Məhkəmə qərarları › İş №2(105)-1880/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1880/2022

22.08.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1880/2022 22.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan “X5” ASC-nin cavabdehlər Cavabdeh X2 və X1 qarşı borc tələbi, ipoteka və girov predmetlərinə tutmanın yönəldilməsi tələbinə dair Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(012)-3705/2022 nömrəli qərardadından Cavabdeh X4 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “X5” ASC-nin cavabdehlər Cavabdeh X2 və X1 qarşı borc tələbi, ipoteka və girov predmetlərinə tutmanın yönəldilməsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)- 308/2019 nömrəli qərardadı ilə iş baxılmamış saxlanılmışdır. İddiaçı Ləğv prosesində olan “X5” ASC xx.xx.2022-ci il tarixdə məhkəmə baxışının təzələnməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasına dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-308/2019 nömrəli qərardadının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-308/2019 nömrəli qərardadı ilə baxılmamış saxlanılan iş üzrə iddiaçı ləğv prosesində olan “X5” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ünvanına məhkəmə baxış iclasının vaxtı barədə bildiriş daxil olmamışdır.Buna görə də 04 yanvar 2019-cu il tarixə təyin olunmuş məhkəmə iclasından məlumatlı olmamışlar. Abşeron Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(012)-308/2019 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan “X5” ASC-nin cavabdehlər Cavabdeh X2 və X1 qarşı borc tələbi, ipoteka və girov predmetlərinə tutmanın yönəldilməsi tələbinə dair ərizəsi üzrə mülki işin təzələnməsinə dair Ləğv prosesində olan “X5” ASC-nin ərizəsinin təmin edilməməsi qərara alınmışdır (hakim Şövkət Nəcəfova) . İddiaçı Ləğv prosesində olan “X5” ASC xx.xx.2022-ci il tarixdə şikayət verərək Abşeron Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(012)-308/2019 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsi üzrə icratın təzələnməsi barədə məhkəmə qərardadı qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(012)-3705/2022 nömrəli qərardadı ilə şikayət təmin edilərək iddiaçı ləğv prosesində olan “X5” ASC-nin Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-308/2019 nömrəli mülki işin baxılmamış saxlanılması barədə qərardadının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi qərara alınmışdır (hakim Şövkət Nəcəfova) . Cavabdeh X4 Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(012)- 3705/2022 nömrəli qərardadı ilə razılaşmayaraq şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi, iddia ərizəsi 04 yanvar 2019-cu il tarixli Qərardadla baxılmamış saxlanılmışdır. Həmin qərardad, o cümlədən 04 yanvar 2019-cu il tarixli məhkəmə prosesi barədə bildiriş poçt vasitəsi ilə iddiaçıya ünvanlanmışdır. 3 il 6 aydan sonra iddiaçı guya iş üzrə sonuncu məlumatın ona 22 oktyabr 2018-ci il tarixində daxil olduğunu əsas gətirərək, üzrlü səbəbdən iştirak etmədiyini bildirmiş və məhkəmədən iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Məhkəmə isə iş üzrə icraatı təzələmiş və iddiaçının 3 il 6 ay ərzində hansı səbəbdən işlə maraqlanmadığını aydınlaşdırmamışdır. Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinin tələbinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barəsində öz qərardadını ləğv edir. Hazırki halda məhkəmə 3 il 6 aydan sonra heç bir üzrlü səbəb göstərmədən iş üzrə icraatı təzələmişdir. Halbuki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 nömrəli Qərarının 17-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzrlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətlərinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Abşeron Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(012)-3705/2022 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(012)-3705/2022 nömrəli qərardadından Cavabdeh X4 tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yazılı icraat qaydasında şikayətə baxılmasının mümkünlüyü barədə MPM-nin 263, 264, 366.3-cü maddələri rəhbər tutularaq xx.xx.2022-ci il tarixli, 2(105)-1880/2022 nömrəli qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barəsində öz qərardadını ləğv edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 nömrəli Qərarının 17-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzrlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətlərinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərardad üzrə gəlmiş olduğu nəticəni mahiyyət etibarı ilə əsaslı hesab edir və şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. İşin 262-ci vərəqində birinci instansiya məhkəməsinin bildirişindən göründüyü kimi, məhkəmə iclası 04 yanvar 2019-cu il tarixə , saat 1100-a təxirə salınmışdır.Lakin həmin bildirişin lazımı qaydada, yəni “xəbərnaməli” olaraq tərəflərə çatdırılması iş materialları ilə təsdiq olunmur.Bundan əlavə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair Abşeron Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli qərardadı MPM-nin 135.1-ci maddəsinin tələbinə əsasən sifarişli poçt göndərişi ilə çatdırılmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, MPM-nin 259.0.7-ci maddəsinə görə isə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bununla əlaqədar birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırkı iş üzrə iddia ərizəsi birinci instansiya məhkəməsinin 27 dekabr 2016-cı il tarixli qərardadı ilə icraata götürülərək mümkün hesab edilmişdir. Bundan 3 il sonra iddia ərizəsinin baxılmamış saxlanılması isə yuxarıda qeyd olunan MPM-nin 259.0.7-ci maddəsinin tələbinə ziddir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: Cavabdeh X4 tərəfindən verilmiş şikayət təmin olunmasın. Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(012)-3705/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar