Məhkəmə qərarları › İş №2(105)-183/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-183/2023

10.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-183/2023 10.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2, nümayəndəsi və vəkili Vəkil, cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh2 və digərlərinə qarşı onun və övladlarının Şamaxı şəhəri, M.Hadi küçəsi 110 saylı binanın 36 saylı mənzilinə köçürülməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(074)-742/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh2 arasında olan nikaha xx.xx.2015-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 363 nömrə ilə qeyd edilmişdir.

2. X5 Şamaxı Rayon İcra Hakimiyyətinə ünvanlanmış 07 may 2019-cu il tarixli məktubuna əsasən, X5 şagird yataqxanasının bir girişində məskunlaşmış şəxslərin siyahısı göstərilmiş və Cavabdeh2 adı siyahıda 32-ci olmuşdur. Siyahıda onun statusu “ailə başçısı” kimi qeyd olunmuşdur.

3. Şamaxı Rayon İcra Hakimiyyətinin Cavabdeh2 ünvanlanmış 04 avqust 2020-ci il tarixli, Ş-03-2327 saylı məktubuna əsasən, püşkatma nəticəsində ona 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş X5 yataqxanasında məskunlaşdığı mənzilin əvəzinə Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 mənzilli binanın 36 saylı mənzili verilmişdir.

4. X5 11 sentyabr 2020-ci il tarixli, 44 saylı arayışına əsasən, X6 təsərrüfat müdiri işləyən İddiaçı xx.xx.2020-ci il tarixdə tərtib olunmuş akta əsasən 1999-cu il tarixdə liseyin sabiq direktoru liseyin yataqxanasından ailə və uşaqları ilə birlikdə yaşamağa ev vermişdir. Yaşayandan bir neçə il sonra arvadı vəfat etmiş, İddiaçı 2-ci dəfə 2008-ci ildə Cavabdeh2 ilə ailə qurmuşdur. 2015-ci ildə ailə münaqişəsi yarandığına görə Cavabdeh2 ilə ailə nikahları pozulmuşdur. Cavabdeh2 xx.xx.2019-cu il tarixdə zəlzələ olana qədər həmin evdə tək yaşamışdır.

5. Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısının aparatının 02 avqust 2021-ci il tarixli, Ş-03-1435 saylı məktubundan görünür ki, 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş evlərə Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən baxış keçirilmiş və qəzalı hesab edilən evlər siyahiya alınmışdır. X5 yataqxana binası qəzalı vəziyyətdə olduğu üçün orada yaşayan sakinlər X11 tərəfindən təqdim olunmuş siyahıya əsasən qeydə alınmışdır. Təqdim olunmuş siyahıda Cavabdeh2 adı olduğu üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Şamaxı şəhəri, M.Hadi küçəsində inşa olunmuş 110 mənzilli binanın 36-cı mənzili ona verilmişdir.

6. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Mirikənd İnzibati Ərazi Dairəsinin xx.xx.2021-ci il tarixli, 39 saylı məktubundan görünür ki, Mirikənd İƏD üzrə nümayəndəliyin 02 saylı təsərrüfatbaşına kitabında İddiaçı məxsus olan 60 saylı şəxsi hesabında 0,10 ha həyətyanı torpaq sahəsi və 2011-ci ildə tikilmiş ümumi sahəsi 180 kv.m olan fərdi yaşayış evi vardır.

7. DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin arayışına əsasən, Şamaxı rayonu inzibati ərazi vahidi üzrə İddiaçı adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları barədə məlumat yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh2 və digərlərinə qarşı iddia qaldıraraq, onun və övladlarının Şamaxı şəhəri, M.Hadi küçəsi 110 saylı binanın 36 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Peşə Liseyində 1999-cu ildən təsərrüfat müdiri vəzifəsində işləyir. Yolu uzaq olduğu üçün liseyin keçmiş direktoru Əhmədov Bünyət müəllim, liseyin həmkarlar təşkilatının sədri Şıxıyev Vaqif müəllimin iştirakı ilə ona liseyin yataqxanasında yoldaşı və 3 uşaqları ilə yaşamağa ev vermişlər. Liseyin yataqxanasının kommunal-qaz, işıq pulunu özü ödəmişdir. Yoldaşı uzun sürən xəstəlikdən vəfat etmişdir. İkinci dəfə 2008-ci ildə Cavabdeh2 ilə rəsmi qaydada ailə həyatı qurmuşlar. Həmin yataqxanaya gəlin gəlmişdir. 10 nömrəli məktəbin direktorundan xahiş etmişdir ki, Cavabdeh2 müəllimə kimi işləsin. Cavabdeh2 gələn gündən uşaqları ilə dolanmamış, bir-iki il keçdikdən sonra bir yerdə ailənin qazancına xərclənən pulu ondan tələb etmək üçün Şamaxı Rayon Məhkəməsinə ərizə ilə şikayət etmişdir. Həyat yoldaşı Təranə ilə övladı yoxdur. xx.xx.2019-cu il tarixdə Şamaxı şəhərində baş vermiş zəlzələ nəticəsində yaşadığları liseyin yataqxanası yararsız vəziyyətə düşdüyü üçün onlara yeni ev tikmişlər. Hal-hazırda həmin evdə keçmiş həyat yoldaşı Cavabdeh2 yaşayır. Onları həmin evə buraxmır, polislə hədələyir. Şamaxı rayonu 14 saylı Əmlak Ərazi İdarəsində həmin evin çıxarış sənədi yoxdur. Şamaxı Rayon İcra Hakimiyyətinin Ş-03-2327 saylı, xx.xx.2020-ci il tarixli məktubuna əsasən 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş X5 yataqxanasında məskunlaşdıqları mənzilin əvəzinə Şamaxı şəhəri M.Hadi küçəsində yeni inşa olunmuş 110 saylı binanın 36 saylı mənzili püşkatma nəticəsində verilmişdir. Lakin həmin liseydə uzun müddət özü və ailə üzvlərilə birlikdə yaşamış, qaz, işiq və su pulunu ödəmişdir. Odur ki, Şamaxı şəhəri, M.Hadi küçəsindəki yeni inşa olunmuş 110-cu binanın 36-cı mənzilinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh2 iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ilə aralarındakı nikaha xx.xx.2015-ci ildə xitam verilmişdir. Sözügedən mənzil, yəni Şamaxı şəhəri M.Hadi küçəsində yerləşən 110-cu binanın 36-cı mənzili hal-hazırda mülkiyyətindədir. İddiaçı onu 2014-cü ildə atıb getmiş, 2015-ci ildə rəsmi olaraq boşanıb, başqa qadınla rəsmi ailə həyatı qurmuşdur. Onun Şamaxı rayonu Mirikənd kəndində şəxsi evi var. Hal-hazırda ailə və uşaqları ilə birlikdə yaşayırlar. İddia tamamilə əsassızdır. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Şamaxı Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(074)-742/2021 saylı qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 1999cu ildən X6 təsərrüfat müdiri vəzifəsində işləyib və ona arvadı, üç uşağı ilə birlikdə köçüb yaşamaları üçün X5 yataqxanasından yaşayış sahəsi verilib. Sonradan iddiaçının arvadı ölüb və 2008-ci ildə iddiaçı ikinci dəfə rəsmi nikah əsasında cavabdehlə ailə qurub. 12 fevral 2015-ci il tarixdə tərəflər arasında bağlanmış nikah pozulub. Şamaxı şəhərində zəlzələ baş verənədək cavabdeh sözügedən yataqxanadakı yaşayış sahəsində tək yaşayıb. 05 fevral 2019-cu il tarixdə Şamaxı şəhərində baş vermiş zəlzələ nəticəsində sözügedən yataqxana qəzalı vəziyyətə düşüb və həmin evlərə Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən baxış keçirilib və qəzalı hesab edilən evlər siyahıya alınıb. X4 yataqxana binası da qəzalı vəziyyətə düşdüyü üçün orada yaşayan sakinlər X5 təqdim etdiyi siyahıya əsasən qeydə alınıb. Təqdim edilmiş siyahıda cavabdehin adı olduğu üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa edilmiş 110 mənzilli binanın 36 saylı mənzili püşkatma yolu ilə cavabdehə verilib. Göründüyü kimi, tərəflər arasında bağlanmış nikah pozulduğu üçün iddiaçı mülki qanunverciliyin tələbləri baxımından cavabdehin ailə üzvü hesab olunmur. Bu səbəbdən də iddiaçının cavabdehə məxsus fərdi yaşayış sahəsindən istifadə hüququ əmələ gəlməyib. Bundan başqa, işin faktiki hallarından görünür ki, tərəflər arasında iddiaçının yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan qaydada notarial qaydada təsdiq edilmiş razılaşma olmayıb və iddiaçının yaşayış sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Ümumiyyətlə, iddiaçı mübahisəli mənzildə yaşamayıb və onun həmin mənzildə istifadə hüququ olmayıb. Ona görə də iddia rədd edilməlidir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayəti təmin edilmədən, Şamaxı Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır

16. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1, 228.2, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, Mülki Prosessual Məcəllənin 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsində icraat

18. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2974/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov, V.Həsənov, İ.Şəfiyev) kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2(105)-328/2022 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

21. Ali Məhkəmənin mövqeyi aşağıdaki kimi olmuşdur: - istər X4 yataqxanasında yerləşən mənzilin, istərsə də həmin mənzilin əvəzinə verilmiş Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa edilmiş 110 mənzilli binanın 36 saylı mənzilinin hüquqi statusunu, yəni həmin mənzillərin dövlət və ya xüsusi mülkiyyətdə olmalarını özündə ehtiva edən heç bir yazılı sənəd yoxdur və həmin mənzillərin tərəflərin qanuni icarəsində və ya mülkiyyətlərində olmasını mülki iş materialları ilə müəyyən etmək mümkün deyil. - apellyasiya instansiyası məhkəməsi işin obyektiv həlli üçün iddiaçının və ailə üzvlərinin sözügedən yataqxanadakı mənzilə hansı əsasla köçdüklərini, həmin mənzilin ona X5 müdüriyyətinin və həmkarlar ittifaqı kömitəsinin birgə qərarı ilə verilib-verilmədiyini, mənzilə köçmək üçün onun adına order olub-olmadığını aydınlaşdırmadan, bu barədə zəruri sübutları məhkəməyə təqdim etməyi iddiaçıya, habelə X8 təklif etmədən, 2015-ci ildən sonra iddiaçının və ailə üzvlərinin hansı statusla, hansı evdə yaşamalarını mötəbər yazılı sübutlarla dəqiqləşdirmədən, 2015-ci ildən sonra yataqxanadakı mənzilin kirayə müqaviləsinin cavabdehin adına dəyişdirilib-dəyişdirilmədiyini, sonuncunun həmin mənzilə hər hansı hüququnun əmələ gəlib-gəlmədiyini, X11 tərəfindən Şamaxı Rayon İcra Hakimiyyətinə göndərilmiş 07 may 2019-cu il tarixli yataqxanada məskunlaşmış şəxslərin siyahısında iddiaçının və ailə üzvlərinin göstərilməməsinin səbəblərini araşdırmadan, həmin siyahının verilməsinə əsas olmuş sənədləri məhkəməyə təqdim etməyi X8 təklif etmədən, yataqxanadakı mənzildə cavabdehin tək yaşadığı qənaətinə gəlib. - apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, ümumiyyətlə qəzalı vəziyyətə düşmüş mənzilin əvəzinə Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa edilmiş 110 mənzilli binanın 36 saylı mənzilinin hansı hüquqmüəyyənedici sənədlərə əsasən cavabdehə verildiyini araşdırmadan, həmin sənədlərin surətlərini məhkəməyə təqdim etməyi Şamaxı Rayon İcra Hakimiyyətinə təklif etmədən, ailə başçısı kimi tək özü göstərildiyi halda cavabdehə hansı əsasla ümumi sahəsi 100 kv.metr olan 5 otaqlı mənzilin verildiyini, bu zaman hüquqmüəyyənedici sənədlərdə iddiaçının və üç övladının ailə üzvü kimi göstərilib-göstərilmədiyini, həmin mənzilə köçmək üçün cavabdehin adına hansı hüquqmüəyyənedici sənədlərin verildiyini aydınlaşdırmadan, bu barədə zəruri sübutları məhkəməyə təqdim etməyi cavabdehə təklif etmədən və işdə, sözügedən mənzilin mülkiyyətdə olmasına dair hər hansı qərar, order, Çıxarış və sair sənədlər olmadığı halda, həmin mənzilin cavabdehin mülkiyyətində olması, habelə iddiaçının mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrində və Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan əsasların olmadığı qənaətinə gəlib.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

22. a) Apellyasiya şikayətinin dəlilləri

- cavabdeh yaşadığı yataqxanaya gəlin köçdüyündən 10 nömrəli məktəbin direktorundan xahiş etmişdir ki, ikinci arvadı Cavabdeh2 orada işlə təmin olunsun. Lakin Cavabdeh2 övladları ilə yola getmədiyinə görə və aldığı əmək haqqının çox olduğunu görüb ondan birgə yaşayış dövründə gəlirlərinin özünə alınması tələbi ilə birgə nikah dövründə Şamaxı Rayon Məhkəməsinə şikayət etmiş və yekun nəticədə apellyasiya şikayəti verdiyinə görə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə cavabdehin iddia tələbi təmin olunmamışdır. Yəni Şamaxı Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilmişdir. Bundan sonra aralarında mübahisə yaranmışdır. Yaşadığı yataqxanadakı evin qapısının qıfılı onun qardaşı tərəfindən dəyişdirildiyinə görə evə gedə bilməmişdir, soruşduqda isə liseydə gəlib onu təhqir edirdi. - Şamaxı Rayon İcra Hakimiyyətinin Ş-032327 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, 05 fevral 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində X5 yataqxanaları qəzalı vəziyyətə düşdüyündən orada məskunlaşdığı mənzilin əvəzinə onlara Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 saylı binanın 36 saylı mənzili püşkatma ilə verilmişdir. Cavabdeh2 onun xəbəri olmadan Şamaxı Rayon İcra Hakimiyyətinə verilən məktuba yalnız öz adını yazdırmışdır. Bundan xəbər tutanda Şamaxı Rayon İcra Hakimiyyətinə o siyahıya ümumilikdə hamının adının yazılmasını tələb etsə də, gec olduğunu bildirərək məhkəməyə müraciət etməsini bildirmişlər. - Cavabdeh2 ilə birgə nikahdan övladı yoxdur. Digər tərəfdən Cavabdeh2 Bakı şəhərində qeydiyyatdadır. Düşünürdü ki, Cavabdeh2 bu evdə tək uzun müddət yaşamaz və onu ailəsi gəlib öz evlərinə apararlar, lakin belə olmadı. Onun həmin evdən çıxarılması barədə heç bir dövlət orqanına müraciət etməmişdir. Hal-hazırda mübahisəli mənzildə keçmiş arvadı tək yaşayır, onu evinə buraxmır, polislə hədələyir. Özü 255 (iki yüz əlli beş) manat əmək haqqı alır, aldığı maaş övladlarının tələbatını ödəmir. Bir övladı hərbi xidmətdədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş m/605 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasında adına ev yoxdur. Övladları ilə birgə kirayədə yaşayır, bu baxımdan cavabdehin Şamaxı rayonunun Mirikənd kəndində guya onun şəxsi evinin olması barədə məhkəmədə söylədikləri həqiqətə uyğun deyildir. Hər ay kirayə pulunu ödəməyə çox çətinlik çəkir. Əvvəllər uşaqlar kiçik olduqlarından analarının pensiyası hesabına ev kirayəsini ödəyə bilirdi, lakin hazırki dövrdə əmək haqqı az olduğundan bunun öhdəsindən gəlməkdə çətinlik çəkir. Oğlu Şəmsi 2000-ci il, Şəhriyar isə 2002-ci il təvəllüdlüdür. Övladları ona nümayəndə kimi etibarnamə verməyiblər, ancaq onların da köçürülməsini istəyir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnamənin ləğv edilməsi, iş üzrə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

26. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında cavabdeh Şamaxı İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə bildirdi ki, Şamaxı şəhərində baş vermiş zəlzələ nəticəsində yataqxana qəzalı vəziyyətə düşdüyündən sakinlərə X5 həmin yataqxanada məskunlaşan sakinləri ilə bağlı siyahı təqdim olunmuş, məhz həmin siyahı əsasında Cavabdeh2 püşkatma yolu ilə mənzil verilmişdir. İddiaçı inzibati orqanın hərəkət və hərəkətsizliyindən inzibati məhkəməyə müraciət edə bilər. Nümayəndə məhkəmə qətnaməsinin qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdı.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

28. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi: Maddə 107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası...bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunverciliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş nomaya əməl edilməklə müəssisə, idarə, təşkil müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin...birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir.

29. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 28.5. Mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Maddə 28.7. Qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 31-ci və ya 85-ci maddəsinin müddəaları tətbiq edilir. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Maddə 31.8. Yaşayış sahəsinin mülkiyyətçisi ilə razılaşmaya əsasən ona satın alınan yaşayış sahəsinin əvəzinə dəyəri satınalma qiymətinə daxil edilməklə, başqa yaşayış sahəsi verilə bilər. Maddə 85. Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qadaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. Mülki Prossesual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

34. Ali Məhkəmənin hazırki işlə bağlı göstərişləri (bax §21) nəzərə alınaraq, məhkəmə kollegiyası tərəfindən X8 sorğu məktubu göndərilmiş və məhkəməyə aşağıdakı məlumaların təqdim olunması xahiş olunmuşdur:

1. İddiaçı mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilib-verilməməsi;

2. həmin mənzilin hansı əsasla verilməsi; İddiaçı və ailə üzvlərinin yataqxanadakı mənzilə hansı əsasla köçmələri;

3. Cavabdeh2 hansı əsaslarla həmin mənzildə yaşaması, onun adına mənzil kirayə müqaviləsinin olub-olmaması, olmadığı təqdirdə hansı əsasla həmin mənzildə yaşaması;

4. Cavabdeh2 həmin mənzilə hər hansı hüququnun əmələ gəlib-gəlməməsi;

5. mənzil kirayə müqaviləsində İddiaçı və üç övladının Cavabdeh2 ailə üzvləri kimi göstərilib-göstərilməməsi;

6. X4 yataqxanasında yerləşən mənzilin cavabdehin qanuni icarəsində olubolmaması;

7. X9 tərəfindən Şamaxı Rayon İcra Hakimiyyətinə göndərilmiş 07 may 2019-cu il tarixli yataqxanada məskunlaşmış şəxslərin siyahısında İddiaçı və ailə üzvlərinin göstərilməməsinin səbəbləri;

8. həmin siyahının verilməsinə əsas olmuş sənədlər.

35. X5 məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 68 nömrəli məktubunda aşağıdakılar qeyd olunmuşdur: X5 şagird yataqxanasının bir girişində qaçqın ailələri və bir neçə yaşayış yeri olmayan ailələr yaşamışdırlar. Həmin sakinlərin orda yaşamaları barədə əmr, order və ya mənzil kirayə müqaviləsi olmamışdır. Ancaq işıq və qaz işlətdikləri üçün kommunal xərcləri ödəmişdirlər. İddiaçı xx.xx.1999-cu ildən X6 təsərrüfat müdiri vəzifəsində işləyir. 1999-cu ildə liseyin sabiq direktoru X2 yaşayış yeri uzaq olduğu üçün İddiaçı şagird yataqxanasında müvəqqəti olaraq ailəsi ilə birlikdə yaşamağa icazə vermişdir. İddiaçı əvvəlki həyat yoldaşı vəfat etdiyinə görə o, 2008-ci ildə Cavabdeh2 ilə ailə həyatı qurmuş və İddiaçılə ikisi yataqxanada yaşamışlar. Cavabdeh2 2008-ci ilin avqust ayına qədər Bakı 6 saylı peşə liseyində ingilis dili müəllimi işləmişdir. Ailə həyatı qurduğu üçün Təhsil Nazirliyinin xx.xx.2008-ci il tarixli 46-136288/16 nömrəli təlimatı məktubun tələblərinə əsaslanaraq X6 ingilis dili müəllimi kimi işə qəbul edilmişdir. Cavabdeh2 2008-ci ildən 2014-cü ilə qədər X6 işləmişdir. Bununla yanaşı, liseyə yaxın olan şəhər 10 №-İi tam orta məktəbində işləyir. 2015-ci ildə İddiaçılə Cavabdeh2 bağlanmış nigahları pozulmuş, birgə yaşaya bilmədikləri üçün İddiaçı uşaqları ilə birlikdə yaşadığı yataqxanadan getmişdir. Cavabdeh2 isə həmin yataqxanada xx.xx.2019-cu ildə baş vermiş zəlzələ olana qədər yataqxanada tək yaşamışdır.

1. X5 keçmiş direktoru B.Əhmədov İddiaçı 1999-cu ildə liseyin şagird yataqxanasında yaşamasına order və ya başqa sənəd olmadan razılıq vermişdir.

2. İddiaçı təsərrüfat müdiri, maddi məsul şəxs və yaşayış yeri uzaq olduğu üçün liseyin yataqxanasında qalmağa icazə verilmişdir.

3. Cavabdeh2 İddiaçı ilə nikahları olduğu səbəbdən yataqxanada yaşamışdır. Yataqxanada yaşayanların hamısı kimi onun da mənzil kirayə müqaviləsi olmamışdır.

4. Cavabdeh2 həmin mənzildə İddiaçılə bağladığı nigahlarına görə və sonradan isə Şamaxı şəhərində heç bir yerdə yaşayış yeri olmadığına görə yataqxanada yaşamışdır.

5. Şagird yataqxanasında yaşayan 10 ailənin və üzvlərinin mənzil kirayə müqavilələri olmadığı kimi İddiaçı üç övladının və Cavabdeh2 də müqaviləsi olmamışdır.

6. X5 şagird yataqxanasında yaşayan 10 ailə sakinlərinin mənzillərinin qanuni icarəsində olmadığı kimi Cavabdeh2 da qanuni icarəsində olmayıb.

7. X11 tərəfindən Şamaxı İcra Hakimiyyətinə göndərilmiş 7 may 2019-cu il tarixli yataqxanada məskunlaşmış şəxslər siyahısında İddiaçı və ailə üzvlərinin Cavabdeh2 ilə nigahlarının 2015-ci ildən pozulmasından sonra yataqxanada yaşamadıqları səbəbindən siyahıda adları göstərilməmişdir.

8. Hər il Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Peşə Təhsili üzrə Dövlət Agentliyinə, Rayon İcra Hakimiyyətinə X5 şagird yataqxanasında məskunlaşmış qaçqın və başqa ailələr haqqında verilmiş siyahılar və gündəlik nəzarət əsas sənəd olmuşdur. Liseyin yataqxanasında məskunlaşmış ailələr haqqında daha dəqiq məlumatı sabiq direktor R.Soltanovdan alınmışdır.

36. Bundan başqqa, məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon İcra Hakimiyyətinə sorğu məktubu göndərilərək Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa edilmiş 110 mənzilli binanın 36 saylı mənzilinin hansı hüquqmüəyyənedici sənədlərə əsasən Cavabdeh2 verilməsi barədə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə sorğu məktubu göndərilərək Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa edilmiş 110 mənzilli binanın 36 saylı mənzilinin hüquqi statusu, yəni həmin mənzilin dövlət və ya xüsusi mülkiyyətdə olması və kimin qanuni icarəsində və ya mülkiyyətində olması ilə bağlı məhkəməyə məlumat verilməsi хаhiş olunmuşdur.

37. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, 02 dekabr 2022-ci il tarixdə Şamaxı şəhəri, M.Hadi küçəsində yerləşən 110 mənzilli binanın 36-cı mənzilin üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmış və ona ********** nömrəli reyetrdən çıxarış verilmişdir.

38. Şamaxı Rayon İcra Hakimiyyətindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, 5 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün dövlət vəsaiti hesabına fərdi yaşayış evləri ilə yanaşı 5 ədəd çoxmənzilli yaşayış binası inşa olunmuşdur. Həmin binalardakı mənzillər vətəndaşların mülkiyyətində olan qəzalı evlərin yaşayış sahələrinə uyğun olmaqla, humanizm prinsipləri və dövlətin vətəndaşa olan qayğısı nəticəsində mövcud imkanlar nəzərə alınaraq dövlət mülkiyyətində olan yaşayış sahəsində, o cümlədən X5 balansında olan xidməti yaşayış və yataqxana binasında müvəqqəti məskunlaşmış vətəndaşlara da paylanılmışdır. Cavabdeh2 da uzun illərdir peşə liseyinin yataqxana binasında yaşadığı üçün Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 mənzilli binadan ona da iki otaqlı mənzil verilmişdir.

39. Göründüyü kimi, həmin yataqxanada məskunlaşmış bütün digər sakinlər kimi Cavabdeh2 da hüquqmüəyyənedici sənədləri olmamış, bina qəzalı vəziyyətə düşdüyü üçün mənzil, X5 07 may 2019-cu il tarixli, Şamaxı Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubuna əsasən faktiki yaşama əsası ilə verilmişdir. İddiaçı və ailə üzvlərinin Cavabdeh2 ilə nigahlarının 2015-ci ildən pozulmasından sonra yataqxanada yaşamadıqları səbəbindən siyahıda adları göstərilməmişdir.

40. Məhkəmə kollegiyasının iclasında iddiaçı 2015-ci ildən sonra yataqxanada yaşamadığını bildirmiş, cavabdehin nə vaxtsa çıxıb gedəcəyini düşünmüşdür.

41. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

43. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

44. Bundan əlavə, Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasının və Qanunlarının yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.

46. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

47. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları iddianın təmin olunması üçün kifayət və yetərli hesab olunmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğundur. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti təmin olunmamalıldır.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-742/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar