Məhkəmə qərarları › İş №2(105)-189/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-189/2024

18.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-189/2024 18.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Əhmədov Elman Məmməd oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(027)-1449/2023 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004- cü il tarixli, JN-8261N KOD 30301036 saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş ‘‘Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Quba şəhəri ərazisindən 0,30 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinə MPM-nin 307.2.6-cı maddəsinə əsasən, mülkiyyət hüququ üzrə onun sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2004- cü il tarixli, JN-8261N KOD 30301036 saylı, Azərbaycan Respublikası DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Quba şəhəri ərazisindən 0,30 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Halhazırda həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyir. Bununla əlaqədar o, xx.xx.2021-ci il tarixdə qanunamüvafıq qaydada Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli, **********00 saylı cavab məktubu ilə Çıxarışın verilməsindən imtina edərək bildirmişdir ki, göstərilən Şəhadətnamə ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsindən təhvil alınmış Şəhadətnamələrin qeydiyyat kitabında qeydiyyata alınmamış, eyni zamanda Ərazi İdarəsinin elektronməlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. O, göstərilən torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə xx.xx.2021-ci il tarixli, 2-1(118)-2160/2021 saylı qərarı ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinin imtina məktubunda göstərilmiş əsaslarla iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(105)-335/2022 saylı qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-2160/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(105)-335/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(105)-335/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. O, həmçinin xx.xx.2004-cü il tarixli, JN-8261N KOD 30301036 saylı, Azərbaycan Respublikası DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən xüsusi mülkiyyətində olan, Quba şəhəri ərazisindən 0,30 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində qeydə alınması xahişi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nə müraciət edib. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri PHŞ-nin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********09 saylı məktubu ilə ona bildirilmişdir ki, elektron kadastr məlumat bazasında aparılmış araşdırma zamanı JN-8261N KOD 30301036 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” barədə məlumat aşkar edilməmişdir. Bu səbəbdən Şəhadətnamə ilə ayrılmış torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində qeydə alınması mümkün olmamışdır. Bildirir ki, DT və XK ləğv olunmuşdur və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə DT və XK ləğv olunduqdan sonra Komitənin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Bununla əlaqədar olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon torpaq şöbəsinin arxiv sənədləri də Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmişdir, xx.xx.2004- cü il tarixli, JN-8261N KOD 30301036 saylı, Azərbaycan Respublikası DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv olunmuş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçirilməməsi bu orqanın səhvidir və burada onun heç bir təqsirim yoxdur. Həmçinin bildirir ki, Quba rayon AİK-nın 1998-ci il üçün iclas protokollarına vətəndaşların adlı siyahıları əlavə olunmamışdır. Yuxarıda göstərilən Şəhadətnamənin ləğv olunmuş DT və XK Quba rayon şöbəsi tərəfindən şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçirilməməsi Şəhadətnamədə göstərilən torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsini qeyri-mümkün edir. Bu halda onun göstərilən torpaq sahəsinə MPMnin 307.2.6-cı maddəsinə əsasən, mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı məhkəmə qaydasında təsdiq olunmalıdır. Quba Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(027)-1449/2023 nömrəli qətnaməsi ilə Ərizəçi xx.xx.2004-cü il tarixli, JN-8261N KOD 30301036 saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş ‘‘Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Quba şəhəri ərazisindən 0,30 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinə mülkiyyət hüququ üzrə onun sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə ərizəsinin təmin edilməməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ərizəçiyə aid edilməsi qət edilmişdir (hakim Aydın Babayev). Qətnamədən narazı qalan Ərizəçi apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(027)-1449/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2004-cü il tarixli, JN- 8261N KOD 30301036 saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Quba şəhəri ərazisindən 0,30 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. İlkin instansiyada işə baxarkən hakim göstərilən torpaq sahəsinin 2004-cü ildən hal-hazıra qədər onun istifadəsində və faktiki mülkiyyətində olması məsələsini araşdırmalı olmasına baxmayaraq, bunun üçün heç nə etməmiş, heç olmasa torpaq sahəsinə yerində baxış keçirməmişdir. Həmçinin bildirmişdir ki, o, öz ərizəsində (müvafiq sənədləri ərizəyə əlavə etməklə) göstərmişdir ki, həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq üçün xx.xx.2021ci il tarixdə qanunamüvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli, **********00 saylı cavab məktubu ilə Çıxarışın verilməsindən imtina edərək bildirmişdir ki, göstərilən Şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış Şəhadətnamələrin qeydiyyat kitabında qeydiyyata alınmamış, eyni zamanda Ərazi İdarəsinin elektronməlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. O, göstərilən torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə xx.xx.2021-ci il li, 2-1(118)-2160/2021 nömrəli qərarı ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinin imtina məktubunda göstərilmiş əsaslarla onun iddiasını rədd etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(105)-335/2022 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-2160/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2- 1(105)-335/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(105)-335/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hakim isə göstərilənləri onun ərizəsinin rədd olunması üçün əsas saymışdır. O, elə ona görə xüsusi icraat qaydasında torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir ki, texniki məsələlərə görə ona Reyestrdən Çıxarış verilmədiyinə görə torpaq sahəsinin onun istifadəsində və sahibliyində olması faktı hüquqi cəhətdən təsdiq olunsun. Bildirmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmuşdur və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra Komitənin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Bununla əlaqədar olaraq, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon torpaq şöbəsinin arxiv sənədləri də Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmişdir. xx.xx.2004-cü il tarixli, JN-8261N KOD 30301036 saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçirilməməsi bu orqanın səhvidir və burada onun heç bir təqsiri yoxdur. Həmçinin bildirmişdir ki, Quba rayon Aqrar-İslahat Komissiyaının 1998ci il üçün iclas protokollarına vətəndaşların adlı siyahıları əlavə olunmamışdır. Bu isə bir vətəndaş kimi onun təqsiri deyil. Belə ki, göstərilən bu hala əsaslansalar onda belə çıxır ki, Quba şəhərində aqrar islahat aparılarkən Quba şəhərinin sakinlərinə verilmiş bütün torpaqlar qanunsuz verilib və bu torpaqların heç birinə reyestrdən çıxarış verilməməlidir, verilmiş çıxarışlar ləğv olunmalıdır və ümumiyyətlə bütün bu torpaqlar vətəndaşlardan geri alınmalıdır? Dövlət tərəfindən verilmiş, qüvvədə olan, heç bir səlahiyyətli orqan tərəfindən etibarsız sayılmamış və ya ləğv olunmamış, mülkiyyət hüquqlarını təsdiq edən sənəd olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 2004-cü ildən onun qanuni istifadəsində olan torpaq sahəsinin hüquqi statusu necə olmalıdır? “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli, 713-İİQ saylı Qanununun 4.1-ci maddəsinə əsasən, “2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır”. Deməli, 2004-cü ilin noyabr ayında verilmiş Şəhadətnamə ilə təsbit olunmuş mülkiyyət hüquqları əslində şübhə altına alına bilməz. Bildirmişdir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunların uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında göstərilir ki, “Daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı Konstitusiya prinsiplərinin, mülki qanunvericliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər”. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində hüquqlar torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, JN-8261N KOD 30301036 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün 0,30 hektar torpaq sahəsi Ərizəçi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli müraciətə baxılması barədə Ərizəçi ünvanlanmış məktubda bildirilmişdir ki, elektgron kadastr məlumat bazasında JN-8261N nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əlavə olaraq arxivdə aparılmış araşdırma zamanı JN-8261№ nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin verilməsinə əsas olmuş ilkin sənədlər aşkar edilməmişdir. Bu səbəbdən JN-8261N nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə ayrılmış torpaq sahəsinə aid məlumatların torpaqların elektron kadastr uçotu informasiya sistemində qeydə alınması mümkün olmamışdır. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(118)-2160/2021 nömrəli qərarı ilə iddiaçı Ərizəçi cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarsinə qarş Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0.30 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(105)-335/2022 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)- 2160/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(105)-335/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(105)-335/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba rayon AİK-nın 1998-ci il tarixli, 09 saylı qərarı əsasında JN-8261N KOD 30301036 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün 0,30 ha həyətyanı torpaq sahəsinin Ərizəçi verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi Maraqlı şəxs tərəfindən Şəhadətnamələrin qeydiyyat kitabında qeydiyyata alınmaması və elektron-məlumat bazasında xəritədə öz əksini tapmadığı əsası ilə imtina edilmiş, qeyd edilən imtina üzrə Sumqayıt İnzibati Məhkəməsi mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq məlumat və həmin sənədin arxiv məlumatları olmaması əsası ilə Ərizəçi iddiasını təmin etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin, həmçinin Ali Məhkəmənin qərarları ilə qeyd edilən qərar dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi ərizəni təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq məlumat və həmin sənədin arxiv məlumatları olmadığından, beləliklə də, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatının alınması müəyyən olunmadığından, Ərizəçi hazırkı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin Qərarın 7.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, ərizəçinin xahişində göstərdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından hüquqi fakt kimi müəyyən edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(027)-1449/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar