Məhkəmə qərarları › İş №2(105)-1849/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1849/2021

22.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1849/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və cavabdeh Qusar rayonu Quxuroba bələdiyyəsinin sədri X3 iştirakları ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin 05.03.2007-ci il tarixli, 2-100/2007 saylı qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin 05.03.2007-ci il tarixli, 2-100/2007 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Tofiq Məmmədov) İddiaçı cavabdeh Qusar rayonu Quxuroba bələdiyyəsinə qarşı pay torpaq sahəsinin verilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Qusar rayonu Quxuroba bələdiyyəsinin ehtiyat torpaq fondu hesabından İddiaçı xüsusi mülkiyyətinə 0,42 ha pay torpaq sahəsi verilməsi, Qusar rayonu, Quxuroba kəndində yerləşən, Quxuroba bələdiyyəsinin ehtiyat torpaq fondu hesabından 0,42 ha pay torpaq sahəsinə İddiaçı adına mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsinə tapşırılması qət edilmiş, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi qətnamədən apellyasiya şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, 02 fevral 2007-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Qusar rayonu Quxuroba bələdiyyəsinin hesabından ona üçün 0,42 ha pay torpaq sahəsinin ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonunun Quxuroba kəndində aqrar islahatlar keçirilən zaman naməlum səbəblərdən ona pay torpaq sahəsi ayırılmamışdır. Aqrar islahatlar keçirilən zaman kənddə adambaşına 0,42 hektar torpaq sahəsi düşmüşdür. Bu normaya uyğun olaraq ona da 0,42 ha torpaq sahəsi düşməli idi. Torpağa mülkiyyət hüququ barədə aktlar gec verildiyi üçün adına torpaq sahəsinin ayrılmamasını sonradan bilmişdir. Aqrar islahatlar keçiriləndən sonra qalan torpaq sahələri Quxuroba bələdiyyəsinin balansına keçmişdir. Ona görə də cavabdeh Qusar rayonu Quxuroba bələdiyyəsinin hesabından ona 0,42 ha pay torpaq sahəsi ayrılmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız və qanunsuz hesab edir. Belə ki, İddiaçı verilmiş 0,42 ha torpaq sahəsi üzərində Qusar rayonu Quxuroba bələdiyyəsi mülkiyyət hüququna malik deyildir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Qusar rayonu Quxuroba bələdiyyəsinin sədri X5 mübahisənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdı. Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qətnamə hüquq və vəzifələrinə toxunan şəxsin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti başçısının Quxuroba kənd inzibati ərazi üzrə nümayəndəliyinin 12.02.2007-ci il tarixli, 185 saylı arayışından görünür ki, aqrar islahatlar zamanı naməlum səbəblərdən İddiaçı pay torpaq düşməmişdir və aqrar islahatlar zamanı adambaşına 0,42 ha pay torpaq sahəsi düşmuşdur. İş materiallarında olan Qusar rayonu Quxuroba bələdiyyəsinin 24 yanvar 2007-ci il tarixli, 08 saylı arayışından görünür ki, İddiaçı aqrar islahatlar zamanı pay torpaq sahəsi düşməmişdir və İddiaçı bələdiyyənin ehtiyat fondu torpaqlarından torpaq sahəsinin ayrılmasına etiraz etmir. İş materiallarına əlavə edilmiş Qusar rayon Dövlər Arxivinin 29.06.2021-ci il tarixli, 224 saylı arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu sabiq Şeyx Şamil adına sovxozun 1996-1998-ci illərin Aqrar İslahat Komissiyasının sənədlərində Quxuroba kənd inzibati ərazi üzrə Quxuroba kəndində torpaq payı düşənlərin 1-dən 1481 nəfərə qədər olan adlı siyahı mövcuddur, torpaq payı düşənlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. İşdən görünür ki, iddiaçının tələbi cavabdeh Qusar rayonu Quxuroba bələdiyyəsinin hesabından ona 0,42 ha pay torpaq sahəsinin ayırılması barədədir. Birinci instansiyası məhkəməsi iddianı təmin edərkən heç bir maddi hüquq normasına istinad etməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. “Torpaq islahatı haqqında” qanunun 12-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə görə bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Həmin qanunun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin qanunun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Sovxoz və kolxozların islahatı haqqında” qanunun 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. İddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi kodu 30120048 olan, JN-267 saylı torpağa mülkiyyətə hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayonu Aqrar İslahat Komissiyasının 5/1 saylı, 17.03.1998-ci il tarixli qərarı ilə X4 mülkiyyətinə Qusar rayonu Quxur kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,71 hektar torpaq sahəsi verilmişdir. Göründüyü kimi, Qusar rayonu Quxur kəndində torpaq islahatı 1998-ci ildə aparılmışdır. “Torpaq islahatı haqqında” qanunun 12-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinin mənasına görə bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququna malikdirlər. İş materiallarına əlavə edilmiş İddiaçı əmək kitabçasının surətindən görünür ki, 1989cu ildə X2 daxil olmuş, 1994-cü ildə təhsilini başa vurmuş, 2001-ci ildə Qusar rayonu Quxur kənd orta məktəbinə ocaqçı təyin edilmişdir. İş materiallarında İddiaçı torpaq islahatı aparılarkən Qusar rayonu Quxur kəndində daimi yaşaması barədə hər hansı sübut yoxdur. “Torpaq islahatı haqqında” qanunun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edəbilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan RespublikasıDövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq islahatı aparılarkən İddiaçı Qusar rayonu Quxur kəndində yaşadığı təsdiq edildiyi halda, həmin dövrdə ona pay torpaq sahəsinin verilməməsi barədə yerli və rayon aqrar islahat komissiyalarına müraciət etməsi barədə də iş materiallarında heç sənəd yoxdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Torpaq islahatı haqqında” qanunun 7-ci maddəsinin 2-ci hissəsinə görə bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 05.03.2007-ci il tarixli, 2-100/2007 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Qusar rayonu Quxuroba bələdiyyəsinə qarşı pay torpaq sahəsinin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar