Məhkəmə qərarları › İş №2(105)-1863/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1863/2023

08.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1863/2023 08.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı miras əmlaka dair payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli e-2(027)-987/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Mərhum anası X1 miras qalmış Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evinə dair mirasın faktiki qəbul olunması və miras əmlaka dair 1/5 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli e-2(027)-987/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı mərhum atası X2 və anası X1 miras qalmış Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evinə dair mirası faktiki qəbul etməsi və İddiaçı miras əmlaka dair 1/5 hissədə vərəsəlik üzrə payının müəyyən edilməsi qət edilmişdir (hakim Rahim Həsənov). Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. İşdən görünür ki, apellyasiya şikayəti verilərkən qanunvericiliklə nəzərdə tutulmuş elektron qaydada və müəyyən edilmiş formaya riayət edilməmiş, birinci instansiya məhkəməsi bu hallara diqqət yetirməmiş, şikayəti geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Oktyabrın 1-dən qüvvəyə minmiş Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliyə əsasən apellyasiya şikayətinin forması 2 saylı Əlavədə müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 363.1.1-1. maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılır. MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Kollegiya iş materiallarını nəzərdən keçirib qeyd edir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya şikayətinin formasına dair tələbləri pozulmaqla verilmişdir. Belə ki, işdən görünür ki, cavabdeh tərəfindən işin halları (natamam olmaqla), apellyasiya şikayətinə əlavə edilmiş sənədlər, dövlət rüsumunun ödənilməsi barədə məlumat və ərizəni imzalayan şəxs haqqında məlumatlar bölmələri daxil edilməklə elektron formada apellyasiya şikayəti verilsə də, apellyasiya şikayətinin məzmununu təşkil edən “maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməməsinə dair dəlillər”, “apellyasiya şikayəti verən şəxsin tələbi” və digər bölmələr sözügedən şikayətdə əks olunmamaqla, əlavə fayl şəklində elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Qeyd olunanlar hazırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli e-2(027)-987/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Quba Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli e-2(027)-987/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar