Məhkəmə qərarları › İş №2(105)-18/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-18/2024

04.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-18/2024 04.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-790/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz Rayon Dövlət Arxivinin 18 noyabr 2020-ci il tarixli, 733 saylı arayışının surətindən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.2005-ci il tarixli 03 saylı qərarı ilə İddiaçı torpaq sahəsi ayrılmış, torpaq sahəsinin sxematik planı hazırlanmışdır.

2. Xaçmaz şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən müəyyən olunur ki, İddiaçı 500 kv.metr torpaq sahəsi verilmişdir.

3. **********36-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır.

4. Dövlət tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Xaçmaz şəhəri, 21-ci məhəllədə yerləşən yaşayış evi 5372 nömrəli reyestr nömrəsi ilə Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadəsində olan və özünə məxsus olan 0.0138 ha torpaq sahəsinin geri alınaraq istifadəsinə qaytarılması, həmin zəbt olunmuş torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin öz hesablarına sökülməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon AİK-nın xx.xx.2005-ci il tarixli 03 saylı qərarı ilə Xaçmaz şəhəri 21-ci məhəllədə onun mülkiyyətinə 500 kv.metr torpaq sahəsi verilmişdir. Lakin cavabdehlər torpaq sahəsinin 0,0138 kv.metr hissəsini zəbt etmişlər. O, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə torpaq sahəsinə sənəd almaq üçün müraciət edərkən, oradan ona bildirmişlər ki, torpaq sahəsinin faktiki ölçüləri yerindəki ölçülərlə fərqlidir. Sənəd üzrə torpaq sahəsinin ölçüsü 0.05 ha olmasına baxmayaraq, faktiki yerində azalma mövcuddur və torpaq sahəsi 0.0362 ha ölçüdə öz əksini tapmışdır. Torpağında çatışmazlıq olduğundan məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə1 və Cavabdeh2 iddianın dəlillərinə etiraz edərək, iddiaçının torpaq sahəsini zəbt etmədiklərini, öz torpaq sahələrindən istifadə etdiklərini bildirmiş və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişlər.

8. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-790/2021 nömrəli qətnaməsi ilə (hakim İlkin Xəlilov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələbinə dair iddiası təmin edilməmiş və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı özünə məxsus olan torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olduğunu iddia etsə də, bu halı təsdiq edən mötəbər sübutları, öz istifadəsində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmədiyindən, habelə idiaçının cavabdehlərə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia ərizəsi təmin oluna bilməz.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29, Mülki Məcəllənin 139.1, 139.3, 152.1, 152.2, 152.3, 157.2, 178.1 və Torpaq Məcəlləsinin 66.2, 67.1, 67.4, 68, 84, 111, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü və 6-cı bəndlərinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon AİK-nın xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı ilə Xaçmaz şəhəri 21-ci məhəllədə iddiaçının mülkiyyətinə 500 kv.metr torpaq sahəsi verilmişdir. Lakin cavabdehlər torpaq sahəsinin 0,0138 kv.metr hissəsini zəbt etmişlər. O, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə torpaq sahəsinə sənəd almaq üçün müraciət edərkən, oradan ona bildirmişlər ki, torpaq sahəsinin faktiki ölçüləri yerindəki ölçülərlə fərqlidir. Sənəd üzrə torpaq sahəsinin ölçüsü 0.05 ha olmasına baxmayaraq, faktiki yerində azalma mövcuddur və torpaq sahəsi 0.0362 ha ölçüdə öz əksini tapmışdır. Torpağında çatışmazlıq olduğundan məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də hazırkı iddianı qaldırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2, iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

16. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

17. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. (....)

19. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...)

20. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (...) 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

25. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

27. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir.

31. Belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadəsində olan və özünə məxsus olan 0.0138 ha torpaq sahəsinin geri alınaraq istifadəsinə qaytarılması, həmin zəbt olunmuş torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin öz hesablarına sökülməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-1882/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Xaçmaz rayon AİK-nın xx.xx.2005-ci il tarixli 03 saylı qərarı ilə Xaçmaz şəhəri, 21-ci məhəllə (hazırda Şeyx Şamil küçəsi) ünvanında İddiaçı torpaq sahəsi 500 kv.metr sahəsinin (naturada) koordinatları müəyyən edilsin. 2. RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrdindən Çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan , ünvan 3 ünvanında 0,04 ha torpaq sahəsinin (naturada) koordinatları müəyyən edilsin. 3. Qeyd edilən torpaq sahələri bir-biri ilə qonşudurlarmı? 4. Xaçmaz rayon AİK-nın xx.xx.2005-ci il tarixli 03 saylı qərarı ilə Xaçmaz şəhəri, 21-ci məhəllə (hazırda Şeyx Şamil küçəsi) ünvanında İddiaçı torpaq sahəsi 500 kv.metr sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdirmi? Zəbt edilmişdirsə hansı ölçülərdə zəbt edilib?

33. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5104 nömrəli ekspert rəyindən görünür ki, Xaçmaz rayon AİK-nın xx.xx.2005-ci il tarixli 03 saylı qərarı ilə Xaçmaz şəhəri, 21-ci məhəllə (hazırda Şeyx Şamil küçəsi) ünvanında İddiaçı məxsus torpaq sahəsi 500 kv.metr sahəsinin (naturada) koordinatları müəyyən edildi. RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan, ünvan 3 ünvanında 0.04 ha torpaq sahəsinin (naturada) koordinatları müəyyən edildi. Qeyd edilən torpaq sahələri (RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan, ünvan 3 ünvanında 0.04 ha torpaq sahəsi və Cavabdeh1 faktiki istifadə etdiyi torpaq sahəsi, Xaçmaz rayon AİK-nın xx.xx.2005-ci il tarixli 03 saylı qərarı ilə Xaçmaz şəhəri, 21-ci məhəllə (hazırda Şeyx Şamil küçəsi) ünvanında İddiaçı ayrılmış 500 kv.metr torpaq sahəsinin məhkəmənin iş materiallarına əlavə olunmuş bələdiyyənin ilkin torpaq ayırma sənədlərindəki sxemdə göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd edilən torpaq sahələri (RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və Cavabdeh1 faktiki istifadə etdiyi torpaq sahəsi, Xaçmaz rayon AİK-nin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarı ilə Xaçmaz şəhəri, 21-ci məhəllə (hazırki Şeyx Şamil küçəsi) ünvanında İddiaçı ayrılmış 500 kv.metr torpaq sahəsinin məhkəmənin iş materiallarına əlavə olunmuş bələdiyyənin ilkin torpaq ayırma sənədlərindəki sxemdə göstərilmiş torpaq sahəsi ilə üst üstə düşdüyündən, Xaçmaz rayon AİK-nın xx.xx.2005-ci il tarixli 03 saylı qərarı ilə Xaçmaz şəhəri, 21-ci məhəllə (hazırda Şeyx Şamil küçəsi) ünvanında İddiaçı torpaq sahəsi 500 kv.metr sahəsi cavabdehlər tərəfindən zəbt olunmasının araşdırılması mümkün olmamışdır.

34. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-133/2022 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: 1. Cavabdeh2 adına xx.xx.2003-cü il tarixli, 5372 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin (naturada) koordinatları müəyyən edilsin. 2. Xaçmaz şəhəri, 21-ci məhəllə (hazırda Şeyx Şamil küçəsi) ünvanında İddiaçı məxsus torpaq sahəsinin 500 kv.metr sahəsi (koordinatları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5104 nömrəli ekspert rəyində mövcuddur) ilə Cavabdeh2 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahələri bir-biri ilə qonşudurlarmı? 3. Xaçmaz rayon AİK-nın xx.xx.2005-ci il tarixli 03 saylı qərarı ilə Xaçmaz şəhəri, 21-ci məhəllə (hazırda Şeyx Şamil küçəsi) ünvanında İddiaçı torpaq sahəsi 500 kv.metr sahəsi Cavabdeh2 tərəfindən zəbt edilmişdirmi? Zəbt edilmişdirsə hansı ölçülərdə zəbt edilib?

35. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, qeyd edilən işlər üzrə tədqiqat obyektlərinə baxış keçirilərək, müvafiq araşdırılma aparılmış və qanunamüvafiq olaraq mütəxəssis rəyləri hazırlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərə görə, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının müvafiq qərarına uyğun mütəxəssis rəylərinin hazırlanması üçün xidmət haqqı nəzərdə tutulmuşdur. Həmin vəsait ödəniləcəyi halda mütəxəssis rəyinin məhkəməyə təqdim ediləcəyi bildirilmişdir.

36. Bundan sonra mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş məbləğin ödənilməsi barədə tərəflərə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə bildiriş göndərilmiş və Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələbləri izah edilsə də, ödəniş icrasız qalmış, bundan sonra mülki iş üzrə icraat təzələnərək məhkəmə araşdırması davam etdirilmişdir.

37. İş materiallarında olan mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, Cavabdeh2 məxsus torpaq sahəsi ilə İddiaçı məxsus torpaq sahəsi müxtəlif cizgilər daxilində yerləşir və Cavabdeh2 tərəfindən iddiaçının torpaq sahəsini zəbt etməsi halı müəyyən olunmur. Lakin məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən və xx.xx.2022-ci il tarixli, 10/5104 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə İddiaçı ayrılmış torpaq sahəsi üst-üstə düşür, bu səbəbdən də, iddiaçının torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasının araşdırılması mümkün olmamışdır.

38. Göründüyü kimi iddiaçı və Cavabdeh1 məxsus torpaq sahələrinin sənəd üzrə yerləşdiyi yerlər bir-birinin üzərində yerləşir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müvafiq plan ölçü sənədində və ya torpaq sahələrinin sənəd üzrə koordinatları dəqiq müəyyən edilmədən, mövcud mübahisə üzrə cavabdehlərin qanunsuz sahib olmaları barədə iddiaçının dəlilləri əsaslı hesab oluna bilməz.

39. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

40. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz Rayon Dövlət Arxivinin 18 noyabr 2020-ci il tarixli, 733 saylı arayışının surətindən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.2005-ci il tarixli 03 saylı qərarı ilə İddiaçı torpaq sahəsi ayrılmış, torpaq sahəsinin sxematik planı hazırlanmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda tələb əsassız olsa da, iddiaçı mövcud iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmuşdur və kollegiya birinci instansiya məhkəməsinin iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmır.

41. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

42. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-790/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir.

43. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 50 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-790/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri – 50 (əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar