Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1839/2021 09.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı nümayəndələri X1 və X2, Cavabdeh Babayeva (Musayeva) Səbinə Sabir qızının, işə cəlb edilməyən, lakin qətnamə maraqlarına toxunan şəxs X6, Onların vəkili X14 iştirakı ilə, İddiaçı cavabdeh Babayeva (Musayeva) Səbinə Sabir qızına qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1528/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh Babayeva (Musayeva) Səbinə Sabir qızı və işə cəlb edilməyən, lakin qətnamə maraqlarına toxunan şəxs X16 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1528/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) iddia təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən 1009 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Babayeva (Musayeva) Səbinə Sabir qızı və işə cəlb edilməyən, lakin qətnamə maraqlarına toxunan şəxs X16 ondan apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1528/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı Babayeva (Musayeva) Səbinə Sabir qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən 1009 saylı fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, cavabdehlə 04.11.2011-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və onların birgə nikahdan 29 avqust 2012-ci il təvəllüdlü X7 və 15 dekabr 2015-ci il təvəllüdlü X8 anadan olmuşdur. O, atasına məxsus mənzili sataraq Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən sahəsi 1 sot (0,01 ha) torpaq sahəsi almış və həmin torpaq sahəsi üzərində 35000 manat vəsait sərf etməklə 3 otaqlı fərdi yaşayış evi inşa etmişdir. Həmin evə qaz, işıq və su sayğacları qoyulmuş, bütün bu kommunal xidmət sahələri onun adına sənədləşdirilmişdir. Lakin cavabdehlə aralarında münasibətlər pozulmuş və Cavabdeh məhkəmədə ona qarşı nikahın pozulması barədə iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(060)-5143/2019 saylı qətnaməsinə əsasən iddia təmin edilməklə nikah ləğv edilmiş, ondan hər iki uşağa cəmi 320 manat sabit pul məbləğində aliment tutulmuşdur. Boşandıqdan sonra da o, qeyd edilən fərdi yaşayış evində yaşamış, lakin cavabdeh 07.04.2020-ci il tarixdə evin çöl giriş-çıxış qapısının açarını dəyişməklə onu evə buraxmamış, cavabdeh və anası onu hədələmiş, polisə şikayət edəcəklərini bildirmiş və bu səbəbdən də o, həmin gecəni avtomaşında gecələmiş, səhərisi günü isə AR DİN-nin 102 xidmətinə şikayət etmişdir. Bu məsələ ilə bağlı Sumqayıt şəhər Pİ-nin 2-ci Polis Bölməsində araşdırma aparılmış və həmin vaxt cavabdeh özü də qapının açarını dəyişdiyini və onu evə buraxmadığını etiraf etmişdir. Ona həmin vaxt izah edilmişdir ki, o həmin evə köçürülmə ilə bağlı məhkəməyə müraciət etməlidir. Mübahisəli fərdi yaşayış evi onun tərəfindən inşa edilmiş, kommunal xidmət sahələri (qaz, işıq, su) onun adına qeydə alınmış və tərəfindən bu xidmətlərə görə ödənişlər aparılmışdır. Mübahisəli fərdi yaşayış evindən qovulduğu üçün o, başqa ünvanlarda müvəqqəti sığınacaq tapmaq məcburiyyətində qalmışdır, çünki onun yaşamağa başqa daimi yaşayış yeri yoxdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh Babayeva (Musayeva) Səbinə Sabir qızı və işə cəlb edilməyən, lakin qətnamə maraqlarına toxunan şəxs X16 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olmasına baxmayaraq onun təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. Məhkəmə iclasında onların iştirakı təmin edilməmiş və mübahisə üzrə mövqeləri araşdırılmamışdır. Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən 1009 saylı fərdi yaşayış evinin iddiaçıya və cavabdehə heç bir aidiyyəti yoxdur, həmin fərdi yaşayış evi, habelə onun yerləşdiyi torpaq sahəsi apelyantlardan X9 məxsusdur. İddiaçı iddia ərizəsində göstərmişdir ki, guya evin bütün kommunal xidmət sahələri onun adınadır, halbuki hazırki günədək komunal xidmətlərdən işıq X6 mərhum həyat yoldaşı X10, su Cavabdeh, qaz, telefon və internet xidməti isə X6 adınadır. Məhkəmə iclasında iddiaçının şahidləri bildirmişlər ki, onlar 2 il əvvəl bu evin tikintisində işləmişlər. Bu, tamamilə absurd və ağ yalandır. Belə ki, mübahisə predmeti olan ev 2 il əvvəl deyil 11 il əvvəl - 2012-ci ildə inşa edilmişdir. 2 il əvvəl isə, iddiaçı həqiqətən də cavabdehlə birgə nikah dövründə ümumi birgə gəlirlər hesabına həmin ustalara ayrıca ev tikdirib, bu ev mübahisəli evin qonşuluğunda yerləşir və hazırda iddiaçı tərəfındən kirayə verilmişdir. İddiaçının şahidlərindən biri isə, evin 5 daş üstündə tikildiyini göstərib, halbuki, mübahisəli ev 8 daş üzərindədir. X13 sübut kimi istinad etdiyi Kimyaçılar qəsəbəsi üzrə 2 saylı Məhəllə Komitəsinin 25.11.2020-ci il tarixli arayışından görünür ki, guya İddiaçı ünvan 1 ünvanında 2003-cü ildən yaşamışdır. Həmin ev isə 2003-cü ildə yox, 2012-ci ildə tikilib, iddiaçı ilə cavabdeh 2011-ci ildə nikaha daxil olublar, 2003-cü ildə onların 14-15 yaşı olardı. Bundan əlavə, iddiaçı öz iddia ərizəsində göstərir ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində 1 sot torpaq sahəsi alaraq üzərində 3 otaqlı ev tikdirmişdir. İddiaçı İnşaatçılar qəsəbəsində ev tikdirdiyini desə də, hakm onun Kimyaçılar qəsəbəsində tikilmiş evə köçürülməsi barədə qətnamə çıxarmışdır. Ən azından bir dəfə yerli baxış təyin etməklə, evin hansı qəsəbədə olduğunu, neçə daş üstündə tikildiyini, neçənci ildə tikildiyini və ən nəhayət kimə məxsus olduğunu müəyyən edə bilərdi. Həmin ev X6 şəxsi vəsaiti və həyat yoldaşının faciəvi şəkildə vəfat etməsinə görə ödənilmiş kompensasiya hesabına tikilmiş və iddiaçı ilə cavabdehə ailə kimi yaşamaq üçün verilmişdir. İddiaçı iddia edir ki, guya həmin ev onun vəsaiti hesabına tikilib, bu tamamailə əsassız fikirdir, çünki iddiaçının kredit borclarını da həmişə X16 ödəmişdir. Təsadüfi deyil ki, tərəflərin boşanmasından sonra iddiaçı bütün günü kredit borclarına görə məhkəmələrdədir. Beləliklə, iddiaçının mübahisəli evə heç bir aidiyyəi olmadığından həmin evin sahibi olan Kübra Babayeva ilə aralarında heç bir qohumluq münasibəti qalmadığından onun həmin evə köçürülməsi barədə qətnamə tamamilə qanunsuz və əsassızdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia rədd olunmalıdır. Apelyasiya baxışı zamanı Cavabdeh Babayeva (Musayeva) Səbinə Sabir qızı şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. O, əlavə etdi ki, mübahisəli ev anasınındır və iddiaçının ora köçürülməsi qanunsuzdur. Həmin evin yanında o və keçmiş əri birgə nikah zamanı yeni ev inşa etmişlər. Bundan başqa isə, iddiaçının İnşaatçılar qəsəbəsində də evi var. Bu hallar mütləq nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının iclasında işə cəlb edilməyən, lakin qətnamə maraqlarına toxunan şəxs X16 da şikayəti müdafiə edərək göstərdi ki, mübahisəli evi o, mərhum ərinin ölümünə görə verilən kompensasiya vəsaiti, yəni “qan pulu” ilə inşa etdirmişdir. Bu evin təməli hələ tərəflər nikaha girməmişdən çox öncə atılmış və 2011-ci ildə inşası başa çatmışdır. Qızının ailəsinin yaşamağa yeri olmayan zaman o, onları burada müvəqqəti yaşamağa icazə vermişdir. Sonradan onlar bu evin lap yaxınlığında sadə görkəmli bir mərtəbəli ev inşa etmişlər. Hazırda isə qızından boşanmış şəxsin onun sahibliyində olan evə köçürülməsi nə qanunlara, nə də adətlərə uyğun deyil. Buna görə də şikayət təmin edilməli, qətnamə isə ləğv olunmalıdır. Apelyasiya baxışı zamanı cavabdeh Babayeva (Musayeva) Səbinə Sabir qızının, və işə cəlb edilməyən, lakin qətnamə maraqlarına toxunan şəxs X6 vəkili X18 da apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə kəllegiyasının iclasında İddiaçı nümayəndələri X5 və X11 bildirdi ki, mübahisəli evi köhnə mənzillərini satmaqla əldə edilmiş vəsait hesabına tikdirmişlər. İnşaatçılar qəsəbəsindəki ev isə F.M.Musayevə məxsusdur. Mübahisəli ev onların vəsaiti hesabına tikildiyindən iddiaçının bu evdə yaşama hüququ var. Cavabdeh isə onun bu hüquqlarını pozduğundan iddiaçının bu evə köçürülməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır. Sonda onlar şikayətin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(060)- 5143/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Babayeva (Musayeva) Səbinə Sabir qızı arasında bağlanmış 04.11.2011-ci il tarixli nikah pozulmuş, 29.08.2012-ci il təvəllüdlü X3 və 15.12.2015-ci il təvəllüdlü X4 anaları Babayeva (Musayeva) Səbinə Sabir qızının yanında qalmaları qət edilmişdir. Yenə işdə olan Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi üzrə 2 saylı Məhəllə Komitəsinin 25.11.2020-ci il tarixli arayışlarından görünür ki, İddiaçı ünvan 1 ünvanında 2013-cü ildən yaşayır. Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində nömrəsi göstərilməyən evi 2013-cü ildən özü tikib. İşə əlavə olunmuş 146 saylı, 11 may 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsindəki 274A saylı evdə qeydiyyatsız yaşayır. Yenə işə əlavə olunmuş abonent haqqında "xxxx" ASC-nin məlumat və bildirişlərindən görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 34 saylı evdə yaşayan Sabir Babayevin adına **********00034 saylı abonent kodu işlənmişdir. Yenə də işə əlavə edilmiş su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 28 yanvar 2021-ci il tarixli müqavilədən görünür ki, istehlakçı qismində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 274/A saylı evdə yaşayan Cavabdeh göstərilmişdir. İş materiallarında olan abonent saldosundan (Azəriqaz İB) görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 34 saylı evdə yaşayan İddiaçı adına **********00340 saylı abonent kodu işlənmişdir. Yenə işdə olan abonent kartından (Azərsu ASC) görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 274/A saylı evdə yaşayan İddiaçı adına **********000 saylı abonent kodu işlənmişdir. İş materiallarında olan “Etilen-Polietilen” Zavodunun 0009 saylı, 09 aprel 2021-ci il tarixli arayışından görünür ki, X16 01 may 2000-ci il tarixdən maşınist vəzifəsində işləyir və aylıq əmək haqqı 1012 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, dəqiq tarixi ona məlum olmasa da, təxminən 2 il əvvəl Seyfəddin adlı usta yoldaşı ilə birlikdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisində usta kimi iştirak etmişdir. Evin tikintisi ilə bağlı Daşqının atası ilə danışıqlar aparılmışdır. Tikinti aparıldığı müddətdə onlara Daşqın nəzarət etmişdir. Ev 5 daş üstündə tikilib, 3 otaq, 1 mətbəxdən ibarət olub. Daşqını evin tikintisi ilə bağlı tanıyıb, əvvəl hər hansı bir tanışlıqları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, iş üzrə tərəfləri tanıyır, Səbinə ilə bir yerdə oxumuşlar. Özü usta fəaliyyəti ilə məşğul olaraq santexnika işləri yerinə yetirir. Təxminən 2013-cü ilin axırlarında Daşqının atası evə su çəkilməsi lazım olduğu üçün onu çağırmış, o da Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən fərdi yaşayış evinə su çəkmişdir. Evə su çəkən zaman orada yaşayış olmamışdır. Ona məlum olduğu qədərilə ev Daşqının evi olub. Həmin vaxt Daşqın evli idi, atasının evində yaşayırdı. Atasının evi bina evi idi, sonradan eşitmişdir ki, Daşqıngil həmin bina evini satdıqdan sonra hazırki sənədsiz evi tikib, oraya köçüb yaşamağa başlamışdır. Bir dəfə Daşqın kombini təmizləmək üçün onu evə çağrımış, həmin vaxt Daşqının ailəsi ilə birlikdə orada yaşadığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, iddiaçı Daşqını məhəllə uşağı kimi 15 ildir ki, tanıyır. Sumqayıt şəhəri, S.Vurğun küçəsində bir evdə qalıblar. Təxminən 2 il bundan əvvəl Daşqının Kimyaçılar qəsəbəsində yerləşən evində tamet daşları vurma və beton işlərini görmüşdür. Həmin vaxt evdə yaşayış olmuşdur. Hazırda isə Daşqının ailəsi orada yaşayır, özü isə kirayədə qalır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İH Memarlıq və Şəhərsalma İdarəsinin İddiaçı göndərdiyi 14 avqust 2018-ci il tarixli, M-99 saylı məktubdan görünür ki, onun Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində 53,43 kv.metr sahədə 1 mərtəbəli tikilinin inşası ilə bağlı təqdim etdiyi eskiz layihəsinə baxılmış və təsdiq edilmişdir. Yenə iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, tərəflərin bildirdikləri evlər bir-biri ilə qonşuluqda yerləşir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər birgə nikahda olduqları müddətdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evi inşa etdirərək orada birlikdə yaşamışlar. Sonradan tərəflər arasında ailə münasibətləri pozulmuş, iddiaçı həmin tikiliyə cavabdeh tərəfindən buraxılmamışdır. Mübahisə predmeti olan ev özbaşına tikili olmaqla, onun hüquq müəyyənedici sənədlər yoxdur. Mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin ev mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Buna görə də İddiaçı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən 1009 saylı fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, çünki bu nəticə işin faktiki hallarına uyğun gəlmir. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, tərəflər 04 noyabr 2011-ci il tarixdə rəsmi nikaha girmişlər və bu nikahdan onların Xədicə və Tahirə adlı uşaqları olmuşdur. Nikaha girdikdən sonra, tərəflər iddiaçının valideynlərinə məxsus mənzildə yaşamışlar. Lakin sonradan bu mənzil satılmışdır. Bundan sonra, tərəflər Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində cavabdehin anasına məxsus evdə yaşamış, daha sonra isə onun qonşuluğunda yerləşən 53,43 kv.m sahədə 1 mərtəbəli evi inşa etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 19.06.2019-cu il tarixli qətnaməsilə tərəflərin nikahları pozulmuş və birgə nikahdan doğulmuş uşaqlar Musayeva Səbinə Sabir qızının yanında qalmışlar. Hazırda İddiaçı Babayeva (Musayeva) Səbinə Sabir qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən 1009 saylı fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər isə iddiaçının qonşuluqda yerləşən birmərtəbəli evdə yaşadığını, həmin evin ona məxsus olduğunu, buna görə də Sumqayıt şəhər İH Memarlıq və Şəhərsalma İdarəsinin həmin evlə bağlı ona məktub ünvanladığını, evin eskiz-layihə sənədlərinin onun adına olduğunu bildirirlər. Beləliklə, işin tədqiq olunan faktik hallarından məlum olur ki, tərəflərin mübahisə obyektinə çevirdiyi iki fərdi yaşayış evi vardır. Hər iki ev özbaşına tikilidir, qonşuluqda yerləşir. İddiaçı köçmək istədiyi evi birgə nikah dövründə tikdiklərini, həmin evin qonşuluğunda yerləşən evin isə qardaşına məxsus olduğunu bildirir. Əksinə, cavabdeh və qətnamə maraqlarına toxunan şəxs qonşuluqda yerləşən evin İddiaçı ilə Babayeva (Musayeva) Səbinə Sabir qızının birgə nikah dövründə tikdirdikləri ev olduğunu, iddiaçının iddia etdiyi evin isə cavabdehin anasına məxsus olduğunu, həmin evin cavabdehin anası Kübra Babayevaya ərinin faciəli vəfatı səbəbilə ödənilmiş kompensasiya hesabına inşa edildiyini bildirirlər. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Onun sübutları mötəbər və legitim olmayıb, əsaslı şübhələrdən kənar deyildir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İH Memarlıq və Şəhərsalma İdarəsinin İddiaçı göndərdiyi 14 avqust 2018-ci il tarixli, M-99 saylı məktub, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində 53,43 kv.metr sahədə 1 mərtəbəli tikilinin inşası ilə bağlı eskiz layihə, o cümlədən tərəflərin təqdim etdiyi fotoşəkillər onu deməyə əsas verir ki, tərəflərin birgə nikah dövründə tikdirdikləri ev heç də iddiçının köçmək istədiyi ev deyil, qonşuluqda yerləşən birmərtəbəli evdir. Doğurudur, iddiaçı həmin evin qardaşına məxsus olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Cavabdeh, həmçinin qətnamə maraqlarına toxunan şəxs K.Babayeva apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmişlər. Məhkəmə kollegiyası hesab edir ki, özbaşına tikili olsa belə, nə qədər ki, torpaq sahəsi və mübahisəli ev tərəflərin birgə nikahı dövründə və vəsaitləri hesabına əldə edilməyib, iddiaçının həmin tikiliyə münasibətdə iqtisadi marağı formalaşa bilməz. Məhkəmə kollegiyası hesab edir ki, məhz bu səbəbdən iddiaçı oradan istifadə edə bilməz. Hazırkı Mənzil Məcəlləsinin anoloji (istər xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış və ya alınmamış yaşayış sahəsindən istifadəni tənzimləyən) normaları buna imkan vermir. Qeyd edildiyi kimi tərəflər arasında hüquq münasibətləri 2011-ci ildə yaranmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.10.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Daha öncə qeyd olunduğu kimi, özbaşına olsa belə iddiaçı tərəfindən köçürülməsi tələb olunan evlə qonşuluqda yerləşən və ona məxsus olan ev inşa edilmişdir. Tərəflərin izahatına görə həmin evdə yaşayış üçün hər şərait var. Başqa sözlə, işin sadalanan faktiki halları iddiaçının müəyyən müddətə olsa belə həmin evə köçürülməsini istisna edir. Yuxarıda da qeyd edildiyi kimi, mübahisəli ev iddiaçının və cavabdehin vəsaiti ilə inşa edilmədiyindən, bu evin tikilməsində onun hər hansı rolu (iqtisadi marağı) və iştirakı olmadığından İddiaçı oraya köçürülməsi əsaslı hesab oluna bilməz. Hazırkı halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisəli evin faktiki sahibi K.Babayevanın qızı Cavabdeh ilə vaxtilə nikahda olmasına əsaslanması və buna görə də həmin evə köçülüməli olması barədə dəlili əsassızdır və bu hal, evin sahibi K.Babayevanın hüquqlarının pozulması, o cümlədən İddiaçı öz hüququndan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir, halbuki bu qanunla qadağandır (Mülki Məcəllənin 560cı maddəsi). Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsindəki 1009 saylı evə köçürülməsi barədə iddiası əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1528/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 10 manat dövlət rüsumu İddiaçı tutularaq işə cəlb edilməyən, lakin qətnamə maraqlarına toxunan şəxs X9 qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1528/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Babayeva (Musayeva) Səbinə Sabir qızına qarşı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 1009 saylı fərdi yaşayış evinə köçürülmə tələbinə iddiası təmin olunmasın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı tutularaq işə cəlb edilməyən, lakin qətnamə maraqlarına toxunan şəxs X9 qaytarılsın Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1839/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1839/2021
09.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver