Məhkəmə qərarları › İş №2(105)-1800/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1800/2020

29.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1800/2020 29.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X24 və X8 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı,onun nümayəndəsi və vəkili X12, cavabdehlər Cavabdeh1,onun nümayəndəsi və vəkili X11, cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X15 qarşı “evə köçürmə” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4692/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-4692/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Abşeron rayonu, Məmmədli kəndi, Alı Mustafayev küçəsi, döngə 3 (Bağlar, Məhəmmədli, ev 0110, mənzil 37) ünvanında özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir (sədrlik edən, hakim Cavabdeh1). Qətnamədən narazı qalan Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)2739/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-4692/2018 saylı qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)833/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)2739/2019 saylı qətnaməsi ləğv edilərək işin yenidən apelyasiya baxışına göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək onun Abşeron rayonu, Məmmədli kəndi, Alı Mustafayev küçəsi, döngə 3-də (Bağlar, Məhəmmədli, ev 0110, mənzil 37) yerləşən özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları pozulmaqla və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunmuşdur. Belə ki, o, birinci instansiya məhkəməsində İddiaçı köçmək istədiyi Abşeron rayonu, Məmmədli kəndində Alı Mustafayev küçəsi, döngə 3-də (Bağlar, Məhəmmədəli, ev 0110, mənzil 37) yerləşən özbaşına tikilmiş fərdi yaşayış evini bacısı X4 tikdirdiyini bildirmişdi. Belə ki, 2010-cu ildə mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0,02 ha torpaq sahəsini bacısı X3 Vüqar Sərdar oğlundan 4000 manata alaraq orada 3 otaq və bir mətbəxdən ibarət ev tikdirmişdir. İddiaçının həmin evə və torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. X17 şəhər qeydiyyatı olmadığına görə işıq sayğacı onun adına sənədləşdirilmişdir. Həmçinin bacısı Gültəkin Quliyeva birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş və evin onun olduğunu bildirmişdir. Odur ki, iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları pozulmaqla və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsində İddiaçı köçmək istədiyi Abşeron rayonu, Məmmədli kəndində Alı Mustafayev küçəsi, döngə 3-də (Bağlar, Məhəmmədəli, ev 0110, mənzil 37) yerləşən özbaşına tikilmiş fərdi yaşayış evini bacısı X4 tikdirdiyini bildirmişdir. Belə ki, 2010-cu ildə mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0,02 ha torpaq sahəsini bacısı X3 Vüqar Sərdar oğlundan 4000 manata alaraq orada 3 otaq və bir mətbəxdən ibarət ev tikdirmişdir. İddiaçının həmin evə və torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. X17 şəhər qeydiyyatı olmadığına və ölkədən kənarda Rusiya Federasiyasının ərazisində olduğuna görə işıq sayğacı onun adına sənədləşdirilmişdir. Həmçinin bacısı Gültəkin Quliyeva birinci instansiya məhkəməsində və evin onun olduğunu bildirmişdir. Nikahdan sonra qaynanasına məxsus evdə yaşayıblar. Mübahisəli evdə bir gün də olsa yaşamayıblar. 1999-cu ildən kirayələrdə yaşayırlar. Bacısı Rusiyadan pul göndərirdi, evi tikirdi, üstündə əlavə ona da dolanmaq üçün pul verirdi.Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-4692/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X19 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4692/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X7 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, mübahisəli evin yerləşdiyi 0,02 ha torpaq sahəsini o, X16 4000 manata almış, Rusiya Federasiyasından göndərdiyi pulun hesabına bacısı Cavabdeh1 mübahisəli evi tikdirmişdir. Qeydiyyatı rayona olduğundan və Rusiya Federasiyasında olduğundan mübahisəli evin işıq və qaz sayğacları abonent kimi bacısı Cavabdeh1 adına rəsmiləşdirilmişdir, lakin pulunu özü ödəmişdir. Mübahisəli evi kirayəyə vermişdir. İddiaçı və bacısı Cavabdeh1 bu evdə heç vaxt yaşamamışlar. Evi bacısının rəfiqəsi Nigara kirayəyə vermişdir. Kirayə pulunu bacısı almışdır. Hazırda həmin evdə yaşayır, evdə bəzi əşyaları vardır. Torpağa dair ancaq etibarnamə var, başqa sənədi yoxdur. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-4692/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, valideynlərinin mənzili satıldıqdan sonra verilən pulla avtomobil almış, daha sonra həmin avtomobili satmış, həmin pulla və cavabdeh ilə birlikdə yaşadıqları müddətdə yığdıqları pulla Məmmədli kəndində 4000 manata 0,02 ha torpaq sahəsi almış, həmin torpaq sahəsində 5 il müddətində ev inşa etmişlər. Lakin həmin evdə yaşamamışlar, evdə material olduğu üçün oğurluq olmasın deyə evdə o, tək yaşamışdır. Cavabdeh1 evi kirayəyə vermişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-4692/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X22 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-4692/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə cavabdehlər Cavabdeh2 və X23 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd eidlən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)833/2020 saylı qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə sübutların mümkünlüyü və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, prosessual qanunvericiliyə zidd şəkildə əldə edilmiş sübutlara istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti rədd etmiş, işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi halların araşdırılmasını zəruri olduğu göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)833/2020 saylı qərarındakı göstərişləri nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli iddia təmin edilməlidir. İş materiallarında olan, Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 1727/12 nömrəli aryışdan görünü ki, iddiaçı ilə cavabdeh xx xxxxxx 1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu barədə 79 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan, “xxxxxxxx” ASC tərəfindən verilmiş, elektrik enerjisindən istifadəyə görə ödənişin edilməsi ilə bağlı **********03772 kod nömrəli bildirişdən görünür ki, Cavabdeh1 Abşeron rayonu Məmmədli kəndi, Alı Mustafayev küçəsi, döngə 3 (Bağlar Məhəmmədli, ev 0110, mənzil 37) ünvanında yaşamışdır və komunal xərclər ödəmişdir. İş materiallarında olan X20 xx xxxxxx 2018-ci il tarixdə notariat kontorunda təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, Alı Mustafayev küçəsi, döngə 3 (Bağlar, Məhəmmədli, ev 0110, mənzil 37) ünvanında yerləşən torpaq sahəsini 2010-cu ildə X1, həmin torpaq sahəsində X7 tərəfindən 3 otaqlı mətbəxdən ibarət fərdi yaşayış evi tikilmişdir, İddiaçı bu torpaq sahəsinə və evə heç bir aidiyyəti yoxdur, ona torpaq sahəsi satmamışdır. İş materiallarına əlavə olunmuş Abşeron rayon İcra Hakimiyyəti başçısının Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 67 saylı məktubdan görünür ki, Cavabdeh1 Abşeron rayonu, Məmmədli kəndində yaşayıb-yaşamaması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli fərdi yaşayış evinin ona məxsus olmasını, yəni cavabdehə həmin evdə yaşamasını həmin evdə istifadə və sahiblik hüququnun mövcud olmasını sübut etməsi əsası ilə iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mahiyyətcə düzgün nəticəyə gəlsə də, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən iddia tələbinə yenidən qiymət verilməli və iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının köçmək istədiyi fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamış, heç kimin xüsusi mülkiyyətində deyildir və özbaşına tikilidir. Qətnamədən görünür ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin əmlaka mülkiyyət hüququna dair qanunvericilik normalarını istinad edərək iddianı təmin etmiş, bununla da maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İş materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi tərəflər birgə nikaha girdikdən sonar, 2010-cu ildə alınmış, mübahisəli ev 2012-ci ildən tikilməyə başlamışdır. Eləcə də mübahisələndirilən evə çəkilmiş işıq və qaz xəttinjin Cavabdeh1 adına rəsmiləşdirilməsi də iş üzrə tərəflərin izahatı və iş materiallarında olan bildirişlərlə təsdiq edilir. İş materialları ilə müəyyən edilir ki, mübahisəli ev dövlət qeydiyyatına alınmamış, evin tikildiyi torpaq sahəsinin də X25 tərəfindən alınması bildirilmiş, lakin həmin torpaq sahəsinə dair heç kimin, eləcə də Vüqar Rzayevin adına mülkiyyət hüququnun təsdiq edən sənəd təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş (i.v.43) notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, X25 ərizəsində göstərmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi, Alı Mustafayev küçəsi, döngə 3 ünvanında yerləşən torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin 2010-cu ildə X2. Ərizəyə Daşınmaz Əmlakın İnvertarlaşdırılması Xidməti MMC tərəfindən hesbat cədvəli və tikintinin planı əlavə edilsə də, həmin torpaq sahəsinin X20 mülkiyyətində olması barədə sübut, dövlət reyestrindən çıxaırş əlavə edilməmişdir. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə kollegiyasında müəyyən edildi ki, iddiaçının köçmək istədiyi ev X31 tərəfindən satılmış torpaq sahəsində tərəflərin birgə nikah dövründə tikilmişdir. Evin işıq və qaz xətti Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Qeyd edilən hallardan müəyyən olunur ki, həmin ev tərəflərin ailə kimi birgə yaşaması məqsədilə tikilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Göründüyü kimi mübahisəli ev də tərəflərin birgə nikah dövründə tikilməyə başlamışdır. Hazırda mübahisəli ev yaşayış üçün yararlıdır. Belə olan halda həmin evə münasibətdə iddiaçının hüquqları ilə cavabdehin hüquqları eynidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, yəni evin cavabdehin X17 göndərdiyi pullarla tikilməsi, hazırda cavabdeh Gültəkin Quliyevanın həmin mənzildə yaşamasını əsaslı saymır. Ona görə də, evin cavabdehin Gültəkin Quıliyevanın göndərdiyi pullarla tikilməsinə dair hər hansı sübut mövcud deyildir. Eyni zamanda hazırda həmin evdə Gültəkin Hacıyevanın yaşaması həmin evin ona məxsus olmasını sübut etmir. Belə ki, Gültəkin Quliyevanın məhkəmə kollegiyasında verdiyi izahatında 2020-ci ilin sentyabr ayının 1-dən həmin evdə yaşadığını bildirmişdir. Göründüyü kimi, cavabdeh G.Quliyeva hazırki məhkəmə mübahisəsinin getdiyi mərhələdə orada yaşamağa başlamışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş Abşeron rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, mübahisəli fərdi yaşayış evinə baxış keçirilməsi üçün həmin ünvana gedilmiş, lakin evin qapısı bağlı olmuşdur. Həmin həyətdə tanımadıqları şəxslər olmuş, bəzi sualar verilməsi üçün qapının açılması istənilmiş, lakin qapı açılmamışdır. Qonşuların köməkliyi ilə Cavabdeh1 məxsus mobil nömrə əldə edilmişdir. Cavabdeh1 suallarına cavabdeh verərəkən evin bacısına məxsus olmasını, bacısının rayonda yaşadığı və karantin şəraiti olduğu üçün heç bir sənəd təqdim edə bilməyəcəyini, həmin evin kommunal xərclərinin öz adına olmasını, yaşayış evinin 10 ildən artıq vaxtdır tikildiyini bildirmişdir. Sözügedən torpaq sahəsinin indiyədək bələdiyyəyə heç bir torpaq vergi qeydiyyatı olmadığı göstərilmişdir. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin Cavabdeh1 bacısı Gültəkin Quliyevaya aid olmasına dair iş materiallarına hər hansı sübut mövcud deyildir. Eyni zamanda məhkəmə kollegiyası X25 tərəfindən verilmiş ərizəni də əsaslı saymır. Belə ki, göründüyü kimi ərizə hazırki iş üzrə məhkəmə mübahisəsi başladığı dövrdən, yəni xx.xx.2018ci ildən sonra, xx.xx.2018-ci il tarixdə verilmiş, həmin tarixə qədər həmin torpaq sahəsinin Gültəkin Quliyevaya satılması barədə hər hansı məlumat mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İnsan Hüquqlarının və X18 Haqqında Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən qətnamə ləğv edlməli, iddia tələbinə yenidən qiymət verilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin edilməli, İddiaçı Abşeron rayonu, Məmmədli kəndi, Alı Mustafayev küçəsi, döngə 3 (Bağlar, Məhəmmədli, ev 0110, mənzil 37) ünvanında özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-4692/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Quliyev X21 rayonu, Məmmədli kəndi, Alı Mustafayev küçəsi, döngə 3 (Bağlar, Məhəmmədli, ev 0110, mənzil 37) ünvanında özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülsün Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar