Məhkəmə qərarları › İş №2(105)-1868/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1868/2023

28.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1868/2023 28.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X3 cavabdeh Xırdalan şəhər 15 saylı körpələr evi – uşaq bağçasına qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X12 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı X3, üçüncü şəxslər Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9nin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı X3 cavabdeh Xırdalan şəhər 15 saylı körpələr evi – uşaq bağçasına qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)- 2371/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşin hallarına görə X8 xx.xx.2003-cü il tarixdən Xırdalan şəhər 15 saylı körpələr evi - uşaq bağçasında əvəzedici tərbiyəçi vəzifəsində işləmişdir. Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2022-ci ildir. Müddətli əmək müqaviləsi xx.xx.2021-ci il tarixli, 22 saylı əmrə əsasən bağlanılıb.

2. Xırdalan şəhər 15 saylı körpələr evi - uşaq bağçasının xx.xx.2021-ci il tarixli, 22 saylı əmri ilə X8 ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş, müqavilənin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1 il müddətinə uzadılmışdır.

3. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən X8 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Xırdalan şəhər 15 saylı körpələr evi uşaq bağçasında əvəzedici tərbiyəçi vəzifəsinə işə götürülmüşdür. Müqavilənin müddəti 1 ildir.

4. Xırdalan şəhər 15 saylı körpələr evi - uşaq bağçasının xx.xx.2022-ci il tarixli, 34 saylı əmrinə əsasən X3 əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı X8 cavabdeh Xırdalan şəhər 15 saylı körpələr evi – uşaq bağçasına qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsilə bağlı müvafiq əmrin ləğv edilməsi, Xırdalan şəhər 15 saylı körpələr evində tərbiyəçi vəzifəsinə bərpa olunması, məcburi iş buraxmağa görə əmək haqqının hesablanıb ödənilməsi və iş üzrə ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 xx.xx.2003-cü il tarixdə Xırdalan şəhər 15 nömrəli körpələr evi ilə müddətsiz müqavilə bağlayaraq aylıq 406 manat olmaqla əmək haqqı ilə tərbiyəçi vəzifəsinə işə qəbul edilmişdir. Çalışdığı qurumun rəhbərliyi 18 ildən sonra, xx.xx.2021-ci il tarixdə əmək qanunvericiliyin tələblərini pozaraq müddətsiz əmək müqaviləsini müddətli əmək müqaviləsi ilə əvəz etmişdir. Müddətli əmək müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2b bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunan halın pozuntu olduğunu X9 Xidməti Abşeron Xızı regional şöbəsi də təsdiq etmişdir (xx.xx.2022-ci il tarixli, **********5 saylı cavab məktubu ilə). Qeyd olunan qurum tərəfindən cavabdehə İXM-in 192.6-cı maddəsinin tələblərini pozduğuna görə (işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) MN ******* saylı protokol tərtib edilmişdir. Bundan başqa, X9 Xidməti Abşeron Xızı regional şöbəsi cavabdehin ona qarşı digər bir pozuntusunu - son haqq-hesabın qanunvericiliyin tələbinə görə əmək müqaviləsinin xitam verildiyi xx.xx.2022ci il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə ödənilməsini müəyyən etmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən cavabdeh onun əmək kitabçasını və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmri sonuncu iş günü təqdim etməli idi. Ancaq cavabdehə dəfələrlə müraciət etsə də, bu sənədləri ona rəsmi qaydada xx.xx.2023-cü il tarixdə təqdim etmişdir.

7. İştirak etdiyi məhkəmə iclasında cavabdeh Xırdalan şəhər 15 saylı körpələr evi uşaq bağçasının nümayəndəsi X5 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı təmsil etdiyi qurumdakı vəzifəsindən əsaslı əmrlə azad edilmişdir. Həmin əmrin ləğv edilməsinə və onun işinə bərpa edilməsinə isə heç bir əsas yoxdur. İddiaçı hazırki tələbi irəli sürərkən iddia müddətini də ötürmüşdür. Sonda o, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

8. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X4 və DƏMX X1 nümayəndəsi X16 da iddia ilə razılaşmamış və onun təmin edilməməsini xahiş etmişdirlər.

9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2371/2023 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbi təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsi işçi və işəgötürən tərəfindən bəyənilmiş və mübahisələndirilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, müqavilənin müddətinin başa çatması əsası ilə həmin müqaviləyə xitam verilməsi barədə Xırdalan şəhəri 15 saylı körpələr evi uşaq bağçasının xx.xx.2022-ci il tarixli, 34 saylı əmri qanunidir. Bu əmrin ləğv edilməsi üçün iş materiallarında hər hansı əsas mövcud deyildir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən Xırdalan şəhər 15 saylı körpələr evi uşaq bağçası tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, bu xüsusda əmək qanunvericiliyində nəzərdə tutulmuş bütün tələblər yerinə yetirilmişdir. İşin bu halları məhkəməyə təqdim edilən sənədlərlə sübut olunur. İş materialları ilə iddiaçının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin təsiri dairəsinə düşməsi öz təsdiqini tapmamışdır.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 68.1, 296.2, Mülki Məcəllənin 372.1, 373.3, 375, 377-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 83-cü maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Bu maddədən də göründüyü kimi işəgötürən son haqq hesab, əmək kitabçası və digər sənədləri sonuncu iş günü təqdim etməmişdir. Ancaq məhkəmə bu halı düzgün araşdırmamış və cavabdehin tərtib etdiyi qanunsuz aktı əsas götürmüşdür. Həmin akta nəzər yetirilsə onun yalnız cavabdeh tərəfindən formal tərtib olunduğunu və iddiaçının bu barədə heç bir məlumatının olmadığını aşkar görmək olar. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Bu maddədən də göründüyü kimi cavabdeh onun əmək kitabçasını və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmri sonuncu iş günü ona təqdim etməli idi. Ancaq cavabdehə dəfələrlə müraciət etsə də bu sənədləri ona rəsmi qaydada xx.xx.2023-cü il tarixdə təqdim etmiş, ancaq məhkəmə bu hala qiymət verməmişdir. 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı cavabdeh Xırdalan şəhər 15 saylı körpələr evi - uşaq bağçası etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinə qarşı üçüncü şəxs Abşeron-Xızı Regional Təhsil İdarəsi etiraz təqdim edərək, iddiaçının əmək müqaviləsinə xitam verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qatan bütün hallarda fərdi əmək mübahihəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Eyni zamanda iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya əmək kitabçasını işlədiyi müəssisədən götürməsi təklif edilmiş və bu barədə həmin tarixdə akt tərtib edilmişdir. İşdəki mötəbər sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə son haqq-hesab verilmişdir. Bundan sonra o, hazırki mübahisə üzrə mediasiya qurumuna müraciət etmiş, mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı isə xx.xx.2023-cü il tarixdə almışdır. İddiaçı Ş.A.Qəniyeva işdən azad edilməsi, yəni hüququnun pozulması faktını xx.xx.2022-ci il tarixdə bilsə də, hazırki tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X8 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9nin nümayəndəsi X13 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Xırdalan şəhər 15 saylı körpələr evi uşaq bağçasına məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

20. Maddə 2.3. Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.

21. Maddə 9. (“q” bəndi) Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüququdur.

22. Maddə 12.1. (“b” bəndi) Həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsidir.

23. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

24. Maddə 43.1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

25. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

26. Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

27. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

28. Maddə 73.1 Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

29. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. (...)

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

30. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

31. Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır

32. Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

34. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

35. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

38. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

39. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

41. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

43. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

45. İşin mübahisə olunmayan hallarından göründüyü kimi iddiaçı işdən azad edilənədək 19 ilə yaxın müddət ərzində fasiləsiz olaraq cavabdeh müəssisədə işləmiş, tərbiyəçi vəzifəsində çalışmışdır.

46. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Abşeron rayonu Xırdalan şəhəri 15 saylı Körpələr evi-Uşaq bağçasında işləyən iddiaçının müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə dəyişdirilərək əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən edilmiş, həmin müddətin sonunda isə iddiaçı ilə əmək münasibətlərinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir.

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətə düzgün hüquqi qiymət verməməklə iddianın əsassız olması barədə yalnış nəticəyə gəlmişdir.

48. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsi əmək müqaviləsinin müddətsiz və ya müddətli bağlanmasını mümkün hesab edir. Eyni zamanda fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edən müddətli əmək müqaviləsi qanunun birbaşa göstərişinə əsasən müddətsiz müqavilə hesab edilir (5-ci hissə).

49. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha geniş imkanlara malik olan işəgötürənin qeyrimütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Məcəllənin 47-ci maddəsi əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bildiyi konkret halların dairəsini müəyyən etmişdir. Məhkəmə tərəfindən hazırkı mübahisə üzrə həmin maddədə sadalanan “a-ə”, “g” və “ğ” bəndlərində sadalanan halların mövcudluğu müəyyən edilməmişdir. Həmçinin qeyd olunan maddənin “f” bəndi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanmasını mümkün hesab edir.

50. Sonuncu bəndlə bağlı nəzərə alınmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir.

51. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı.

52. Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətlərində işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış edir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz.

53. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.

54. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iş üzrə 19 ilə yaxın müddət ərzində fasiləsiz olaraq cavabdeh müəssisədə çalışmış işçinin müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə dəyişdirilməsi əmək qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz.

55. Kollegiya hesab edir ki, iddiaçının əmək müqaviləsi müddətsiz olduğu halda, yeni müddətli əmək müqaviləsi bağlanması, Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmadığından, onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz.

56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın əsaslılığına dair hissədə iş üzrə düzgün hüquqi qiymətləndirmə aparmamışdır.

57. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən əmrin məzmunu ilə tanış olmuş, hansı tarixdən, hansı əmrlə və hansı əsasla işdən azad edilməsi barədə ətraflı məlumatı olmuşdur.

58. Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.

59. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hisssində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.(Əmək Məcəlləsinin 296-cı maddəsinin 1, 2, 3-cü hissələri)

60. Cavabdeh tərəf ərizə ilə məhkəməyə müraciət edərək hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

61. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

62. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır.

63. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

65. İş materiallarından və işin mübahisəsiz hallarından görünür ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən xx.xx.2022-ci il tarixdən məlumatlı olmuş, iddia müddətinin axımı həmin tarixdən başlamış, ona xx.xx.2022-ci il tarixdə son haqqhesab ödənilmiş, xx.xx.2022-ci il tarixdə ərizə ilə Əmək Müfəttişliyinə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə Əmək Müfəttişliyi tərəfindən qərar qəbul edilmiş, həmin qərar cavabdeh tərəfindən mübahisələndirilmiş və həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, bundan sonra iddiaçı mediasiya təşkilatına xx.xx.2022-ci il tarixdə müraciət etmiş və arayışı xx.xx.2023-cü il tarixdə almış, işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.

66. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 294-cü madəəsinin 4-cü hissəsinə görə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

67. Göründüyü kimi iddiaçının mediasiya təşkilatına müraciətinə qədər olan dövr üzürlü səbəb kimi qəbul edilsə belə, onun mediasiya təşkilatının arayışından sonra 1 ay ərzində məhkəməyə müraciət etməməsinin üzürlü səbəblərdən-xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, kollegiya hesab edir ki, cavabdeh tərəfin ərizəsi əsasında iddia müddəti tətbiq edilərək iddia tələbi təmin edilməməlidir.

68. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

69. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2371/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi iddia müddətinin keçməsinə görə təmin edilməməlidir.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2371/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X3 cavabdeh Xırdalan şəhər 15 saylı körpələr evi – uşaq bağçasına qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Mediasiyaya müraciət edilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar