Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1843/2022 19.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, Maraqlı şəxsin nümayəndəsi: X2 iştirakı ilə, Ərizəçi maraqlı tərəf Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2017-ci il tarixli qətnaməsindən maraqlı tərəfin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2017-ci il tarixli qətnaməsi ilə (hakim İ.M.Mahmudov) Ərizəçi Dəvəçi rayonu Sarvan kənd kolxozunda 01 may 1974-cü il tarixdən 01 aprel 1978-ci il tarixə kimi kolxozçü işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faktının müəyyən edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun, Dəvəçi rayonu Sarvan kənd kolxozunda xx.xx.1974-cü il tarixindən xx.xx.1978-ci il tarixə kimi kolxozçu işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faltının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Dəvəçi rayonu, Sarvan kəndində anadan olmuşdur. 1.05.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixə kimi kolxozçu işləmişdir. Bu faktı onunla birgə işləmiş şahidlər təstiq edə bilərlər. Faktın təsdiqi yalnız məhkəmə qətnaməsi ilə mümkündür. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Maraqlı tərəfin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əlilliyə görə pensiya alan bir sıra vətəndaşların onlara əlillik təyin edilməsi zamanı əsas götürülmüş sənədlər nəzərdən keçirilərkən 2020-ci ilin iyununda Sumqayıt şəhəri üzrə bir sıra vətəndaşların sosial ödənişlərin təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciəti zamanı iş stajının təsdiq edilməsi qismində təqdim etdikləri məhkəmə qətnamələrində işin faktiki hallarına əsaslı şübhələr yaranmışdır. Belə ki, müvafiq qətnamələr üzrə araşdırma aparılaraq müəyyən edilmişdir ki, 30-a yaxın hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair eyni region, eyni kateqoriya şəxslər barəsində eyni hakim tərəfindən eyni şahidlərdən istifadə olunmaqla 2016-2017-ci illər ərzində qəbul edilmiş qətnamələrdə ciddi pozuntulara yol verilmişdir. Araşdırma zamanı ortaya çıxmış şübhəli məqamlar Sumqayıt Şəhər Məhkəməsinə müraciət zamanı bu məhkəmənin 04 avqust 2021-ci il tarixli cavab məktubu ilə öz təsdiqini tapmışdır Həmin mülki işlərdən biri olan Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixə Dəvəçi rayonu Sarvan kəndi kolxozunda kolxozçu işləməsi faktı müəyyən edilməsidir. Birinci instansiya məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Ərizəçi xx.xx.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixə Dəvəçi rayonu Sarvan kəndi kolxozunda kolxozçu kimi işlədiyini, əmək kitabçası və əmək fəaliyyətinə dair sənədlərin əldə edilməsinin mümkün olmadığını bildirmişdir. 2006-cı ilədək qüvvədə olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2017-ci il tarixli 2(060)-5155/2017 nömrəli qətnaməsinə əsasən şahidlər ərizəçi ilə eyni müəssisədə birlikdə işləmələrini təsdiq edən hər hansı bir təsdiqedici sənəd məhkəməyə təqdim etməmişdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin gətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2017-ci il tarixli 2(060)-5155/2017 saylı iş üzrə qəbul edilmiş qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Maraqlı tərəfin nümayəndəsi G.T.Həzizadə apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, ərizəçinin həmin faktın təsdiq olunmasının şahid ifadələri ilə sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, maraqlı tərəf Nümayəndə apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Şahid qismində dindirilən X4 bildirdi ki, o, Dəvəçi rayonu, Sarvan kənd kolxozunda işləmiş, Ərizəçi Məhərəm qızı da onunla birgə Dəvəçi rayonu Sarvan kənd kolxozunda xx.xx.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixə kimi kolxozçu işləmişdir. Şahid qismində dindirilən X3 bildirdi ki, o, Dəvəçi rayonu, Sarvan kənd kolxozunda işləmiş, Ərizəçi Məhərəm qızı da onunla birgə Dəvəçi rayonu Sarvan kənd kolxozunda xx.xx.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixə kimi kolxozçu işləmişdir. Birinci instansiya məhkəməsi şahid ifadələrinə əsasən Ərizəçi 01 may 1974-cü il tarixdən 01 aprel 1978-ci il tarixə kimi Dəvəçi rayonu Sarvan kənd kolxozunda kolxozçu kimi işləməsi faktını müəyyən edərək ərizəni təmin etmiş, gəldiyi nəticəni də Mülki Prosessual Məcəllənin 307.1, 308-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən işin bütün hallarını araşdırmamışdır. AR ƏƏSMN-nin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Belə ki, ərizəçi xx.xx.1974-cü ildən xx.xx.1978-ci ilədək Dəvəçi rayonu Sarvan kənd kolxozunda kolxozçu işləməsini bildirsə də, bu faktı təsdiq edən əmək kitabçası mövcud deyil, həmçinin əmək kitabçasının mövcud olmaması əmək kitabçasının itməsi, yanması faktı qeydə alınmamış, arxivin məhv olmasına səbəb olan hər hansı təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallar baş verməmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının 6 nömrəli 24 sentyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları»nın 2.5-ci bəndinə görə də əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların o cümlədən qaçqın və məcburi köçkünlərin sosial sıgorta stajı məhkəmə qaydasında həll olunur. Göründüyü kimi, qeyd edilən qərara görə əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəçi qaçqın və ya məcburi koçkün olmadığı halda qeyd edilən Qaydaların 2.5-ci bəndinə istinad edərək ərizəni təmin etmişdir. AR Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə görə məhkəmə qaydasında müəyyən edilməli fakt hər şeydən əvvəl mövcud olmalı və həmin faktın təsdiqi üçün ərizəçi lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasn iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan Sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Lakin iş materiallarında şahid qismində dindirilmiş S.B.Rüstəmova və M.Ş.Məmmədovun qeyd edilən illərdə həmin İdarədə işləməsini təsdiq edən hər hansı sübutlar (arayış, əmək kitabçası) iş materiallarında mövcud deyildir. Məhkəmə yalnız şahidlərin ifadələrinə istinadən ərizəçinin də onlarla birlikdə qeyd ediləni darədə işləməsini müəyyən etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamış, müəssisənin, həmçinin sözügedən müəssisədə ərizəçinin və şahidlərin əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənədin mövcudluğu araşdırılmamış, lazımi sorğular göndərilmədən ərizə təmin edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Lakin iş materiallarından göründüyü kimi, ərizəçi ərizəsində məhkəmə qaydasında müəyyən etmək istədiyi faktın ona nə məqsəd üçün lazım olduğunu əsaslandırmamış, çatmaq istədiyi məqsədi göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası maraqlı tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Maraqlı tərəfin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 27 mart 2017-ci il tarixli 2(060)-5155/2017 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı tərəf Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1843/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1843/2022
19.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver