Məhkəmə qərarları › İş №2(105)-1820/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1820/2022

10.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1820/2022 10.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərazisində iddiaçıya məxsus olan istifadə etdiyi sahəsi 36 kv.m olan ticarət obyektinin cavabdeh tərəfindən boşaldılaraq əşyaları ilə birlikdə iddiaçıya təhvil verilməsi və həmin obyektdən istifadəsinə maneçiliyin törədilməsinin cavabdehə qadağan olunması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərazisində ona məxsus olan istifadə etdiyi sahəsi 36 kv.m olan ticarət obyektinin cavabdeh tərəfindən boşaldılaraq əşyaları ilə birlikdə ona təhvil verilməsi və həmin obyektdən istifadəsinə maneçiliyin törədilməsinin cavabdehə qadağan olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 08 iyul 2015-ci il tarixdə Sumqayıt Bələdiyyəsinə Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərazisində, istifadə etdiyi 36 kv.m olan ticarət obyektinin yerləşdiyi torpaq sahəsinin adına sənədləşdirilməsi ilə bağlı müraciət edib. xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhər icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsi iddiaçıya 36 kv.metr torpaq sahəsinin ayrılmasına etiraz etmədiyi barədə Sumqayıt Bələdiyyəsinə 157 nömrəli rəy və mövqe planı verib. O, xx.xx.2017-ci il tarixdə sənədləşmə işlərinin aparılması məqsədilə Sumqayıt Bələdiyyəsinin hesabına 120,8 manat pul keçirib. "xxxx" MMC tərəfindən torpaq sahəsində tikiləcək sahibkarlıq obyektinin tikinti layihəsini işləyib hazırlamışdır. Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzi, "xxxx" ASC, “Sumqayıt Sukanal” İdarəsi, Sumqayıt Qaz İstismar Sahəsi, 4 saylı Ekologiya və X3 müvafiq rəyləri alınmışdır. O, torpaq sahəsinin ayrılması barədə sənədləşmə işlərinə 2015-ci ilin iyul ayında başlamasına baxmayaraq, 2015-ci ilin fevral ayında ayrılmış torpaq sahəsində ticarət obyektinin tikintisinə başlayıb və iyun ayının sonunda başa çatdırmışdır. 2015-ci ilin iyul ayından obyekt kafe kimi fəaliyyət göstərmiş və son dövrlərə kimi onun sahiblik və istifadəsində olmuşdur. 2010-cu ilin noyabr ayında torpaq sahəsinin sənədləşməsi vəziyyəti ilə maraqlanarkən bələdiyyədən bildirmişlər ki, DƏDRX-in 2 saylı Ərazi İdarəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətini təstiq edən xəritə olmadıgı üçün ona ayrılması nəzərdə tutulan torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin mülkiyyətinə keçirməkdən imtina etmişdir. Sonradan cavabdeh onun nümayəndəsi olması barədə bələdiyyəni aldadıb obyektin altındakı torpaq sahəsini icarəyə götürmüşdür. Sumqayıt Bələdiyyəsinə müraciət edərkən məlum olmuşdur ki, tikinti altındakı torpaq sahəsi bələdiyyənin mülkiyyətinə keçdikdən sonra hərraca çıxarılmış və kafenin idarə edilməsi üçün onun etibarnamə verdiyi və orada aşpaz və ofisiant işləyən cavabdeh hərracı udmuş və onunla hərrac təşkilatçısı arasında torpaq müsabiqəsinin keçirildiyi xx.xx.2018-ci il tarixində hərracın nəticələri haqqında protokol imzalanaraq hərracın qalibi kimi şəhadətnamə verilmişdir. O, hərracın etibarsız hesab edilməsi və digər tələblərlə bağlı məhkəməyə müraciət etsə də, iddia tələbi yekunda təmin edilməmişdir. Sumqayıt Bələdiyyəsi ərazisində yerləşən 36 kv.metr torpaq sahəsi barədə verilmiş 05 iyul 2015-ci il tarixli rəydə də həmin torpaq sahəsində tikilinin mövcud olması öz əksini tapmışdır. Yəni tikilinin yerləşdiyi torpaq sahəsinə dair cavabdehə 08 nömrəli, xx.xx.2018-ci il tarixli icarə müqaviləsi bağlananadək həmin torpaq sahəsində onun tərəfindən qeyri-yaşayış sahəsiobyekt inşa edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Sumqayıt şəhəri, Koroğlu prospekti, 8-ci mikrorayon ərazisində 36 kv.m sahəsi olan ticarət obyektinin ona məxsus olması işə əlavə edilən sənədlərlə də müəyyən edilir. Həmin obyekt onun və onun xalası oğlu Namiq adlı şəxs tərəfindən tikilib. Obyekti o işlədib. Bundan sonra o, həmin obyektdə işləyən cavabdehə etibarnamə vermiş, sonuncu da həmin etibarnamədən istifadə edərək onun xəbəri olmadan icarə üçün Sumqayıt Bələdiyyəsinə müraciət edib. Torpaq hərraca çıxarılan zaman yüklü olduğu halda qanunsuz şəkildə cavabdehə verilib. Obyekt onun adınadır və bütün xərcləri o çəkib. Obyekt 2015-ci ildə tikilib və kafe kimi fəaliyyətə başlamışdır. Cavabdeh həmin obyektdə ofisiant və qabyuyan işləmişdir. Hazırda həmin obyekt bağlıdır. Həmin obyekt özbaşına tikili olub. Birinci instansiya məhkəməsi tərəfindən iddiaya baxılarkən prosessual qaydaları riayət edilmədiyi üçün onun Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1 hissəsi ilə təsbit edilən hüququ pozulmuşdur. Belə ki, sözügedən obyektə dair cavabdehin heç bir subyektiv hüququ olmadıgı halda, birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq iddianı təmin etməmişdir. İstifadə hüquqi ilə iddiaçıya məxsus əmlakdan istifadə edə bilməməsi, ona məxsus əmlak üzərində onun hüququnun pozulduğu müəyyən edildiyi halda, işə baxan birinci instansiya iddiaçının cavabdehə qarşı iddiasını təmin etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(060)- 142/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərək, mübahisə olunan qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus olması barədə heç bir sənədin olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən edilir ki, iş üzrə iddiaçı və X5 hazırkı iş üzrə cavabdehə, Sumqayıt Bələdiyyəsinə, DƏDRX-in 2 saylı Ərazi İdarəsinə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan Sumqayıt şəhəri, Koroğlu prospektində 8ci mikrorayon ərzisində 36 kv.m torpaq sahəsinin icarəyə verilməsi məqsədilə keçirilmiş torpaq müsabiqəsinin qalibi elan edilməsi barədə Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasının 76/2 saylı, xx.xx.2018-ci il tarixli iclas protokolunun, xx.xx.2018-ci il tarixli, AM seriyalı, 004370 nömrəli şəhadətnamənin və cavabdehlə Sumqayıt Bələdiyyəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1648/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3089/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1108/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Sumqayıt şəhər İcra hakimiyyəti memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli rəyində Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərzisində 36 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ayrılmasına etiraz edilmədiyi qeyd edilmişdir. Sumqayıt Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərzisində 36 kv.m torpaq sahəsinin icarəyə verilməsi üçün bələdiyyə mülkiyyət hüququnun qeydiyyatı proseduruna başlanması qərara alınmışdır. İş materiallarına Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərzisində 36 kv.m torpaq sahəsi ilə bağlı müxtəlif qurumların rəyləri və sahibkarlıq obyektinin tikinti layihəsi əlavə edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərzisində 36 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə dair kommunal xidmətlərə görə bağlanmış müqavilələr əlavə edilmişdir. Həmin müqavilələrdə abonent kimi cavabdehin adı qeyd edilmişdir. Torpaq sahəsinin planı və ölçüsünə əsasən Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərzisində 36 kv.m torpaq sahəsi üzərində cavabdehin icarə hüququ dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra-Mülki Məcəllə) göstərilmişdir ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (700.1.). İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (700.2.). İcarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir (701.1.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə (bundan sonra - Torpaq Məcəlləsi) əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir (51.1.). İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir (51.2). İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlarüzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər (51.3). Məhkəmə kollegiyası iddiaçının iş üzrə onun mübahisəli torpağa istifadə hüququ yaranmasını və bununla da birinci instansiya məhkəməsi tərəfindən onun Konstitusion hüquqlarının pozulması barədə gətirdiyi dəlilə qiymət verərək, hesab edir ki, həmin dəlil qəbul edilməzdir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac vasitəsilə Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərzisində 36 kv.m torpaq sahəsi üzərində icarə hüququ əldə etmişdir. İddiaçı həmin torpaq sahəsinin cavabdehin icarəsinə verilməsinə dair hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddia tələbi təmin edilməmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsində yerləşən tikilinin ona məxsus olduğunu bildirir və cavabdehin oradan çıxarılmasını tələb edir. Mülki Məcəllədə göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Hazırkı iddia tələbinin təmin edilməsi üçün mübahisəli qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquququnun olması və ya həmin tikilinin iddiaçının hər hansı qanuni əsaslarla istifadəsində olması sübut edilməlidir. İşdən göründüyü kimi iddiaçının həmin tikili üzərində mülkiyyət və ya digər qanuni istifadə hüququ mövcud deyildir. İddiaçı yalnız həmin tikilinin onun tərəfindən inşa edildiyinə əsaslanmışdır. Bununla bağlı iddiaçı məhkəməyə 2 şahid təqdim etmişdir ki, həmin şahidlər öz ifadələrində tikilinin inşasında iştirak etdiklərini və Namiq adlı şəxsin təmir-tikinti işlərinə rəhbərlik etdiyini bildirmişlər. Hətta iddiaçının həqiqətən həmin tikilini inşa etdirdiyi sübut edilərsə belə, bu hazırkı iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə olan halda iddiaçı yalnız tikilinin inşasına sərf edilmiş vəsaiti cavabdehdən tələb edə bilərdi. İddia ərizəsinə əlavə edilmiş müxtəlif qurumların həmin torpaq sahəsi və tikili ilə bağlı verdikləri rəy və müsbət cavab məktublarına gəldikdə isə qeyd edilməlidir ki, həmin sənədlər qeyriyaşayış sahəsi və ya torpaq sahəsi üzərində hər hansı qanuni istifadə hüququnu müəyyən etmir. Azərbaysan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Həmin Məsəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 10 iyun 2022-ci il tarixli 2(060)-142/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar