Məhkəmə qərarları › İş №2(105)-1878/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1878/2022

31.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1878/2022 31.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X14 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçı: İddiaçı, İddiaçının vəkili: Vəkil4, Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2, Cavabdehlərin nümayəndəsi və vəkili: Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia tələbinin təmin edilməsi, İddiaçı - xx.xx.2015-ci il təvəllüdlü X15 və xx.xx.2016-cı il təvəllüdlü X11 adlı övladları ilə birlikdə Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,025 ha torpaq sahəsində tikilmiş evə köçürülməsi, Cavabdeh2 və Cavabdeh1 bərabər qaydada olmaqla cəmi 100 manat dövlət rüsumuna görə tutulub İddiaçı verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində tikilmiş evə uşaqları xx.xx.2015-ci il təvəllüdlü X15 və xx.xx.2016-cı il təvəllüdlü X11 ilə birlikdə köçürülmələrinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X15 və xx.xx.2016-cı il təvəllüdlü X11 adlı iki övladları olmuşdur. O, xx.xx.2014-cü il tarixdə cehiz əmlakları ilə Sumqayıt ərazisində kirayə evə gəlin köçmüşdür. Kirayədə yaşaya-yaşaya Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində ev tikdirməyə başlamışlar. 1 il sonra, yəni xx.xx.2016-cı il tarixdə həmin tikdirdikləri evə köçüb orada yaşamağa başlamışlar. xx.xx.2016-cı il tarixdə ikinci uşaqları dünyaya gəlmişdir. O vaxtdan 2020-ci ilin oktyabr ayına kimi ailə olaraq orada yaşamışlar. 2020-ci ilin aprel ayında cavabdehlə aralarında pul üstündə mübahisə yaranmış, valideynləri söhbətə müdaxilə etsə də, aralarındakı mübahisə dava etməyə başlamışdır. Cavabdeh evi tərk edərək anasıgilə getmişdir. O vaxtdan yəni 2021-ci ilin aprel ayının 5dən sentyabr ayının 3-nə kimi həmin evdə uşaqları ilə birlikdə yaşamağa davam etmişdir. Həmçinin, cavabdeh 2021-ci ilin iyun ayında Sumqayıt Şəhər Məhkəməsinə “nikahın pozulması” tələbinə dair iddiası ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5156/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X15 və xx.xx.2016-cı il təvəllüdlü X6 onun himayəsinə verilməsinə və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağa görə 145 manat olmaqla, ümumilikdə 290 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Onlar ona məhkəmə mübahisəsi zamanı alimentdən imtina etməyi, onun əvəzi olaraq mübahisəli evi ona vermələri ilə bağlı təklif etmişlər, o, bu təkliflə razılaşmamışdır. Məhkəmədən sonra cavabdeh ailə üzvləri ilə birlikdə o evdə olmayanda, uşaqları məktəbə apararkən yaşadığı evə gələrək evin cəftəsini qırmış, dəyişdirirərək onu və uşaqları da evdən qovmuşlar. ƏMDK yanında DƏDR-nin 4 saylı Abşeron Ərazi İdarəsinin **********8 №-li, xx.xx.2021-ci il tarixli arayışında da qeyd olunmuşdur ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.05 ha torpaq sahəsi cavabdehin adına qeydiyyat alınmışdır. Onların birgə nikah dövrü əldə olunan gəlirlər hesabına tikilən evləri də həmin torpaq sahəsinin bir hissəsində tikilmişdir. Həmçinin, həmin evə dair **********00236 nömrəli enerji abunə kodu və **********02410 nömrəli qaz sayğacına dair abunə kodu atası X8 adına qeydiyyata alınmışdır. Hal-hazırda bütün cehiz əmlakları, ona və uşaqlarına aid əşyaları həmin evdədir. Cavabdeh onları qərəzli şəkildə evdən qovmuşdur. Onlar 2016-cı il tarixdən birgə yaşamış və birgə təsərrüfat aparmışlar. Həmçinin həmin bu ev birgə nikah dövrü əldə olunmuş gəlirlər hesabına tikilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. İddiaçının evə köçürülmə tələbinə dair iddiasının predmeti olan Abşeron rayonu, Saray qəsəbəsində olan torpaq sahəsində olan tikili ümumiyyətlə ona məxsus olmamışdır. Abşeron rayonu, Saray Qəsəbəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi hal-hazırda Cavabdeh2 mülkiyyətindədir. Qeyd edilən torpaq sahəsi DƏDRX-nın ******* saylı Çıxarışına əsasən xx.xx.2011-ci il tarixində 22S nömrəli reyestr kitabının 74 nömrəli vərəqində cavabdeh Zamir Hümmətovun mülkiyyəti kimi qeydiyyata alınmışdır. Onlar isə 07 mart 2014-cü il tarixində rəsmi dövlət nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşlar. Rəsmi nikahdan sonra iddiaçı övladları ilə birlikdə isə Sumqayıt şəhəri, Sarıqaya qəsəbəsində yerləşən “Günəş" düşərgəsində məskunlaşmışdır. Bu faktı isə Sumqayıt Bələdiyyəsinin Sarıqaya Qəsəbəsi üzrə 1 saylı Məhəllə Komitəsinin 29 mart 2022-ci il tarixli, 369 saylı arayışı təsdiq edir. O, ona məxsus olan 0,05 ha torpaq sahəsinin 0.025 ha hissəsini xx.xx.2022-ci il tarixli, 4Ə-7 saylı daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən qardaşı Cavabdeh2 bağışlamışdır. Bağışlama müqaviləsinə əsasən həmin torpaq sahəsi DƏDRX-nın verdiyi çıxarışa əsasən xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1160 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində Cavabdeh2 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Mübahisəli tikili artıq Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindədir. Mübahisəli tikilinin nikah müddətində deyil, nikahdan əvvəl tikilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin tikili onlar nikaha daxil olana kimi tikilmişdir. Onlar nikaha daxil olduqda artıq həmin tikili mövcud idi. İddiaçı gəlin kimi həmin tikiliyə deyil, işin faktiki hallarında qeyd edildiyi kimi Sumqayıt şəhəri, Sarıqaya qəsəbəsində yerləşən “Günəş” düşərgəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli tikilinin tərəflərin birgə nikah müddətində inşa edilməsinə dair birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uygun gəlmir. Kənd təsərrüfatı təyinatı torpaq olan, yəni Abşeron rayonu Saray qəsəbəsində yerləşən orpaq sahəsində tikilinin inşa edilməsi, həmin tikilinin yaşayış sahəsi kimi qəbul edilməsi və qiymətləndirilə bilməz və həmin tikiliyə yaşayış sahəsi kimi köçürmə üçün əsas ola bilməz. Abşeron Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(012)-2045/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı və vəkili Vəkil4 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə uyğun izahat verdilər və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, iddiaçının mübahisəli evə köçürülməsi hüququnun olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 və qeyrisinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh1la 03 mart 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan 10 mart 2015-ci il təvəllüdlü Saleh və 29 oktyabr 2016-cı il təvəllüdlü Tuncay adlı övladları olmuşdur. Aralarında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İşdə olan Abşeron rayon İHB-nın Saray qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 4187 nömrəli arayışdan görünür ki, İddiaçı uşaqları (oğlu X15 – 2015-ci il, oğlu – X11 2016-cı il) ilə birlikdə Saray qəsəbəsi Hətəmxan Quliyev küçəsində özlərinə məxsus olan evdə 25 fevral 2016-cı ildən hazıra kimi qeydiyyatsız yaşayırlar. İş materiallarında olan xx.xx.2021-ci il tarixli X5, X2, X16 tərəfindən aktdan görünür ki, həqiqətən İddiaçı, iki azyaşlı uşaqları ilə yəni X15 və X11 və həyat yoldaşı Cavabdeh1 ilə birlikdə 25 fevral 2016-cı ildən hazıra kimi onlarla bir qonşuluqda Saray qəsəbəsi Hətəmxan Quliyev küçəsində özlərinə məxsus olan evdə yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.05 ha torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə **********01 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayonu notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş xx.xx.2011ci il tarixli 4ə-01-54 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X17 tərəfindən özgəninkiləşdirilmişdir) alınmışdır. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 4Ə-1501 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.05 ha torpaq sahəsindən 0.025 ha hissəsi X1 adına özgəninkiləşdirilmişdir. Yerdə qalan 0.025 ha torpaq sahəsinin özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi barədə idarədə məlumat yoxdur. İşdə olan 10 yanvar 2022-ci il tarixli bağışlanma müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,025 ha torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 adına həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Hazırda onun mülkiyyətindədir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. İddiaçı xx.xx.2014-cü il tarixdə cehiz əmlakları ilə Sumqayıt ərazisində kirayə evə gəlin köçmüşdür. Birgə nikahlarından iki övladları anadan olmuşdur. Kirayədə yaşadıqları müddətdə əri Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə **********01 reyestr nömrəsi ilə qeydiyyata alınan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi olmuşdur. Mübahisə edilən evə 2016-cı ildən köçüb orada 2020-ci ilin oktyabr ayına kimi yaşamışlar. Cavabdeh Zamir Hümmətov 2021-ci ilin iyun ayında Sumqayıt Şəhər Məhkəməsinə “nikahın pozulması” tələbinə dair iddiası ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5156/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X15 və xx.xx.2016-cı il təvəllüdlü X6 onun himayəsinə verilməsinə və onların yetkinlik yaşına çatanadək saxlanılması alimentin tutulması qət edilmişdir. Məhkəmədən sonra cavabdeh ailə üzvləri ilə birlikdə o evdə olmayanda, uşaqları məktəbə apararkən yaşadığı evə gələrək evin cəftəsini qırmış, dəyişdirərək onu və uşaqları da evdən qovmuşlar. İddiaçı hazırda valideynlərinin yaşadığı evdə uşaqları ilə birlilkdə yaşayır. İddiaçıya məxsus bütün cehiz əşyaları mübahisəli evdə qalmışdır. Sözügedən ev üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdır, ev özbaşına tikilidir. Mübahisəli tikilinin birgə nikah dövründə tikilməsi iddiaçının özünün izahatından başqa, şahidlərin ifadələrində qismən etirafları ilə, habelə tərəflərin evliliklərinin ilk illərini kirayədə yaşamaları halı ilə sübut olunur. Hazırda iddiaçı cavabdehlə birgə nikahlarından olan övladları ilə birlikdə mübahisəli evə köçürülməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası hazırda mübahisə edilən ev Cavabdeh1 mülkiyyətində olan torpaqda olmaması, digər Cavabdeh2 mülkiyyətində olan torpaqda yerləşməsi barədə və iddiaçının sonuncu ailə üzvü olmadıgı üçün iddianın düzgün təmin edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materialları il əvə məhkəmə prosesində müəyyən edilmişdir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edəndən sonra 10 yanvar 2022-ci il tarixli bağişlanma müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,025 ha torpaq sahəsini qardaşı Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 adına həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır, hazırda onun mülkiyyətindədir, mübahisəli tikili də təmin torpaq sahəsinin üzərindədir. Məhkəmə araşdırmaları zamanı tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında evdən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2014-cü ildə yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Məhkəmə qeyd edir ki, işin müəyyən edilən faktiki hallarından göründüyü kimi hazırkı halda, hər üç hal mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 01 oktyabr 2009-cu il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Tikiliyə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Məhkəmə mübahisəli evin hüquqi statusunu, bununla da onun mülkiyyət formasını müəyyən edərkən mülkiyyət formalarından hər hansı birinə aid olmamasını, özbaşına tikinti olmasını, mübahisəli evin tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsini, bununla da mübahisəli evin xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməməsini, habelə mübahisəli evin cavabdehin mülkiyyətində olmamasını nəzərə alıb, hesab edir, mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində həll edilməlidir. Göstərilənlərlə əlaqədar olaraq məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının uşaqları ilə birlikdə köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olaraq Cavabdeh1la birgə nikah müddətində tikilmiş tikili olduğundan, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin sonradan məhkəmə mübahisəsi ilə əlaqədar ikinci cavabdehə bağışlanması və onun adına qeydə alınması iddiaçının həmin tikilidən istifadə imkanlarına mane olan hal ola bilməz, cavabdehlərin bu hərəkətləri iddiaçıya qarşı törədilən qanunsuz məhrumetmə (evdə yaşamasına mane olma) kimi qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə 8 niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı tikili özbaşına tikilidir və proses iştirakçıları həmin tikiliyə hər biri eyni hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 23 may 2022-ci il tarixli e-2(012)- 2045/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar