Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1798/2021 01.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(060)-662/2021 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi vəkil Qasımov Salman Elman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) iddianın təmin edilməsi, Cavabdeh1 Sumqayıt şəhəri, 10-cu mikrorayon, 41 saylı evin 53 saylı mənzilindən çıxarılması və həmin mənzil İddiaçı təhvil verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi vəkil Qasımov Salman Elman oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiacı İddiaçı cavabdehlər Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, 41 saylı evin 53 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 41 saylı evin 53 saylı mənzili AR ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* № li,********** qeydiyyat nömrəli, 10.09.2017-ci il tarixli çıxarışına əsasən onun mülkiyyətindədir. Sözügedən mənzili anası ona bağışlanma müqaviləsi ilə bağışlamışdır. Anası uzun illərdir ağır sürən xəstəlikdən əziyyət çəkir. Bu illər ərzində anasına həmişə özü baxmış, onun qayğısına qalmışdır. Həkimə gedib-gəlməsini, müalicələrinin edilməsini o təmin etmişdir. O, Siyəzən rayonunda yaşayır. Gedib gəlmək uzaq olduğu üçün anası çox vaxt onun yanında qalırdı. Son 3 ayda anasını Sumqayıta gətirmişdir. Ölkə üzrə yaranmış pandemiya ilə əlaqədar yollar bağlı olduğundan Siyəzəndən Sumqayıta gəlib-getmək mümkün olmamışdır. Bu vaxt ərzində cavabdeh qismində təqdim etdiyi qardaşı Cavabdeh1 mülkiyyətində olan mənzilə girmiş, anası ilə görüşməsinə mane olur. Artiq uzun müddətdir nə anasını görür, nə də mənzilindən istifadə edə bilir. Hesab edir ki, o, öz evindən rahat şəkildə istifadə etmək hüququna malikdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehin nümayəndəsi vəkil Qasımov Salman Elman oğlu Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuz qəbul edilmiş, məhkəmə mühüm əhəmiyyəti olan faktiki halları tam və tərəflər arasında olan münasibətləri aydınlaşdırmadan qətnamə çıxarmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil Qasımov Salman Elman oğlu apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin mübahisəli mənzildə qalmasının iddiaçının mülkiyyətçi olaraq hüquqlarını məhdudlaşdırdığını və ona məxsus hüquqların gerçəkləşdirilməsinin qarşısını alması ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüququ əsası kimi Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 157.4, Konstitusiyanın 13., 29 maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdeh tərəfindən mübahisələndirilərək, qətnamənin ləğv edilməsi xahiş edilmişdir. İşdən görünür ki, iddia tələbi cavabdehin mənzildən çıxarılması barədədir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, mübahisəli mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və Cavabdeh1 onun qardaşı olmaqla, həmin mənzildə yaşayır və baxılan iş üzrə iddianın qanuni əsasını Mülki Məcəllənin 157-ci maddəsi təşkil edir. Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçı ilk növbədə mübahisəli mənzilin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Qeyd olunan mənzilin iddiaçının mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2. və 157.4. maddələri). Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. İddiaçı mübahisə predmeti təşkil edən əmlaka mülkiyyət hüququ əldə etmiş, cavabdeh mübahisəli mənzildə 2015-ci ildən məskunlaşdığını qeyd etsə də, bunu təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə tərəflərin qeyd etdikləri kimi, cavabdehin həmin mənzilə istifadə hüququnu rəsmiləşdirməmişdir. Hazırda onun mənzildə hər hansı bir hüququ yoxdur. İddiaçının isə əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından və onun bu hüququ mübahisələndirilmədiyindən, mülkiyyət hüququnun qeydiyyatı tamlığı prezumpsiyasına malik olduğundan, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq onun mülkiyyət hüququnun müdafiəsi tələbi əsaslı hesab edilmiş və iddia təmin olunmuşdur. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli mənzilə hüquq əldə etmədən həmin mənzildə qalması, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdehin həmin mənzildən çıxarılmasını tələb etməkdə iddiaçı haqlı olmuşdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1798/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1798/2021
01.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver