Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1865/2022 02.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-331/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Şamaxı Rayon Məhkəməsinin 2(074)-331/2022 nömrəli, 24 may 2022-ci il qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 10000 manat pul alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Natiq İsmayılov) Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın isə rədd olunmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20 avqust 2015-ci il tarixdə ondan aldığı 10000 manat pulu, həmin vaxtdan bu günə qədər olan infilyasiya fərqinin indeksasiya edilərək ona qaytarılması və məhkəmədə iddia qaldırmaq üçün, iddia ərizəsinin yazılması, sənədlərin notariusda təsdiqlənməsi və digər xərclər olan 96 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan X10, 17 iyun 2005-ci il tarixdə, Binəqədi rayon Xocəsən Bələdiyyəsinə rəsmi ərizə ilə müraciət edərək, Xocasən Bələdiyyəsinin ərazisində faktiki istifadəsində olan 600m2 torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün, mülkiyyətinə verilməsini xahiş etmişdir. Ə.Qənbərov həmin torpağın nəzərdə tutulmuş satış qiymətini, o vaxtki qiymətlə 2400 000 manat pulu Xocəsən bələdiyyəsinin büdcəsinə ödəyərək almışdır. Ə.Qənbərov həmin torpaq sahəsini aldığı vaxtdan bir neçə il vaxt keçsə də maddi imkanının olmaması səbəbindən, hər- hansı bir tikinti işləri apara bilməmişdir. Ona görə də həmin 600m2 olan torpaq sahəsini etibarnamə vasitəsilə ünvan 3 ünvanda yaşayan Cavabdeh satmışdır. Cavabdeh da həmin torpaq sahəsini aldıqdan bir neçə il vaxt keçsə də hər hansı bir tikinti işləri aparmamışdır. O və bacısının həyat yoldaşı X21 2015-ci ildə, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Yeni yaşayış massivi adlanan ərazidən hər birinə 3 sot olmaqla, 6 sot torpaq sahəsi almaq istəyiblər. Elnur adlı şəxsin həmin ərazidə özünə məxsus olan 600m2 torpaq sahəsi satdığını öyrənmişlər. Elnurun mobil nömrəsini öyrənmiş, onunla danışmış və müəyyən olunmuş yerdə görüşmüşlər. Bacısının yoldaşı Beyləqan şəhərində yaşadığına görə teztez Bakıya gəlməsi çətin olduğundan o, öz payına düşən (yəni 3 sotun) 5000 (beş) min manat pulunu ona verib ki, 600m2 torpaq sahəsini alsın və sonra torpağı bölsünlər. Ona görə də o, Elnurla həyat yoldaşı ilə birlikdə görüşmüşlər. Söhbət zamanı Cavabdeh onlara deyib ki, Sulutəpə qəsəbəsi Yeni yaşayış massivi adlanan ərazidə öz adına fərdi yaşayış evinin tikilməsi üçün 600m2 torpaq sahəsi var. Həmin torpaq sahəsini ümumilikdə 10.000 (on) min manata satır. Şifahi razılaşdıqdan sonra torpağa baxmaq üçün getmiş Cavabdeh hamar bir sahəni göstərərək torpaq sahəsinin ora olduğunu demişdir. Xoşagələn sahə olduğu üçün razılaşmışdır. Həyat yoldaşı Elnurdan torpağın çıxarışının olub-olmamasını soruşmuş, Elnur isə hələ çıxarış almadığını ancaq problem olmadığını, Məhbubənin adına etibarnamə verəcəyini, həmin etibarnamə əsasında torpağın bütün sənədlərini ala biləcəklərini demişdir. Həmin gün o, həyat yoldaşı və Cavabdeh Bakı şəhər 19 saylı notariusuna getmişlər və Cavabdeh iddiaçıya 20 avqust 2015-ci il tarixli, AR-İ 423092 nömrəli etibarnamə vermişdir. Həmin etibarnamədə özəlləşdirməyi, tikinti işləri aparmağı, sərəncam verməyi, satmağı, bağışlamağı ipoteka qoymağı, adından ərizə verməyi və iddia ərizəsi verməyi və digər hərəkətləri etməyi etibar edildiyi qeyd edilmişdir. Notarius tərəfindən verilən bu hüquqlar onları inandırıb ki, onlar bu etibarnamə əsasında həmin torpağın tam mülkiyyətçisi olmuşlar. Onlar 10.000 (on) min manat pulu Cavabdeh vermişlər. Cavabdeh bir daha təkrarlamışdır ki, torpaqla bağlı nə maneə yaransa o cavabdehdir. Bu alqı-satqıdan bir neçə ay keçdikdən sonra, iddiaçının ərinin səhəti pisləşmiş, onun müailəcisi üçün dəfələrlə İran İslam Respublikasına, getmişlər, lakin onun səhhəti yaxşılaşmamış və son olaraq 1-ci dərəcəli gözdən əlillik dərəcəsi almışdır. Sadalanan hallar onların maddi vəziyyətini çətinləşdirdiyindən qeyd olunan torpaq sahəsində hər hansı tikinti işləri apara bilməmişlər. Ancaq bu hal əsas vermir ki, kimsə gəlib həmin ərazidə tikinti işləri aparsın. 23 sentyabr 2020-ci il tarixdə Sulutəpə ərazisində torpaq alqı-satqısı (makler) ilə məşğul olan Zaur adlı şəxs zəng edib torpaq sahəsində kənar şəxslər tikinti işləri apardığını demişdir. O, yoldaşı ilə həmin yerə getdikdə onlara məxsus olduğunu zənn etdikləri, yəni Cavabdeh onlara göstərdiyi (satdığı) yerdə yox, həmin torpaq sahəsinin sağ tərəfindəki yerdə tikinti işləri aparıldığını görmüşlər. Onlar yenə Zaura telefonla demişlər ki, bu axı onlara göstərilən yer deyil. Zaur Cavabdeh göstərdiyi yer yox, cizgi-planda sənəddə satılan yerin hazırda tikinti işləri aparılan torpaq sahəsi olduğunu demişdir. Məsələyə aydınlıq gətirilməsi üçün Xocəsən Bələdiyyəsində sədrin qəbulunda olmuş və torpağa dair bütün sənədləri göstərmişlər. Sədr mütəxəssis çağırmış və aydın olmuşdur ki, Cavabdeh yolun sol tərəfindəki hamar yeri onlara göstərərək sağ tərəfdəki hamar olmayan torpağı satıb. Hansı ki, kənar şəxslər tikinti işləri aparırlar. Beləliklə, məlum olmuşdur ki, Cavabdeh onları aldadaraq başqa torpaq sahəsini satıb. Bu barədə cavabdehdən soruşduqda isə o, bildirib ki, ona da elə göstərib satıblar. Daha sonra Cavabdeh cavabı bu olub ki, pandemiya (qadağalar) vaxtıdı o, Şamaxıdan gələ bilmir, iddiaçının adına etibarnamə və torpağında onlara məxsus olduğunu bildirən rəsmi sənədlər vermişdir. Həmin əsaslarla Xocəsən polis bölməsinə şikayət etsinlər ki, tikinti dayandırılsın. Sonra isə məhkəmə vastəsi ilə o şəxsləri torpaqdan çıxararlar. Beləliklə, 23 sentyabr 2021-ci il tarixdə o, yoldaşı ilə Bakı şəhəri Binəqədi rayon Polis idarəsinin 40-cı polis bölməsinə ərizə ilə müraciət etmişdir. Bildiriblər ki, etibarnamə ilə aldığı torpaq sahəsi adlarını bilmədiyi şəxslər tərəfindən zəbt edilərək, qanuna zidd tikinti işləri aparırlar. Həmin tikinti işlərinin dayandırılmasını, həmin şəxslərin kimliyinin müəyyənləşdirilməsini və məhkəmə vasitəsi ilə torpaqdan çıxarılması barədə tədbirlər görülməsini xahiş etmişdir. Beləliklə, həmin gündən Xocəsən qəsəbəsinin 40-cı PB-də araşdırma işi başlamışdır. Sonradan bu iş müstəntiq Ramil Vəliyevin düzgün araşdırıb son qərar çıxarması ilə başa çatdı. Lakin bu müddət ərzində, torpağı zəbt edən X15, adı çəkilən torpağın üzərində qanunsuz fərdi yaşayış evi tikərək içərisinə yığışmışdı. Nəhayət, 19 oktyabr 2021-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Ramil Vəliyevin “cinayət işindən materialın ayrılması” qərarı ilə başa çatdı. Həmin qərarın nəticəsi kimi Elman Bağırova AR.CM-nin 178.1 maddəsi ilə cinayət işi başlanmış, torpağı zəbt edənlər X12 və X5 həmin torpaq sahəsindən çıxarılmaları barədə iddiaçıya mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Onlar müstəntiqin 19 oktyabr 2021- ci il tarixli qərarını aldıqdan sonra, məhkəmədə iddia qaldırmaq üçün, vəkilə müraciət etmiş, vəkil Cavabdeh ona verdiyi etibarnamədə həmin torpaq sahəsinə heç bir mülkiyyət hüququ verilmədiyini və bu etibarnamə ilə öz adından iddia qaldırıla bilməyəcəyini bildirmişlər. Onlar məsələ barədə cavabdehə müraciət edərək, yaranmış vəziyyətin həllinə dair tədbir görülməsini istəsələr də, cavabdeh artıq uzun müddət keçdiyini və mübahisənin ona heç bir aidiyyatı olmadığını bildirmişdir. Nəticədə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Məlum olduğu kimi mövcud qanunvericiliyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi iddiaçı 2015-ci ildə aldığı torpaqla maraqlanmamış, səhlənkarlıq etmiş və sonradan torpaq sahəsini başqa şəxslər qanunsuz zəbt etdikdən sonra torpağı həmin şəxslərdən tələb etmək əvəzinə, cavabdehə qarşı qanunsuz iddia irəli sürmüşdür. Yəni iddiaçı öz mülki hüquqlarından sui-istifadə etmiş, nəticədə isə cavabdehin hüququnun eləcə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Göründüyü kimi iddia müddəti və əqdin etibarsızlığının mübahisələndirmə müddətləri iddiaçı tərəfindən ötürülsə də, məhkəmə bu halları nəzərə almamış, qətnamədə bu hallara heç bir hüquqi qiymət verməmişdir. Halbuki, cavabdeh iki dəfə iddia ərizəsinə verdiyi etirazlarda iddia müddətinin tətbiqini məhkəmədən xahiş etmişdir. Bundan əlavə işdən aydın olur ki, Cavabdeh, X4 hansı torpaq sahəsini alıbsa, həmin torpaq sahəsini də iddiaçıya satmışdır. Hətta torpaq sahəsi iddiaçıya verilərkən bələdiyyə sədri də ərazidə olmuşdur. İddiaçı torpaq sahəsini alarkən, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın olmadığını bilmişdir. Odur ki, cavabdeh tərəfindən iddiaçının aldadılmasından söhbət gedə bilməz. Həmin torpaq sahəsi isə kadastr planındakı kordinatlarla üst-üstə düşür. İddiaçı sonradan oranı nəzarətsiz qoyduğundan torpaq sahəsi başqa şəxslər tərəfindən zəbt edilmişdir. İddiaçı özü 2015-ci ildə torpağı aldıqdan sonra torpaqla maraqlanmamış, səhlənkarlıq etmiş və sonradan torpaq sahəsini başqa şəxslər qanunsuz zəbt etdikdən sonra torpağı həmin şəxslərdən tələb etmək əvəzinə cavabdehə qarşı heç bir hüquqi əsası olmayan iddia irəli sürmüşdür. Göründüyü kimi cavabdeh iddiaçıya heç bir zərər vurmamışdır. Cavabdeh aldığı pulun əvəzinə torpaq sahəsini iddiaçıya vermişdir. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almadan və həmçinin cavabdehin heç biri təqsiri olmadan, iddianı qismən təmin etməklə, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Sadalanan hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə şikayətin dəlillərini müdafiə müdafiə edib şikayətin təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh tərəfindən qanuni əsaslarla iddiaçıya satılmış, lakin həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədi (Çıxarış) olmadığından torpaq sahəsi etibarnamə vasitəsilə satılmış və sonrakı hüquqi prosedur iddiaçıya izah edilmişdir. Lakin iddiaçı tərəf məsələyə xeyli səhlənkar yanaşmış, vaxtında torpaq sahəsinə faktiki sahiblik etməmiş, müvafiq sənədlərin alınması üçün lazımi orqanlara müraciət etməmişdir, habelə həmin torpaq sahəsi keçən müddət ərzində başqa şəxslər tərəfindən zəbt edilmişdir. Bundan sonra isə tərəflər arasında hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Hesab edir ki, iddianın heç bir hüquqi əsası olmadığı üçün iddia təmin edilə bilməz. Onun tərəfindən AR Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, “AR Mülki Məcəlləsinin 337,339.6, 346 və 354-cü maddəsinin əlaqələ şəkildə şərh edilməsinə dair” qərarı məhkəməyə təqdim edilmişdir. Həmin qərarda KM-nin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verilə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Apellyasiya baxışı zamanı İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qətnamə qanunidir və apellyasiya şikayəti əsassızdır, buna görə də şikayət təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsinə dair onun adına heç bir rəsmi sənəd olmadığı üçün o həmin torpaq sahəsinin geri qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət edə bilmir. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 apellyasiya şikayətini qəbul etmədi, bildirdi ki, qətnamə qanunidir və apellyasiya şikayəti əsassızdır, buna görə də şikayətin rədd edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, cavabdeh onları aldadıb, bir tərəfdən özünə aid olmayan torpağı onlara satıb, digər tərəfdən onlara başqa yer göstərərək daha əlverişsiz başqa torpaq sahəsini satıb. Hazırda ilkin torpaq ayrılan şəxs öldüyündən onlara verilən etibarnamə də öz qüvvəsini itirib Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 17.06.200-ci il tarixli, 12/01 saylı qərarından görünür ki, Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə (cizgi əlavə olunur) göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600m2 torpaq sahəsi alqı-satqı yolu ilə X6 mülkiyyətinə verilmişdir. X1 torpağın nəzərdə tutulmuş satış qiymətinə uyğun məbləği (hər kv.m. üçün 4000 manat, cəmi: 2 400 000 manat) bələdiyyə büdcəsinə ödəməsi, qəbzi bələdiyyəyə təqdim etməsi, ayrılmış torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin layihəsinin rayon memarlıq xidməti ilə razılaşdırılması vətəndaşa tapşırılmış, torpaq sahəsinə mülkiyyət hüququnun təsdiqinə dair şəhadətnamənin verilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilməsi vətəndaşın nəzərinə çatdırılmış, ayrılmış torpaq sahəsinin naturada vətəndaşa təhvil verilməsi və alqı-satqı aktı ilə rəsmiləşdirilməsi bələdiyyənin icra aparatına tapşırılması qərara alınmışdır. Yenə iş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan və təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisindən görünür ki, X3 Bələdiyyəsinə 08 iyun 2005-ci il tarixdə torpaq sahəsi almaq üçün müraciət etmiş, 2 400 000 manatı bələdiyyənin hesabına ödəmiş, bunun müqabilində Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin ərazisində 600 m2 torpaq sahəsinin ona satılması barədə 2005-ci il 17 iyun tarixli, 12/01 saylı qərar qəbul edilmişdir. Eləcə də, satılmış torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Lakin həmin alqı-satqı həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən müvafiq torpaq şöbəsində dövlət qeydiyyatına alınmamışdır. İşə əlavə edilmiş xx.xx.2015-ci tarixli, AR-İ 423092 saylı etibarnamədən görünür ki, mülkiyyətçi X10, etibar edən Cavabdeh, etibar edilən İddiaçı Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 17 iyun 2005-ci il tarixli, N/12/01 saylı qərarına əsasən Binəqədi rayon Xocəsən Bələdiyyəsi ərasində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600 kv.m olan torpaq sahəsinə dair sənədləşmə işinin aparılması, yəni hüquq müəyyənedici sənədi, dövlət torpaq aktı və ya çıxarış verildikdən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarəsinin məhdudiyyət və yüklülük haqqında arayışı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Kadastr planı almağı, özəlləşdirməyi, tikinti işləri aparmağı, sərəncam verməyi satmağı, bağışlamağı, dəyişməyi, ipoteka ödənişlərini ödəməyi və iddia ərizəsi verməyi, digər hərəkətləri etməyi etibar etmişdir. Yenə işə əlavə edilmiş Binəqədi rayonu Xocasən bələdiyyəsinin sədrinin Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan məlum olur ki, X7 Xocəsən bələdiyyəsi tərəfindən 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün satılmış, sonradan o, həmin torpağı ünvan 5 ünvanında qeydiyyatda olan X2, Cavabdeh isə öz növbəsində həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixində etibarnamə ilə İddiaçı satmışdır. X7 Xocəsən bələdiyyəsi tərəfindən 600 kv.m torpaq satılmasına dair bələdiyyənin elektron bazasında qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilən faktla bağlı ********* nömrəli cinayət işindən İddiaçı müraciəti ilə əlaqədar material ayrılmış və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmçinin qərardan görünür ki, araşdırma zamanı X9 bildirmişdir ki, ünvan 6 ünvanında yaşayan X10 xx.xx.2005-ci İİ tarixdə Binəqədi rayonu, Xocəsən bələdiyyəsinə rəsmi ərizə ilə müraciət edərək Xocəsən bələdiyyəsi ərazisində 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilməsini xahiş etmiş, həmin torpaq sahəsi üçün həmin dövrə olan qiymətlə ******* manat pulu Xocəsən Bələdiyyəsinin büdcəsinə ödəyərək almış, Ə.Qəmbərov həmin torpaq sahəsini aldığı vaxtdan bir neçə il keçsə də, maddi imkanının olmaması səbəbindən orada hər-hansı bir tikinti işləri apara bilmədiyindən həmin torpaq sahəsini etibarnamə ilə ünvan 5 ünvanında qeydiyyatda olan X2, Cavabdeh həmin torpaq sahəsində heç bir tikinti işləri aparmadan həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixində etibarnamə ilə ona satmışdır. O, həmin torpaq sahəsini aldıqdan sonra, həyat yoldaşının qəflətən ciddi xəstəlik tapması, onun həmin torpaq sahəsində hər hansı bir tikinti işləri aparmasına çətinlik yaratdığını, hal-hazırda maddi imkanı normal olduğu üçün həmin torpaq sahəsində tikinti işləri aparmaq istədiyini, ona bu işdə maneçilik yaradan şəxslərin olduğunu, torpaq sahəsi ilə qonşu olan adlarını bilmədiyi şəxslər qanunvericiliyin tələblərini pozaraq ona məxsus torpaq sahəsinin xeyli hissəsini zəbt etmələrini və hal-hazırda tikinti işlərini aparmalarını göstərmişdir. Mehdiyevə ona məxsus olan torpaq sahəsini qanuna, zidd olaraq zəbt etmiş səxslərin kimliyinin müəyyən edilməsini, tikinti işlərinin dayandırılmasını və həmin səxslərin torpaq sahəsindən çıxarılması üçün lazımı tədbirlərin görülməsini xahiş emişdir. Bundan əlavə sözü gedən torpaq sahəsinə dair müəyyən sənədlərin surətini təhqiqat orqanına təqdim etmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2015-ci ildə ölmüşdür. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 2(074)-331/2022 nömrəli, 24 may 2022-ci il qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 17.06.200-ci il tarixli, 12/01 saylı qərarı ilə Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə X6 mülkiyyətinə verilməsi qərara alınmışdır. X18 həmin torpağı ünvan 5 ünvanında qeydiyyatda olan X2, Cavabdeh isə öz növbəsində həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixində etibarnamə ilə İddiaçı satmışdır. X7 Xocəsən bələdiyyəsi tərəfindən 600 kv.m torpaq satılmasına dair bələdiyyənin elektron bazasında qeydiyyat aparılmışdır. İddiaçı uzun müddət orada heç bir tikinti işi aparmadığından həmin torpaq sahəsi kənar şəxslər tərəfindən zəbt edilərək orada tikinti işləri aparılmağa başlanılmışdır. Məsələyə aydınlıq gətirilməsi üçün iddiaçı ona məxsus olduğunu hesab edən torpaq sahəsinin hansı ərazi olduğunu müəyyən etmək məqsədi ilə Xocəsən Bələdiyyəsinə müraciət etmiş və araşdırma nəticəsində məlum olmuşdur ki, Cavabdeh yolun sol tərəfindəki hamar yeri onlara göstərərək sağ tərəfdəki hamar olmayan torpağı satıb. Hansı ki, kənar şəxslər həmin yerdə tikinti işləri aparırlar. Beləliklə, məlum olmuşdur ki, Cavabdeh onları aldadaraq başqa torpaq sahəsini satıb. Bu barədə cavabdehdən soruşduqda isə o bildirib ki, ona da elə göstərib satıblar. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yaranmış mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmişdir. Narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, işin tədqiq olunan faktiki halarından göründüyü kimi X3 Bələdiyyəsinə 08 iyun 2005-ci il tarixdə torpaq sahəsi almaq üçün müraciət etmiş, torpağın dəyəri olan 2400 000 manatı bələdiyyənin hesabına ödəmiş, bunun müqabilində Binəqədi rayonu Xocəsən Bələdiyyəsi tərəfindən bələdiyyənin ərazisində 600 kv.m torpaq sahəsinin ona satılması barədə 2005-ci il 17 iyun tarixli, 12/01 saylı qərar qəbul edilmişdir. Eləcə də, satılmış torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Lakin bu alqı-satqı aktı həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən müvafiq torpaq şöbəsində dövlət qeydiyyatına alınmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-сi maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məсəllənin 139.3-сü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. AR Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daha öncə qeyd olunduğu kimi hazırda mübahisə predmetinə çevrilmiş 600 kv.m torpaq sahəsinə hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Lakin buna baxmayaraq daşınmaz əmlak olan həmin torpaq sahəsinə dair sərəncam verilmiş, özgəninkiləşdirilmişdir. Göründüyü kimi torpaq sahəsinin alqı-satqısı həyata keçirilmiş, lakin qanunun tələb etdiyi kimi bu alqı-satqı notarial qaydada təsdiq edilməmiş və həmin əmlaka dair hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Mülki Məcəllənin 144.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Yenə də həmin Məcəllənin 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi mübahisə tərəfləri məlum normaların tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında vurğulanır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Həmin qərarda Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin hansı tələblərə tətbiq edilməli olması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz Plenum qeyd etmişdir ki, əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Son olaraq qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yuxarıda qeyd edildiyi kimi xx.xx.2015-ci tarixli, AR-İ 423092 saylı etibarnamə əsasında X6 adından Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 17 iyun 2005-ci il tarixli, N/12/01 saylı qərarına əsasən Binəqədi rayon Xocəsən Bələdiyyəsi ərasində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m olan torpaq sahəsini 10 000 manata İddiaçı satmışdır. İddiaçı uzun müddət həmin torpaq sahəsinə faktiki nəzarət etməmiş, daha sonra 2020-ci ilin sentyabr ayında qeyd olunan torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edildiyini bilmiş, habelə bunun davamı olaraq müvafiq qurumlara rəsmi müraciəti əsasında cavabdeh tərəfindən aldadıldığını öyrənmiş və hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, Cavabdeh tərəfindən aldadılmasına istinad edərək, mübahisə predmeti olan torpaq sahəsinə dair onun tərəfindən sonuncuya ödənilmiş 10 000 manat məbləğində pulu tələb edir. Məhkəmə kollegiyası, yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin plenum qərarındakı hüquqi göstərişlərin məzmunundan çıxış edərək hesab edir ki, iş üzrə tərəflər arasında bağlanmış əqd əhəmiyyətsiz əqddir. İddiaçı cavabdehdən əhəmiyyətsiz əqd əsasında əldə etdiyi pul məbləğinin geri qaytarılması ilə bağlı tələbi bir il ərzində irəli sürə bilərdi. Yuxarıda şərh olunanlardan göründüyü kimi o, bu müddəti ötürmüş, müddət keçdiyi üçün isə hazırki tələb hüququnu itirmişdir. Ona görə də hazırkı halda iddia tələbi təmin edilə bilməz və bu barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni deyildir. Kollegiya həmçinin onu da qeyd edir ki, iddia ərizəsində qeyd olunan hallar (iddiaçının ərinin xəstəliyi, habelə onun hüquqi savadsızlığı) daha öncə istinad olunan ötürülmüş müddətin üzürlü hesab edilməsi üçün əsas hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi normaları kobud şəkildə pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-331/2022 nömrəli, 24 may 2022-ci il qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. Şərh edilənlərlə yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının, aldadılması, səlahiyyətsiz şəxsin ona torpaq sahəsini satması, bu zaman aldadılaraq başqa torpaq sahəsinin göstərilməsi barədə dəlilləri müvafiq qaydada araşdırılmalı, həmin hərəkətlərdə cinayətin əlamətlərinin olub-olmamasına da qiymət verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 60 manat dövlət rüsumu İddiaçı alınaraq ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-331/2022 nömrəli, 24 may 2022-ci il qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 60 manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh verilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1865/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1865/2022
02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver