Məhkəmə qərarları › İş №2(105)-1890/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1890/2022

01.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1890/2022 01.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “Azərbaycan Kağız və X4” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Kağız və X4” MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3457/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3457/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilməmişdir. (hakim G.Tanrıverdiyeva) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3457/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı cavabdeh “Azərbaycan Kağız və X4” MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Kağız və X4” MMC-nin 0885/K saylı, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının “Azərbaycan Kağız və X4” MMC-də əvvəlki maliyyə üzrə aparıcı mütəxəssis vəzifəsinə bərpa olunması, məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdeh təşkilatdan tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-ci ildən “Azərsun” Holdingin törəmə şirkəti olan “Azərbaycan Kağız və X4” MMC-də müxtəlif vəzifələrdə, 2014-cü ildən isə maliyyə üzrə aparıcı mütəxəssis vəzifəsində işləmişdir. xx.xx.2022-ci il, 0885/K nömrəli əmr əsasında əmək müqaviləsinin dayandırılması haqqında əmr ilə o, işdən çıxarılmışdır. O, işdən çıxarılmağını qanunsuz və əsassız hesab edir. İşdən çıxarılma səbəbi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi qoyulmuşdur. Belə ki, həmin bənddə göstərilir ki, işçilərin sayı və ya ştatlar ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Lakin həmin ştat ləğv edilməmişdir və o, qanunsuz olaraq işdən azad edilmişdir. Belə ki, onun yerinə başqa işçi işə götürülmüşdür. Cavabdeh MMC onun işdən çıxarılmasını bir neçə ay qabaq planlaşdırmış və rəhbərlik onu çağıraraq öz ərizəsi ilə işdən çıxmasını dəfələrlə ona təkidlə təklif etmişdir. Onun işlədiyi şirkətdən çıxarılmamışdan bir neçə ay qabaq rəhbərliklə olan e.mail yazışmaları və onun X8 Xidmətinə müraciəti bir daha sübut edir ki, onun işdən çıxarılması qərəzli mövqe daşıyır. Göründüyü kimi o, bir şirkətdə 20 il davamlı işləmiş və iş fəaliyyətinin 14 ilini mühasib vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində qüsursuz işləmiş, heç vaxt intizam məsuliyyətinə cəlb olunmamışdır. Qeyd etdiklərindən də göründüyü kimi cavabdeh müəssisə onu qanunsuz olaraq işdən azad edərək onun vəzifəsinin ştat üzrə adında dəyişiklik edərək həmin vəzifə və səlahiyyətləri faktiki daşıyan başqa bir şəxsi işə qəbul etmişdir. Əlavə olaraq bildirir ki, iddiaçıya işdən çıxarılması barədə əmrin surəti verilməmişdir. Eyni zamanda qeyd edir ki, iddiaçının himayəsində yaşlı anası var və başqa gəlir yeri yoxdur. Hazırkı dövrdə isə işsiz qalması səbəbindən özünün və ailə üzvünün maddi təminat ehtiyaclarını ödəyə bilmir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətində göstərir ki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad edilmişdir. Qeyd olunan bənddə göstərilir ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Lakin realda həmin ştat ləğv edilməmişdir və iddiaçı qanunsuz olaraq işdən azad edilmişdir. Belə ki, iddiaçının yerinə başqa bir işçi işə götürülmüşdür. Cavabdeh müəssisə İddiaçı işdən çıxarılmasının bir necə ay qabaq planlaşdırmış və rəhbərlik ona öz ərizəsi ilə işdən çıxmasını dəfələrlə təklif etmişdir. Yəni onun işdən çıxarılması qərəzli mövqe daşıyır. İddiaçıya onun yerinə yeni işçi gələcəyini, belə olan halda onun ya başqa işə keçəcəyini, ya da işdən çıxarılacağını bildirmişlər. O, isə işdən çıxmaq istəməmişdir, çünki həmin işə ehtiyacı olmuşdur. İddiaçı bu müddət ərzində rəhbərliyin göstərişi əsasında Fərid adlı şəxsə işi öyrətmişdir. İddiaçı öz işinin aqibətindən narahat olduğu üçün məsələ ilə bağlı Əmək Müfəttişliyinə müraciət etmiş, lakin həmin vaxt əmək müqaviləsi qüvvədə olduğuna görə onun şikayətinə baxılmamışdır. Daha sonra müdiriyyət iddiaçının şikayət verdiyinə görə işdən çıxmalı olduğunu bildirmişdir. Belə ki, cavabdeh müəssisənin rəhbərliyinin göstərişi əsasında işi Fərid adlı əməkdaşa öyrətdikdən bir müddət sonra təxminən 2021-ci ilin oktyabr ayından etibarən ona qarşı təhdid və hədələr başlamış və ona işdən çıxmalı olduğu bildirilmişdir. O əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlə qəti şəkildə razılaşmır. Həmçinin bildirir ki, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İddiaçı bir şirkətdə 20 il davamlı işləmiş və iş fəaliyyətinin 14 ilini mühasib vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində qüsursuz işləmiş heç vaxt intizam məsuliyyətinə cəlb olunmamışdır. O, işdən çıxarılarkən şirkətdə başqa şöbələrdə maliyyə işləri üzrə aparıcı mütəxəssis ştatı olmuşdur. Lakin birinci instansiya məhkəməsi işin fakiki hallarına düzgün hüquqi qiymət verməmiş və əsassız qətnamə qəbul etmişdir. Qeyd olunanlar əsasında şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib, şikayətdə qeyd olunan halların nəzərə alınmasını, qətnamənin ləğv edilərək, iddia tələbin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 əlavə olaraq bildirdi ki, iddiaçının işdən çıxarılması üçün qanuni prosedurlara əməl olunsa da, iddianın əsas dəlili odur ki, cavabdeh müəssisə iddiaçını qərəzli şəkildə işdən çıxarmağı planlamış, onun yerinə qabaqcadan işçi (Fərid Muradov) gətirtmiş, daha sonra da iddiaçının yerinə onu işə götürmüşdür. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iş üzrə cavabdeh “Azərbaycan Kağız və X4” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, iddiaçıya qarşı şirkətdə hər hansı bir qərəzli mövqe nümayiş etdirilməmiş və əmək qanunvericiliyinin müddəalarına uyğun olaraq, başqa sözlə, işçi ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (yəni işçi ilə bağlanılmış əmək müqaviləsi işəgötürən tərəfındən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsasına görə) ləğv edilmişdir. Əlavə olaraq onu da bildirdi ki, iddiaçının adını hallandırdığı X6 iddiaçının yerinə işə götürülməmişdir. Əgər belə olsaydı, X6 ilə bağlanılmış əmək müqaviləsinin tarixi iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş “Əmr”in tarixindən sonrakı tarix olardı. Yəni ki, iddiaçı ilə bağlanılmış “Əmək müqaviləsinə xitam verilməsi barədə” Əmrin tarixi xx.xx.2022-ci il, X2 “İşə qəbul edilməsinə dair” Əmrin tarixi isə xx.xx.2021-ci il tarixdir. Hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən əmrin ləğv edilməsi üçün mövcud qanunvericilikdə nəzərdə tutulan halların heç biri mövcud deyildir. İddia ərizəsi kimi apellyasiya şikayəti də tam formal xarakter daşıyır. Bu səbəbdən şikayətin rədd edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslı və qanuni olmasını bildirmişdir, şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ərizədən görünür ki, İddiaçı “Azərbaycan Kağız və X4” MMC-yə müraciət edərək Cəmiyyətdə əvəzçilik üzrə maliyyə və mühasibat şöbəsinə maliyyə üzrə aparıcı mütəxəssis vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. Yenə iş materiallarında olan “Azərbaycan Kağız və X4” MMC üzrə xx.xx.2014-cü il traixli, 86/K nömrəli əmrdən məlum olur ki, İddiaçı xx.xx.2014-cü il tarixdən əvəzçilik qaydasında Cəmiyyətin maliyyə və mühasibat şöbəsinə maliyyə üzrə aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, “Azərbaycan Kağız və X4” MMC (işəgötürən X7) ilə işçi İddiaçı arasında bağlanmış həmin müqaviləyə əsasən sonuncu bir ay sınaq müddəti müəyyən edilməklə maliyyə və mühasibat şöbəsinə maliyyə üzrə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli ərizədən görünür ki, İddiaçı ərizə ilə müraciət edərək, onu xx.xx.2014-cü il tarixdən maliyyə və mühasibat şöbəsində maliyyə üzrə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 95/K nömrəli əmrdən görünür ki, Cəmiyyətin əvəzçilik qaydasında işləyən maliyyə və mühasibat şöbəsinin maliyyə üzrə aparıcı mütəxəssisi İddiaçı xx.xx.2014-cü il tarixindən həmin vəzifədə əsas iş yerinə keçirilmiş və əmək haqqının ştat cədvəlinə əsasən 700 manat olmaqla ödənilməsi əmr edilmişdir. Yenə işə əlavə edilmiş xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, “Azərbaycan Kağız və X4” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə aşağıdakı dəyişikliklər və əlavələr edilmişdir: 1.2.bənd üzrə: 95/K nömrəli, xx.xx.2014-cü il tarixli əmrə əsasən Cəmiyyətin əvəzçilik qaydasında əlavə iş yerində işləyən maliyyə və mühasibat şöbəsinin maliyyə üzrə aparıcı mütəxəssisi xx.xx.2014-cü il tarixindən həmin vəzifə üzrə əsas iş yerinə keçirilsin. 4.17 bəndi üzrə: İş saatı 09.00-da başlanır, saat 18.00-da qurtarır. Şənbə günü iş saatı 09.00-da başlanır, saat 14.00-da qurtarır. 4.18 bəndi üzrə : Nahar vaxtı saat 12.00-dan saat 14.00-dir. Şənbə günü fasilə yoxdur. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, “Azərbaycan Kağız və X4” MMC ilə (işə götürənin səlahiyyətli şəxsi X7) İddiaçı arasında bağlanmış əmək müqaviləsi “xx.xx.2014-ci il tarixli, xxxxxxx000200 nömrəli Əmək müaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Yenə işə əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, “Azərbaycan Kağız və X4” MMC ilə (işə götürənin səlahiyyətli şəxsi X5) İddiaçı arasında bağlanmış əmək müqaviləsinə edilmiş dəyişiklik “xx.xx.2014-ci il tarixli, xxxxxxx000204 nömrəli Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Yenə də işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin 25 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müraciətlərinə cavab olaraq onunla Cəmiyyət arasında xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinin hal-hazırda qüvvədə olduğu və müəssisənin maliyyə və mühasibat şöbəsinin maliyyə üzrə aparıcı mütəxəssisi vəzifəsində fəaliyyətini davam etdirdiyinin məlum olduğu və razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Mülki işə əlavə edilmiş 03/HT nömrəli, xx.xx.2021-ci il tarixli təqdimatdan görünür ki, “Azərbaycan Kağız və X4” MMC-nin direktoru MMC-nin Həmkarlar İttifaqı Komitəsinə müraciət edərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi tələbinin müzakirəyə çıxarılmasını xahiş etmişdir. İşdə olan Azərbaycan Kağız və X4” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin Yığıncağının xx.xx.2021-ci il tarixli, 10 nömrəli protokolundan görünür ki, MİK-nin iclasının yekun qərarı olaraq Maliyyə və mühasibat şöbəsində Maliyyə üzrə aparıcı mütəxəssis ştatının İəğv olunması səbəbi ilə həmin Maliyyə üzrə aparıcı mütəxəssis vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsinin kifayət qədər əsaslı bir qərar olduğıı məlum olmuş, bu səbəbdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilməsinə dair Cəmiyyətin direktoru X1 qərarına Həmkarlar İttifaqı Komitəsinin iclasda iştirak edən bütün üzvlərinin yekdil fikri ilə müsbət münasibət bildirilməsi və ona razılıq verilməsi, protokolun bir nüsxəsinin "Azərbaycan Kağız və X4" MMC-nin direktoru X3 təqdim edilməsi qərara alınmışdır. İşə əlavə edilmiş “Azərbaycan Kağız və X4” MMC-nin xx.xx.2021-ci il tarixli, 030/Ş nömrəli əmrindən görünür ki, xx.xx.2021-ci il tarixdən Cəmiyyətin ştat cədvəli üzrə Maliyyə və Mühasibat Şöbəsinin vəzifə maaşı 1136 manat və vəzifə maaşına 493.38 manat əlavə olmala, 1 vahid Maliyyə üzrə aparıcı mütəxəssis ştatı ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, müəssisənin işçi sayının ixtisarı ilə əlaqədar olaraq maliyyə və mühasibat şöbəsinin 1 vahid Maliyyə üzrə aparıcı mütəxəssis ştatının ixtisar ediləcəyi və bununla əlaqədar əmək haqqının saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə qanunvericilikdə nəzərdə tutulan günlərdə əmək funksiyasının icrasından azad edilməsi barədə İddiaçı xəbərdar edilmişdir. Yenə iş materiallarında olan xx.xx.2021-ci tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ərizələrdən görünür ki, İddiaçı iş axtarmaq üçün icazə almışdır. İş materiallarında olan “Azərbaycan Kağız və X4” MMC-nin xx.xx.2022-ci il tarixli, 0885/K nömrəli əmrindən görünür ki, həmin əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının 1.7 misli miqdarında əmək haqqının bir dəfəyə ödənilməsi qərara alınmışdır. Yenə işə əlavə edilmiş Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə “Azərbaycan Kağız və X4” MMC arasında olan əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, 0885/K nömrəli əmr ilə, Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ştatları ixtisar edildikdə) xx.xx.2022-ci il tarixdə xitam verilmiş və xx.xx.2014-cü il tarixli xxxxxxx000204 nömrəli əmək müqaviləsi bildirişi ləğv edilmişdir. İşdə olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair Məlumatdan görünür ki, İddiaçı ilə “Azərbaycan Kağız və X4” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi xx.xx.2022-ci il tarixli, xxxxxxx0002X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş “Azərbaycan Kağız və X4” MMC-nin xx.xx.2021-ci il tarixli, 0244/K nömrəli əmrindən görünür ki, həmin əmr ilə X6 xx.xx.2021-ci il tarixdə “Azərbaycan Kağız və X4” MMC-də maliyyə və mühasibat şöbəsində mühasib vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan xx.xx.2021-ci il əmək müqaviləsindən görünür ki, həmin müqavilə “Azərbaycan Kağız və X4” MMC (işəgötürən X5) ilə işçi X6 arasında sonuncunun maliyyə və mühasibat şöbəsinə mühasib vəzifəsinə işə qəbul edilməsi barədə bağlanmışdır. Yenə işə əlavə edilmiş olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, “Azərbaycan Kağız və X4” MMC ilə (işə götürənin səlahiyyətli şəxsi X5) X6 arasında bağlanmış əmək müqaviləsi “xx.xx.2021-ci il tarixli, 5J5G7J3000400 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Yenə iş materiallarına əlavə edilmiş işçilərin işə qəbul tarixlərini əks etdirən xx.xx.2022-ci il tarixli cədvəldən görünür ki, X6 “Azərbaycan Kağız və X4” MMC-də maliyyə və mühasibat şöbəsinə mühasib vəzifəsinə xx.xx.2021-ci il tarixində işə qəbul edilmişdir. İşə əlavə edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı və “Azərbaycan Kağız və X4” MMC-nin nümayəndəsi X9 ilkin mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Mülki işə əlavə edilmiş ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü ildə “Azərbaycan Kağız və X4” MMC-nin maliyyə və mühasibat şöbəsinə əvəzçilik qaydasında maliyyə üzrə aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdə Cəmiyyətin maliyyə və mühasibat şöbəsinə maliyyə üzrə aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmişdir. S.Əliyeva xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) işdən azad edilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 3457/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə görə əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Eyni Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Bu Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqından az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Yenə həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Yenə də həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Eyni Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər; 84-cü maddəsinin 2-ci hissəsinə əsasən isə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Apellyasiya kollegiyası qeyd edir ki, İddiaçı işdən azad edilməsi ilə bağlı sənədləşdirmə mövcud qanunverciliyin tələblərinə tam əməl edilməklə həyata keçirilmiş, bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş bütün prosedurlara (xəbərdarlıq müddəti, əmək haqqının müəyyən mislinin ödənilməsi və s.) riayət olunmuşdur. Bu hal işin mübahisəsiz halı olmaqla, iş materialları, o cümlədən tərəflərin izahatları ilə də öz təsdiqini tapır. İddia tələbi, eləcə də apellyasiya şikayətindən aydın olduğu kimi iddiaçı işdən çıxması ilə bağlı əmri mübahisələndirərkən istinad etdiyi yeganə dəlili, onun işdən çıxarılmasında cavabdehin qərəzli olması, habelə cavabdeh tərəfindən əvvəlcədən İddiaçı yerinə başqa işçi (X6) hazırlandığı və elə həmin şəxsin mühasib vəzifəsinə işə qəbul edilməsi ilə bağlıdır. Apellyasiya kollegiyası iddiaçının bu barədə dəlillərinə tənqidi yanaşaraq qeyd edir ki, həmin hallar məhkəmə araşdırması zamanı heç də öz təstiqini tapmamışdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı işlədiyi ştat vahidinin adı “maliyyə üzrə aparıcı mütəxəssis”, F.Muradovun işlədiyi ştat vahidinin adı isə “mühasib” olmuşdur. Göründüyü kimi F.Muradov iddiaçı ilə eyni vəzifəyə işə qəbul edilməmişdir. Bununla yanaşı, İddiaçı ilə Fərid Muradovun işlədikləri ştat vahidi yalnız adına görə deyil, icra etdikləri əmək funksiyalarına görə də bir-birindən fərqlənmişdir. Digər tərəfdən daha öncə də qeyd olunduği kimi Fərid Muradov cavabdeh müəssisədə maliyyə və mühasibat şöbəsinə mühasib vəzifəsinə xx.xx.2021-ci il tarixdə işə qəbul edilməklə əmək fəaliyyətinə başlamışdır. AR ƏM-in 300-cü maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə kolllegiyası hesab edir ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən, qanunvericiliyin tələblərinə riayət olunmuş, müvafiq əmr imzalanmış və işçiyə bu barədə məlumat verilməklə onunla son haqq-hesab aparılmışdır. İddiaçı isə məhkəməyə əmək müqaviləsinin xitam edilmə əsaslarına dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də qeyd edilən əmrin etibarsız hesab edilməsi və işçinin işə bərpa edilməsi üçün heç bir əsas yoxdur. O cümlədən, əmək müqaviləsinə xitam verilməsində heç bir qanunsuzluq aşkarlanmadığından, iddiaçı işburaxmaya görə əmək haqqı hesablanmasını və ya digər zərərin əvəzini tələb etməkdə də haqlı deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim, əsaslı şübhələrdən kənar sübut təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3457/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar