Məhkəmə qərarları › İş №2(105)-1811/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1811/2021

17.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1811/2021 17.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində sahiblik hüquqlarının bərpa edilməsi tələbinə dair iş üzrə Qusar Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərardadı ilə (hakim A.Y.Vəliyev) İddiaçı Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində sahiblik hüquqularının bərpa edilməsinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunması və ərizənin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması, İddiaçı çıxarışın ləğv edilməsi ilə bağlı çıxarışı vermiş müvafiq inzibati orqana müraciət etməli olduğunun izah edilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində sahiblik hüquqularının bərpa edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İddia ərizəsində qeyd etmişdir ki, 2019-cu ilin yanvar ayında torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsi üçün, müvafiq sənədləri təqdim edərək, cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ərizəsi təmin edilməmişdir. O, inzibati aktı mübahisələndirməmişdir. Məhkəmə Qərardadında göstərildiyi kimi, iddianın əsas predmeti Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi tələbidir. Sahibliyində olan torpaq sahəsi üzərində hüquqlarının bərpa edilməsi üçün Cavabdeh1 adına verilmiş çıxarışın məhkəmə qaydasında ləğv edilməsi kifayətdir. Qusar Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(029)-342/2021 saylı qərardadını ləğv edib, iddia üzrə olan mülki işə mahiyyəti üzrə baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddianın əsas predmetini cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi təşkil edir. Həmin tələbə baxılması isə ümumi məhkəmələrin səlahiyyətinə aid deyildir, həmin tələblə bağlı əvvəlcə çıxarışı vermiş orqana müraciət olunmalı, müsbət cavab alınmadıqda isə müvafiq inzibati məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, işə məhkəmə qaydasında baxılmalı olmadığından hesab edirəm ki, hazırkı iddianın yol verilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.l, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin iş üzrə 19 mart 2021-ci il tarixli 2(029)-342/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar