Məhkəmə qərarları › İş №2(105)-1824/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1824/2025

25.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1824/2025 25.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Zeynalabdin Rayon Mənzil İstismar Hissəsinin Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4201/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. 20 aprel 2023-cü il tarixli 315 nömrəli kirayə müqaviləsinin surətindən görünür ki, Tağıyev-2 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 21, mənzil 58 ünvanındakı yaşayış sahəsi Nazirlikdə xidmət müddətində X1 (3 nəfər ailə üzvü ilə birlikdə) verilmişdir. Xidmətdən buraxıldıqda, işdən azad olunduqda və ya xidməti yerini dəyişdikdə mənzili qeyd şərtsiz Hissəyə təqdim edilməsi barədə o, eyni tarixdə iltizam vermişdir.

2. Bir neçə məktubdan görünür ki, qeyd edilən yaşayış sahəsini boşaltmaq barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Zeynalabdin Rayon Mənzil İstismar Hissəsi tərəfindən Cavabdeh xəbərdarlıqlar edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Zeynalabdin Rayon Mənzil İstismar Hissəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Z.Tağıyev-2 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 21, mənzil 58 ünvanında qeyri-qanuni yaşayan Cavabdeh mənzildən istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əsədov X2-2 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 21, mənzil 58 ünvanında yaşayır. Kirayə müqaviləsi ilə mənzil onun adına deyildir, sənədinin olmamasının səbəbindən göstərilən ünvanda qeyri-qanuni yaşayır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, həmin mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan “xüsusi təyinatlı yaşayış sahəsi”nə aiddir. Cavabdehə qanunu əsaslarla kirayə müqaviləsi ilə mənzil verilməmişdir və o, burada qeyri-qanuni əsaslarla yaşayır. Dəfələrlə cavabdehə həmin mənzilin təcili boşaldılmasına dair şifahi və yazılı xəbərdarlıq edilsə də, o, bu xəbərdarlıqlara məhəl qoymamışdır. Yuxarıda qeyd edilən mənzil 20 aprel 2023-cü il tarixdə 315 nömrəli kirayə müqaviləsi ilə X1 verilmişdir. O, adına sənədləşdirilmiş mənzilin mənzil-İstismar hissəsinə təhvil verilməsi ilə bağlı müraciət etmişdir. İlhamə Abudovaya dəfələrlə adına olan mənzilin boşaldılıb ona qaytarılması ilə əlaqədar Cavabdeh müraciət etsə də, bu vaxta qədər mənzil qanuni əsaslarla, yəni kirayə müqaviləsi ilə verilmiş sahibinə qaytarılmamışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4201/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh Sumqayıt şəhəri Z.Tağıyev-2 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 21, mənzil 58 ünvanından istifadə hüququna xitam verilməklə onun həmin mənzildən çıxarılması, iddiaçının ödəməkdən azad edildiyi 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Elçin Kazımov).

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91, 92, 98, 99-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4201/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Hazırda birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Tağıyev-2 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 21, mənzil 58 ünvanındakı yaşayış sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil fonduna daxildir və 20 aprel 2023-cü il tarixli 315 nömrəli kirayə müqaviləsi ilə bu mənzil Nazirlikdə xidmət müddətində X1 (3 nəfər ailə üzvü ilə birlikdə) verilmişdir. Xidmətdən buraxıldıqda, işdən azad olunduqda və ya xidməti yerini dəyişdikdə mənzili qeyd şərtsiz Hissəyə təqdim edilməsi barədə o, eyni tarixdə iltizam vermişdir. Hazırda bu mənzildə cavabdeh yaşayır. Bunun üçün isə o, məhkəməyə hər hansı mötəbər sənəd (müqavilə, arayış, icazə və s.) təqdim etməmişdir, yəni cavabdeh mübahisəli mənzildə qanunsuz əsaslarla yaşamağa davam edir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki həmin ünvanda yaşayan şəxsə 15000 manat pul verməklə həmin ünvanda yaşamağa davam etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən yuxarıda qeyd olunan hallara hüquqi qiymət verməyərək əsassız olaraq iddiaçının iddia tələbini təmin etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

12. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

14. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

19. Maddə 91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aşağıdakılara aiddir: 1. xidməti yaşayış sahələri; 2. yataxanalarda yaşayış sahələri; 3. manevr fondu yaşayış sahələri; 4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri;

5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.

20. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.

21. Maddə 98. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

22. Maddə 99. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.

23. 05 aprel 2014-cü il tarixli “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” əsasnamənin təsdiq edilməsi barədə 2 nömrəli Qərarın 1.13-cü bəndində göstərilmişdir ki, AR Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil fondu hesabına yaşayış sahəsi verilməsi qadağandır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4201/2025 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Beləliklə, işin hallarına görə mübahisəli mənzildən cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan istifadə edilir. Cavabdehin mübahisəli mənzildə məskunlaşması mülkiyyətçi (balanssaxlayan) kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Zeynalabdin Rayon Mənzil İstismar Hissəsinin hüquqlarının pozulmasına səbəb olmuşdur.

34. Kollegiya hesab edir ki, iş üzrə cavabdeh mübahisəli mənzildə heç bir əsas olmadan yaşadığından və bununla da iddiaçının balansında olan əmlaka dair hüquqları məhdudlaşdırdığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir.

35. Məhkəmə kollegiyası cavabdeh tərəfindən həmin ünvanda yaşayan şəxsə 15000 manat pulun verilməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, göstərilən dəlil birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Lakin kollegiya izah edir ki, cavabdehin həmin pul tələbi ilə məhkəməyə müraciət etmək hüququ istisna olunmur.

36. Azərbaycan Respublikası Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülkiyyətçi olan iddiaçı özgəsinin yəni cavabdehlərin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir.

37. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli və əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

39. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4201/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4201/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar