Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1873/2024 18.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması haqqında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6917/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, onun yetkinlik yaşına çatmayan övladı xx.xx.2007-ci il təvəllüdlü X2 və Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 1, ev 32A-ya olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6917/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi icraata qəbul etməkdən imtina olunması, İddiaçı xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılması, qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Aynur Behbudova). Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və iş üzrə sonrakı prosessual hərəkətləri yerinə yetirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, işdən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 1, ev 32A xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlərdən Cavabdeh1 onun qızı və Cavabdeh2 isə qohumudur. Onlar ona məxsus mənzildə qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar. Belə ki, cavabdehlərdən Cavabdeh1 2006-cı ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və mənzili həmin vaxtdan da tərk etmişdir. Ailə həyatı qurduqdan sonra onun bir övladı da dünyaya gəlmişdir: xx.xx.2007-ci il təvəllüdlü X4. Uşaq da ona məxsus mənzildə qeydiyyatdadır. Digər Cavabdeh2 da 18-19 ilə yaxındır ki, mənzildə qeydiyyatda olsa da, heç vaxt orada yaşamayıb. Bütün bunlar qonşuların iştirakı ilə tərtib olunmuş aktda da öz təsdiqini tapır. Onların mənzilə istifadə hüquqları itirlimiş hesab edilməlidir. Məhkəmə belə nəticəyə gəlib ki, cavabdehlərin mənzilə istifadə hüquqları yoxdur. Ona görə də inzibati məhkəməyə müraciət olunmalıdır. Həmin şəxslərin mənzildə istifadə hüquqları olub və uzun müddətdir ki, yaşmadıqlarından və mənzili daimi olaraq tərk etdiklərindən onların istifadə hüquqlarının itirilməsi ilə bağlı müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6917/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 6917/2024 qərardadı ləğv edilməli, qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 151.1 və 151.2-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İnzibati icraat haqqında” Qanuna “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-c maddəsinə istinad etməklə onunla əsaslandırmışdır ki, iddiaçı inzibati orqana (Sumqayıt şəhər Polis İdarəsinə) müraciət etməklə istifadə hüququ olmayan şəxslərin qeydiyyatının ləğv olunmasını tələb etmək hüququ mövcuddur. İnzibati orqan tərəfindən iddiaçının bu tələbindən imtina olunduğu halda, inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq (Sumqayıt İnzibati Məhkəməsinə) hüququ izah edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq əvvəla qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi qızı Cavabdeh1, nəvəsi X2 və digər qohumu Cavabdeh2 ona məxsus mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsidir. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən istifadə hüququ olmayan şəxslərin qeydiyyatından bəhs etmişdir. Halbuki onların istifadə hüququnun olub-olmamasının müəyyən edilməsi, eləcə də olduğu halda itirilmiş hesab edilməsi mülki məhkəmə icraatı qaydasında baxılan mübahisələrə aiddir. Belə olan halda, qeyd edilən əsasla iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməməsi iddiaçını məhkəmə müdafiəsindən istiadə hüququndan məhrum etmiş olar. Yuxarıda sadalananlara əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin qeyd olunan əsasla qəbul edilməsindən imtina edilməsi barədə mövqeyi işin faktiki halına uyğun olmadığı kimi, tərəfin qanunla müəyyən edilmiş məhkəmə müdafiəsi hüququnun da məhdudlaşdırılmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6917/2024 nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsinə qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6917/2024 nömrəli qərardadı ləğv edilsin. Mülki iş iddiaçı üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsinə qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1873/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1873/2024
18.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver