Məhkəmə qərarları › İş №2(105)-1837/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1837/2020

18.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1837/2020 18.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(012)-3649/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(012)-3649/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, birgə nikah dövründə əldə edilmiş “VAZ-2107” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomobilin tərəflər arasında bərabər şəkildə bölünməsi barədə iddiası təmin olunmamışdır (hakim C.Səfiyeva). Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(012)-3649/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Abşeron rayonu, Hökməli qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinə köçürülməsi və birgə nikah dövründə əldə edilmiş “VAZ-2107” markalı, ** MJ *** dövlət nömrə nişamlı avtomobilin tərəflər arasında bərabər şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2004-cü ildə faktiki olaraq ailə həyatı qurmuş, Abşeron rayonu, Hökməli qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Onlar 2007-ci ilin iyun ayının 20-də nikahlarını rəsmiləşdirilmişlər. Abşeron rayonu, Hökməli qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 2 saylı fərdi yaşayış evi 2 mərtəbəli olmaqla 6 otaqdan ibarətdir. O, həmin evə gəlin köçməklə 2004-cü ildən Cavabdeh ilə birlikdə həmin evdən ailə üzvü kimi istifadə edərək yaşamağa başladığından ora köçürülməlidir. Bundan başqa, o, Cavabdeh ilə birgə nikahda olduqları müddətdə “Vaz-2107” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır. Bu avtomobil tərəflərin birgə nikahda olduqları vaxt əldə edildiyindən onlar arasında bərabər şəkildə bölünməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdehapelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd olunan tələb mövcud reallığı özündə əks etdirməyərək və qanunvericiliklə təmin norması olmayan tələbdir. Lakin buna baxmayaraq hakim işə iddiaçı tərəfin mənafeyinə uyğun şəkildə baxaraq, onun hüquqi savadının olmamasından istifadə edərək Azərbaycan Respublikası qanunvericiliyinə zidd olan məhkəmə aktı qəbul etmişdir. O, İddiaçı ilə 2007-cü ildə rəsmi olaraq ailə həyatı qurmuşdur. 2007-cü ildən 2016cı ilə kimi həyat yoldaşı ilə valideynlərinin evində yaşamışlar. Həmin müddətdən sonra iddiaçı ilə ailə münasibətləri korlandığı üçün iddaçı valideynlərinin yanında yaşamışdır. Uzun müddət ayrı yaşadıqlarını, nikahın formal xarakter daşıdığını nəzərə alaraq müəyyən müddət sonra Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarındakı nikah ləğv edilmişdir. Qeyd olunan müddətdən sonra hal-hazırki müddətə qədər cavabdeh valideynləri ilə birlikdə yaşamışdır. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi Azərbaycan SSRİ Nazirlər Sovetinin xx.xx.1988-ci tarixli, 330 saylı Qərarına əsasən Hökməli qəsəbəsi XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 3/1 saylı qərarı ilə atası Dadaş Dadaşova yerində ölçülüb taxta nişangahlar qovulduqdan sonra təhvil verilmişdir. Həmin sahədə X2 2 mərtəbəli, 4 otaqlı yaşayış sahəs i 76.5 kv.metr, ümumi sahəsi 101.2 kv.metr olan ev tikməyə icazə verilmişdir. Bu evin ona heç bir aidiyyəti yoxdur və hazırkı tələb üzrə o, heç bir cavabdehlik daşımır. Məhkəmə prosesləri zamanı, o, məhkəmə prosesində iştirak edərək iddiaçının orada yaşamadığını, mənzilin ona aid olmadığını, nikahın pozulmasının da məhz onun hərəkətləri səbəbindən baş verdiyi qeyd etsə də hakim məhkəmə prosesində iddiaçının mənafeyinə uyğun şəkildə qətnamə qəbul etmişdir. Məhkəmə bu səhv nəticəyə gələrkən xx xxxxxxx 2009-cu il tartixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına istinad etmişdir, halbuki mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməli idi. İşə baxan məhkəmə iş üzrə heç bir qanuni araşdırma aparmadan, hüquqi əhəmiyyəti olmayan qanunun tələblərinə zidd olaraq, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq işə yanaşmış və nəticədə də bu cür qanunsuz qətnamə qəbul etmişdir. «Önər Yıldız Türkiyəyə qarşı» məhkəmə işində İnsan hüquqları üzrə Avropa Məhkəməsi xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilkdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli maneələr üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq mübahisəyə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmasını təmin etməli olduğu halda, maddi və prosessual normaları düzgün tətbiq etməmiş, mübahisəyə tətbiq edilməli normaları deyil, tətbiq edilməməli normaları tətbiq etmiş, Konstitusiyada və mülkiprosessual məcəllədə təsbit edilmiş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinə əməl etməmiş, işdə olan sübutları hərtəfəli, tam araşdırmamış, həmin sübutlara tətbiq etdiyi hüquq normalarına uyğun hüquqi qiymət verməmiş və bununla da səhv nəticəyə gələrək gəldiyi nəticə ilə isə şübhəli məqamlara yol açmışdır. Göstərilənlərə əsasən məhkəmə aktının apellyasiya məhkəməsi tərəfindən ləğv edilməsi zəruridir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi X13 apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iddiaçı şikayətlə razılaşmadı və qətnamənin qanuni olduğunu bildirdi. İddiaçı əlavə etdi ki, onun köçmək istədiyi ev Hökməli qəsəbəsində cavabdehin də yaşadığı evdir və sənədlərdə bu küçə həm Ə.Vahid, həm də M.Füzuli kimi göstərilir. Qeyd edilən ev 1989-cu ildə mərhum qaynatası X4 tərəfindən tikilmişdir. O, həmin evə gəlin gəlmiş və orada yaşamışdır. Evin yerləşdiyi torpağa dair sənəd olsa da ev rəsmi reyestrdə qeydə alınmadığı üçün qeydiyyatı sənədi olan Hökməli qəsəbəsi, K.Qasımov küçəsi, 20 saylı evədir. Sonda iddiaçı şikayətin təmin edilməməsini, iş üzrə çıxarılmış qətnaməsini isə dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Abşeron rayonunun baş memarı Zemfıra Xələfovanın, rayonun baş mühəndisi - yerqurluşçusu Niftalı Lətifovun və Abşeron rayonu Hökməli qəsəbəsi XDS İcraiyyə Komitəsinin sədri Babayar Muradovun iştirakı ilə tərtib edilmiş xx xxxxxx 1989-cu il tarixli aktdan görünür ki, Azərbaycan SSRİ Nazirlər Sovetinin xx.xx.1988-ci il tarixli, 330 saylı qərarına əsasən Hökməli qəsəbəsi XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 3/7 saylı qərarı ilə X2 ayrılmış torpaq sahəsi yerində ölçülüb taxta nişangahlar qoyulduqdan sonra X2 təhvil verilmişdir. Həmin sahədə X2 2 mərtəbəli, 4 otaqlı yaşayış sahəsi 76,5 kv.metr, ümumi sahəsi 101,2 kv.metr olan ev tikilməyə icazə verilmişdir. Yenə iş materiallarında olanAbşeron RİH Başçısının Hökməli qəsəbə İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli, 40 saylı arayışından görünür ki, Cavabdeh və İddiaçı birgə nikah dövründə yaşadıqları fərdi yaşayış evi Hökməli qəsəbəsi, M.Fizuli küçəsində yerləşir və həmin ev 1989-cu ildə Cavabdeh mərhum atası X4 tərəfindən inşa edilmişdir. Yenə də işdə olan iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun qeydiyyatı ünvan 1 ünvanınadır. İş materiallarında olan doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh və İddiaçı birgə nikahından xx xxxxxxx 2007-ci il tarixdə Zəhra adlı uşaq doğulmuşdur. Yenə iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(012)-2345/2018 saylı qətnaməsindən görünür ki, tərəflər arasındakı nikah pozulmuş və birgə nikahdan doğulmuş azyaşlı Zəhranın anasının yanında qalması müəyyən edilmişdir. Yenə də iş materiallarında olan nikahın pozulması haqqında AZ-İ 356765 saylı, xx xxxx 2020-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı pozulmuşdur. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayətiqismən təmin edilməli,Abşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(012)-3649/2018 saylı qətnaməsi qismən-iddianın təmin edilməsi hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməlidir. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən hazırkı mərhələdə bu hissədə qətnamə MPM-nin 372.6-cı maddəsinə əsasən apelyasiya baxışının predmeti hesab edilmir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər 2004-cü ildə faktiki olaraq ailə həyatı qurmuş, nikahlarını xx.xx.2007-ci ildə rəsmiləşdirmişlər. Nikaha girdikdən sonra İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsində mərhum qayınatası X4 tərəfindən 1989-cu ildə inşa edilmiş fərdi yaşayış evinə köçmüş, burada cavabdehlə birgə təsərrüfat idarə etmişdir. İş materiallarından görünür ki, bu faktı Cavabdeh da öz apelyasiya şikayətində təsdiq etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı onun Abşeron rayonu, Hökməli qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, lakin məhkəmə tərəfindən həmin evə dair hər hansı araşdırılma aparılmamışdır. Bu çatışmazlığın aradan qaldırılması məqsədilə məhkəmə kollegiyası müvafiq quruma sorğu göndərmiş və məlum olmuşdur ki, iddiaçının köçmək istədiyi fərdi yaşayış evi Hökməli qəsəbəsi, M.Fizuli küçəsində yerləşir. Belə ki, Abşeron RİH Başçısının Hökməli qəsəbə İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli, 40 saylı arayışından görünür ki, Cavabdeh və İddiaçı birgə nikah dövründə yaşadıqları fərdi yaşayış evi Hökməli qəsəbəsi, M.Fizuli küçəsində yerləşir və həmin ev 1989-cu ildə mərhum atası X7 tərəfindən inşa edilmişdir. İşin faktiki hallarından görünür ki, həm mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsi barədə ilkin torpaq ayırma sənədi olsa da, nə həmin torpaq sahəsi, nə dəyaşayış evi daşınmaz əmlakın dövlət reyrestrində qeydiyyata alınmamışdır. Bununla belə, işə əlavə olunmuş xx xxxxxx 1989-cu il tarixli aktdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1988-ci il tarixli, 330 saylı qərarına əsasən Hökməli qəsəbəsi XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 3/7 saylı qərarı ilə X2 ayrılmış torpaq sahəsinin yerində ölçülüb taxta nişangahlar qoyulduqdan sonra X2 təhvil verilmişdir. Həmin sahədə X2 2 mərtəbəli, 4 otaqlı yaşayış sahəsi 76,5 kv.metr, ümumi sahəsi 101,2 kv.metr olan ev tikilməyə icazə verilmişdir. İşə baxan məhkəmə mübahisəni həll edərkən maddi hüquq norması kimi xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası hesab edir ki, mübahisənin obyektiv və düzgün həlli üçün mübahisəli yaşayış evinin hüququ statusu müəyyən edilməlidir. Daha öncə qeyd edildiyi kimi mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsi barədə ilkin torpaq ayırma sənədi olsa da, nə həmin torpaq sahəsi, nə dəyaşayış evi daşınmaz əmlakın dövlət reyrestrində qeydiyyata alınmamışdır. Bununla əlaqədar məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi vacib hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasəniddiaçıəşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, mərhum X1 mübahisəli evə “qanuni gözləntiyə” malik hüququ olmuşdur. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin qərarda qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında hüquq münasibətləri 2004-cü ildən yarandığı üçün məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə AR Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yenə həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, AR MM-nin 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-nin 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Göründüyü kimi qanunvericilik bu müddəada qeyd olunan şəxslərin yaşayış binasının tərkib hissəsinə köçürülməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Lakin, bunun üçün mülkiyyətçinin razılığının xüsusi olaraq mütləq şərt kimi müəyyən edilməsi qeyd olunan şəxslər tərəfindən yaşayış binasının tərkib hissəsindən əldə edilən istifadə hüququnun mülki hüquq sahəsi baxımından əşya hüququ kimi qiymətləndirilməli olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. MM-nin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1-ci mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; 2-ci həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; 3-cü istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, “mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür” (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Qeyd edilən normaların mənasından göründüyü kimi şəxsin yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı qaydalarını özündə əks etdirən yazılı razılaşmanın (müqavilənin) bağlanması, həmin razılaşmanın notarial qaydada təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması şərtlərinin yerinə yetirilməsi tələb olunur. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi iddiaçı mübahisəli evə qanuni gözlənti hüququ olan şəxsin gəlini olmuş və onun razılığı ilə həmin evə köçərək yaşamışdır. Hətta, ev qeydiyyata alınmadığı üçün həmin evə yaşayış yeri üzrə qeydiyyata düşmək mümkün olmadığına görə iddiaçı gəlin, təbii ki, onların razılığı ilə onlara məxsus digər evə qeydiyyata alınmışdır. Qeyd edildiyi kimi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Bu razılıq isə yazılı razılaşmanın (müqavilənin) bağlanması, həmin razılaşmanın notarial qaydada təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə şərtlənir. Lakin qeyd edildiyi kimi, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün həmin evə dair hər hansı şəxsin hüququ da qeydə alınmamışdır. Başqa sözlə, istinad edilən maddi hüquq normalarına əsasən mübahisəli evə dair yazılı razılaşmanın (müqavilənin) bağlanması, həmin razılaşmanın notarial qaydada təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması da mümkün ola bilməzdi. Hazırda həmin evə və onun yerləşdiyi torpaq sahəsinə dair qanuni gözlənti hüququ olan şəxs artıq vəfat etmişdir. Qeyd edilən daşınmaz əmlakların hüquqi talehi hələ də həll olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı və cavabdeh mübahisəli evə dair eyni statusu olan şəxslərdir. Mülki Məcəllənin daha öncə istinad olunan 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin digər ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə kolegiyası hesab edir ki, hazırki mübahisəyə anologiya da tətbiq edilə bilər. Azərbaycan Respublikası MM-nin 11.1 və 11.2-ci maddələrinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı hazırki mənzil hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixədək əmələ gəldiyindən (nikaha 2004-cü ildə girdiklərindən), mübahisəyə həmin dövrədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin 3-cü hissəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. AR Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda cavabdehin, hüquq qeydə alınmasa belə, iddiaçı ilə birlikdə yaşadıqları mübahisəli evə dair hüquqdan sui-istifadə etməsi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak mübahisələrində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Hazırda qüvvədə olan Ailə Məcəlləsinin tələblərinə görə (maddə 56.1., 59.1., 60.1.,60.2. və s.) valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, mübahisə tərəflərindən iddiaçının və cavabdehin nikahlarından 1 uşağı vardır, o, anasının himayəsində qalmışdır. Hazırda cavabdeh iddiaçını uşaqla bu hüquqdan məhrum etmiş, başqa sözlə qeyd edildiyi kimi hüquqdan sui-istifadə etməklə, nəinki iddiaçını, eləcə də 1 azyaşlı uşağı talehin ümidinə buraxmışlar. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasını nəzərə almaqla iddianı təmin etməkdə haqlı olmuşdur. Başqa sözlə mübahisəli evin hüquq statusu müəyyən edilməsə də, iddia üzrə cavabdeh həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verib, hesab edir ki, İddiaçı X11ilə 2004-cü ildə faktiki, 2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurub mübahisəli evə köçərək orada yaşadığından, həmin dövrdən onlar arasında etibarlı ailə münasibətləri mövcud olduğundan, evə köçərkən iddiaçı ilə cavabdeh və evin faktiki sahibi arasında hər hansı başqa razılaşma olmadığından və iddiaçı orada birgə təsərrüfat apardığından həmin evə, yəni Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Füzuli küçəsindəki 1989-cu ildə inşa edilmiş fərdi yaşayış evinə köçürülməlidir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi sadalanan hallara düzgün qiymət verməmiş, hüququn tətbiqində səhvə yol vermiş, tamamilə formal əsaslara görə iddiaçını Abşeron rayonu, Hökməli qəsəbəsi, Ə.Vahid küçəsindəki 2 saylı evə köçürərək səhv nəticəyə gəlmişdir. İddiaçı iddia ərizəsində köçmək istədiyi evi bu şəkildə qeyd etsə də, məhkəmə araşdırması zamanı ünvan dəqiqləşdirilə bilərdi, lakin işə baxan məhkəmə bu imkandan istifadə etməmiş və mübahisəli evin ünvanını səhv qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı mübahisəli evə göçürülməsi barədə iddiasını sübut edə bilmiş, cavabdeh isə öz dəlillərini əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki,birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qismən düzgün qiymət vermədiyindən, eləcə də hüququn tətbiqində səhvə yol verdiyindən qətnamə evə köçürülmə hissəsində ləğv olunmalı, iddianın qeyd edilən şəkildə təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrəAbşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(012)-3649/2018 saylı qətnaməsi qismən-iddianın təmin edilməsi hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasənapelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 10 manat məbləğində dövlət rüsumu onun özünə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayətiqismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(012)-3649/2018 saylı qətnaməsi İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinə köçürülməsi hissəsində ləğv edilsin. İş üzrə bu hissədə yeni qətnamə qəbul edilsin və iddia təmin olunsun. İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Füzuli küçəsində yerləşən 1989-cu ildə inşa edilmiş fərdi yaşayış evinə köçürülsün. Apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar