Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1843/2023 12.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh2 nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “zəbt olunmuş ərazinin boşaldılması, ümumi istifadədə olan su mənbəyinin həyətdən kənara çıxarılması, su mənbəyi üzərində örtülü hovuz düzəldilməsi və suyun truba vasitəsilə çəkilməsinə icazə verilməsi” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(074)-109/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş ərazinin 2m.x 2m. ölçüdə boşaldılmaqla ümumi istifadədə olan su mənbəyinin həyətdən kənara çıxarılması, su mənbəyi üzərində örtülü hovuz düzəldilməsi və suyun truba vasitəsilə həyətlərə çəkilməsinə icazə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qaladərəsi kəndi mövcud olandan indiyə kimi kəndin əksər hissəsi cavabdehin evinin yaxınlığında olan su mənbəyindən istifadə etmişlər. Əvvəllər həmin ərazi açıq olmuş, sonradan cavabdehin valideynləri tərəfindən çəpərə alınmışdır. Uzun müddət həmin sudan istifadə olunması ilə bağlı problem olmamışdır. Lakin son vaxtlarda cavabdeh özü su ilə bağlı problem yaratmışdır. Su arxının üstünə gətirib mal peyini tökmüş, onun yaxınlığına it bağlamışdır ki, heç kəs yaxına gələ bilməsin. Onun 84 yaşı var. Həmin sudan hazırda istifadə olunması qeyri-mümkündür. Tam antisanitar vəziyyətdədir heyvanları, toyuq cücəsi, qazları hər gün bu suyun içərisində olur. O, bu vəziyyətə son qoymaq üçün ümumi təklif etmişdir ki, icazə versin, su mənbəyində bir üstü örtülü hovuz tiksin, oradan suyu həyətlərə truba vasitəsi ilə bölüşdürərərək, təmizlik olsun. Cavabdeh isə ona imkan verməmiş, suyun qapağını bağlayaraq onlara tərəf suyu buraxmamışdır. Ona bildirmişdir ki, gedib özünə su axtarsın. Suyu da öz tərəfdən qazıb dərinləşdirib həyətinə yönəltmişdir. Su məcrasını dəyişmiş, su ümumiyyətlə, lazımsız yerə axıb gedir. Bu qədər su onun nəyinə lazımdır bilmir, həmin su bir truba ilə axsa ona ən aşağısı 200 mm-lik truba lazımdır. Bu qədər sudan onlara tərəf gəlməsinə imkan vermir. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi verdikdən sonra ona məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə cavabdehin adı qeyd edilməmişdir. Lakin hazırda cavabdeh orada yaşamaqla sudan istifadəyə mane yaratdığından oda cavabdeh qismində qalmaqla Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-109/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər tərəfindən zəbt edilmiş ərazi 2 metr x 2 metr ölçüdə boşaldılmaqla ümumi istifadədə olan su mənbəyinin cavabdehlərin həyətindən kənara çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 311 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim N.İsmayılov) Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-401/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 (vəkil X3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2026/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-401/2022 saylı mülki iş üzrə 24 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 nümayəndəsi Cavabdeh1 xx.xx.202023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin Cavabdeh2 tərəfindən alınmamasını, həmin qətnamənin surətini təqdim edilməsini xahiş etmiş, qətnamə xx.xx.2023-cü il tarixdə qəbzə imza edilməklə Cavabdeh1 tərəfindən alınmışdır. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-109/2022 nömrəli qərardadı ilə vəsatət təmin edilməmiş, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ərzində verildiyindən apellyasiya şikayətinin mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndə və vəkili Vəkil bildirdi ki, Şamaxı Rayon Məhkəməsində işə baxılanda təmsil etdiyi şəxs cavabdeh qismində işə cəlb olunub və həmin gün də iş üzrə qətnamə qəbul edilib. Məhkəmə prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozub. İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətini cavabdehə göndərməyib. Tərəf proses barədə məlumatlandırmayıb və onun iclasda iştirakını təmin etməyib. Cavabdehin yaşı 80-dən yuxarıdır. Nə apellyasiya, nə də Ali Məhkəmədə icraatdan xəbəri olmayıb. Cavabdehlər fərqli ünvanlarda yaşayırlar. Cavabdeh1 ünvanını dəqiq bilmir. Müvəkkili Bakıda övladlarının yanında yaşayır, çox vaxt rayonda olmur. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-109/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh2 ilə eyni statusda olan oğlu, digər Cavabdeh1 tərəfindən mübahisələndirilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-401/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermiş, işə kassasiya qaydasında baxılarkən Cavabdeh2 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə izahat ərizəsi ünvanlayaraq göstərmişdir ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ona təqdim edilməmiş, buna görə apellyasiya şikayəti verə bilməmişdir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-401/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək qətnamənin surətinin təqdim edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, cavabdeh X1 digər Cavabdeh2 oğlu olmaqla hər ikisinin mənafeyi eynidir və Seymur Nuriyev tərəfindən apellyasiya şikayəti, eləcə də kassasiya şikayəti verilərkən Cavabdeh2 məlumatı olmuşdur. Bununla da müəyyən edilir ki, Cavabdeh2 məhkəmə qətnamələrindən məlumatlı olmuşdur. Belə olan halda Cavabdeh2 Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən məlumatlı olduğu halda xx.xx.2022-ci il tarixdə (i.v.186) və xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin ona təqdim edilməsini qeyd edərək təkrar qətnamənin təqdim edilməsini xahiş etməsi onun məhkəmə qətnamələrindən məlumatlı olmaması mənasını daşımır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-401/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsinə kassasiya qaydasında baxılaraq qərar qəbul edilmiş, işə kassasiya qaydasında baxılan zaman Cavabdeh2 ərizə ilə məhkəmə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-401/2023 nömrəli, 24 yanvar 2023cü il tarixli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşə əlavə edilmiş (i.v.196) etibarnamədən görünür ki, Cavabdeh2 oğlu Cavabdeh1 onu təmsil etmək üçün xx.xx.2022-ci il tarixdə etibarnamə vermişdir. Bununla da müəyyən edilir ki, işə apellyasiya və kassasiya qaydasında baxılan zaman Cavabdeh1 Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olmuşdur. Belə olan halda Cavabdeh1 anası olan digər Cavabdeh2 adından məhkəmə iclasında iştirak edə, eləcə də məhkəmə qətnamələrindən şikayət verə bilərdi. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixdə qətnamə üzrə icra vərəqəsini vermiş, bundan sonra Cavabdeh2 nümayəndəsi qismində digər Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətinin təqdim edilməsini xahiş etmiş və qəbzə imza etməklə qətnamənin surətini almışdır. Cavabdeh2 adından oğlu, digər Cavabdeh1 tərəfindən qətnamənin surətinin alınması üçün ərizə ilə məhkəməyə müraciət edilməsi bir daha təsdiq edir ki, cavabdehlər məhkəmə qətnaməsinin icrasını yubatmaq üçün hazırki apellyasiya şikayətini vermişlər. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmaması və onların icra olunmamasına yönələn hərəkətlər X5 Məhkəməsinin presedent hüququna görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (Avropa Konvensiyasının) 6-cı maddəsinin – ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilir. Belə ki, X5 Məhkəməsinin bir cox qərarlarında, o cümlədən «Əfəndiyeva Azərbaycana qarşı» iş üzrə 25 oktyabr 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, iştirakçı Dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə cavabdehlərin mövqeyi eyni olduğundan, onların ana-oğul münasibətləri olduğundan, işə apellyasiya və kassasiya qaydasında baxılarkən Cavabdeh1 digər Cavabdeh2 adından çıxış etmək səlahiyyəti olduğundan, eləcə də Cavabdeh2 Ali Məhkəməyə izahat ərizəsi göndərdiyindən və işə kassasiya qaydasında baxılaraq yekun qərar qəbul edildiyindən iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin digər Cavabdeh2 tərəfindən yenidən mübahisələndirilməsi və işə yenidən apellyasiya qaydasında baxılması qanunvericiliyə uyğun deyildir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdehlərin ayrı ünvanda, Solmaz Nuriyavanın Bakı şəhərində yaşaması barədə dəlilinə qiymət verərək qeyd edir ki, bu halı sübut edəcək dəlillər iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən yuxarıda adalanan halları araşdırmamış, apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 qarşı “zəbt olunmuş ərazinin boşaldılması, ümumi istifadədə olan su mənbəyinin həyətdən kənara çıxarılması, su mənbəyi üzərində örtülü hovuz düzəldilməsi və suyun truba vasitəsilə çəkilməsinə icazə verilməsi” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(074)-109/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1843/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1843/2023
12.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver