Məhkəmə qərarları › İş №2(105)-1801/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1801/2024

27.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1801/2024 27.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə, yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-5/2024 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə, yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-i tərəfindən onun mülkiyyətində olan Siyəzən şəhəri, Şəhriyar küçəsində yerləşən 0,007 ha torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt etməklə, onun üçün yaratdığı maneənin cavabdehin hesabına aradan qaldırılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun sonuncudan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-5/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim Bəylər Ələkbərov). Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 23 aprel tarixli 2-2(119)-776/2024 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim Həlimə Alıyeva). Azərbaycan Respublikası Ali Məhkəməsinin qarışıq tərkibinin xx.xx.2024-cü il tarixli, 2-2(102)-345/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdehin nümayəndəsi Nümayəndə3 vəsatətlə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, mülki işin icraatına xitam verilməsinə və Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə3 vəsatətini onunla əsaslandırmışdır ki, enerjitəchizatı müəssisəsi təbii inhisar subyekti hesab olunur. Mövcud qanunvericiliyin tələbinə əsasən isə təbii inhisar subyektləri inzibati orqanlar kimi qəbul olunmuşdur. Həmçinin, hal-hazırkı mübahisə tərəflər arasında bağlanılmış müqavilə əsasında yaranmış mübahisə olmadığı üçün Siyəzən Rayon məhkəməsində baxıla bilməz. Çünki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarından, hərəkət və hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-nin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Belə ki, hazırkı iş İnzibati məhkəməyə aid olduğundan həmin məhkəmədə baxılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının “Azərişıq ASC-yə məxsus yüksək gərginlikli hava xəttinin bağ sahəsindən çıxarılması ilə bağlı 08 fevral 2023-cü il tarixli, 2(102)-687/2023 saylı qərarı olmuşdur ki, həmin qərarda Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, mülki işə mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması ilə əlaqədar xitam verilməsi qət edilmişdir. Beləliklə, hazırkı iş də, yüksək gərginlikli xəttin çıxarılması ilə əlaqədar olduğu üçün işin icraatına xitam verilməli və sözügedən iş aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndrilməlidir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-5/2024 nömrəli qərardadı ilə vəsatətin qismən təmin edilməsi, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə, yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması tələbinə dair iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması ilə əlaqədar xitam verilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı geri qaytarılması, vəsatətin işin Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi hissəsində təmin edilməməsi, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 manat məhkəmə xərcinin İddiaçı aid edilməsi, aparılmış tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manatın İddiaçı tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iddiaçıya hazırkı mübahisə ilə bağlı aidiyyəti üzrə inzibati orqana müraciət etmək, müraciəti müsbət həll edilmədiyi təqdirdə isə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququna malik olmasının izah edilməsi, tərəflərə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyinin izah edilməsi qərara alınmışdır (hakim Bəylər Ələkbərov). İddiaçı Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-5/2024 nömrəli qərardadından şikayət vermişdir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-5/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1337/2024 nömrəli qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)- 5/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, hazırkı şikayət gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitəsilə imzalanmış elektron sənəd şəklidə verilmədiyindən, şikayətin forması və məzmunu qüvvədə olan prosessual qanunvericiliyinin tələblərinə cavab vermədiyindən, geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil vasitəsilə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-5/2024 nömrəli qərardaddan şikayət və şikayətin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə verərək şikayətin verilməsi üçün müəyyən olunmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-5/2024 nömrəli qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-05/2024 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət verilməsi müddəti bərpa edilməsi və şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim İlqar Cabbarov). Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)- 5/2024 nömrəli qərardadı ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə, İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 13, 14, 15.4-cü bəndlərinə istinad edərək hazırkı iddiaya mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq əvvəla qeyd edir ki, mübahisənin predmeti iddiaçıya məxsus torpaq sahəsində təbii inhisar subyekti olan cavabdehin yaratdığı maneənin aradan qaldırılmasından, yəni yüksək gərginlikli elektrik hava xəttinin sonuncunun vəsaiti hesabına sözügedən torpaq sahəsindən çıxarılmasından ibarətdir. Birinci instansiya məhkəməsi Ali Məhkəmənin qərarına istinad etsə də, nəzərə almamışdır ki, tərəflər arasındakı mübahisəli hüquq münasibəti tərəflərin hüquqi bərabərliyinnə əsaslanır. Buna görə də hazırki mübahisəyə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 13-cü bəndində qeyd edilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almadan işin inzibati qaydada baxılmalı olması qənaətinə gəlmiş və işin icraatına xitam verməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə qaytarılmlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-5/2024 nömrəli qərardadı ləğv edilməli, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə, yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-5/2024 nömrəli qərardadı ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar