Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1874/2023 21.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: ərizənin geri qaytarılması- forma və məzmun tələbinə əməl edilməməsinə görə) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair Quba Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(027)-1813/2023 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun Quba rayon Dövlət notariat kontorunun reyestrində № 4-Ə-532 nömrə ilə qeyd edilmiş, 21 iyun 2005-ci il tarixli, № 224453 saylı alqı-satqı müqaviləsi əsasında Quba rayonunun Alekseyevka kəndi ərazisindən ona satılmış ümumi sahəsi 32,5 kv.m və yaşayış sahəsi 27,7 kv.m olan, iki otaqlı bir mərtəbəli fərdi yaşayış evinin yerləşdiyi 0,13 ha torpaq sahəsindən mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam verməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Quba Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(027)-1813/2023 nömrəli qərardadı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmışdır.
3. Ərizəçi qeyd edilən qərardaddan şikayət verərək, Quba Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(027)-1813/2023 nömrəli qərardadının ləğv edilməsi və mülki iş üzrə ərizənin məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir.
4. Quba Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(027)-1813/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı ərizədən görünür ki, Ərizəçi ərizəsi hüquqmüəyyənedici sənədlərin itirilməsi və ya bu sənədlərin məhkəmədən kənar qaydada bərpasının mümkünsüzlüyü barədə deyil, ona görə də mülki qanunvericiliyin tələbinə əsasən hazırkı ərizəyə xüsusi icraat qaydasında baxıla bilməz.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki- Prosessual Məcələsinin 149, 152.1.1, 306.1, 307.2.6-cı maddələrinə və hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin ərizənin geri qaytarılması barədə gəldiyi nəticə qanunsuz və əsassızdır. İşə baxan məhkəmə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2015-ci il tarixli, 3 nömrəli Qərarının 7-ci bəndini düzgün təfsir etməmişdir. Hazırkı ərizənin icraata qəbul edilməsi məsələsi zamanı mübahisəyə Azərbaycan Respublikasının MPM-nin 307.2.11 və 308-ci maddələrini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. İş materiallarından göründüyü kimi qeyd olunan alqı-satqı müqaviləsində alqı-satqının predmeti mübahisəli torpaq sahəsi yox, həmin torpaq sahəsində yerləşən ev göstərilmişdir. Lakin faktiki olaraq ev, torpaq sahəsi ilə birgə ərizəçinin mülkiyyətinə verilmişdir. İşə baxan məhkəmə bu hala qiymət verməmişdir. Əssasız şəkildə ərizəni geri qaytarmışdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1. iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; hakim iddia ərizəsini geri qaytarır. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
11. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarı
7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın.
Apellyasiya baxışının hədləri
12. Şikayətdən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(027)-1813/2023 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
13. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(027)-1813/2023 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.
16. Məlum olduğu kimi ərizəçi məhkəməyə müraciət edərək Quba rayon Dövlət notariat kontorunun reyestrində № 4-Ə-532 nömrə ilə qeyd edilmiş, 21 iyun 2005-ci il tarixli, № 224453 saylı alqı-satqı müqaviləsi əsasında Quba rayonunun Alekseyevka kəndi ərazisindən ona satılmış ümumi sahəsi 32,5 kv.m və yaşayış sahəsi 27,7 kv.m olan, iki otaqlı bir mərtəbəli fərdi yaşayış evinin yerləşdiyi 0,13 ha torpaq sahəsindən mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam verməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin hüquqi əsası kimi 307.2.6-cı maddəsinə istinad etmişdir ki, kollegiya bu hissədə qeyd edir ki, daha öncə istinad edilən Plenum Qərardakı mövqeydən də aydın olduğu kimi, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Yəni başqa sözlə qeyd olunan norma daha öncə hər hansı daşınmaz əmlaka mövcud mülkiyyət sənədinin itməsi səbəbindən bu faktın məhkəmə qaydasında tanınmasını ehtiva edir.
17. Bundan başqa, xüsusi icraat qaydasında ərizəyə baxılması ilə əlaqədar məhkəməyə müraciət edən ərizəçinin ərizəsi MPM-in forma və məzmunla bağlı qaydalarına da riayət edilmədən tərtib edilmişdir. Belə ki, ərizədə maraqlı şəxs (fiziki və ya hüquqi şəxs) ümumiyyətlə yoxdur.
18. İşin faktiki hallarından, ərizənin mahiyyətindən çıxış edərək apellyasiya kollegiyası qeyd edir ki, ərizəçinin hazırkı halda xahişi daha çox əqdin bağlanmış hesab edilməsi kimi iddia tələbinə daha uyğundur ki, bu cür iddialara isə hüquqi əhəmiyyətli faktın tanınması ilə bağlı ərizə kimi xüsusi icraat qaydasında deyil, konkret tələb üzrə iddia icraatı qaydasında baxılmalıdır.
19. Sonda yuxarıda qeyd olunan prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi Ərizəçi iddia ərizəsini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də Quba Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(027)-1813/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:
Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(027)-1813/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.