Məhkəmə qərarları › İş №2(105)-1837/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1837/2022

12.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1837/2022 12.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ilk və Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: özgəsinin qanunsuz sahibliyindən mənzilin geri tələb olunması, mənzildən çıxarılması və pul tələbinə dair) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi Nümayəndə Möhsüm oğlunun iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(060)-146/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 1 ünvanında yerləşən 56 saylı mənzilindən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,89 kv/m, yaşayış sahəsi 47,31 kv/m, yardımçı sahəsi 20,58 kv/m olan 56 saylı mənzil qanunu əsaslarla 1990-cı ildən İddiaçı sahibliyində olmuşdur. xx.xx.2007-ci il tarixdə də o, həmin mənzili özəlləşdirmişdir. Azərbaycan Pespublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş seriya MH, № ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Reyestrindən Çıxarış əsasında həmin mənzil tam mülkiyyət hüququ əsasında onun adına qeydə alınmışdır. Cavabdeh1 onun qardaşıdır, digər Cavabdeh2 sonuncunun arvadıdır. Onlar Gürcüstan Respublikasının vətəndaşlarıdır, daimi yaşayış yerləri Gürcüstan Respublikasının Bolnisi rayonunun Saraçılı kəndidir. Qardaşı Gürcüstan Respublikasından Azərbaycana köçdükdən sonra ona məxsus mənzildə məskunlaşmışdır. Bir müddətdən sonra o, Cavabdeh2 ilə evlənərək ailə qurmuş və onun razılığı ilə onlar ona məxsus mənzilə köçərək orada yaşamışlar. İşi ilə əlaqədar olaraq o, bir müddət Rusiya Federasiyasında yaşadığına görə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 56 saylı mənzili müvəqqəti yaşamaq üçün cavabdehlərin əvəzsiz istifdəsinə vermişdir. Rusiyadan qayıtdıqdan sonra özü də ailə qurmuş və arvadını həmin mənzilə köçürtmüşdür. Hazırda o, arvadı və xx.xx.2014-cü il təvəllüdlü oğlu - Məhəmməd İsayev cavabdehlərlə birgə ona məxsus mənzildə yaşayırlar. Cavabdehin iki yetkinlik yaşına çatmayan uşaqları da həmin mənzildə yaşayırlar. Son zamanlar cavabdehlərlə mənzillə bağlı mübahisələr və münaqişələr baş verdiyinə görə, onlarla birgə yaşamaqları qeyri-mümkündür. Bir neçə dəfə cavabdehlərə ona məxsus mənzilin boşaldılması təklifini etsə də, bu təkliflər cavabsız qalmışdır. Cavabdehlər qanuna zidd hərəkətləri ilə aşkar şəkildə iddiaçının mənzil üzərində olan mülkiyyət hüququnu pozurlar. Belə bir vəziyyətin saxlanılması onu qane etmir, çünki mülkiyyətində olan mənzilə dair sərəncam vermək hüququnu həyata keçirə bilmir və mənzildən istifadə etmək hüququndan faktiki olaraq məhrum olunmuşdur. Mənzilin üzərində mülkiyyət hüququnu bərpa etmək başqa yolla mümkün olmadığına görə, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, ünvan 1 ünvanında yerləşən 56 saylı mənzilin təmirinə çəkdiyi 19.000 manat xərcin və 30 manat ödədiyi dövlət rüsumunun İddiaçı tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 1991-ci ildən anasının vəsaiti ilə ünvan 1 ünvanında yerləşən 56 saylı mənzil alınmışdır. Mənzil İddiaçı adına sənədləşdirilib çıxarış alınmışdır. Onlar köçüb getdikdən sonra anası, qardaşları və bacısı sözü gedən mənzilə köçmüşdür. Ev təmirsiz, və bərbad halda olmuşdur. Bacısı ailə həyatı qurub ər evinə köçmüşdür. Qardaşının biri geri ata yurduna yaşamaq üçün köçmüş, İddiaçı iki ildən sonra X4 şəhərinə köçmüşdür. İbrət ailəsi birlikdə sözügedən mənzildə qalaraq bu günə kimi həmin mənzildə yaşayır. Bacısı və qardaşları evi alandan iki üç ildən köçdükdən sonra evi təmir etmək məcburiyyətində qalmışdır. Əslən Gürcüstan Respublikasının vətəndaşı olan kəndliləri usta X7 ilə görüşmüş və ona yaşadığı mənzili təmir etdirmək istədiyini bildirmişdir. Yerində mənzilə baxış keçirib təmir üçün zəhmət haqqı 3000 manata razılaşmışlar. Əvvəlcə ona ilkin olaraq 1000 manat, işi tamamlamağa az qalmış yenə 1000 manat, iş tamamlanandan sonra isə ona 1000 manat da pul vermişdir. Amma usta İbrətin anlayışı olmadığı üçün materialların alınmasında şəxsən iştirak etmişdir. Onun iştirakı ilə alınmış materiallara 16.000 manat pul vermişdir. Hələ pulu çatmadığından otağın birinin döşəməsini vurdurmuş, qalan hissəni isə təmir edə bilməmişdir. Həmin pul ilə mənzillərin döşəməsini, qapılarını, pəncərələrini dəyişmişdir. Hamam və ayaqyolunu yenidən qurmuş, istilik sistemini, hər iki tərəfdən eyvan yığdırmışdır. Evin giriş qapısını metaldan düzəltdirərək dəyişmişdir. Elektrik naqillərini dəyişərək, mis naqillərlə əvəz etmişdir. Tavanı alçıbanla, fiqurlarla yığdırmışdır. Bu gördüyü işlər barəsində X5 və X2 da məlumatlıdırlar. Ona görə də mənzilin təmiri ilə əlaqədar çəkilən xərcin alınması ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. İlk iddia üzrə İddiaçı qarşılıqlı iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmuşdur. Etirazda göstərilir ki, qarşılıqlı iddia üzrə iddiaçı tələbində göstərir ki, guya o, mənzilin təmirinə təxminən 12 il əvvəl 19.000 manat məbləğində xərc çəkmiş, həmin məbləğin 3.000 manatı mənzili təmir edən ustaya zəhmət haqqı kimi ödənilmiş, qalan 16.000 manatı isə material almaq üçün ustaya verilmişdir. Həmin vaxt pulu çatmadığına görə mənzilin 1 otağını təmir etdirə bilməmişdir. Cavabdeh1 mənzilin bir hissəsini təmir etdirsə də, həmin təmirin həcmini və təmirə çəkilən xərclərin məbləğini həddindən artıq şişirtmişdir. Mənzil təmir olunan zaman tikinti materialların alınmasına cavabdeh tərəfindən göstərilən xərclərin çəkilməsi reallığı əks etdirmir və heç bir mötəbər sübutla təsdiq olunmur. Bundan əlavə sanitar qovşaq təxminən 15-20 il əvvəl onun tərəfindən necə təmir olunubsa bugünki günə kimi də, olduğu kimi qalır. O, ailəsilə birgə Rusiya Federasiyasında bir müddət yaşadığına görə cavabdeh ailəsi ilə birgə təmir etdiyi mənzildə yaşamaqla ondan faydalanmışdır. Ona görə də qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda istifadədə olan 0,16 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 5 mərtəbəli binanın 6-cı girişində, 1-ci mərtəbəsində yerləşən 67,89 kv.m ümumi, 47,31 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 56 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 187 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" MMC-nin 14 saylı, xx.xx.2021-ci il tarixli hesabatından görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 8 saylı evin 56 saylı mənzilinin təmirinə çəkilmiş xərcin dəyəri 19503,50 manat təşkil edir. Hesabata əlavə edimiş fotoşəkillərdən görünür ki, mənzil hissəvi olaraq yaşayış üçün qismən yararlı vəziyyətə gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6018 saylı ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 8 saylı evin 56 saylı mənzilinin təmirinə çəkilmiş xərcin ümumi məbləği hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun olaraq 19.009,20 manat məbləğində müəyyən olunur. AN-İ № ******* xx.xx.2022-ci il tarixli daşınmaz ımlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən 8 saylı evin 56 saylı mənzilini X3 60.000 manata satmışdır. Həmin alqı-satqı müqaviləsinin 8-ci bəndində görünür ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1 nümayəndəsi Nümayəndə Möhsüm oğlu izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə mübahisəli mənzili qızı Afət Hacıyeva almışdır. Mənizli alarkən orada kənar şəxslərin yaşamasını bilməmişdir, alqı-satqı müqaviləsində satıcı öhdəlik götürmüşdür ki, ev boş vəziyyətdə təhvil veriləcək. Ona görə də ilkin iddia tələbinin təmin edilib, mənzilin boşaldılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin araşdırması zamanı şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Cavabdeh1 evində usta işləmiş və həmin vaxt İddiaçı Rusiya Federasiyasında yaşayırdı. İbrət ona mənzilin təmiri üçün zəhmət haqqı olaraq 3000 manat pul vermiş və İbrətlə birgə təmir üçün iazım olan material almışdır. Materialın pulu təxminən 15000-16000 manatı əhatə edirdi. Evin qapı-pəncərəsi, istilik sistemi dəyişilmiş, hər iki tərəfdən eyvan və tavan alçipanla yığılmışdır. İbrət evin 1 otağından başqa hər yeri təmir etdirmişdir. Hətta evin hamamına 1500-2000 manat məbləğində xərc çəkmişdir. Evi 13 il əvvəl təmir etdiyindən sahəsinin nə qədər olduğunu xatırlamır. Şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, hazırda tərəflərin yaşadığı bina ilə üzbəüz binada yaşayır. İbrətin yaşadığı 3 otaqlı mənzil Namaza məxsusdur. Namaz 3 ilə yaxındır ki, Rusiyadan qayıdıb. Bu vaxta qədər həmin evdə İbrət yaşamış, yaşadığı evi təmir etdirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(060)-146/2022 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı özgəsinin qanunsuz sahibliyindən mənzilin geri tələb olunması və mənzildən çıxarılması tələbinə dair ilk iddiası təmin edilib, Cavabdeh1, Cavabdeh2, uşaqları X10 və X9 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 56 saylı mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılması, Cavabdeh1 İddiaçı qarşı mübahisəli mənzilin təmiri üçün çəkilən 19.000 manat xərcin və 30 manat ödədiyi dövlət rüsumunun tutulması barədə qarşılqılı iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələblərinə hüquqi qiymət verərək hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən 56 saylı mənzil İddiaçı mülkiyyətindədir və həmin mənzil Cavabdeh1 əvvəsiz olaraq istifadəyə vermiş, cavabdeh bir müddət orada yaşadıqdan sonra mənzilin yaşayış üçün tam yararlı olmadığını görərək, mülkiyyətçi İddiaçı məlumat vermədən, mənzilin sanitar qovşağında, mətbəxində və yaşayış sahəsinin bir hissəsində təmir-bərpa işləri görmüşdür. Cavabdehin etirafına əsasən həmin təmir-bərpa işləri görülmədən mənzildə yaşamaq mümkünsüz olmuşdur. Bundan sonra iddiaçının öz mənzilinə ehtiyacı yaranmış və cavabdehlərdən məzilin boşaldılmasını xahiş etdikdə, sonuncular mənzildən çıxmayaraq, iddiaçıya mülkiyyətindən sərbəst istifadə etməyə maneələr yaratmışlar. İddiaçı pula eytiyacı yarandığından məcburiyyət qarşısında qalaraq mənzili alqı-satqı yolu ilə digər şəxsə satmış və alqı-satqı müqaviləsi ilə mənzili boşaldaraq üçüncü şəxslərin hüquqlarından azad alıcıya təhvil vermək öhdəliyi götürmüşdür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 60-cı maddələri, Mülki Məcəllənin 152, 157.2, 157.4, 397.2, 572.1, 572.2, 732, 733.1, 734.1, 736.1, 736.2, 736.3, 737, 738, 680.1, 680.1.1, 680.2, 1087.1, 1087.2, 1090.1, 1090.2, 1090.3-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(060)-146/2022 nömrəli qətnaməsinin ləğv edilib, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcələsinin 152, 157.1, 157.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinin və MPM-nin 9, 14.2, 54.1, 54.2-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 1991-ci il tarixində yuxarıda göstərilən ünvanda anasının vəsaiti ilə üç otaqlı mənzil alınmışdır. Mənzil İddiaçı adına sənədləşdirilib çıxarış alınmışdır. Onlar köçüb getdikdən sonra anası, qardaşları və bacısı sözü gedən mənzilə köçmüşdür. Ev təmirsiz, və bərbad halda olmuşdur. Bacısı ailə həyatı qurub ər evinə köçmüşdür. Qardaşının biri geri ata yurduna yaşamaq üçün köçmüş, İddiaçı iki ildən sonra X4 şəhərinə köçmüşdür. İbrət ailəsi birlikdə sözügedən mənzildə qalaraq bu günə kimi həmin mənzildə yaşayır. Bacısı və qardaşları evi alandan iki üç ildən köçdükdən sonra evi təmir etmək məcburiyyətində qalmışdır. Qardaşı Namazla əvvəllər münasibəti yaxşı olsa da, aralarında heç bir söz-söhbət olmamışdır. Hətta onun keçirdiyi ağır xəstəliyi zamanı müalicəsini də öz vəsaiti hesabına etdirmişdir. Mənzilin təmirinə görə 20.000 manat pul xərcləmiş və mənzilin təmirinə başladığı zaman qardaşına məlumat vermişdir. Məhkəmənin təşəbbüsü ilə mütəxəssis rəyinə ehtiyac olunduğundan “Tərəqqi MMC-yə müraciət olunmuş və 14 saylı, xx.xx.2021-ci il tarixli hesabatından görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşəm 8 saylı evin 56 saylı mənzilinin təmirinə çəkilmiş xərcin dəyəri 19503,50 manat təşkil edir. Hesabata əlavə edilmiş fotoşəkillərdən də görünür ki, mənzil hissəvi olaraq yaşayış üçün qismən yararlı vəziyyətə gətirilmişdir. Məhkəmə mütəxəssis rəyi ilə razılaşmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə yenidən qiymətləndirmə məqsədi ilə müraciət etmişdir. Məhkəmənin müraciəti əsasında ekspertiza keçirilmiş və xx.xx.2022-ci il tarixli, 10/6018 saylı ekspert rəyindən görünür ki, 19009.20 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda məhkəmədə sübut olunmuşdur ki, mənzil təmirsiz vəziyyətdə olmuşdur, ona mən xərc çəkmişdir. Bunu iddiaçı özü də təsdiqləmişdir. Lakin çəkilən xərcdə fikir ayrılığı olmuşdur. Çəkilən xərc onun tərəfindən olmuşdur, pul olmuşdur. Həmin pul onun və ailəsinin birgə nikahdan yığdığı pul idi. Onun mülkiyyəti hesab edilirdi. Öz pulundan ibarət olan mülkiyyətindən cavabdehin ucbatından məhrum olunmuşdur. Hələ mülki iş məhkəmə icraatında olarkən X3 Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 8 saylı evin 56 saylı mənzilini 60.000 manata satmışdır. X6 da sözügedən mənzilə xx.xx.2022-ci il tarixdə AH-İ ******* №-li Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında çıxarış almışdır. Göründüyü kimi ev onun içində yaşaya-yaşaya, məhkəmə mübahisəsi ola- ola cavabdeh evi onun təmir xərcinin hesabına baha qiymətə satmış, bütün pulları da özü götürmüşdür. Bununla da o, onun vəsaiti hesabına əsassız varlanmışdır. Göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən artıq İddiaçı öz statusunu itirmiş və məhkəmədə iddiaçı qismində çıxış edə bilməzdi. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Apellyasiya icraatı iştirakçılarının izahatları İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi Nümayəndə Möhsüm oğlu apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə ilk iddia üzrə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunan şəxsin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 397.2. Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Maddə 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Maddə 572.2. Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Maddə 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1-ci maddəsinə əsasən- binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; 680.2-ci maddəsinə əsasən- Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Maddə 732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Maddə 733.1. Əvəzsiz istifadəyə verilən əşyanı kirayəyə verən kirayəçi qarşısında yalnız qəsdən və ya kobud ehtiyatsızlıq üzündən törədilmiş əməllər və ya qüsurlar üçün məsuliyyət daşıyır. Maddə 734.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. Maddə 736.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Maddə 736.2. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Maddə 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Maddə 737. Kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. Maddə 738. Kirayəyə verənin əvəzsiz istifadəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüquqları, habelə kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzinin ödənilməsi hüquqları altı aydan sonra, müddətin keçməsinə görə qüvvədən düşür. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Maddə 1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Maddə 1090.3. İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. Beləliklə, işin faktiki halları ilə müəyyən olur ki, ünvan 1 ünvanında yerləşən 56 saylı mənzil İddiaçı mülkiyyətindədir və həmin mənzil Cavabdeh1 əvvəzsiz olaraq istifadəyə vermiş, cavabdeh bir müddət orada yaşadıqdan sonra mənzilin yaşayış üçün tam yararlı olmadığını görərək, mülkiyyətçi İddiaçı məlumat vermədən, əvvəldən onun fikrini öyrənmədən və razılığını almadan özünün və aiəsinin mənzildə normal yaşayışını təmin etmək üçün mənzilin bir hissəsində təmir-bərpa işləri görmüşdür. Cavabdehin etirafına görə həmin təmir-bərpa işləri görülmədən mənzildə yaşamaq mümkünsüz olmuşdur. Sonradan isə iddiaçının yaşamaq üçün öz mənzilinə ehtiyacı yaranmış və cavabdehlərdən məzilin boşaldılmasını xahiş etdikdə, sonuncular mənzildən çıxmayaraq, iddiaçıya mülkiyyətindən sərbəst istifadə etməyə maneələr yaratmış, ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını məhdudlaşdırmışlar. İddiaçı pula eytiyacı yarandığından məcburiyyət qarşısında qalaraq mənzili alqı-satqı yolu ilə digər şəxsə satmış və alqı-satqı müqaviləsi ilə mənzili boşaldaraq üçüncü şəxslərin hüquqlarından azad alıcıya təhvil vermək öhdəliyi götürmüşdür. Apellyasiya şikayətinin dəlilləri qarşılıqlı iddia ərizəsi ilə eyni məzmum daşımışdır və birinci instansiya məhkəməsi tərəfindən həmin hallar araşdırılaraq tam qiymət verilib. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 birinci instansiya məhkəməsin qətnaməsinin ləğv edilməsi hallarına dair dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(060)-146/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar