Məhkəmə qərarları › İş №2(105)-181/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-181/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-181/2022 25.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2386/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2386/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2417,79 manat əsas borc, 922,76 manat faiz borcu, 200 manat cərimə, ümumilkdə 3540,55 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nə ödənilməsi, tələbin 2014-cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **-XA-*** dövlət nömrə nişanlı, XWB5V319DFA525900 ban nömrəli, ağ rəngli minik avtomobilinə yönəldilməsi, avtomobilin ilkin satış qiymətinin 25100 manat müəyyən edilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 3540,55 manat pul və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pulun İddiaçıASC-nə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması qət edilmişdir (hakim Əfqan Ələkbərov). Qətnamədən İddiaçı ASC tərəfindən apelyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2386/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsinin avtomobilin 25100 manat ilkin satış qiymətinə dair hissədə ləğv edilməsi və həmin hissədə yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 26 yanvar 2015-ci il tarixli 17-A-1-0-78-15 saylı kredit müqaviləsindən irəli gələn 2417,79 manat əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 26.01.2020-ci il tarixə 922,76 manat faiz borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 978,16 manat cərimə borcunun, cəmi 4318,71 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması, cavabdehə məxsus “Daewoo Gentra” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi, açıq hərracda satılması və borcun həmin satışdan əldə edilən vəsaitin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iş materiallarında olan ipoteka müqaviləsi 26 yanvar 2015-ci il tarixdə bağlanmış və həmin müqaviləyə əsasən ipoteka predmeti olan avtomobil 25100 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, 2015-ci il tarixdə avtomobil qiymətləndirilən zaman yeni və istifadə olunmamış olmuşdur. Avtomobil 6 il müddətində istismar olunmaqla aşınmaya məruz qaldığından real qiyməti xeyli aşağı düşmüşdür. Ona görə məhkəmə tərəfindən avtomobilin ilkin satış qiymətini 25100 manat məbləğində qiymətləndirilməsi real bazar qiymətini əks etdirmir. Məhkəmə qətnaməsi qəbul olunarkən əsassız olaraq avtomobilin ilkin satış qiymətini müəyyənləşdirmişdir. Bununla bağlı məhkəmə qətnamədə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 39.3.3-cü bəndinə əsaslanmışdır. Lakin tərəflər arasında avtomobilin ilkin satış qiyməti ilə bağlı heç bir razılıq olmamışdır. Hesab edir ki, qətnamə həmin hissədə ləğv olunaraq yeni qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2386/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsinin avtomobilin 25100 manat ilkin satış qiymətinə dair hissədə ləğv edilməsini və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq nümayəndə sonuncu məhkəmə iclasında göstərdi ki, tərəflər arasında avtomobilin ilkin satış qiyməti ilə bağlı heç bir razılıq olmamışdır. Bundan başqa hazırki ekspertiza rəyi üzrə gəlinmiş nəticə ilə də razı deyil. Fikrincə qətnamədə maşının dəyər məsələsi açıq saxlanılmalıdır. İcra mərhələsində icraçının sifarişi əsasında maşını real olaraq təqdim etməklə rəy almaq və qiymət müəyyənləşdirmək çətin proses deyil. Hesab edir ki, qətnamə həmin hissədə ləğv olunaraq yeni qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2386/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsinin avtomobilin 25100 manat ilkin satış qiymətinə dair hissədə ləğv edilməsini və həmin hissədə yeni qətnamə qəbul edilməsini, qətnamədə qiymətə dair məsələnin açıq saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında apellyasiya şikayətini qəbul etməyərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2386/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilat apellyasiya şikayətində ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin 25100 manat həddində müəyyən edilməsi hissəsində mübahisələndirmişdir. Bu səbədən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin, cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı təşkilatın apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə 2014-cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **-XA-*** dövlət nömrə nişanlı, XWB5V319DFA525900 ban nömrəli, ağ rəngli minik avtomobilin ilkin satış qiymətinin 25100 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli, avtomobilin 10500 manat müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan «Nikoil» İKB-nin (İddiaçı ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 26.01.2015-ci il tarixli kredit müqaviləsinsən görünür ki, borcluya 60 ay müddətinə, 17%-lə 12550 manat kredit verilmişdir. İş materiallarında olan 26.01.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, cavabdehin xüsusi mülkiyyətində olan 2014-cü il buraxılışlı, Daewoo Gentra” markalı, **- XA-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA525900 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh kredit öhdəliklərinin təminatı olaraq İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 26.01.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, 2014-cü il buraxılışlı, Daewoo Gentra” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA525900 ban nömrəli, ağ rəngli avtomobilin bazar dəyəri 25100 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh adına 26.01.2015-ci ildə «Daewoo Gentra» markalı, **- XA-*** dövlət nömrə nişanlı avtomobil qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınar Əmlakın Dövlət Reyestr Xidmətinin AN seriyalı 129457 saylı çıxarışına əsasən həmin avtomobil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 09.03.2021-ci il tarixli, 03-080 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 26 yanvar 2021-ci il tarixinə İddiaçı ASC-yə 26 yanvar 2015-ci il tarixli 17A-1-0-78-15 saylı kredit müqaviləsi üzrə 2417,79 manat əsas borc, 922,76 manat faiz borcu, 978,16 manat cərimə borcu olmaqla, cəmi 4318,71 manat borcu vardır. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, "xxxx" İKB ASC-nin hazırki adı İddiaçı ASC-dir. Birinci instansiya məhkəməsi də qeyd edilən iş materiallarına istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətini müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətini tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə istinad edərək 21500 manat həddində müəyyən etmişdir. Qeyd edilən hal iddiaçı təşkilat tərəfindən mübahisələndirilmişdir. Belə ki, tərəflər arasında müqavilə 26.01.2015-ci il tarixdə bağlanmış, həmin tarixdən 2021-ci ilədək avtomobil cavabdeh tərəfindən istismar olunmuşdur. Avtomobilin istismar edilməsi nəzərə alınarsa, onun dəyərində dəyişiklik olması təbii haldır. Bu səbəbdən də avtomobilin hazırda dəyərinin ipoteka müqaviləsi bağlanarkən müəyyən edilmiş həddə, yəni 21500 manat olması ağlabatan deyildir. Buna görə də gələcəkdə bununla bağlı yarana biləcək şübhələrin qarşısını almaq üçün ipoteka predmeti olan avtomobilin hazırki gündə ilkin satış qiymətinin müəyyən edilməsi zəruridir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən də, iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilərək avtomobilin ilkin satış qiyməti müəyyən edilməlidir. Qeyd edilən halın aydınlaşdırılması üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2021-ci il tarixli, 9/7307 saylı ekspert rəyindən görünür ki, 2014-cü il buraxılışlı, Daewoo Gentra” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə istifadəyə yararlı halda orta bazar qiyməti 10500 (on min beş yüz) manat müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamə qeyd edilən hissədə dəyişdirilməli, ipoteka predmeti olan avtomobilin ilkin satış qiyməti 10500 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin ekspert rəyinə etiraz edərək təkrar ekspertiza təyin edilməsi dəlilinə qiymət verərək qeyd edir ki, nümayəndə təkar ekspertizanın keçirilməsini əsaslandıra bilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 21500 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli və ipoteka predmeti olan əmlakın ilkin satış dəyəri ekspert rəyinə uyğun olaraq 10500 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə, 2014-cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **-XA-*** dövlət nömrə nişanlı, XWB5V319DFA525900 ban nömrəli, ağ rəngli minik avtomobilin ilkin satış qiymətinin 25100 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli, avtomobilin 10500 manat müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının apellyasiya şikayəti qismən təmin olunsun. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2386/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, 2014-cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **-XA-*** dövlət nömrə nişanlı, XWB5V319DFA525900 ban nömrəli, ağ rəngli minik avtomobilin ilkin satış qiymətinin 25100 manat müəyyən edilməsi hissəsində dəyişdirilsin. 2014-cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **-XA-*** dövlət nömrə nişanlı, XWB5V319DFA525900 ban nömrəli, ağ rəngli minik avtomobilin ilkin satış qiyməti 10500 (on min beş yüz) manat müəyyən edilsin. Qətnamə qalan hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manatın 50 (əlli) manatı İddiaçı ASC-dən, 50 (əlli) manatı Cavabdeh lınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar