Məhkəmə qərarları › İş №2(105)-1851/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1851/2022

17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1851/2022 17.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X2, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və geri qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli qətnaməsi ilə (hakim Ş.H.Nəcəfova) iddianın təmin edilməsi, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt qossesi, 7-ci km-də inşa etdiyi, bina 3, blok 3 ümumi sahəsi 83,40 kv.metr olan 3 otaqlı, 16 saylı mənzilin alqı-satqısına dair bağlanmış 22 iyul 2010-cu il tarixli 12074 saylı müqaviləsinin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də inşa etdiyi, bina 3, blok 3 ümumi sahəsi 83,40 kv.metr olan 3 otaqlı, 16 saylı mənzilin boşaldılması və həmin mənzilin "xxxx" ASC-nə təhvil verilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2010-cu il tarixli, 12074 saylı mənzilin alqı-satqı müqavilələrinin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də inşa etdiyi, bina 3, blok 3 ümumi sahəsi 83,40 kv.metr olan 3 otaqlı, 16 saylı mənzilinin boşaldılması və mənzilin iddiaçıya təhvil verilməsi və cavabdehdən iddiaçının xeyrinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 ASC ilə Cavabdeh arasında 22 iyul 2010-cu il tarixdə 12074 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də inşa etdiyi, bina 3, blok 3 ümumi sahəsi 83,40 kv.metr olan 3 otaqlı, 16 saylı mənzili satmagı, sonuncu isə həmin mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqavilənin tələbləri cavabdeh tərəfindən pozulmaqdadır. Müqavilənin 3.2.2.1-ci bəndinə görə alıcı aylıq ödəniş haqqı kimi müəyyənləşdirilmiş 489,28 manat pulu hər ayın 22-dək satıcıya ödəmək öhdəliyini üzərinə götürmüşdür. Artıq uzun müddətdir ki, cavabdeh tərəfindən aylıq ödəniş həyata keçirilmir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Onlar arasında olan razılığa əsasən alqı-satqı müqaviləsi bağlandıqdan sonra o, müqaviləyə uyğun olaraq hər ay ödəməli olduğu məbləği Texnikabankda iddiaçı təşkilata məxsus hesab kartına ödəməli idi. Müəyyən olunmuş məbləği bir neçə ay ödədikdən sonra Texnikabankdan ona rəsmi məktub göndərilmişdir ki, onlarla iddiaçı arasında əməkdaşlıq dayandırılmışdır. Şirkətin əməkdaşları ona müraciət edərək, pulu əlbə-əl ödənilməsini bildirmişlər. Bir müddət ödəniş etdikdən sonra, həmin şirkətin hüquq mühafizə orqanları ilə problemləri olduqları üçün heç bir ödənişlər qəbul edilməmişdir. Qətnamə qəbul olunduqda onun xəbəri olmamış, ona heç bir məlumat verilməmişdir. Hazırda o, yaranmış borcu tam ödəməyə hazırdır. Məhkəmə onun iştirakını təmin etməməklə, iş üzrə zəruri olan bütün faktiki halları araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli 2(012)-363/2015 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçının nümayəndəsi Z.A.Abdullayev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya qarşı götürdüyü öhdəliyin yerinə yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 22 iyul 2010-cu il tarixli, 12074 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" ASC Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də inşa etdiyi, bina 3, blok 3 ümumi sahəsi 83,40 kv.metr olan 3 otaqlı, 16 saylı mənzili «alıcı» Cavabdeh satmagı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldıgı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən satıcı satdıgı mənzili tikinti işləri başa çatdıqdan sonra alıcıya təhvil verməyi, alıcı isə mənzili qəbul edib mənzilin razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəkildə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin dəyəri (qiyməti) tərəflərin razılıgı ilə 117427,20 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini hər ay 489,28 manat olmaqla, 240 ay müddətinə ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1.1.3-cü bəndinə əsasən alıcı müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini, xüsusi ilə Müqavilənin 2-ci bölməsində nəzərdə tutulmuş hesablaşmaların həyata keçirilməsinə dair müddəaları pozduqda, müqavilənin icrasından birtərəfli qaydada imtina etmək satıcının hüququdur. Müqavilənin 3.2.2.4-cü bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş qaydada, yəni tərəflərin razılaşması ilə müəyyən olunmuş müddətdə, müəyyən olunmuş vaxtda və müəyyən olunmuş şərtlərlə mənzilin qiymətini ödəmək alıcının vəzifəsidir. İşdə olan 07 mart 2014-cü il tarixli 09-03/414 saylı müqavilənin ləğv edilməsinə dair pretenziya məktubundan aydın olur ki, "xxxx" ASC tərəfindən Cavabdeh aralarında bağlanmış 22 iyul 2010-cu il tarixli 12074 saylı müqavilənin birtərəfli qaydada xitam verildiyini və mənzilin ən geci 1 (bir) həftə ərzində boşaldılmasını tələb etdikləri barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqaviləyə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıga gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsi ilə müəyyən edilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış 22 iyul 2010-cu il tarixli 12074 saylı müqavilədə müqavilə tərəfləri «alıcı» və «satıcı» kimi göstərilsə də, məhkəmə tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinə görə həmin müqavilələri podrat müqaviləsinə uygun hesab edir. Ona görə də birinci instansiya məhkəməsi hazırki mübahisəyə podrat haqqında müddəaların tətbiqi edilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, şifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə prosesi zamanı müəyyən olunur ki, podratçı, yəni iddiaçı "xxxx" ASC öz öhdəliyini yerinə yetirərək sözügedən mənzili sifarişçi Cavabdeh təhvil versə də, cavabdeh öz öhdəliyini tam yerinə yetirməmiş, mənzilin dəyəri üzrə aylıq ödənişləri tam həyata keçirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə şifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podraçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda müqavilə ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurdugu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandıgı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xitam edilmiş sayılır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmış, cavabdeh tərəfindən həmin müqavilənin şərtləri yerinə yetirilməmiş və iddiaçıya borclu qalmışdır. Bu müddət ərzində cavabdeh öhdəsinə götürən öhdəlikləri yerinə yetirməmiş və iddiaçı haqlı olaraq müqavilənin ləğvi və mənzilin geri qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 21 yanvar 2015-ci il tarixli 2(012)-363/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar