Məhkəmə qərarları › İş №2(105)-1870/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1870/2022

28.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1870/2022 28.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil3, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçıya məxsus Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisindəki torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən çıxarılması barədə iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisindəki torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisindəki torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi ona məxsusdur. Cavabdeh 2020-ci ildən etibarən ona məxsus mənzilə əmlakını götürmək məqsədilə gəlmiş və orada məskunlaşmışdır. Cavabdeh onun qaynının gəlini olmuşdur. Cavabdeh X3 ilə 07 oktyabr 2013-cü il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından uşaqları olmamışdır. Evləndikdən sonra bir müddət Tovuz rayonu, Qəribli kəndində yaşamış, sonradan işləmək məqsədilə Sumqayıt şəhərinə gəlmişlər. 2 ilə yaxın müddət ərzində onun qaynına məxsus bağ evində yaşamışlar. Sonradan əmisi bağ evində yaşamalarına etiraz etdiyindən ona məxsus Sumqayıt şəhəri 18-ci mikrorayon, 50-ci məhəllədə yerləşən torpaq sahəsində olan kiçik butkada yaşamağa başlamışlar. 2017-ci ildə o həmin torpaq sahəsində özünə ev tikdirməyə başlamışdır. Yaşadıqları ərəfədə bir neçə dəfə onlar ona məxsus evdə qalmışlar. Daha sonra, cavabdeh 2020-ci ildə əmlakını götürmək məqsədilə həmin evə daxil olmuş və həmin vaxtdan etibarən ona məxsus fərdi yaşayış evindən özbaşına istifadə etdiyindən öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Onun tərəfindən məhkəməyə təqdim etdiyi bütün şahidlər də öz ifadələrində mübahisəli evi inşa edən şəxsin məhz Zakir Alıyev olduğunu bildirmişlər. Mübahisəli ev özbaşına tikili olduğundan və onun həmin ev üzərində hər hansı hüququ olmadığından, eyni zamanda ona evi inşa edən şəxsin məhz Zakir Alıyev olduğunu bildirmişlər. Bundan əlavə onun Memarlıq və Şəhərsalma idarəsinə müraciətləri və həmin idarənin ona cavab məktubu həmin evin onun istifadəsində və sahibliyində olmasını bir daha təsdiq edir. Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(060)-2040/2022 nömrəli qətnaməsini ləğv edib, iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadılar, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, mübahisəli evin iddiaçının mülkiyyətində olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan 1 saylı Məhəllə komitəsinin xx.xx.2022-ci il tarixli arayışı ilə müəyyən olunur ki, iddiaçı Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yaşayır. Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, iddiaçının müraciətinə baxılmışdır. İddiaçının Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən torpaq sahəsində 1 mərtəbəli inzibati binanın tikintisi məqsədilə Memarlıq və Şəhərsalma İdarəsinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsi ilə nəzərdə tutulan məlumatlandırma icraatı qaydasında təqdim edilmiş eskiz layihəsinə həmin məcəllənin 80.4-cü maddəsinə əsasən baxılaraq razılaşdırılmışdır. İş materiallarına Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində iddiaçıya məxsus inzibati binanın tikinti layihəsi əlavə edilmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-1754/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə X3 arasında xx.xx.2013-cü ildə Tovuz Rayon Qeydiyyat Şöbəsində 06 sayla bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş qonşular X4, X6 və X10 tərəfindən tərtib edilərək imzalanmış, Məhəllə Komitəsinə təqdim edilmiş aktlarda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən ev iddiaçıya məxsusdur. İşə əlavə edilmiş qonşular X2, X11, X5, X13, X7, Vəliyev N.K. tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli akta əsasən cavabdeh və X3 ər-arvad kimi onların qonşuluqlarında 3 otaqlı, 1 dəhlizdən, sanitar qovşaqdan və mətbəxdən ibarət 110 kvadrat metr olan ev tikmələrinin qonşu kimi şahidi olmuşlar. Hətta həmin ev tikilərkən cavabdehin evin tikilməsində usta kimi işləyən şəxslərə qulluq etməsinin də şahidi olmuşlar. Cavabdehi bir müddətdir ki, qonşuluqda görmürlər. İş materiallarına sözügedən fərdi yaşayış evinin tikintisi üçün sərf edilən malların miqdarını, qiymətini və məbləğini əks etdirən sxem əlavə edilmişdir. İşdə olan Cavabdeh tərəfindən 14 yanvar 2022-ci il tarixdə yazılmış qəbzdən görünür ki, Cavabdeh ona məxsus qərardad olan cehiz əşyalar tam şəkildə özündədir, cehiz əşyalarla bağlı heç bir şikayəti yoxdur və hal-hazırda Sumqayıt şəhəri, 18 mkr, 50-ci məhlədə yerləşən H.Q.Alıyevaya məxsus 3 otaq həyət evdə 2022-ci il sona qədər könüllü şəkildə çıxaraçıgını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakının (əşyadan) onun faydalf təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası MM-nin 158.2-ci maddəsinə əsasən Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadagan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymagı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Yuxarıda qeyd olunan Mülki Məcəllənin normalarına əsasən İddiaçı sahibliyində və istifadəsində olan fərdi yaşayış evi bağlı onun sahiblik və istifadə hüquqları pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh qanunsuz və özbaşınalıq yolu ilə iddiaçının sahibliyində və istifadəsində olan evə qəbz verib aldatma yolu ilə daxil olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, Cavabdeh əmlakarını çıxarmaq adı ilə mübahisəli evə gəlmiş və evdən çıxmamışdır. Tovuz Rayon Məhkəməsinin 2(062)-1030/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin K.Z.Alıyevə qarşı birgə nikah dövründə əldə olunmuş əmlakdan ikidə bir payın ona verilməsi barədə iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən müəyyən edilmişdir ki, mübahisə olunan ev cavabdehin birgə nikah dövründə əldə edilmişdir və həmin qətnaməyə əsasən cavabdehə məxsus olan əşyalar ona geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş abonentin saldosundan müəyyən edilir ki, Sumqayıt şəhəri, 50-ci məhəllədə yerləşən evin qaz sayğacı İddiaçı adına qeydə alınmışdır. İş materialları ilə müəyyən edildi ki, cavabdeh İddiaçı ailə üzvü olmamış və hazırda mübasəli evdə yaşamaqla iddiaçının hüquqlarını pozmuş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsin əsasən, sahiblik qadagan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsassızdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 23 iyun 2022-ci il tarixli 2(060)-2040/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar