Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1885/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı evdən istifadə hüququnun tanınması və sair tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 261/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 2(067)-261/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı və onun azyaşlı uşaqları 30.01.2007-c il təvəllüdlü X3 və 05.07.2010-cu il təvəllüdlü X7 ünvan 1 ünvanında yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması və İddiaçı azyaşlı uşaqları 30.01.2007-c il təvəllüdlü X10 və 05.07.2010-cu il təvəllüdlü X11 ilə birlikdə həmin evə köçürülməsi, ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim A.B.Sadıqov). Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-261/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilib və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəmədə iddia qaldıraraq onun azyaşlı uşaqları 30.01.2007-ci il təvəllüdlü X10 və 05.07.2010-cu il təvəllüdlü X11 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus Xudat şəhəri, 1 may küçəsi, 24 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun tanınması və həmin yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndə və vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək bildirirdi ki, müvəkkilinin oğlu Cavabdeh2 13 yanvar 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə İddiaçı ilə evlənmiş, birgə nikahdan onların 30 yanvar 2007-ci il tarixdə Cavahir və 05 iyul 2010-cu il tarixdə Buxsay adlı iki uşaqları doğulmuşdur. Cavabdeh2 13 yanvar 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə İddiaçı ilə evləndiyi zaman İddiaçı onlara məxsus ünvan 1 saylı ünvanda yerləşən yaşayış evinə köçmüşdür. İddiaçı həmin yaşayış evinə köçən zaman evin mülkiyyətçiləri olaraq nə Cavabdeh1, nə də ki, oğlu Cavabdeh2 ona həmin evdə yaşayış sahəsindən istifadə etməsinə notarial qaydada təsdiqlənmiş yazılı razılıq verməmişlər. Habelə İddiaçı həmin evdə yaşayış sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(067)-149/2021 saylı qətnaməsinə əsasən Cavabdeh2 ilə İddiaçı arasında olan 13 yanvar 2007-ci il tarixli nikah pozulmuş, ailə münasibətlərinə xitam verilmişdir. Qanunun tələblərinə baxmayaraq Xaçmaz Rayon Məhkəməsi 01 aprel 2021-ci il tarixli 2(067)-261/2021 saylı qətnaməsinə əsasən heç bir əsas olmadan İddiaçı bizə məxsus ünvan 1 saylı ünvanda yerləşən yaşayış evindən istifadə hüququnu tanımışdır. Qeyd edir ki, hal-hazırda qüvvədə olan Mülki və Mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq İddiaçı cavabdehlərə məxsus ünvan 1 saylı ünvanda yerləşən yaşayış evindən istifadə hüququnun verilməsi üçün heç bir əsas mövcud deyildir. Bununla belə cavabeh Cavabdeh1 işin sülh yolu ilə həll olunmasına nail olmaq üçün İddiaçı onların evində yaşayış sahəsindən istifadə hüququnun verilməsi barədə əsassız tələbinə bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsinin, işin tez həll olunmasının tərəfdarıdır. O, işə Xaçmaz Rayon Məhkəməsində baxılarkən İddiaçı 2000 (iki min) manat kompensasiya ödəməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş eləmiş, bu barədə qarşılıqlı iddia vermək istəmişdir. Lakin Xaçmaz Rayon Məhkəməsi yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddianı icraata qəbul etməkdən imtina etmişdir. Bununla belə o yenə də öz təklifinin üzərində durur və İddiaçı 2000 (iki min) manat kompensasiya ödəməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə razıdır. Təklif etdiyi 2000 (iki min) manat kompensasiya İddiaçı Xaçmaz rayonunun, Xudat şəhəri ərazisində onların hesabına davamlı surətdə, onların evi ilə eyni şəraitdə və müəyyən müddət daxilində yaşamaq imkanı verir. Bildirir ki, Cavabdeh2 ilə İddiaçı ayrılmaları iddiaçının oğluna qarşı sədaqətsiz davranması, telefonla, vatsapla başqa oğlanlarla danışması, sair nalayiq hərəkətləri nəticəsində baş vermişdir. Bu səbəbdən Cavabdeh2 ilə İddiaçı arasında dəfələrlə mübahisələr olmuş, bu məsələlər polis orqanlarında araşdırılmışdır. Hətta 21 avqust 2020-ci il tarixdə İddiaçı öz əlini ülgüclə kəsərək xəsarət yetirmiş və bununla əlaqədar Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılmışdır. Həmin araşdırma zamanı bir daha İddiaçı Cavabdeh2 qarşı xəyanət xarakterli davranışı təsdiqlənmiş, İddiaçı Həsən adlı başqa bir oğlanla votsappla əlaqə saxlayaraq danışıqları aşkara çıxmışdır. Yəni belə bir vəziyyətdə İddiaçı heç bir əsas olmadan yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun verilməsi hər an faciəli hadisələrin baş verməsinə gətitirib çıxara bilər. Cavabdeh1 həmin hadisənin araşdırılması nəticəsində Xaçmaz Rayon Prokurorluğunun qəbul etdiyi 04 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarını işə baxılarkən Xaçmaz Rayon Məhkəməsinə təqdim etmişdir. Lakin Xaçmaz Rayon Məhkəməsi həmin qərarı məhkəmə iclasında araşdırmamış, məhkəmə qətnaməsində də həmin qərarı sübut kimi araşdırmamışdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(067)-261/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-61/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə üzrə Cavabdeh2 oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Xudat şəhəri, 1 may küçəsi, ev 24 ünvanında qeydiyyatdadır. İş materiallarında olan RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********08-10301 reyestr nömrəli, 22.11.2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 3 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 02.06.2002-ci ildə ölmüşdür. İş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 ilə 2005-ci ildə ailə quraraq bir yerdə mübahisəli evdə yaşamağa başlamış və birgə təsərrüfat aparıblar, nikahları isə 2007-ci ildə rəsmiləşdirilmişdir. Hazırda isə iddiaçının yaşayış yeri yoxdur. Müəyyən edilmişdir ki, iddiaçı azyaşlı uşaqları ilə birlikdə cavabdehlərə məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evinə köçürülməsini xahiş etmişdir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı 15 il həmin evdə yaşamış və birgə təsərrüfat aparmışdır. Hazırda isə özü və uşaqlarının yaşayış yeri yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında ailə hüquq münasibətləri 2007-ci ildən yaranmışdır. İddiaçının köçmək istədiyi mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla faktiki olaraq mövcuddur. İddiaçı Cavabdeh2 ilə ailə qurduqdan sonra müəyyən müddət həmin evdə yaşamışdır. İddiaçı son dövrlər cavabdehin onun mübahisəli evdə yaşamasına icazə vermədiyini bildirir, oraya köçürülməsini tələb edir. Cavabdehlər isə iddianı qəbul etməyərək iddiaçının mübahisəli evə köçürülməsini əsassız hesab edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının soğusuna əsasən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən daxil olmuş sənədlərdən, o cümlədən qeydiyyat vəsiqəsindən görünr ki, 20 noyabr 1980-ci il tarixli, 10-3346 saylı notariusiun müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 340 kvm torpaq sahəsində olan 1 otaqlı mənzil mülkiyyət hüququ əsasında X4 adına rəsmiləşdirilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli, 08 saylı qərarı ilə X5, Cavabdeh1, X9 fərdi yaşayış evinin tikintisi üçün 0,03 ha torpaq sahəsi verilmişdir. Müəyyən eilmişdir ki, X8 02.06.2002-ci ildə ölmüşdür. Ər-arvadın ümumi əmlakından paya sağ qalmış ərə (arvada) veirlən mülkiyyət hüququ haqqında 15.05.2003-cü il tarixli şəhadətnamədən görünür ki, 02.06.2002-ci il tarixdə ölmüş X1 qalmış arvadı X6 onların birgə nikahı müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mükiyyət hüququ vardır. Mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak Xaçmaz rayonu, Xudat şəhəri, 1 May küçəsi 24, 340 kv.m torpaq sahəsində yerləşən, tikilişi çiy kərpicdən, üç yaşayış otağından ibarət evdir. Bundan başqa 15.05.2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 02.06.2002-ci il tarixdə ölmüş X2 vərəsələri arvadı Cavabdeh1 və Cavabdeh2dur və onların hər biri miras əmlakan bərabər pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1, 340 kv.m torpaq sahəsində yerləşən, tikilişi çiy kərpicdən, üç yaşayış otağından ibarət evin ½ hissəsindən ibarətdir. Bundan başqa iş materiallarında olan RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********08-10301 reyestr nömrəli, 22.11.2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 3 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi birgə mülkiyyət hüququ üzrə fərdi yaşayış evinin ¾ hissəsi, torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh1, fərdi yaşayış evinin ¼ hissəsi, torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh2 və torpaq sahəsinin 1/3 hissəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 ilə 2005-ci ildə ailə quraraq bir yerdə mübahisəli evdə yaşamağa başlamışlar və birgə təsərrüfat aparıblar, nikahları isə 2007-ci ildə rəsmiləşdirilmiş, birgə nikahdan 2 uşaqları var. İddiaçı cavabdehləailə qurduqdan sonra mübaisəli evə köçərək orada yaşamış, uşaqları doğulmuş, həmin evdə qeyiyyatdadır. İş materialları ilə müəyyən olunur ki, 2002-ci ildə atası X8 vəfat etdikdən sonra iddiaçının əri- Cavabdeh2 2003-cü ildə vərəsəlik haqqında şəhadətnaməyə əsasən atasından miras qalmış əmlaka pay hüququ əldə etmişdir. Yəni onun həmin evə gözlənti hüququ yaranmışdır. Bundan sonra 22.11.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən evin 1/4 hissəsinə, torpağın isə 1/3 hissəsinə Cavabdeh2 mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh2 ailə üzvü kimi (digər ailə üzvlərinin razılığı ilə) mübahisəli mənzilə köçərək yaşamış, uşaqları doğulmuş və ora istifadə hüquşqu əldə etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apelyant apelyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etsə də, şikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-261/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1885/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1885/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver