Məhkəmə qərarları › İş №2(105)-1821/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1821/2022

04.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1821/2022 04.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiyaa Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, onun nümayəndələri və vəkilləri Nümayəndə və X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və digər tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-170/2021 nömrəli, 17 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiyaa şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Xaçmaz Rayon Məhkəməsinin 2(067)-170/2021 nömrəli, 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) iddia təmin edilərək, İddiaçı istifadəsinə verilmiş olan ünvan 1 ünvanında yerləşən mənzilin qarşısındakı dövlət torpaq fonduna aid olan 0.006 ha torpaq sahəsindən Cavabdeh istifadəsinə son qoyulması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində ölçüləri 0.8mx5.80m və 1.0mx10.0m olan mişar daşından inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi, mütəxəssis rəyinin dəyəri olan 311 manat məbləğində pulun Cavabdeh alınaraq Kapitalbank ASC Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT: AİİBAZ2X, Mühbir hesab AZ37NABZ013501**********1944, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi VOEN **********, AZ23AİİB******************** nömrəli hesaba keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-170/2021 nömrəli, 17 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2021-ci il tarixli, 2(105)-3622/2021 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-170/2021 nömrəli, 17 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin 2(102)- 2222/2022 nömrəli, 23 may 2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3622/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən onun torpaq sahəsindən istifadəsi ilə yaranan mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulması, torpaq sahəsinin boşaldılması, cavabdeh tərəfindən torpaq sahəsində aparılan tikinti işlərinin dayandırılması və torpaq sahəsinin tam şəkildə boşaldılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu İHB-nın xx.xx.2006-cı il tarixli sərəncamına əsasən Xudat şəhəri H.Əliyev küçəsi ev 29B mənzil 7-də yaşadığı mənzilin qarşısında uzun müddət çəpərə alıb istifadə etdiyi 0,006 ha torpaq sahəsi istifadəsinə verilmiş və tikinti işlərinin aparılmasına ona icazə verilmişdir. Cavabdeh ona məxsus və istifadəsində olan torpaq sahəsindən istifadəsinə imkan vermir, mülkiyyətinə qəsd edir. Cavabdeh onun yerində tikinti işləri aparmağa başlamış, ev tikmək üçün fundament atmış, mişar daşları, qum, sement boşaltmışdır. Xaçmaz Rayon Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qətnamələrinə əsasən cavabdehin ona qarşı qaldırdığı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması barədə ərizələri təmin edilməmiş və onun bu torpaq sahəsi üzərində heç bir hüququnun olmadığı öz təsdiqini tapmışdır. Lakin cavabdeh yenə də öz hərəkətlərindən əl çəkmir, torpaq sahəsindən istifadəsinə qəsdən maneçilik törədir. İddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək onun istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən mənzilin qarşısındakı dövlət torpaq fonduna aid olan 0.006 ha torpaq sahəsindən Cavabdeh istifadəsinə son qoyulması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində ölçüləri 0.8mx5.80m və 1.0mx10.0m olan mişar daşından inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi 30 ildən çoxdur ki, onun faktiki istifadəsində və sahibliyindədir. Həmin torpaq sahəsi yaşadığı evin qarşısında yerləşir. İddiaçı iddia tələbini Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının 05 sentyabr 2006-cı il tarixli, 302/1 sərəncamına əsaslandırıb və məhkəmə də həmin sərəncamın əsasında qətnamə qəbul etmişdir. 30 il onun istifadəsində olan torpaq sahəsi necə ola bilərki 05 sentyabr 2006-cı il tarixdə iddiaçıya verilsin. Ümumiyyətlə, məhkəmə mübahisəli torpaq sahəsinin kimin balansında olduğunu müəyyən etməyib. Qanunun tələbinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə qanunun sadalalan normalarını nəzərə almamış və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsi düzgün əsaslandırılmamış, mübahisə üzrə maddi və prosessual normalar düzgün tətbiq edilməmişdir. Məhkəmə işin faktiki hallarına uyğun gəlməyən nəticəyə gəldiyindən qətnamə ləğv olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə etdi, əlavə olaraq bildirdi ki, mübahisələndirilən torpaq sahəsinin Cavabdeh ayrılması barədə Xaçmaz Rayon İcra Hakimiyyətinin sərəncamının tarixi, iddiaçının adına olan sərəncamdan daha əvvəlki tarixlidir. Belə olan halda cavabdehin iddiaçıya məxsus hər hansı torpaq sahəsini zəbt etməsi faktı inandırıcı hesab edilə bilməz. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı, onun nümayəndələri və vəkilləri Nümayəndə və X3 şikayətin dəlillərini qəbul etmədiklərini bildirdilər. İddia tələbinin əsaslı olması və birinci instansiya məhkəməsinin iş üzrə qanuni və əsaslı qətnamə çıxarmasını qeyd edərək, apellyasiya şikayətinin rədd edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Xaçmaz Rayon İcra Hakimiyyəti və Xaçmaz Bələdiyyəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə adları göstərilən hüquqi şəxslərin (onların nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 302/1 saylı sərəncamından çıxarışdan görünür ki, Xudat şəhəri, H.Əliyev küçəsi ev 29B, mənzil 7-də yaşayan İddiaçı yaşadığı mənzilin qarşısında uzun müddət çəpərə alıb istifadə etdiyi dövlət torpaq fonduna aid 0.006 ha torpaq sahəsi onun daimi istifadəsinə verilmiş və orada tikinti işlərinin aparılmasına icazə verilmişdir. İşə əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-492/2019 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddiası təmin olunmamışdır. Mülki iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1483 nömrəli ekspert rəyindən müəyyən olunur ki, tədqiqat obyektinə baxış zamanı əldə olunan məlumatlara əsasən tərəflərin naturada təqdim etdiyi torpaq sahəsinin faktiki olaraq Cavabdeh istifadəsindədir və həmin torpaq sahəsində ölçüləri 0.8mx5.80m və 1.0mx10.0m olan mişar daşından hasar inşa edilmişdir. Yenə işdə olan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 414/12 saylı sərəncamından çıxarışdan görünür ki, Xudat şəhəri, H.Əliyev küçəsi ev 29B, ünvanında yaşayan Cavabdeh yaşadığı evlə üzbəüz uzun müddət istifadə etdiyi 1.2 sot torpaq sahəsi onun daimi istifadəsinə verilmiş və orada tikinti işlərinin aparılmasına icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon İcra Hakimiyyətinin 12 sentyabr 2022-ci il tarixli, 1732 nömrəli məktubunda qeyd olunur ki, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 302/1 saylı və xx.xx.2005-ci il tarixli, 414/12 saylı sərəncamları ilə müvafiq olaraq İddiaçı və Cavabdeh ayrılmış torpaq sahələrinin, həmin torpaq sahələri ayrılarkən yerquruluşu planı, ərazinin sxemi və kadastr planı alınmadığına görə hər iki vətəndaşa ayrılmış torpaq sahələrinin yerini müəyyən etmək mümkün olmamışdır. Mübahisəli torpaq sahəsi Xudat şəhərində 2 mərtəbəli, çoxmənzilli binanın qarşısında yerləşir. Mübahisəli əraziyə baxış zamanı həmin ərazinin yanlardan təxminən 60 sm- 80 sm hündürlükdə mişar daşı ilə hasarlanması, qarşı tərəfdən isə metal tor ilə əhatələnməsi müəyən edilmişdir. Torpaq sahəsinin ölçüsü 7.1m x 18m-dir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiyaa instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiyaa şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini, həmçinin mübahisə üzrə Ali Məhkəmənin mövqeyini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Xaçmaz rayonu İHB-nın xx.xx.2006-cı il tarixli sərəncamına əsasən Xudat şəhəri H.Əliyev küçəsi ev 29B mənzil 7-də iddiaçının yaşadığı mənzilin qarşısında uzun müddət çəpərə alıb istifadə etdiyi 0,006 ha torpaq sahəsinin onun istifadəsinə verilməsi və tikinti işlərinin aparılmasına icazə verilməsi qərar alınmışdır. Eləcə də Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 414/12 saylı sərəncamanına əsasən Xudat şəhəri H.Əliyev küçəsi ev 29B, ünvanında yaşayan Cavabdeh yaşadığı evlə üzbəüz uzun müddət istifadə etdiyi 0,012 ha torpaq sahəsi onun daimi istifadəsinə verilmiş və orada tikinti işlərinin aparılmasına icazə verilmişdir. İddiaçı qeyd olunan sərəncama əsasən onun istifadəsinə verilən torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini və iddiaçının istifadəsinə imkan vermədiyini qeyd edərək, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etmiş, narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Yuxarıda sadalanan məhkəmə aktları qəbul edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı istifadəsinə verilmiş, Xaçmaz rayonu Xudat şəhəri Heydər Əliyev küçəsi ev 29B, ünvanında yerləşən 7 saylı mənzilin qarşısındakı dövlət torpaq fonduna aid olan 0.006 ha torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş, cavabdeh tərəfindən həmin ərazi hasara alınaraq, iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi bu nəticəni həmin icraat zamanı keçirilmiş ekspertizanın nəticəsində verilmiş rəylə əsaslandırmışdır. Həmin rəylə müəyyən olunur ki, tədqiqat obyektinə baxış zamanı əldə olunan məlumatlara əsasən tərəflərin naturada təqdim etdiyi torpaq sahəsinin faktiki olaraq Cavabdeh istifadəsindədir və həmin torpaq sahəsində ölçüləri 0.8mx5.80m və 1.0mx10.0m olan mişar daşından hasar inşa edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən mübahisəli torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Həmin Məcəllənin 20-ci maddəsinin 1-2-ci bəndələrinə görə yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 05 sentyabr 2006-cı il tarixli 302/1 saylı sərəncamı verilən zaman qüvvədə olan normaları) 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları yaranması əsaslarından biri müvafiq icra hakimiyyəti orqanlarının qərarlarıdır. Həmin Məcəllənin 66 maddəsinin 1-ci bəndinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Yenə həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planlarının və təsvilrəninin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci 3-cü və 6-cı bəndlərinin tələblərinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. AR Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Yenə Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. İşdən göründüyü kimi, tərəflərin hər ikisinə torpaq sahəsinin daimi istifadəyə verilməsinə dair sərəncam verildiyi tarixdə qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Belə olan halda hazırkı iş üzrə Rayon İcra hakimiyyəti başçısının torpaq sahəsinin daimi istifadəyə verilməsinə dair sərəncamı verilməmişdən əvvəl torpaq ayrılması üçün sahə seçilməli, onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməli, qərar qəbul ediləndən sonra isə həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilməli idi. Lakin iş materiallarında göstərilən sənədlər mövcud deyildir. Bu fakt iş üzrə Xaçmaz Rayon İcra Hakimiyyətinin 12 sentyabr 2022-ci il tarixli, 1732 nömrəli məktubunda da öz təstiqini tapmışdır. Bu halda Xaçmaz Rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə iddiaçının daimi istifadəsinə verilmiş 0,006 ha torpaq sahəsinin harada yerləşməsini, sərhədlərini, hazırda mübahisələndirilən ərazi olmasını müəyyən etmək mümkün deyildir. Mübahisəli tikiliyə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin tikili özbaşına tikilidir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazimi icazələr alınmadan və ya şəhər salma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Yenə də həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmayan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti əsasında sökülə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədi mövcud olmadığından, daha dəqiqi iddia etdiyi torpaq sahəsinə dair hüquqları yaranmadığından, mövcud sənədlər ona indiki iddianı qaldırmağa hüquqi əsas vermir. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı iddia etdiyi torpaq sahəsindən, onun istifadə və sahiblik hüquqlarına yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlı olmadığı kimi subyektiv hüquqa da malik olmamışdır. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, AR MPM-nin 77-ci maddəsinə əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Məhkəmə kollegiyası xüsusilə qeyd etmək istəyir ki, hazırkı iddianın təmin edilməməsi, heç də iş üzrə cavabdehin haqlı olması anlamına gəlməməlidir. İddiaçı qədər cavabdehin də həmin torpaq sahəsinə hüquqü dövlət qeydiyyatına alınmadığı üçün həmin torpaq sahəsindən onun istifadəsi də qanunsuzdur. Məhkəmə kollegiyası, iddianı məhz ona görə təmin etmir ki, iddiaçının belə bir iddia qaldırmaq üçün hüququ yaranmamışdır. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və iş üzrə mübahisənin həllinə dair yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin istinad etdiyi maddələr fərqli dispozisiyaya malik olmaqla, məzmunu işin sadalanan faktiki hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı halda iddia tələbinin təmin edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-170/2021 nömrəli, 17 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Eləcə də, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul tərəflərdən müştərək qaydada alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-170/2021 nömrəli, 17 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar