Məhkəmə qərarları › İş №2(105)-1876/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1876/2022

16.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1876/2022 16.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh Firudin qızına qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Cavabdeh Firudin qızının qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(060)-4370/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı məhkəməyə müraсiət edərək, сavabdeh Cavabdeh azyaşlı uşaqları ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 46 saylı mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4370/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qərardadı ilə iddia mümkün hesab edilmişdir. Bundan sonra Cavabdeh məhkəməyə ərizə (qarşılıqlı iddia ərizəsi) ilə müraciət edərək hazırkı iş üzrə ilk iddia tələbinin rədd edilməsi, ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilin alınması üçün İddiaçı verdiyi otuz min manat məbləğindəki pulun və dövlət rüsumu olaraq məhkəməyə ödənilən 181 manat məbləğində pulun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4370/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır (hakim R.Qoşqarlı). Bu qərardaddan Cavabdeh şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məkəməsinin mövqeyi və gəldiyi nəticələr ziddiyyətli və müvafiq qanunvericiliyin tələblərinə zidd olduğu və müvafiq maddi və prosessual hüquq normalarına dəqiq istinad edilməklə əsaslandırılmadığı üçün qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin qarşılıqlı iddia ərizəsində Cavabdeh mənzilin alınmasında onun da maddi dəstəyi olduğunu qeyd etməsi, ərizədə mənzilin alınmasında iddiaçıya 30.000 manat pul verməsini qeyd etməsi, lakin həmin məbləğin verilməsi barədə heç bir sübut təqdim etməməsi barədə dəlili tamamilə qanunsuz, əsassız, qeyri-obyektiv və qərəzli xarakter daşıyır. Belə ki, qarşılıqlı iddianı təsdiq edən sübut qismində şahid ifadələrinə istinad edilmiş və həmin şahidlərin şəxsiyyət vəsiqələrinin surətləri qarşılıqlı iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və elektron məhkəmə sisteminə yüklənilmişdir. Məhkəmə həmin şəxslərin məhkəmə baxış iclasında şahid qismində dindirilməsini təmin edə bilərdi. Məhkəmə isə mülki prosessual qanunvericiliyin tələblərini kobud və qərəzli surətdə pozaraq məhkəməyə təqdim edilən sübut növlərini tam, obyektiv və hərtərəfli araşdırmadan, tədqiq etmədən, özü də əvvəlcədən, həm də səhv hüquqi qiymət vermişdir. Məhkəmə unutmuşdur ki, şahid ifadələri kimi sübut növünə məhkəmə hazırlıq iclasında iddianı təsdiq edən və ya etməyən sübut növü kimi hüquqi qiymət verilə bilməz. Həmin sübut növünə yalnız məhkəmə baxış iclasında, tərəflərin iştirakı ilə tam, obyektiv və hərtərəfli tədqiq edildikdən sonra hüquqi qiymət verilə bilərdi. Məhkəmə isə sübutetmə və sübutlarla bağlı prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur. Daha sonra məhkəmənin irəli sürdüyü digər dəlil hazırkı mübahisənin mülkiyyətçinin özünə məxsus mənzilindən digər şəxsin çıxarılmasından ibarət olması, belə olan halda cavabdehin iddia etdiyi pul məbləği və sair tələblərlə bağlı iddiasının ayrı icraat qaydasında baxılmalı olması barədə mövqeyi tamamilə qanunsuz və əsassızdır. Belə ki, AR MPM- nin 155 və 156-cı maddələrində qarşılıqlı iddiaya belə bir qadağan və ya istisna edən hal yoxdur. Hal-hazırki mülki iş üzrə qarşılıqlı iddia AR MPM-nin 155 və 156-cı maddələrinə uyğun olaraq verilmişdir, mübahisə predmeti olan mənzil ilə bilavasitə əlaqəlidir, ilk və qarşılıqlı iddia üzrə mülki işlərin aynayrılıqda baxılması eyni predmetlə bağlı olduğu və onun alınmasına sərf edilmiş pul üzrə tərəflərin arasında mübahisə mövcud olduğu və buna görə də mübahisə predmeti olan məzilin üzərində hüquqlarla bağlı mübahisə mövcud olduğu üçün tərəflərini hüquqlarının və qanuni mənafelərinin pozulmasına və süründürməçiliyə səbəb ola bilər. Digər tərəfdən hal-hazırki mülki iş üzrə qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişdir ki, işə baxan birinci instansiya məhkəməsi bu hallara düzgün hüquqi qiymət verməmişdir. Odur ki, sadalanan hallar nəzərə alınmaqla şikayət təmin edilməli, qərardad ləğv edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 22 iyul 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işin materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(060)-4370/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Göründüyü kimi qarşılıqlı iddia ərizəsinin mümkünlüyünün mövcud olduğu hallar qanunda birbaşa nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qarşılıqlı iddia ərizəsinin mümkünlüyü üçün bu hallardan heç biri mövcud deyildir. Bu isə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Hazırkı mülki iş üzrə iddiaçı mülkiyyət hüquqlarının müdafiəsi ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət etmişdir ki, bunun əksində qarşılıqlı iddia ərizəsi pul tələbi ilə əlaqədar iddiadır ki, işin mahiyyəti nəzərə alındıqda, bu tələblər arasında qarşılıqlı əlaqənin mövcud olmadığı, yəni tələblərin birinin digərini inkar etmədiyi aydın olur. Məhkəmə kollegiyası, işə baxan birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə mövqeyi qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 395-396, 398, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(060)-4370/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar