Məhkəmə qərarları › İş №2(105)-1885/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1885/2022

13.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1885/2022 13.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Ərizəçi, nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060) 3250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 2(060) 3250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Ərizəçi xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək Ermənistanın Krasnoselo rayonunun Gölkənd kəndində Gölkənd sovxozunda fəhlə kimi işləməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunması dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. (hakim E.Abdullayev) Qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ Ərizəçi (bundan sonra - ərizəçi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə və həmin ərizəyə dəqiqləşdirmə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını maraqlı şəxs kimi göstərməklə) onun xx.xx.1984-cü il tarixindən xx.xx.1986-cı il tarixinədək Ermənistanın Krasnoselo rayonunun Gölkənd kəndində Gölkənd sovxozunda fəhlə kimi işləməyinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçiyə əmək pensiyası təyin edilməsi üçün iş stajının müəyyən edilməsi zəruridir. O, orta məktəbi bitirdikdən sonra 1984-cü ilin sentyabr ayından 1986-cı ilin avqust ayına qədər Ermənistanın Krasnoselo rayonunun Gölkənd kəndində Gölkənd sovxozunda fəhlə işləmişir. Onun iş stajını X5, X1 və X3 şahidlər kimi də təsdiq edə bilərlər. Məlum hadisələrlə bağlı o, qaçqın düşmüş, erməni cəlladları tərəfindən yaşadığı və doğulduğu elindən-obasından didərgin düşmüşdür. Onun güzəştli şərtlərlə pensiya hüququ əldə etməsi üçün zərərli işlərdə olan stajı mövcud olsa da, qeyd edilən dövrdə işləməsi barədə əmək kitabçası olmadığı üçün ümumi stajı bu hüququ əldə etməyə imkan vermir. O, 1984- cü ilin sentyabr ayından 1986-cı ilin avqust ayına kimi Ermənsitanın Krasnoselo rayonunun Gölkənd kəndində Gölkənd sovxozunda fəhlə kimi işləmiş, 1986-cı ildə Sumqayıt Kimya Texnologiyası Texnikomuna daxil olmuş, 1989-cu ildə isə həmin texnikomu bitirmişdi. Həmin dövrdə əgər o, Gölkənd sovxozunda işləməsəydi, zəruri olan iş stajı müəyyən edilməsəydi, onu texnikuma qəbul etməzdilər. Belə ki, staj yığmaq üçün o dövrdə müəyyən işlərdə çalışmaq zərurəti varı idi. Hətta kənd yerlərdində insanlar 10-12 yaşlarından işləməyə başlayırdılar. Rəsmi olaraq isə 16 yaşda işləyirdilər. Qeyd edilənlərə əsasən ərizə təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamış, hüququn tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, MPM-ə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1) Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). AR Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992- ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» əsasnamə, sosial müdafiə mərkəzlərində pensiya təyin edən komissiyalar tərəfindən pensiya üçün iş stajının müəyyən edilməsi barədədir. Həmin əsasnamə hazırda qüvvədə deyildir. Qüvvədə olmayan əsanaməyə istinad edilməklə hüquqi nəticəyə gəlmiş məhkəmə maddi hüquq normalarını pozmuşdur. İş materiallarından aydın olduğu kimi hazırkı ərizədə ərizəçinin tələbi konkretdir, tələb kifayət qədər hüquqi əsaslara söykənir, habelə ərizənin təmin edilməsi üçün bütün mümkün sübutlar ərizəyə əlavə edilmiş, həmçinin məhkəmə araşdırması zamanı şahid qismində cəlb olunmuş şəxslərin işləmələri barədə sənədləri, onların ifadələri ərizənin əsaslılığını sübut etsə də, məhkəmə bu hallara düzgün hüquqi qiymət verməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Digər tərəfdən yanaşdıqda həmin dövrdə eyni kolxozda işləmiş şahidlərin müvafiq sənədləri mövcuddursa, ərizəçinin hər hansı sənədinin olmaması mümkünsüzdür. Göründüyü kimi məhkəmə işin faktiki hallarını araşdırmamış, nəticədə ərizəçinin hüquqlarının kobud surətdə pozulması ilə nəticələnən əsassız qətnamə qət etmişdir. Beləliklə, qeyd edilən qanunvericilik normalarının tələblərinə və işin faktiki hallarına uyğun gəlməyən qətnamə ləğv edilməli, ərizə təmin edilməlidir. Apellyasiya baxışı zamanı Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, onun təmin olunmasını xahiş etdilər. Mircəll Fətullayev əlavə olaraq bildirdi ki, ərizəçiyə, onun iş stajının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, onun güzəştli şərtlərlə pensiya hüququ əldə etməsi üçün zərərli işlərdə olan stajı mövcud olsa da, qeyd edilən dövrdə işləməsi barədə əmək kitabçası olmadığı üçün ümumi stajı bu hüququ əldə etməyə imkan vermir. Ərizəçi orta məktəbi bitirdikdən sonra 1984-cü ilin sentyabr ayından 1986-cı ilin avqust ayına qədər Ermənistanın Krasnoselo rayonunun, Gölkənd kəndində, Gölkənd sovxozunda fəhlə kimi işləmiş, 1986-cı ildə Sumqayıt Kimya Texnologiyası Texnikomuna daxil olmuş və 1989-cu ildə isə həmin texnikumu bitirmişdir. Həmin dövrdə əgər o, Gölkənd sovxozunda işləməsəydi, zəruri olan iş stajı müəyyən edilməsəydi, onu texnikuma qəbuletməzdilər. Belə ki, staj yığmaq üçün o dövrdə müəyyən işlərdə çalışmaq zərurəti var idi. Həmin dövrlərdə ərizəçinin işləməsi faktını şahidlər də sübut etmişdir. Lakin birinci instansiya məhkəməsi, sübutların qiymətləndirilməsi zamanı kobud səhvlərə yol vermiş və əsassız qətnamə qəbul etmişdir. Hazırda ərizəçi ilə eyni vaxtda həmin sovxozda işəyən digər bir şəxsi də şahid kimi dəvət ediblər. Onun da dindirilməsi zərurəti vardır. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, şikayətlə razı deyildir. Ərizəçi Gölkənd sovxozunda fəhlə işləməsini onunla eyni müəssisədə işləyən və əmək kitabçasına malik olan şəxslər təsdiq edə bilər. AR Ali Məhkəməsinin bu barədə Plenum qərarı var. Birinci instansiya məhkəməsində işə baxılarkən yalnız bir nəfər şahidin əmək kitabçası olduğundan məhkəmə haqlı olaraq ərizəni təmin etməmişdir. Buna görə də, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki iş materiallarına əlavə edilmiş ərizəçiyə məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, o, əmək fəaliyətinə xx.xx.1988-ci ildə Sumqayıt “Sintezkauçuk” zavodunda başlamış, texniloji təcrübə dövrü üçün xx.xx.1988-ci ilədək 3-cü dərəcəli işçi kimi işə qəbul edilmişdir. xx.xx.2011-ci ildən Sumqayıt “Etilen-Politilen” zavodunda işləyir. Yenə mülki iş materiallarına əlavə edilmiş ərizəçiyə məxsus 544864 nömrəli diplomun surətindən görünür ki, o, 1986-cı ildə Sumqayıt Kimya-texnologiya texnikumuna daxil olmuş, 1989-cu ildə oranı bitirmiş, üzvi sintez texnologiyası ixtisasına yiyələnmişdir. İşdə şahid kimi ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun həm qonşusu, həm qohumudur. O, özü də Gölkənd sovxozunda işləyib. Onun işlədiyi dövrdə ərizəçi Gölkənd savxozunda işləmişdir. Ərizəçi 1984-cü ilin sentyabr ayından 1986-cı ilin avqust ayına kimi orada tütünçülük sahəsində çalışıb. Şahidin iş materiallarına əlavə edilmiş əmək kitabçasından görünür ki, o, həmin sovxozda 1951-ci ildən 1987-ci ilədək fəhlə işləmişdir.. İşdə şahid kimi ifadə vermiş X1 ifadəsində bildirmişdir ki, ərizəçinin anasıdır. Ərizəçi 1984cü ildə məktəbi bitirdikdən sonra Bakıya instituta gedib, sonra qayıdaraq 1984-1986-cı illərdə yanında Gölkənd sovxozunda tütünçülük sahəsində çalışıb. Sonra isə Sumqayıta texnikum oxumağa gəlib. Ermənistandan qaçqın düşdüyü üçün ona əmək kitabçası verilməyib. Özü də o vaxt həmin sovxozda tütünçülük sahəsində işləmişdir. Əmək kitabçası olub, lakin yoldaşı rəhmətə gedəndən sonra onun pensiyası ilə təqaüdə çıxdığı üçün əmək kitabçası orada qalmışdır. İşdə şahid kimi ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, ərizəçinin həm uzaq qohumu, həm də qonşusu olmuşdur. Hazırda əmək kitabçası yoxdur. O vaxtdan qalıb, götürə bilməmişdir. Ərizəçi 1984-1986-cı illərdə həmin sovxozda tütünçülük sahəsində işləyib. Apellyasiya baxışı zamanı şahid qismində ifadə verən X6 ifadəsində bildirdi ki, Ərizəçi tanıyır, onunla birlikdə Ermənistanın Krasnoselo rayonunun, Gölkənd kəndində, Gölkənd sovxozunda fəhlə kimi işləmişlər, tütün və digər məhsulları sulamaq, yığımaq, daşımaq və s. işlərlə məşğul olmuşlar. Gülbahar cəmi iki il işlədi. Çünki, o texnikuma sənədləri verəcəkdi və ona staj tələb olunurdu. İşlədi və şəhərə qayıdıb, texnikuma qəbul oldu. İş materiallarına əlavə edilmiş şahidə məxus əmək kitabçasının surətindən məlum olur ki, o, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək Ermənistanın Krasnoselo rayonunun, Gölkənd kəndində, Gölkənd sovxozunda fəhlə işləmişdir. M Ə H K Ə M Ə N İN M Ö V Q E Y İ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını, şahidin ifadəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini, işdə olan və əlavə təqdim edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060) 3250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə ərizə təmin edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçi tərəfindən məhkəməyə təqdim edilən üç şahid, ifadələrində ərizəçinin qeyd edilən dövrdə Gölkənd kəndində Gölkənd savxozunda fəhlə kimi işləməsini təsdiq etsələr də, onlardan yalnız birinin ərizəçinin göstərdiyi dövrdə həmin sovxozda işləməsini təsdiq edən əmək kitabçası olmuşdur. Bu səbəbdən, artıq qüvvədə olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təstiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təstiq edilməsi qaydası barədə» Əsasnamənin 17-ci bəndinə (iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisəsinin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndinə əsasən göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təstiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir) istinad edərək ərizəni rədd etmişdir. Hazırki mülki işlə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kolegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd edildiyi kimi ərizəçi xx.xx.1984-cü il tarixindən xx.xx.1986-cı il tarixinədək Ermənistanın Krasnoselo rayonunun Gölkənd kəndində Gölkənd sovxozunda fəhlə kimi işləməyinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçiyə əmək pensiyası təyin edilməsi üçün iş stajının müəyyən edilməsi zəruridir. O, orta məktəbi bitirdikdən sonra 1984-cü ilin sentyabr ayından 1986-cı ilin avqust ayına qədər Ermənistanın Krasnoselo rayonunun Gölkənd kəndində Gölkənd sovxozunda fəhlə işləmişir. Məlum hadisələrlə bağlı Ermənistan Respublikasından qovulduqları üçün əmək kitabçası orada qalmışdır. Onun güzəştli şərtlərlə pensiya hüququ əldə etməsi üçün zərərli işlərdə olan stajı mövcud olsa da, qeyd edilən dövrdə işləməsi barədə əmək kitabçası olmadığı üçün ümumi stajı bu hüququ əldə etməyə imkan vermir. O, 1984- cü ilin sentyabr ayından 1986cı ilin avqust ayına kimi Ermənistanın Krasnoselo rayonunun Gölkənd kəndində Gölkənd sovxozunda fəhlə kimi işləmişdir və bu faktı onunla işləyən iş yoldaşları təsdiq edə bilərlər. Ərizəçinin tələbini əsaslandırmaq üçün istinad etdiyi sübut şahid ifadələridir ki, onlardan ikisinin, qeyd edilən müəssisədə işləməsini təsdiq edən mötəbər sənədlər iş materiallarında mövcud olmasa da, digər iki şahidin (X5 və X2) qeyd olunan dövrdə, Gölkənd sovxozunda işləmələrini təstiq edən əmək kitabçaları iş materiallarına əlavə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təstiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquq faktların varlıgını və ya yoxlugunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. AR Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi ərizənin əsası kimi istinad etdiyi halları, habelə apellyasiya şikayətinin dəlillərini sübut edə bilmişdir. Beləliklə, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətində göstərdiyi dəlilləri iş materialları ilə birgə hüquqi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tələb edildiyi kimi tam ləğvi üçün əsasdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Bu da qətnаmənin ləğvi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060) 3250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizəsi təmin edilsin. Onun xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək Ermənistanın Krasnoselo rayonunun Gölkənd kəndində Gölkənd sovxozunda fəhlə işləməsi faktı müəyyən edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar