Məhkəmə qərarları › İş №2(105)-1828/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1828/2022

25.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1828/2022 25.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1929/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1929/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Emin Abdullayev). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1929/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 (uşaqları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 ilə birlikdə) Sumqayıt şəhəri, 18-ci mikrorayon, 24 saylı evin 22 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYAŞİKAYƏTİNİNDƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni qət edərkən maddi hüquq normalarını düzgün tətbiq etməyərək əsassız və qanunsuz qətnamə qət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində cavabdehlərin mübahisəli evə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Belə olan halda iddiaçı cavabdehlərin mübahisəli evdə yaşamadığını, cavabdehlərin mübahisəli ev ilə heç bir əlaqələrinin və həmin evə yaşayış üçün ehtiyaclarının olmadığını sübut etməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı bununla bağlı iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Halbuki iddia ərizəsinə AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron ərazi idarəsinin xx.xx.2021-ci il tarixli məktubu əlavə olunmuş, həmin məktubda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2020-ci ildə qeydə alınmışdır. Həmçinin iş materiallarında olan cavabdehlərə ünvanlanmış məhkəmə bildirişləri cavabdehlər həmin ünvanda yaşamadığına görə məhkəməyə geri qaytarılmışdır. İş materialları ilə Cavabdeh2 hazırki mübahisəli evə ehtiyacının olmadığı və həmin şəxsin mülkiyyətində Abşeron rayon Saray qəsəbəsində fərdi yaşayış evinin olmasına baxmayaraq məhkəmə hazırki iddianın Cavabdeh2 münasibətdə təmin etməyərək yanlışlığa yol vermişdir. Hazırda Cavabdeh2 ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin mövcud olması həmin şəxsin hazırki mübahisəli evə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2004-cü il tarixli qərarında Mülki Məcəllədə “istifadə”sözünün mahiyyətcə müxtəlif institutla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək “istifadə hüququ” növünü deyil, müəyyən bir hüququn həyata keçirilməsini ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə məhdud əşya hüququdur. «Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (060)-1929/2022 saylı qətnaməsi qismən ləğv edilməli, Cavabdeh2 Sumqayıt şəhəri, 18-ci mkr 24 saylı evin 22 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qətnamə qət olunmalıdır. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, apellyant qətnaməni Cavabdeh2 dair hissədə mübahisələndirir. Ona görə də məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası sədrlik edən hakimi məruzəsii dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (060)-1929/2022 nömrəli qətnaməsi qismən, mübahisələndirilən hissədə- yəni Cavabdeh2 qarşı iddianın təmin edilməməsinə dair hissədə ləğv edilməli, iddia tələbi Cavabdeh2 Əliağuna dair hissədə hissədə təmin edilməli, Cavabdeh2 Sumqayıt şəhəri, 18-ci mkr 24 saylı evin 22 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir. İş materiallarından görünür ki, hər iki cavabdeh mübahisəli mənzildə qeydiyyatdadırlar. İşdə olan qeydiyyat vəsiqəsinə əsasən mübahisəli mənzil xx.xx.1993-cü ildə iddiaçının adına qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2020-ci ildə qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.1975-ci ildə, digər Cavabdeh2 isə xx.xx.1974-cü ildə anadan olmuşdur. Mübahisəli evi isə iddiaçı 1993-cü ildə əldə etmişdir. Bu səbəbdən hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olmuş qanunvericilik tətbiq edilməlidir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İşdən göründüyü kimi cavabdehlər iddiaçının oğlu, yəni onun ailə üzvləridir. Mübahisəli ev iddiaçı tərəfindən 1993-cü ildə əldə edilərkən onlar, iddiaçının ailə üzvü kimi mübahisəli evə istifadə hüququ əldə etmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehlərin mübahisəli evə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Belə olan halda o, cavabdehlərin mübahisəli evdə yaşamadığını, cavabdehlərinin mübahisəli evlə heç bir əlaqələrinin və həmin evə yaşayış üçün ehtiyaclarının olmadığını sübut etməlidir. Lakin iddiaçı bununla bağlı iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Həmçinin məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə islaslarında iştirak etməmiş və öz mövqeyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bu barədə izahat verməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin oluna bilməz. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 münasibətdə iddianı təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 7556 №-li qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, 24 saylı evin 22 saylı mənzili xx.xx.1993-cü il tarixdən mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Bundan başqa iş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki. ünvan 2 üvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından məlum olur ki, Cavabdeh2 özünün mülkiyyətində şəxsi yaşayış evi mövcuddur. Hazırki işdən müəyyən edilir ki, iş üzrə Cavabdeh2 Ədiağa oğlu mübahisəli fərdi yaşayış evində yaşamır, eləcə də həmin evə köçüb yaşamaq barədə tələbi yoxdur. Onun mənzildə qeydiyyatda olması iddiaçının öz mülkiyyətində olan evdən sərbəst şəkildə istifadəsinə maneə yaradır. Belə olan halda iddiaçının iddiası əsaslıdır və iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublkasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvesiyasıın 1 saylı protokolunun İ maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifdə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanuvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və na dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında formalaşdırdığı mövqeyə görə, ”Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz.” İş materiallarından görünür ki, Cavabdeh2 özünün xüsusi mülkiyyətidə olan yaşayış sahəsi vardır, eləcə də mənzil sahibinin onun mübahisəli mənzildən istifadə etməsinin mümkünsüzlüyü barədə heç bir sübut yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələbi Cavabdeh2 münasibətdə təmin olumalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (060)-1929/2022 nömrəli qətnaməsi qismən, Cavabdeh2 qarşı iddianın təmin edilməməsinə dair hissədə ləğv edilməli, iddia tələbi Cavabdeh2 dair hissədə təmin edilməli, Cavabdeh2 Sumqayıt şəhəri, 18-ci mkr 24 saylı evin 22 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (060)-1929/2022 nömrəli qətnaməsi qismən, Cavabdeh2 qarşı iddianın təmin edilməməsinə dair hissədə ləğv edilsin. İddia tələbi Cavabdeh2 dair hissədə təmin edilsin. Cavabdeh2 Sumqayıt şəhəri, 18-ci mkr 24 saylı evin 22 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar