Məhkəmə qərarları › İş №2(105)-182/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-182/2023

06.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-182/2023 06.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı qeyri-qanuni tikilmiş tikililərin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi Cavabdeh7, Cavabdeh4 nümayəndəsi və vəkili X4 iştirakı ilə (sonuncu iclasa gəlməmişdirlər), Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-75/2020 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş torpaq sahəsinin pllan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən reyestr nömrəsi **********43 olan 0,5901 ha torpaq sahəsinin hüquqi sahibi İddiaçıdur.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən reyestr nömrəsi **********43 olan 0,5901 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 821 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən reyestr nömrəsi **********84 olan 0,03 ha torpaq sahəsi Cavabdeh6 adına daşınmaz əmlakın dövlət reyestrində 226 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən reyestr nömrəsi **********39 olan 0,0282 ha torpaq sahəsi Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrində 362 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən reyestr nömrəsi **********43 olan 0,02 ha torpaq sahəsi Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrində 349 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadasrtı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu tarixli arayışdan isə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,5901 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Dövlət Reyestrindən çıxarış, plan və ölçü təqdim olunmuşdur. Vətəndaşlara ləğv edilmiş DTXK-si tərəfindən Dövlət Aktları əsasında ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışlar verilmişdir. Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən ərazidə vətəndaşların bir qismində ləğv edilmiş DTXK-si tərəfindən verilmiş köhnə koordinat sistemində olan Dövlət Aktları (pay torpaqları), digər qismində isə WGS-84 koordinat sistemində olan ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışlar mövcuddur. Dövlət Aktları əsasında verilmiş ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin plan və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Bundan əlavə olaraq vətəndaşlar Torpaq qanunverciliyinə zidd olaraq kənd təsərrüfatlı təyinatlı torpaqlara evlət tikərək torpaqların hüquqi rejimini qeyri-qanuni dəyişmişlər. Pay torpaöı kimi verilmiş torpaq sahələrində tikilmiş evlər torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. X9, Cavabdeh2, Cavabdeh3, Əliyeva (Novruzova) Məsmə Əhməd qızı, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 tərəfindən aparılmış tikililərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən Kamandarov Əlimərdan oğlunun mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,5901 ha torpaq sahəsində tikilitikilməməsini araşdırmaq mümkün olmamışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan isə müəyyən edilir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan xx.xx.2015-ci il tarixli, **********43 reyestr nömrəli 0,5901 ha torpaq sahəsinin sənəd üzrə koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsi ilə ölçülərək döngə nöqtələri təyin olunmuşdur. Torpaq sahəsinin plan-ölçüsündəki koordinatlarına əsasən sənəd üzrə üstüstə düşmə halı yoxdur. Torpaq sahəsinin 0,01 ha, 0,01 ha və 0,065 ha hissəsi qərb tərəfdən, 0,012 ha hissəsi cənub qərb tərəfdən, 0,059 ha və 0,035 ha hissəsi isə cənub tərəfdən başqa şəxslər tərəfindən istifadə olunur.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3051 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xİdməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron ərazi İdarəsinin xx.xx.2023cü il tarixli 3-21-3-32/2-3999/2023 nömrəli mütəxəssis rəyinə əsasən Dövlət Aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, **********43 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.5901 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, xx.xx.2015-ci il tarixli **********56 reyestr nömrəli çıxarışa əsasən X7 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.09 ha kənd təsərrfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadast məlumat bazasına daxil edildikdən sonra mümkün olacaqdır. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli 10/3051 nömrəli ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən reyestr nömrəsi ********** olan 0,09 ha torpaq sahəsi X2 daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-cü il tarixdə qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər X6 və qeyrilərinə qarşı qeyri-qanuni tikilmiş tikililərin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində Abşeron rayonu Mehdiabad qəsəbəsində 0,5901 ha torpaq sahəsindən X9, Cavabdeh2, Cavabdeh3, Əliyeva (Novruzova) Məsmə Əhməd qızı, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ailə üzvləri ilə birlikdə çıxarılmaları, torpaq sahəsində tikilmiş tikililərin (fərdi yaşayış evi, hasar və s.) onların hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq onun sahibliyinə verilmə və mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı Abşeron rayonu Mehdiabad qəsəbəsində 0,5901 ha torpaq sahəsinin mülkiyyətçisidir. Həmin torpaq sahəsi X9, Cavabdeh2, Cavabdeh3, Əliyeva (Novruzova) Məsmə Əhməd qızı, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 tərəfindən qanunsuz olaraq zəbt edilmiş və orada fərdi yaşayış evi, hasar və s. tikililər tikilmişdir. X9, Cavabdeh2, Cavabdeh3, Əliyeva (Novruzova) Məsmə Əhməd qızı, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 tərəfindən İddiaçı məxsus torpaq sahəsini zəbt etməsi nəticəsində sonuncu mülkiyyət hüquqlarını həyata keçirə bilmir.

12. Abşeron Rayon Məhkəməsinin 18 avqust 2014-cü il tarixli, 2(012)-1427/2014 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Novxanı kənd ərazisində yerləşən 0,5901 ha torpaq sahəsinin 0,01 ha, 0,01 ha və 0,065 ha hissəsi qərb tərəfdən, 0,012 ha hissəsi cənub qərb tərəfdən, 0,059 ha və 0,035 ha hissəsi isə cənub tərəfindən X9, Cavabdeh2, Əliyeva (Novruzova) Məsmə Əhməd qızı, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 çıxarılmaları, torpaq sahəsində tikilmiş tikililər (fərdi yaşayış evi, hasar və s.) X9, Cavabdeh2, Cavabdeh3, Əliyeva (Novruzova) Məsmə Əhməd qızı, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 hesabına sökülməklə, torpaq sahəsinin boşaldılaraq İddiaçı sahibliyinə verilməsi və mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 08 manat dövlət rüsumunun əvəzinin X9, Cavabdeh2, Əliyeva (Novruzova) Məsmə Əhməd qızı, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva).

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 172.2 və 180.4-cü, Mülki Prosessual Məcəllənin 107, 119.1 və 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək Abşeron rayon məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(012)-75/2020 saylı qətnaməsinin ona aid hissəsində ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Şikayətin dəlilləri:

15. İddiaçı Əlmərdan oğlu məhkəmədə iddia qaldırıb bildirmişdir ki, xx.xx.2015-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş plana əsasən ona məxsus torpaq sahəsinin hissələri adları sadalanan yeddi nəfər cavabdeh tərəfindən zəbt olunmuşdur. Məhkəmə heç bir araşdırma aparmadan cavabdeh Əliyeva (Novruzova) Məsmə Əhməd qızının iştirakını təmin etmədən qətnaməsinin əsasına yalnız bir sübut, DƏRX Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş arayışı qoyaraq iddianı təmin etmiş və onun üzərinə, torpaq sahəsinin bir hissəsinin iddiaçının xeyrinə boşaldılmasına dair öhdəlik qoymuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası ƏMK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidməti xx.xx.2019-cu il tarixli arayışında bildirilir ki, iddaçıya məxsus torpaq sahəsinin hissələrinin kənar şəxslər tərəfindən tutularaq orada tikinti aparılmasını müəyyən edilməsi mümkün deyildir. Amma iddiaçıdan qabaq cavabdehlərə verilən sahələrin bir neçə dəfə ölçüsünü aparıb mülkiyyət hüquqlarını qeydiyyata alan, DƏRX Abşeron Ərazi İdarəsi 2019-cu ildə GPS cihazı ilə ölçü aparıb müəyyən edir ki, iddiaçının torpaq sahəsi 0,01 ha, 0,01 ha və 0,065 ha hissəsi qərb tərəfdən, 0,012 ha hissəsi cənub tərəfdən, 0,059 ha və 0,035 ha hissəsi cənub tərəfdən başqa şəxslər tərəfindən istifadə olunur. Məhkəmənə arayışda göstərilən qərb, cənub və cənub hissələrinin konkret olaraq hansı cavabdehin torpaq sahəsinə düşdüyünü və bu səbəbdən, cavabdehə məxsus torpaq sahəsinin ölçülərinin böyüyüb-böyüməməsi faktını yoxlayıb müəyyən etmədən, iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Məhkəmə təcrübəsində belə mübahisələrin obyektiv həlli istiqamətində vacib subutların əldə olunması məqsədi ilə yerində baxış keçirilir, məhkəmə ekspertizası təyin edilərək rəsmi rəy alınır. Amma hazırkı iş üzrə məhkəmə bir arayışı kifayyətedici sübut kimi qəbul edib qətnamə çıxartmaqdan çəkinməmişdir. Onun adı cavabdehlər sırasında çəkilsə də, iddiaçının torpaq sahəsi ilə qonşuluğunuu təsdiq edən sənədin mövcudluğu haqqında qətnamədə heç bir məlumat yoxdur. Əgər iddiaçı onun adını cavabdehlər sırasına salıbsa deməli, torpaq boşaltma öhdəliyi üzərinə yüklənə bilinər. Məhkəmə qətnaməsinin nəticə hissəsində qardaşı, Cavabdeh5 üzərinə torpağın boşaldılmasına dair öhdəlik qoyulmuşur. İş orasındadır ki qardaşı Məmmədə məxsus, iddiaçının torpaq sahəsinin yanında, böyründə, qırağında hər hansı bir torpaq sahəsi yoxdur və olmamışdır. İddiaçı bu adı öz başından çəkmiş, birinci instansiya məhkəməsi isə kənar şəxsi qətnaməsinə cavabdeh qisminə salaraq öhdəliklə yükləmişdir. Baxmayaraq ki, bu adamın iddaçının iddia tələbi ilə heç bir bağlılığı, aidiyyəti yoxdur və heç vaxt olmamışdır.

16. Arayışı məhkəmə tərəfindən yeganə subut növü kimi qəbul edilən DƏRX Abşeron Ərazi İdarəsi yerində baxış keçirməklə onun (Əliyeva (Novruzova) Məsmə Əhməd qızının) adında olmuş torpaq sahəsinin ölçülərini düz dörd dəfə yoxlamışdır və dörd dəfə verdiyi rəsmi sənədlərə əsasən torpaq sahəmin ölçülərində dəyişiklik və ya əlavə torpağın qatılması faktı müəyyən olunmamışdır. Bu idarə yoxlamasını birinci dəfə 2004-cü ildə “torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı hazlananda, ikinci dəfə bu torpağı vərəsəlik hüququ ilə Xuduşova (Ələsgərova) Gülnarənin adına qeydiyyata alanda, üçüncü dəfə 2010-cü ildə alqı-satqı müqaviləsi üzrə mülkiyyət hüququnu rəsmiləşdirəndə və nəhayət dördüncü dəfə, 2021-ci ildə bağışlama müqaviləsi əsasında, X2 adına keçən zaman aparmışdır. Göstərilənə baxmayaraq DƏRX Abşeron Ərazi İdarəsi 2019-cu ildə GPS ölçü aparır və birdən müəyyən edir ki, iddiaçının torpaq sahəsi dörd bir yandan başqa şəxslər tərəfdən tutulmuşdur. Bu şəxslərin kimliyi arayışda göstərilməmişdir. Qeyd edir ki, artıq neçə ildir müvafiq dövlət idarə və orqanları tərəfindən, mülkiyyətdə olan torpaq sahələri haqda toplanan (ölçülər aparılmaqla) məlumatların, vahid bir sistem portalında yerləşdirməsinə dair dövlət səviyyəsində işlər aparılır. Bu gün də həmin sistem portalı tamamlanmadığından torpaq mübahisələrinin məhkəmələrdə obyektiv və düzgün həll edilməsi mümkün olmur. Torpaq mübahisələrində məhz bu idarənin rəyi əsas subut kimi qəbul edilir çünkü, torpagın ölçülərini, hansı istiqamətdə yerləşməsini və kimin istifadəsində olması faktını bu idarə müəyyən edir. DƏRX Abşeron Ərazi İdarəsi də torpaq sahəsinin kiminsə adına mülkiyyət hüququ ilə qeydiyyata alanda məhz Kadastr və Ünvan Reyestri Xidmətinin rəyinə əsaslanır. Məhkəmə bu halı nəzərə almayaraq, DƏRX Abşeron Ərazi İdarəsi tərfindən verilmiş bir arayışı qətnamə qəbuletmək üçün kifayyətedici hesab etmişdir. Göründüyü kimi Abşeron rayon Məhkəməsinin sözü gedən qətnaməsi onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən onu əsassız olaraq məhrum etmişdir.

17. Ona məxsus torpaq sahəsinin ölçüləri, 2004-cü ildən bu yana dəyişməmişdir və bu fakt mülkiyyətçilərin dəyişilməsi ilə əlaqədər həmin torpaqda, DƏRX Abşeron Ərazi İdarəsini tərəfindən rəsmi qaydada ölçülər aparılaraq müvafiq qeydiyyat sənədlərin verilməsi ilə təsdiq olunur. Belə olan halda məhkəmənin dəlil kimi göstərdiyi DƏRX Abşeron Ərazi İdarəsinin arayışının ona aid torpaq sahəsi ilə heç bir aidiyyəti və uyğunluğu yoxdur. Belə ki, arayışa istinad olunaraq müəyyən etdilmiş faktdan tərəflərin qarşılıqlı münasibətləri üzrə məhkəmə səhv nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər və üçüncü şəxs X1 məhkəmə iclasına gəlməmişlər.

20. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

21. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

23. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

28. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

Mülki Prosessual Məcəllə

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.

32. Maddə 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər.

33. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

37. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

38. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

42. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

43. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

46. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Əliyeva X10 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-75/2020 nömrəli qətnaməsini yalnız özünə aid hissəsini mübahisələndirmişdir.

47. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayəti vermiş Cavabdeh4 aid hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən Cavabdeh4 aid hissədə ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia tələbi Cavabdeh4 aid hissədə təmin edilməməlidir.

49. Belə ki, iddia tələbində İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa istinad edərək Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,5901 ha torpaq sahəsinin mülkiyyətçisi kimi qarşı qeyri-qanuni tikilmiş tikililərin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması xahiş etmişdir.

50. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,09 ha mübahisəli torpaq sahəsi Cavabdeh4 adından üçüncü şəxs X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata qeydiyyata alınmışdır.

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

53. Həmin Məcəllənin 50.1 və 50.3-cü maddələrinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

54. MPM-in tələblərindən göründüyü kimi, iş üzrə tərəflər yalnız iddiaçı və cavabdehdir. Tələb etmək hüququ olan şəxs iddiaçı, iddiaya cavab vermək vəzifəsi olan şəxs isə cavabdehdir.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə işin bütün faktiki hallarını araşdırmayaraq iddiaya cavab verməli olmayan şəxsə, yəni Cavabdeh4 qarşı iddianın qismən təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.

56. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)- 75/2020 nömrəli qətnaməsi qismən - Cavabdeh4 aid hissədə ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi Cavabdeh4 aid hissədə təmin edilməməlidir.

57. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı tutulmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-75/2020 nömrəli qətnaməsi qismən - Cavabdeh4 aid hissədə ləğv edilsin, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılsın. İddia tələbi Cavabdeh4 aid hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar