobilinə dəymiş zərərin məbləği 5465 manat müəyyən edilmiş, işə baxan birinci instansiya məhkəməsi birinci instansiya məhkəməsi həmin məbləğin mötəbərliyinin yoxlanılması üçün mütəxəssis təyin etmiş, əldə edilmiş xxxx MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyi ilə vurulmuş zərər 5140 manat olması, yəni qüsur aktında göstərilən zərər məbləğindən bir qədər az olması müəyyən edilmişdir. Həmin rəy ziyan aktında qeyd edilən qüsurlara görə verilmişdir ki, həmin rəyin qeyri-mötəbər olmasına dair isə hər hansı bir əsaslı şübhə olmamışdır. Buna görə də iş üzrə yenidən mütəxəssis təyin edilməsinə zərurət olmamışdır.

21. Cavabdeh ilk dəfə avtomobilə dəymiş zərərin servisdə 2130 maant məbləğində müəyyən edilməsini və buna dair kompüter çıxarışının iş materiallarına əlavə edilməsini bildirmişdir ki, məhkəmə kollegiyası həmin dəlili də əsassız hesab etmişdir. Belə ki, əvvəla həmin rəy hər hansı bir mütəxəssis tərəfindən imzalanmamışdır. Digər tərəfdən isə həmin rəydən görünür ki, zərər qismində qeyd olunmuş 4 ədəd spoller, qanadaltı, əl əyləci və arxa balka kimi ehtiyyat hissələrinin qiymətləri həmin rəydə qeyd olunmamışdır. Halbuki, “xxxx” ASC-nin X7 və xxxx MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyində həmin ehtiyyat hissələrinin ümumi dəyərinin təxminən 1100 manat məbləğində olması müəyyən edilməkdədir. Bundan başqa ziyan aktında bir sıra ehtiyyat hissələrinin də zədələnməsi qeyd olunmuşdur ki, ilkin vizual baxışla zədələnməsi müəyyən edilə bilməyən ehtiyyat hissələrinin avtomobili təmiri zamanı ortaya çıxması da istisna olunmamaqdadır.

22. Məhkəmə kollegiyası cavabdehin əzilmiş ehtiyyat hissəsinin yenisinin alınmamaqla təmir edilməsinin mümkünlüyü ilə bağlı şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçının iddia eydiyi servis rəyində zədələnmiş ehtiyyat hissəsi kimi qabaq sağ qapı qeyd olunmasa da ziyan aktında sağ qapının zədələnməsi və dəyərinin 650 manat məbləğində müəyyən edilməsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkildən də göründüyü kimi avtomobilin qapısındə əzik və sürtünmə izləri olmaqla, qapının tin hissələrinin əzilməsi halında avtomobil sahibinin yeni qapı qoymaqla zərəri aradan qaldırması ağılabatan və ədalətli hesab olunur. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan şikayətinin dəlillərini də əsassız hesab etmişdir.

23. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar