Məhkəmə qərarları › İş №2(105)-1804/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1804/2022

05.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1804/2022 05.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı1 (iddiaçılar İddiaçı3 və İddiaçı2 nümayəndəsi) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Qusar Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(029)-420/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarının tanınması və yaşayış evinə köçürülmələri tələbinə dair iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və həmin yaşayış evinə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh ilə nikahlarını qeydiyyat orqanlarında qeyd etdirmədən el adəti ilə toy edərək 2000-ci ilin avqust ayında ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra cavabdehin atası X2 mülkiyyətində olan Qusar şəhəri, H.Z.Tağıyev küçəsi 3 ünvanında yerləşən 2 mərtəbəli, 3 otaqlı yaşayış evinə gəlin köçmüşdür. Faktiki nikahlarından xx.xx.2001-ci il tarixdə Əmiraslan və xx.xx.2002-ci il tarixdə Telman adlı iki nəfər uşaqları doğulmuşdur. Cavabdehlə faktiki nikahda olduqları dövrdə, yəni 2000-ci ildən 2019-cu ilə kimi həmin evdə yaşamışlar və qeyd olunan ünvanda qeydiyyata alınmışlar. Bir ildən çoxdur ki, cavabdeh onları qeyd edilən evdən qovmuş və hazırda Bakı şəhərində kirayədə yaşamaq məcburiyyətindədirlər və bütün əmlakları həmin evdə qalmışdır. 2000-ci ildən Qusar şəhəri, H.Z.Tağıyev küçəsi 3 ünvanında yerləşən, mərhum X3 adına qeydə alınmış 2 mərtəbəli üç otaqlı yaşayış evində yaşamışlar. Ona görə də, həmin yaşayış evindən istifadə ilə əlaqədar aralarında yaranmış hüquq münasibətləri ilə bağlı Azərbaycan Respublikasının 2009-cu ilin 01 oktyabr tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtdan da cavabdeh atasından miras qalmış qeyd olunan fərdi yaşayış evində yaşamaqda davam edir və bununla da həmin miras əmlakı faktiki qəbul edərək idarə edir. Ona görə də, hesab edir ki, cavabdehin atası X1 miras qalmış əmlakı faktiki qəbul etdiyinə görə ona qarşı yaşayış sahəsindən istifadə hüquqları tanınmalı və yaşayış evinə köçürülməsi tələbinə dair iddiaları əsaslı olduğundan təmin edilməlidir. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. İş materiallarında olan AZ-İ 275722 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx xxxxxxx 2002-ci ildə Qusar şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçı1dır. İşdə olan AZ-İ 275724 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 2001-ci ildə Qusar şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçı1dır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Qusar şəhərində ölmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********88 saylı məktubdan görünür ki, həmin idarənin arxiv sənədlərinə əsasən xx.xx.2004-cü il tarixli 1231 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən Qusar şəhəri H.Z.Tağıyev küçəsi ev 3 ünvanında yerləşən (2 mərtəbəli, 3 yaşayış otağı, ümumi sahəsi 153.1 kv.m, yaşayış sahəsi 46.4 kv.m) fərdi yaşayış evi X2 adına qeydiyyata alınmışdır. İşdə olan İddiaçı1 məxsus Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxs xx.xx.1973-cü ildə Quba şəhərində anadan olmuş, Qusar şəhəri H.Z.Tağıyev küçəsi ev 3 ünvanda qeydiyyatdadır. AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.2001-ci ildə ünvan 2 ünvanda qeydiyyatdadır. İşdə olan Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.2002-ci ildə anadan olmuşdur. İşdə olan Qusar Rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2682 saylı arayışdan görünür ki, İddiaçı1 ünvan 3 evdə qeydiyyatdadır və ailə tərkibi 2001-ci il təvəllüdlü İddiaçı2, 2002-ci il təvəllüdlü İddiaçı3 ibarətdir. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından elektron Çıxarışdan görünür ki, Cavabdeh Qusar şəhəri H.Z.Tağıyev küçəsi ev 3 ünvanda qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı1 2000-ci ilin avqust ayında Cavabdehlə faktiki nikah münasibətlərinə daxil olmaqla həmin vaxtdan Cavabdeh atası Tahir Tahirovun iradəsi və razılığı ilə sonuncuya məxsus olmuş ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, həmçinin özünün cehiz əmlaklarını həmin evə aparmış, həmin evə pasport qeydiyyatına alınmaqla Cavabdehla birlikdə daimi olaraq həmin evdə yaşamağa başlamışdır. İddiaçı1 ilə Cavabdeh birgə yaşadıqları dövrdə onların xx.xx.2001-ci il təvəllüdlü Əmiraslan, xx.xx.2002-ci il təvəllüdlü Telman adlı iki nəfər uşaqları doğulmuş, həmin uşaqlar həmin evdə böyüyüb yetkinlik yaşına çatmışlar və indiyədək həmin evdə qeydiyyatdadırlar. Bununla da, İddiaçı1 2000-ci ilin avqust ayından, Əmiraslan və Telman adlı uşaqların isə doğulduqları vaxtdan həmin evə istifadə hüquqları yaranmışdır. Mübahisəli evin mülkiyyətçisi olan Tahir Tahirov xx.xx.2020-ci il tarixdə ölmüş və həmin ev Cavabdeh idarəçiliyinə keçmişdir. Cavabdeh xeyli müddətdir ki, iddiaçıları həmin evə buraxmır, orada yaşamaqlarına mane olur. Qusar Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(029)-420/2022 nömrəli qətnaməsi ilə (hakim Adil Vəliyev) iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarının tanınması və yaşayış evinə köçürülmələri tələbinə dair iddiası təmin dilib, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqları tanınmış və onların həmin fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, İddiaçı1 Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsi qüvvədə olan vaxt-yəni 2000-ci ilin avqust ayından ünvan 4 ünvanda yerləşən evə, evin mülkiyyətçisi Tahir Tahirovun iradəsi və razılığı ilə gəlin köçməklə onun həmin evə dair istifadə hüququ əmələ gəlmiş, həmin evə daimi qeydiyyata alınmışdır. İddiaçı2 doğulduğu 2001-ci ildən, İddiaçı3 isə doğulduğu 2002-ci ildən həmin evə istifadə hüquqları əmələ gəlmişdir. Odur ki, məhkəmə iddiaçıların dəlilləri ilə razılaşaraq belə qənaətə gəlir ki, iddiaçıların istifadə hüquqları istənilən şəxsdən, o cümlədən cavabdehdən müdafiə olunmalı, cavabdeh tərəfindən həmin hüquqlara edilən müdaxiləyə son qoyulmalı, iddiaçıların həmin evə istifadə hüquqları tanınmalı və onlar həmin evə köçürülməlidirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123-cü maddələri, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2, -ci maddələri, Mülki Məcəllənin 158.1, 158.1.2, 158.4-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(029)-420/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisinin Cavabdeh olmamasına və iddia tələbinin rəsmi qeydiyyata alınmış nikah qeydinə deyil, faktiki nikah münasibətlərinə istinad olunmaqla əsaslandırılmasına, tərəflər arasında faktiki nikah münasibətinin 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaranmasına, evin mülkiyyətçisi X5 03 dekabr 2020-ci il tarixdə vəfat etdiyindən, mübahisəli evin hüquq varislərinin müəyyən edilmədən iş üzrə iddianın təmin olunmasına dair yekun qərar qəbul edilmiş, iddia ərizəsində istinad olunan halların təsdiqinə dair sübutların natamam olmasına hüquqi qiymət verilməmişdir. Bununla yanaşı yaşayış evinin mülkiyyətçisinin vəfat etməsi və mübahisə predmeti olan evə vərəsəlik və miras hüquqlarının yaranması açıq-aşkar olduğu halda qəbul ediləcək qətnamənin mənafeylərinə toxunacaq şəxslərin dairəsi, mərhum mülkiyyətçinin cavabdeh ola biləcək hüquqi varisləri müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmiş və mübahisəyə tətbiq olunmalı normaları səhv tətbiq etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçılar tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İddiaçı1 (iddiaçılar İddiaçı3 və İddiaçı2 nümayəndəsi) apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədarlar birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 158.1, 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olur ki, İddiaçı1 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvədə olan vaxt-yəni 2000-ci ilin avqust ayından ünvan 3 ünvanda yerləşən evə, evin mülkiyyətçisi Tahir Tahirovun iradəsi və razılığı ilə gəlin köçməklə onun həmin evə dair istifadə hüququ əmələ gəlmiş, həmin evə daimi qeydiyyata alınmışdır. İddiaçı2 doğulduğu 2001-ci ildən, İddiaçı3 isə doğulduğu 2002-ci ildən həmin evə istifadə hüquqları əmələ gəlmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfə müraciət edib, tərəflər arasındakı mübahisənin könüllü qaydada müvafiq kompensasiya verilməklə məhkəmədənkənar həlli üçün razı olduqlarını təklif etmiş, lakin iddiaçı hazırda cavabdehin təklifi ilə razı olmadığını göstərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, araşdırılmalı məsələlərdən biri istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yerin statusu məsələsidir. Bu baxımdan nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin məqsədləri nöqteyi-nəzərindən mənzil hüququnun obyekti yaşayış sahələridir və yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir (Mənzil Məcəlləsinin 12.1 və 12.5-ci maddələri). Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 14.1 və 14.3-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququnun yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarının nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllə qüvvəyə mindiyi gündən yaranır” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hesab edilsin. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. “Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətinin dəlillərinə birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(029)-420/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar