Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1804/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2(060)- 693/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) iddianın qismən təmin edilməsi, İddiaçı azyaşlı qızı 04.09.2010-cu il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı övladı X3 ilə birlikdə cavabdehlərin yaşadığı ünvan 2 ünvanında yerləşən özbaşına tikili olan 4 otaqlı, bir mətbəx və dəhlizdən ibarət olan fərdi yaşayış evinə köçürülməsi və evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 Bəxşeyis oğlu arasında 2009-cu il oktyabrın 16-dan faktiki nikah münasibətləri olmuş və bu münasibətdən 04.09.2010-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. 16 iyul 2010-cu il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 1073 saylı rəsmi nikahları qeydə alınmışdır. Ailə qurduqları gündən ünvan 1ndə yerləşən 4 otaqlı fərdi yaşayış evində yaşamışlar. Həyat yoldaşı Cavabdeh1 Bəxşeyiş oğlu ilə xasiyyətləri tutmadığından Abşeron Rayon Məhkəməsinə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd etmək istəyir ki, ailə qurduqdan sonra köçüb yaşadığı və 1 övlad dünyaya gətirdiyi ünvan 2ndə yerləşən 4 otaqlı mənzildən cavabdeh X2 onu çıxartmış və ona orada yaşamağa imkan verməmişdir. Artıq neçə vaxtdır ki, azyaşlı övladı ilə birlikdə valideynlərinin yanında qalmağa məcbur olmuşdur. Neçə müddətdir ki, bu halın düzələcəyinə və gəlin köçüb yaşadığı evə yenidən qayıdacağına ümid etsə də, bu hal düzəlməmiş və cavabdeh ona azyaşlı övladı ilə birlikdə həmin evə köçüb yaşamağına imkan verməmişdir. Valideynləri tərəfindən ona verilmiş cehiz əşyaları da mübahisəli fərdi yaşayış evində qalmaqdadır. Bu səbəbdən də o, ünvan 3 ünvanında yerləşən mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanunsuz və əsassızdır. Belə ki, qətnamə qəbul edilən zaman iş üçün əhəmiyyətli faktiki halları tam araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. İddiaçının ona məxsus fərdi yaşayış evində yaşama hüququ olması barədə iddiası həqiqətə uyğun deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti edilməli, qətnamə qismən ləğv edilməli və mübahisələndirilən hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçının cavabdehin razılığı ilə mübahisəli mənzilə köçürüldüyünü, daimi olaraq həmin evdə yaşadığını, sonradan əri ilə nikahlarını pozulduğundan anasının yanına getməsi ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 27.1. və Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinə istinad etmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbinin mübahisələndirilən hissəsi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı Cavabdeh1lə 16 oktyabr 2009-cu il tarixdə faktiki nikah münasibətinə daxil olmuş, onların bu nikahlarından 04.09.2010-cu il təvəllüdlü X3 adlı övladı dünyaya gəlmiş, hazırda da tərəflər arasında bağlanmış bu nikahları pozulmuşdur. İddiaçı ünvan 1ndə yerləşən 4 otaqlı fərdi yaşayış evinə köçmüş, 2018-ci ildən isə aralarındakı münasibətlərinin pozulması nəticəsində İddiaçı və azyaşlı uşaqları həmin evdə yaşamırlar. İşin digər halı ondan ibarətdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Axundov küçəsində Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. (Mülki Məcəllənin 180.1. maddəsi). Göründüyü kimi tərəflər arasında hüquq münasibəti 16 oktyabr 2009-cu ildə, yəni hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01 oktyabr 2009-cu ildən sonra yarandığından, eləcə də Azərbaycan Respublikası qanunvericiliyində özbaşına inşa edilmiş fərdi yaşayış evlərinə istifadə hüququnun tanınması və həmin evlərə köçürülməsi ilə bağlı hüquq normaları mövcud olmadığından, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə Mənzil Məcəlləsinin 30-cı maddəsinin tələbləri baxımından araşdırılmaqla hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 11-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanuvericilikdə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analagiyası). Mənzil Məcəlləsinin 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Həmin qərara əsasən mənzil məcəlləsinin 30.1. maddəsinin ikinci cümləsinin “digər qohumlar “ ifadəsi ailə məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qardaş, bacı, baba, nənə, nəvə, ögey ata və anadır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti təşkil edən fərdi yaşayış evi şəhərsalma qaydalarına və tikinti normalarına zidd inşa olunmadığı, həmin tikilinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmadığı halda qeyd edilən evə münasibətdə sonuncunun gözlənti ilə mülkiyyət hüquqları yarana bilər. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Cavabdeh2 münasibətdə Ailə Məcəlləsinin 15-ci fəslinə uyğun özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, iddia tələbi mübahisələndirilən hissədə, yəni mənzilə köçürülmə hissəsində təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi qismən iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi qismən mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı mənzilə köçürülməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1804/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1804/2021
09.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver