Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-187/2025 16.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(026)-457/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 15000 manat pulun və 4058 manat maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 iyul 2023-cü ildə 120 baş xırda buynuzlu heyvanı Cavabdeh2 30000 manata satmağa razılaşmışlar. Bununla əlaqədar aralarında müqavilə tərtib etmişlər. Həmin gün 120 baş xırda buynuzlu heyvanı cavabdehə təhvil vermişdir. Aralarında tərtib olunmuş müqaviləyə əsasən Cavabdeh2 həmin məbləğin 15000 manatını 30 avqust 2023-cü il tarixə kimi, qalan 15000 manatı isə 30 iyun 2024-cü il tarixə kimi ona ödəməli idi. Lakin o, heyvanları iddiaçıdan alsa da, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, iddiaçıdan satın aldığı heyvanların pulunu ona tam ödəməmişdir. O, 15000 manatı hissə-hissə iddiaçıya ödəmiş, qalan 15000 manatı isə ödəməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh borcunu könüllü qaytarmaqdan imtina edir. İddiaçıda olan məlumata əsasən Cavabdeh2 quzuları satmış, qalan heyvanları isə qardaşı Nərimana vermişdir. Cavabdehdən 15000 manatı ala bilmədiyinə görə ehtiyacı olduğundan həm bankdan, həm də əldən faizə pul götürməyə məcbur olmuş və faiz ödəməli olmuşdur. Ona görə də cavabdehin təqsiri üzündən iddiaçıya əlavə 4058 manat maddi ziyan dəymişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 24 iyul 2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı məxsus 120 baş xırda buynuzlu heyvanı Cavabdeh2 30000 manata satmağa razılaşmış və 120 baş heyvanı ona təhvil vermişdir. Cavabdeh2 həmin məbləğin 15000 manatını 30 avqust 2023-cü ildə, qalan 15000 manat pulu isə 30 iyun 2024-cü ildə alacaqdır. Cavabdeh2 120 baş xırda buynuzlu heyvanı İddiaçı 30000 manata almağa razılaşmış və ondan heyvanları təhvil almışdır. Cavabdeh2 razılaşdıqları 30000 manat məbləğin 15000 manatını 30 avqust 2023-cü ildə, qalan 15000 manat pulu isə 30 iyun 2024-cü ildə İddiaçı verməyi öhdəsinə götürmüşdür. Müqavilə satıcı İddiaçı və alıcı Cavabdeh2 tərəfindən imzalanmışdır.
5. Ödəniş cədvəlindən görünür ki, İddiaçı "xxxx" ASC-dən 09 avqust 2024-cü ildə 56 ay müddətinə 21,9 illik faiz dərəcəsi ilə 6700 manat məbləğində kredit götürmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
6. Qobustan Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(026)- 457/2024 nömrəli qətnaməsi ilə (hakim Samir Mayılov) iddianın qismən təmin edilməsi, Cavabdeh2 13500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 130,5 manat məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 608, 601.1, 601.2, 600.4 və 442-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 185.5, 88, 14.2, 77.1, 106.3, 107, 119.1, 119.2, 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, Qobustan Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(026)-457/2024 nömrəli qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə 120 baş xırda buynuzlu heyvanını Cavabdeh2 30.000 manata satmağa razılaşmış, bununla əlaqədar aralarında Müqavilə tərtib etmişlər. Həmin gün 120 baş xırda buynuzlu heyvanı cavabdehə təhvil vermişdir. Aralarında tərtib olunmuş Müqaviləyə əsasən Cavabdeh2 həmin məbləğin 15.000 manatını xx.xx.2023-cü il tarixə kimi, qalan 15.000 manatı isə xx.xx.2024-cü il tarixə kimi ona ödəməli idi. Lakin o, heyvanları ondan alsa da, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, satın aldığı heyvanların pulunu ona tam ödəməmidir. O, ilk 15.000 manatı hissə-hissə, yəni sonuncu dəfə xx.xx.2004-cü ildə ona ödəmiş, qalan 15.000 manatı isə ödəməmişdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcunu ona könüllü qaytarmaqdan imtina edir. Onda olan məlumata əsasən quzuları satmış, qalan heyvanları isə qardaşı Nərimana vermişdir. Cavabdehdən 15.000 manatı ala bilmədiyindən, ehtiyacı olduğundan, həm bankdan, həm də əldən faizə pul götürməyə məçbur olmuş və faiz ödəməli olmuşdur. Ona görə də cavabdehin təqsiri üzündən ona əlavə 4058 manat maddi ziyan dəymişdir. Qətnamə ilə razı deyil. Belə ki, məhkəmə cavabdehin şifahi ifadəsinə - 15.000 manat borcun 1500 manatını ödəməsinə inanaraq ona ödənilməmiş 15.000 manat əvəzinə, 13.500 manat pulun tutularaq verilməsi hissəsində iddianı qismən təmin etmişdir. Bununla razılaşmayaraq bildirir ki,cavabdehin xahişi ilə öz adına cavabdeh üçün kredit götürmüş, cavabdehə vermişdir. Cavabdehin ona verdiyi 1500 manat pulu Cavabdeh2 krediti olaraq banka ödəmişdir. İşə baxan hakim telefonunda olan səs yazılarını dinləməkdən imtina etmişdir. Bu barədə səs yazılarını məhkəməyə təqdim edəcəkdir. Bundan əlavə cavabdeh öhdəsinə götürdüyü vaxtda borcunu ödəsəydi, müalicəsi üçün faizə pul götürməz və nəticədə ona 4058 manat maddi ziyan dəyməzdi. O, Cavabdeh2 heyvan satmaq istəmirdi. Cavabdeh2 ilə müqavilə bağlasa da, o, ən azı 5 dəfə Cavabdeh1, X3,X2 ilə birlikdə qoyunlara baxmağa gəlmiş, qoyunların ağzına baxmış, birlikdə danışıqda iştirak etmiş, Cavabdeh2 ondan aldığı qoyunları Cavabdeh1 verərək Türkiyəyə getmişdir. Əgər Nərimanın iştirakı olmasaydı, o, heyvanları Əlvana nisyə satmazdı. Ona görə də hesab edir ki, Cavabdeh1 iş üzrə cavabdeh qismində tanınmalı və hazırkı iddia tələbi ona qarşı münasibətdə də təmin edilməlidir. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdir. 120 baş xırda buynuzlu heyvanını Cavabdeh2 30.000 manata satmış və bununla əlaqədar aralarında xx.xx.2023-cü il tarixli Müqavilə tərtib edilmişdir. O, 15.000 manatı hissə-hissə ona ödəmiş, qalan 15.000 manatı isə ödəməmişdir. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə qətnamədə bütün maddi və prosessual hüquq normalarını sadalamış, lakin gəldiyi nəticə ilə hesab edir ki, qanunu səhv təfsir edilmişdir. Faktlara düzgün qiymət vermədən, faktlara deyil formal mülahizələrə əsaslanılmışdır. Məhkəmə yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalı olduğu halda, ehtimallara əsaslanmışdır. Cavabdehin ona verdiyi 1500 manat onun kredit borcu olmasını sübut edən səs yazılırına məhkəmə qiymət verməmişdir. Müqavilədə borc dəqiq göstərilsə də, məhkəmə iddianı qismən təmin etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
11. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
12. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
13. Kollegiya qeyd edir ki, iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qismən – iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 608. Əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 15000 manat pulun və 4058 manat maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Bundan başqa müəyyən edilir ki, iddiaçı Cavabdeh2 nisyə satılmış xırda buynuzlu heyvanın hazırda digər Cavabdeh1 sahibliyində olduğunu bildirmişdir. İddia ərizəsində onların hər ikisi cavabdeh kimi göstərilmiş olsa da, iddiaçı Cavabdeh2 15000 manat pulun və 4058 manat maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə baxış iclasında iştirak edən zaman iddiaçı hər iki cavabdehə qarşı tələb irəli sürdüyünü bildirərək, tələbinin həm Cavabdeh2, həm də Cavabdeh1 qarşı olduğunu qeyd etmişdir.
20. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 13500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 130,5 manat məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
21. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı tələbi öhdəlik hüquq münasibətlərindən irəli gəldiyinə görə iddiaçının mənafeyi bilavasitə borclu şəxsin, yəni müqavilənin digər tərəfi olan Cavabdeh2 üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunmalıdır. Mahiyyəti etibarilə hissə-hissə ödənilməsi şərtilə heyvanların nisyə alğı-satqı müqaviləsi olan müqavilə üzrə Cavabdeh2 satılmış heyvanların hazırda Cavabdeh1 sahibliyində olması halı öz təsdiqini tapsaydı belə, bu hal Cavabdeh1 iddiaçı qarşısında hər hansı öhdəlik daşımasına əsas vermir. Belə olan halda məhkəmə bildirmişdir ki, Cavabdeh1 qarşı iddianın təmin edilməsinə hər hansı əsas yoxdur və iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir.
22. Bundan başqa məhkəmə qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 24 iyul 2023-cü il tarixli müqavilə onlar arasında öhdəlik münasibətlərinin mövcudluğunu təsdiq edir, həmin müqavilə üzrə tərəflər 120 baş heyvanın 30000 manata Cavabdeh2 nisyə satılmasını, həmin məbləğin 15000 manatının 30 avqust 2023-cü ildə, qalan 15000 manatının isə 30 iyun 2024-cü ildə ödəniləcəyini razılaşmışlar. Müqavilə üzrə ilk 15000 manatın ödənilmiş olmasını iddiaçı da iddia ərizəsində qəbul etmiş, ikinci 15000 manat məbləğində ödənişin Cavabdeh2 tərəfindən icra edilmədiyini bildirmişdir. Lakin məhkəmə iclasında Cavabdeh2la istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlanılmış, o, iddiaçıdan nisyə alğı-satqı qaydasında 30000 manata heyvan aldığını, bununla bağlı yazılı müqavilə imzalandığını, həmin müqavilə üzrə iddiaçıya 15000 manat bir verdiyini, 1500 manat da bir verdiyini, hazırda iddiaçıya 13500 manat borcu qaldığını və həmin borcu ödəyəcəyini bildirmişdir. Cavabdeh2 bildirdiklərindən sonra iddiaçı verilmiş suala cavab olaraq qeyd etmişdir ki, Cavabdeh2 ona əlavə 1500 manat ödəniş etmiş olsa da, həmin pul onun özünə deyil, bankdan kredit götürdüyünə görə banka çatmışdır. Tərəflərin bildirdiklərini nəzərə alan məhkəmə qeyd edir ki, hazırda Cavabdeh2 müqavilə üzrə iddiaçıya 13500 manat borcunun qalması Cavabdeh2 özü tərəfindən də etiraf edilir. Mübahisəli məqam isə Cavabdeh2 ödədiyini bildirdiyi 1500 manat ilə əlaqədardır ki, həmin məbləğdə pulun həqiqətən də ödənilməsi halı iddiaçı tərəfindən də təsdiq edilməsinə baxmayaraq, iddiaçı həmin pulun ona deyil, kredit ödənişlərinə görə banka çatdığını bildirmişdir. Məhkəmə bununla bağlı bildirmişdir ki, Cavabdeh2 müqavilə üzrə iddiaçıya ödədiyi məbləğin sonradan hansı təyinat üzrə istifadə olunmasının Cavabdeh2 üçün hər hansı bir əhəmiyyəti yoxdur. Ona görə də onun etdiyi 1500 manat məbləğində ödəniş də iddiaçının tələb etdiyi 15000 manatdan çıxılmalıdır. Beləliklə də, hazırda Cavabdeh2 iddiaçıya 13500 manat borcunun qalması öz təsdiqini tapır.
23. İddiaçı iddia tələbində müqavilə üzrə ödənilməmiş məbləğ ilə yanaşı, borc götürdüyü pullara görə ödəməli olduğu faizlərlə bağlı 4058 manatın da cavabdehin təqsiri üzündən ona dəymiş zərər kimi tutulmasını tələb etmişdir. Bununla bağlı məhkəmə bildirmişdir ki, Cavabdeh2 öhdəliklərini icra etməməsi səbəbilə sonradan iddiaçının hansısa mənbədən faizə borc alması həmin borc üzrə faizlərin cavabdehdən tutulmasına əsas vermir. Cavabdeh özünün iştirakçısı olmadığı öhdəlik münasibətlərindən irəli gələn faiz ödənişlərini icra etmək məcburiyyəti daşımır. İddiaçının hüquqi imkanı müvafiq sübutlar təqdim etməklə, hazırkı halda müqavilə öhdəliklərinin icrasının gecikdirilməsi nəticəsində cavabdehdən dəbbə pulunun tutulmasını tələb etməkdən və ya gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək Mülki Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməsini tələb etməkdən ibarətdir. Ona görə də iddia tələbi dəymiş zərər kimi 4058 manatın Cavabdeh2 tutulması hissəsində təmin edilməməlidir.
24. Qətnamə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Şikayətin dəlillərindən göründüyü kimi apellyator birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməməsini mübahisələndirmişdir.
26. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir, məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
27. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(026)-457/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.