Məhkəmə qərarları › İş №2(105)-181/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-181/2025

18.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-181/2025 18.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X5 qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı qızıl-zinət əşyaları tələbinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4433/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdeh X5 qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 qızıl üzük 1,35 qram, qızıl boyunbağı 2,75 qram, qızıl klon 0,98 qram, qızıl boyunbağı 2,45 qram, qızıl boyunbağı 3,75 qram, qızıl sırğa 2,28 qram, qızıl gözmuncuğu olan boyunbağı 2,98 qram, gümüş sırğa və gümüş boyunbağının alınaraq ona qaytarılması və 50 manat mediasiya təşkilatına ödənilmiş pul, 50 manat dövlət rüsumu, ümumilikdə 100 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X6 ilə nikahları pozulmamışdan əvvəl birgə yaşadıqları evdə qızıl-zinət əşyalarından nikah vaxtı əldə etdikləri və ona hədiyyə olunmuş qızıl üzük 1,35 qram, qızıl boyunbağı 2,75 qram, qızıl klon 0,98 qram, qızıl boyunbağı 2,45 qram, qızıl boyunbağı 3,75 qram, qızıl sırğa 2,28 qram, qızıl gözmuncuğu olan boyunbağı 2,98 qram, gümüş sırğa və gümüş boyunbağı qalmışdır. İddiaçı yaşadığı evi tərk edəndən sonra Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlə olan nikahları pozulmuşdur. Cavabdehdə olan iddiaçının cehiz əşyalarını atası və digər qohumları onun ünvanına gedərək geri götürmüşlər. Lakin cavabdeh qızıl-zinət əşyalarını verməkdən imtina etmiş və tələb etsə də, cavabdeh bugünədək qaytarmamışdır. Bu səbəbdən də cavabdehdə olan qızıl-zinət əşyalarından qızıl üzük 1,35 qram, qızıl boyunbağı 2,75 qram, qızıl klon 0,98 qram, qızıl boyunbağı 2,45 qram, qızıl boyunbağı 3,75 qram, qızıl sırğa 2,28 qram, qızıl gözmuncuğu olan boyunbağı 2,98 qram, gümüş sırğa və gümüş boyunbağı alınaraq iddiaçıya verilməlidir. Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatının 10 avqust 2023-cü il tarixli arayışından görünür ki, cavabdeh mediasiya təşkilatına gəlməkdən imtina etmişdir. Göstərilənlərə əsasən cavabdeh X2 qızıl üzük 1,35 qram, qızıl boyunbağı 2,75 qram, qızıl klon 0,98 qram, qızıl boyunbağı 2,45 qram, qızıl boyunbağı 3,75 qram, qızıl sırğa 2,28 qram, qızıl gözmuncuğu olan boyunbağı 2,98 qram, gümüş sırğa və gümüş boyunbağının alınaraq ona qaytarılması və 50 manat mediasiya təşkilatına ödənilmiş pul, 50 manat dövlət rüsumu, ümumilikdə 100 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

3. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdeh X2 qızıl-zinət əşyalarından komplekt dəst olan qızıl boyunbağı, qızıl sırğa, qızıl üzük, qızıl boyunbağı və əlavə 4 qram qızıl qolbağının alınaraq İddiaçı qaytarılması, 50 manat mediasiya təşkilatına ödənilmiş pul, 50 manat dövlət rüsumu, ümumilikdə 100 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X6 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə qohumdurlar. 2020-ci ilin yanvar ayında ailə həyatı qurmuşlar. Onlar 2 (iki) il ər-arvad kimi birgə təsərrüfat aparmaqla yaxşı yaşamışlar. O, iddiaçını 2022-ci ilin yanvar ayında atasına məxsus evə qonaq kimi aparmışdır. İddiaçını döyüb atası evində aparmamış, qonaq gedib bir müddət qalmaq məqsədi ilə aparmışdır. Lakin iddiaçı atası evinə getdikdən bir həftə sonra ona zəng edərək boşanacağını bildirmişdir. Atası da ona qızını boşatdıracağını, geri qaytarmayacağını bildirmişdir. Bundan sonra isə o, nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuşdur. İddia tələbində qeyd edilən qızıl-zinət əşyaları onun tərəfindən 2020-ci il tarixdə iddiaçıya toy hədiyyəsi olaraq verildiyini qəbul edir. Lakin həmin qızıl-zinət əşyaları onda deyil, iddiaçının özündədir. Belə ki, iddiaçı ilə aralarında mübahisə başlanandan sonra evdə baxanda qızıl-zinət əşyalarını görməmişdir. Verilmiş suallara cavabında qeyd etmişdir ki, onlar tərəfdən ailə münasibətləri ilə bağlı hər hansı bir mübahisə və problem olmamışdır. Lakin qarşı tərəfdən onun ailə həyatı ilə bağlı söz-söhbətlər və narazılıqlar mövcud olmuşdur. Daha doğrusu iddaçı ilə birgə nikahlarından uşaq dünyaya gəldikdən sonra qarşı tərəf narazılıqlar və problemlər yaratmağa başlamışdır. Qarşı tərəfin bu mövqeyi də ailənin dağılmasına gətirib çıxarmışdır. Həmçinin qarşı tərəf ayrı evdə yaşamaq istəmişdir. Lakin bu mümkün olmamışdır. Onun ailəsinə məxsus ikinci ev mövcuddur. Atası gözdən əlildir və dövlət tərəfindən həmin ev atasına əlilliyinə görə verilmişdir. Həmin evdə isə qardaşı qalır. İddiaçı ondan boşanmaq məqsədilə evdən getdiyindən qeyd edilən qızıl-zinət əşyalarını da özü ilə aparmışdır. Onun yaşadığı ev 2 otaqlı bina evidir. Onun yaşadığı evdən heç kəs qeyd edilən qızıl əşyalarını götürə və ya oğurlaya bilməz. Qızıl-zinət əşyaları evdə deyilsə, iddiaçı özü ilə evdən gedəndə aparmışdır. Çünki qızıl-zinət əşyalarının qoyulduğu mücrüdə evdə yoxdur. İddiaçı qızıl-zinət əşyalarını qoyulduğu mücrü ilə birlikdə evdən aparmışdır. Qızıl-zinət əşyalarının qoyulduğu mücrünü də birgə yaşadıqları dövrdə iddiaçı sifarişlə almışdır. Həmçinin iddiaçı hara gedibsə qızıl-zinət əşyalarını da özü ilə aparmışdır. Hətta iddiaçı ona məxsus nişan üzüyünü də özü ilə evdən aparmışdır. Sözügedən qızıl-zinət əşyalarının hansı ölkənin istehsalı olduğunu bilmir. Nikahın pozulması barədə iddia tələbinə məhkəmədə baxılarkən iddiaçı özünə məxsus cehiz əşyalarını gəlib onların evindən aparmışdır.

5. Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, e-2(012)-4433/2023 saylı qətnaməsi ilə (hakim Elçin Kazımov) İddiaçı cavabdeh X5 qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sübutetmə yükü üzərinə düşən iddiaçı tərəf iddia tələbində qeyd edilən qızıl-zinət əşyalarının cavabdehdə olmasını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillər və dvd disk iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarının hazırda cavabdehdə olmasını təsdiq etmədiyindən sübut kimi qəbul edilə bilməz. Həmçinin işin mübahisəsiz halından görünür ki, iddiaçı evdən qovulmamış, cavabdeh tərəfindən atasına məxsus evə qonaq aparılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152, 157, 225-ci, Mülki Prosessual Məcəllənin, 14.2, 77.1, 80, 106.1, 217.3, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin məhkəmə iclaslarında məhkəməyə elektron kabinet vasitəsi ilə tərəflərin toy mərasimində iddiaçının üzərində olan qızıl-zinət əşyalarının və fotoları təqdim edilmişdir. Həmin fotolardan görünür ki, iddiaçıya toy mərasimində hədiyyə olunmuş qızıl-zinət əşyaları onun üzərindədir. İddiaçı ünvan 1 ünvanına gəlin köçmüş və orada yaşamışdır. Həmin mənzilə iddiaçıya məxsus cehiz əşyaları və qızıl-zinət əşyaları vardır ki, həmin qızıl-zinət əşyalarından istifadə etmişdir. Abşeron Rayon Məhkəməsində tərəflərin nikahın pozulmasına dair mülki işə baxılarkən cavabdeh iddiaçıya məlumat vermədən və onun razılığı almadan Sumqayıt şəhərində yerləşən mənzilinə iddiaçıya məxsus cehiz əşyalarını və qızıl-zinət əşyalarını aparmışdır. Həmin cehiz əşyalarını bir qismi Sumqayıt şəhərində yerləşən mənzilin giriş blokuna atılmış halda cavabdehə qaytarılmışdır. Lakin, qızıl-zinət əşyaları cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak cavabdeh X6 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

14. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti (...) 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

15. Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

17. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

18. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

19. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

22. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdeh) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər.

26. Hazırkı işdə isə bu şərtlərin mövcudluğu təsdiq olunmur. İddiaçı iddia ərizəsində göstərdiyi əşyaların cavabdehin qanunsuz sahibliyində olmasını təsdiq edən heç bir mötəbər sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

27. Mübahisələndirilən qızıl-ziynət əşyalarının mövcudluğu, onların iddiaçıya hədiyyə olunması və əvvəllər iddiaçının istifadəsində olması, dəyərinin 3000 manat olması işin mübahisəsiz halını təşkil edir. Lakin, tələb edilən qızıl-ziynət əşyalarının cavabdehin qanunsuz sahibliyində olması iş materialları ilə təsdiq olunmur.

28. Həm apellyasiya icraatı zamanı, həm də birinci instansiya məhkəməsində işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı yaşadığı evdən məcburi şəkildə çıxarılmamış, cavabdehlə birlikdə atasına məxsus Naxçıvan şəhərində yerləşən evə qonaq getmişlər.

29. İddiaçı tərəfin təqdim etdiyi fotoşəkillər və dvd diskdən isə mübahisələndirilən qızıl-zinət əşyalarının cavabdehdə olması, cavabdeh tərəfindən qaytarılmaması kimi hal müəyyən edilməmişdir.

30. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282).

31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən əsaslı şübhə yaratmayan mötəbər sübut təqdim etmədiyindən, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

32. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, e-2(012)-4433/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar