Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1861/2024 06.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki iş üzrə aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının müəyyən edilməsi məsələsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəmələrində icraat
Bakı şəhəri Xəzər Rayon Məhkəməsində icraat
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(003)- 3186/2024 nömrəli qərardadı ilə (hakim Zaur Tağıyev) İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qaytarılması tələbinə dair iddiası üzrə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi Hövsan südçülük sovxozu ərazisində ona məxsus 0,03 ha torpaq sahəsi Abşeron rayonu Hövsan Südçülük sovxozu ərazisində yerləşir. Məhkəmə hesab etmişdir ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir.
Abşeron Rayon Məhkəməsində icraat
4. Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(012)-5284/2024 nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qaytarılması tələbinə dair mülki işin aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək üçün mülki işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 20 sentyabr 2024-cü il tarixli, 5-29/2-741/2024 saylı sorğuya cavab məktubundan görünür ki, Abşeron rayonu keçmiş Hövsan Südçülük sovxozuna aid torpaq sahələri Bakı şəhərinin inzibati ərazisində yerləşir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası araşdırılan məsələyə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 44. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi: 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Göründüyü kimi Bakı şəhəri Xəzər Rayon Məhkəməsi ilə Abşeron Rayon Məhkəməsi arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı baş vermiş, ərazi aidiyyətinin müəyyən edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli qərardadına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Məhkəmə kollegiyası məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə bağlı məsələyə baxaraq aşağıda şərh olunanları qeyd edir:
11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən mülki işin aidiyyatla göndərilməsinə əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə istinad edilmiş və Hövsan südçülük sovxozu ərazisində iddiaçıya məxsus 0,03 ha torpaq sahəsnin Abşeron rayonu Hövsan Südçülük sovxozu ərazisində yerləşdiyini göstərərək Abşeron rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
12. Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur.
13. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.
14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1ci bəndinin tələblərini pozur.
15. Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir.
16. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının; işlərə ağılabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin; ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir.
17. Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur.
18. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir.
19. Araşdırılan mübahisə üzrə iddia tələbindən görünür ki, («torpaq sahəsinin qaytarlıması») iddia daşınmaz əşya ilə bağlı olmaqla MPM-nin 39-cu maddəsinin təsir dairəsinə düşür. Bu baxımdan kollegiya hesab edir ki, mübahisəyə müstəsna aidiyyət üzrə daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılmalıdır.
20. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 20 sentyabr 2024-cü il tarixli, 5-29/2-741/2024 saylı sorğuya cavab məktubundan görünür ki, Abşeron rayonu keçmiş Hövsan Südçülük sovxozuna aid torpaq sahələri Bakı şəhərinin inzibati ərazisində yerləşir.
21. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə təhlil edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir.
22. Qeyd olunmalıdır ki, mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir və ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.
23. Kollegiya vurğulayır ki, məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).
24. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki işə ərazi aidiyyətinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır.
25. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 35, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.