Məhkəmə qərarları › İş №2(105)-1892/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1892/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1892/2020 03.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(029)-855/2019 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(029)-855/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rafiq Kazımov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxx 2019-cu il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14664 ABŞ dolları və 120000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki,o, əvvəllər Respublikanın müxtəlif bölgələrində dəmir məişət tullantılarının yığımı ilə məşğul olmuş, bununla əlaqədar 2000-ci illərdə müxtəlif vaxtlarda Qusar rayonunda da olmuşdur. 2006-cı ilin dekabr ayında Qusar rayonunda olarkən tanışlarından Qusar rayon Vərəm dispanserinin yaxınlığında maye qaz doldurma məntəqəsinin satıldığını eşitmişdir. Maraqlandıqdan sonra məntəqənin Qusar rayon Polis şöbəsinin rəisi vəzifəsində işləyən Eldar Cəfərova məxsus olduğunu bilmişdir. Həmin vaxt o, rəisin sürücüsü olan iş üzrə Cavabdeh2 ilə görüşmüş və Cavabdeh2 həqiqətən də həmin maye qaz doldurma məntəqəsinin rəisə məxsus olduğunu, lakin qohumu Cavabdeh1 adına sənədləşdirdiyini, maye qaz doldurma məntəqəsinin qiymətinin həmin dövr üçün 5000 ABŞ dolları olduğunu bildirmişdir. O, Cavabdeh2 təqdim etdiyi sənədlərlə tanış olduqda məntəqənin 200 kv.metr olduğunu və həmin sənədlərin içərisində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın olmadığını görmüşdür. Cavabdeh2 ona həmin məntəqəni və 200 kv.metr torpaq sahəsini məhkəmə qaydasında sənədləşdirə biləcəyini bildirmişdir. Cavabdeh2 sənədlərlə məhkəmə binasına tək getmiş, sənədləri və həmin dövrdə Qusar Rayon Məhkəməsinin hakimi işləmiş Tofiq Məmmədovun adından imzalanmış və möhürlənmiş məhkəmə qərarını ona təqdim etmiş və qarşılığında 5000 ABŞ dollarını və ondan əlavə hakim Tofiq Məmmədova verməsi üçün 200 ABŞ dolları məbləğində pulu almışdır. O, məhkəmə binasına girmədiyi üçün Cavabdeh2 qərarı kimdən aldığını və 200 ABŞ dollarını kimə verdiyini görməmişdir. O, sənədləri götürəndən sonra məntəqəni öz adına rəsmiləşdirməmiş, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə çıxarış almaq üçün müraciət etməmişdir. 2008-2009-cu illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəisi ona maye qaz doldurma məntəqəsinin söküləcəyini və ərazidə Qusar Mərkəzi Rayon Xəstəxanasının yeni binasının tikiləcəyini bildirmişdir. Sonradan o, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəisinin qəbuluna getmiş, ona bildirilmişdir ki, tikinti başa çatdıqdan sonra kompensasiya düşərsə, ona veriləcəkdir. 2012-ci ildə tikinti artıq başa çatdıqdan sonra o, yenidən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəisinə müraciət etmiş, torpaq şöbəsinin rəisi isə Qusar rayon İcra Hakimiyyətinin başçısının qəbuluna getməyi ona tövsiyyə etmişdir. İcra başçısının müavini onların heç bir şeyə cavabdeh olmadıqlarını və xəstəxananın tikilməsinin sifarişçisinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi olduğunu və tikinti şirkətinin də “Socar” şirkətinin nəzdindəki şirkət olması və tikintiyə cəlb edilməsini müqavilə ilə həyata keçirildiyini bildirmiş, kompensasiya üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Bununla bağlı o, Qusar Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Həmin ərəfədə tikinti şirkətinin nümayəndəsi ona aktların surətlərini təqdim edərək göstərmişdir ki, xəstəxananın tikildiyi ərazidə yerləşmiş bütün köhnə tikililər qanunvericiliyə uyğun olaraq İcra Hakimiyyəti tərəfindən sökülmüşdür, şirkətin heç bir təqsiri yoxdur. Bütün bunlar cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə birlikdə törədilmiş və onun verdiyi puldan birlikdə bəhrələnmişlər. Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən onun şikayəti əsasında araşdırma aparılmış, həmin idarə tərəfindən qəbul olunmuş və preyudisial qüvvəyə malik olan xx xxxx 2017-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarla da tam təsdiqini tapmışdır. Belə ki, həmin araşdırma zamanı dindirilmiş cavabdehlərin izahatları ilə də tam təsdiq olunur ki, cavabdehlər onun pulunu məhz birlikdə aldadaraq almışlar. Onun cavabdehlərə verdiyi pulun cəmi məbləği 5200 ABŞ dolları təşkil edir. Həmin pul məbləğini də mülki qanunvericiliyin tələblərinə uyğun qaydada 13 il ərzində bu günə olan 14 faiz bank uçot dərəcəsi ilə hesablanarsa, cavabdehlərin ona əlavə olaraq 9464 ABŞ dolları ödəniləcək faiz borcu vardır. Bundan əlavə, 13 il ərzində 5200 ABŞ dollarından adi mülki dövriyyə şəraitində istifadə etmiş olsaydı, ən azı 120000 manat fayda (əldən çıxmış fayda) əldə edərdi. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni tam qanunsuz və əsassız hesab edir. O, əvvəllər Respublikanın müxtəlif bölgələrində dəmir məişət tullantılarının yığımı ilə məşğul olmuş, bununla əlaqədar 2000-ci illərdə müxtəlif vaxtlarda Qusar rayonunda da olmuşdur. 2006-cı ilin dekabr ayında Qusar rayonunda olarkən tanışlarından Qusar rayon Vərəm dispanserinin yaxınlığında maye qaz doldurma məntəqəsinin satıldığını eşitmişdir. Maraqlandıqdan sonra məntəqənin Qusar rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləyən Eldar Cəfərova məxsus olduğunu bilmişdir. Həmin vaxt o, rəisin sürücüsü olan iş üzrə Cavabdeh2 ilə görüşmüş və Cavabdeh2 həqiqətən də, həmin maye qaz doldurma məntəqəsinin rəisə məxsus olduğunu, lakin qohumu Cavabdeh1 adına sənədləşdirdiyini, maye qaz doldurma məntəqəsinin qiymətinin həmin dövr üçün 5000 ABŞ dolları olduğunu bildirmişdir. O, Cavabdeh2 təqdim etdiyi sənədlərlə tanış olduqda məntəqənin 200 kv.metr olduğunu və həmin sənədlərin içərisində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın olmadığını görmüşdür. Cavabdeh2 ona həmin məntəqəni və 200 kv.metr torpaq sahəsini məhkəmə qaydasında sənədləşdirə biləcəyini bildirmişdir. Cavabdeh2 sənədlərlə məhkəmə binasına tək getmiş, sənədləri və həmin dövrdə Qusar Rayon Məhkəməsinin hakimi işləmiş Tofiq Məmmədovun adından imzalanmış və möhürlənmiş məhkəmə qərarını ona təqdim etmiş və qarşılığında 5000 ABŞ dollarını və ondan əlavə hakim Tofiq Məmmədova verməsi üçün 200 ABŞ dolları məbləğində pulu almışdır. O, məhkəmə binasına girmədiyi üçün Cavabdeh2 qərarı kimdən aldığını və 200 ABŞ dollarını kimə verdiyini görməmişdir. O, sənədləri götürəndən sonra məntəqəni öz adına rəsmiləşdirməmiş, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə çıxarış almaq üçün müraciət etməmişdir. 2008-2009-cu illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəisi ona maye qaz doldurma məntəqəsinin söküləcəyini və ərazidə Qusar Mərkəzi Rayon Xəstəxanasının yeni binasının tikiləcəyini bildirmişdir. Sonradan o, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəisinin qəbuluna getmiş, ona bildirilmişdir ki, tikinti başa çatdıqdan sonra kompensasiya düşərsə, ona veriləcəkdir. 2012-ci ildə tikinti artıq başa çatdıqdan sonra o, yenidən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəisinə müraciət etmiş, torpaq şöbəsinin rəisi isə Qusar rayon İcra Hakimiyyətinin başçısının qəbuluna getməyi ona tövsiyyə etmişdir. İcra başçısının müavini onların heç bir şeyə cavabdeh olmadıqlarını və xəstəxananın tikilməsinin sifarişçisinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi olduğunu və tikinti şirkətinin də “Socar” şirkətinin nəzdindəki şirkət olması və tikintiyə cəlb edilməsini müqavilə ilə həyata keçirildiyini bildirmiş, kompensasiya üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Bununla bağlı o, Qusar Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Həmin ərəfədə tikinti şirkətinin nümayəndəsi ona aktların surətlərini təqdim edərək göstərmişdir ki, xəstəxananın tikildiyi ərazidə yerləşmiş bütün köhnə tikililər qanunvericiliyə uyğun olaraq İcra Hakimiyyəti tərəfindən sökülmüşdür, şirkətin heç bir təqsiri yoxdur. Bütün bunlar cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə birlikdə törədilmiş və onun verdiyi puldan birlikdə bəhrələnmişlər. Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən onun şikayəti əsasında araşdırma aparılmış, həmin idarə tərəfindən qəbul olunmuş və preyudisial qüvvəyə malik olan xx xxxx 2017-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarla da tam təsdiqini tapmışdır. Belə ki, həmin araşdırma zamanı dindirilmiş cavabdehlərin izahatları ilə də tam təsdiq olunur ki, cavabdehlər onun pulunu məhz birlikdə aldadaraq almışlar. Onun cavabdehlərə verdiyi pulun cəmi məbləği 5200 ABŞ dolları təşkil edir. Həmin pul məbləğini də mülki qanunvericiliyin tələblərinə uyğun qaydada 13 il ərzində bu günə olan 14 faiz bank uçot dərəcəsi ilə hesablanarsa, cavabdehlərin ona əlavə olaraq 9464 ABŞ dolları ödəniləcək faiz borcu vardır. Bundan əlavə, 13 il ərzində 5200 ABŞ dollarından adi mülki dövriyyə şəraitində istifadə etmiş olsaydı ən azı 120000 manat fayda (əldən çıxmış fayda) əldə edərdi. Məhkəmə işə baxarkən məhkəməyə təqdim etdiyi mötəbər sübutlara düzgün hüquqi qiymət verməməklə yanaşı, mülki və prosessual qanunvericiliyin tələblərini də kobud şəkildə pozaraq tam qanunsuz və əsassız qətnamə çıxarmışdır. Belə ki, onun tələbi iş materiallarında olan rəsmi sənədlərlə, o cümlədən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən onun şikayəti əsasında aparılmış araşdırma nəticəsində həmin idarə tərəfindən qəbul olunmuş və artıq preyudisial qüvvəyə malik olan xx.xx.2017-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarla tam təsdiqin tapır. Məhz həmin araşdırma zamanı dindirilmiş cavabdehlərin özlərinin izahatları ilə tam təsdiq olunur ki, cavabdehlər onun pulunu məhz birlikdə aldadaraq almışlar. Birinci instansiya məhkəməsi işə tam qərəzli, birtərəfli və qeyri-obyektiv şəkildə baxaraq, yalnız qarşı tərəfin heç bir sübutla öz təsdiqin tapmayan formal xarakterli mülahizələrinə əsaslanmaqla qanunsuz və əsassız qətnamə çıxarmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması haqqında yeni qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh1 tələb etdiyi 5200 ABŞ dollarını xx xxxxxx 2020-ci il tarixdə ona qaytarmışdır. Buna görə də Cavabdeh1 qarşı heç bir tələbi yoxdur, iddia tələbinin Cavabdeh1 qarşı olan hissəsindən imtina edir və iddia tələbinin Cavabdeh2 qarşı olan hissəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında tələb etdiyi 5200 ABŞ dollarını xx xxxxxx 2020-ci il tarixdə iddiaçıya qaytardığını göstərdi və apellyasiya şikayətinin Cavabdeh2 qarşı olan hissəsinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını göstədi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsiCavabdeh2 münasibətdə qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Qusar rayonu Qusar bələdiyyəsinin 11/4-3 saylı, xx xxxxxxx 2005-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 Qusar şəhərinin baş planına uyğun olaraq ticarət obyektinin tikintisi üçün rayon vərəm xəstəxanasının arxasındakı ərazidən 200 kv.metr torpaq sahəsi ******* manata satılmışdır. İş materiallarında olan torpaqların alqı-satqısına dair xx xxxxxx 2005-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh1 0,02 ha torpaq sahəsi satılması barədə Qusar rayonu Qusar bələdiyyəsi 11/4-3 saylı, xx xxxxxxx 2005-ci il tarixli qərar qəbul etmiş, bunun müqabilində Cavabdeh1 bələdiyyənin hesabına ******* manat ödəmişdir, akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində xx xxxxxx 2005-ci il tarixdə 689 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2005-ci il tarixli, 140 nömrəli sərəncamının surətindən görünür ki, Qusar şəhər sakini Cavabdeh1 Qusar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11/4-3 saylı qərarı ilə Vərəm dispanserinin yanından satılmış 200.0 kv.metr torpaq sahəsində maye qazdoldurma məntəqəsinin tikintisinə onun tərəfindən layihə həllinə Qusar rayon Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq şöbələrinin müsbət rəyləri alındıqdan və RİHB Aparatının Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırıldıqdan sonra icazə verilmişdir. İş materiallarında olan Qusar rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Cavabdeh1 ünvanlanmış 94-178 saylı, xx xxxxxx 2005-ci il tarixli məktubun surətindən görünür ki, Qusar bələdiyyəsinin xx xxxxxxx 2005-ci il tarixli, 11/4-3 saylı qərarı ilə satılmış və Qusar vərəm dispanserinin yanında yerləşən 200 kv.metr torpaq sahəsində maye qazdoldurma məntəqəsinin Qusar RİH başçısının xx.xx.2005-ci il tarixli, 140 saylı sərəncamında göstərilmiş orqan və təşkilatlarla razılaşdırılaraq müvafiq tikinti normalarına və qaydalarına uyğun layihələşdirilməsinə və tikilməsinə razılıq verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin 319 saylı, xx xxxxxx 2005-ci il tarixli rəyinin surətindən görünür ki, Cavabdeh1 maye qazdoldurma məntəqəsinin tikinti altına Qusar şəhərinin baş planına uyğun olaraq 200 kv.metr torpaq sahəsinin ayrılmasına “Ətraf mühitin mühafizəsi haqqında” qanunun tələblərinin pozulmaması şərti ilə etiraz edilməmişdir. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 2-913a/2006 saylı, xx xxxxxx 2006-cı il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 məxsus 200 kv.metr ticarət obyektinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsinin alqı-satqısına dair cavabdehlə bağladığı müqavilənin (əqdin) etibarlı hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti başçısının müavininin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X7”nə ünvanladığı MA/385 saylı, xx xxxx 2009-cu il tarixli məktubun surətindən görünür ki, Qusar rayonu ərazisində inşaası nəzərdə tutulmuş xəstəxana binası üçün münasib torpaq sahəsinin müəyyənləşdirilməsi məqsədilə müvafiq araşdırma aparılmış, yeni xəstəxana binasının tikintisinin Qusarçayının sağ sahilində, rayon X4 İcraiyyə Komitəsinin xx xxxxxx 1966-cı il tarixli 26 saylı qərarı ilə Səhiyyə Nazirliyinin daimi istifadəsinə verilmiş, hal-hazırda da Səhiyyə Nazirliyinin balansında olan 2,9 hektar ərazidə aparılması məqsədəuyğun hesab edilmiş, bu məqsədlə ərazidə olan köhnə tikililər qanunvericiliyin tələblərinə uyğun sökülərək hesabdan silinmişdir. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 2(029)-235/2015 saylı, xx xxxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı maye qaz doldurma məntəqəsinin bərpa olunaraq ilkin vəziyyətə qaytarılmasına dair iddiası rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(0105)-1543/2015 saylı, xx xxxxxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(029)-235/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1410/16 saylı, xx xxxxx 2016-cı il tarixli qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli, 2(105)-1543/15 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2017-ci il tarixli qərarın surətindən görünür ki, toplanmış material üzrə Cavabdeh1 adına Qusar şəhərində yerləşən ticarət obyekti-maye qaz doldurma məntəqəsi tikilməsi üçün 200,0 kv.m torpaq sahəsinin İddiaçı satılması və Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli, 2-913a/06 nömrəli qətnaməsi ilə həmin torpaq sahəsinin alqı-satqısına dair müqavilənin (əqdin) etibarlı hesab edilməsi faktı ilə bağlı cinayət hadisəsi müəyyən edilmədiyindən həmin hissədə cinayət işinin başlanmasının rədd edilməsi və Qusar Bələdiyyəsinin xx xxxxxxx 2005-ci il tarixli, 11/4-3 saylı qərarı, torpağın alqı-satqısına dair xx xxxxxx 2005-ci il tarixli 689 nömrəli aktı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinin xx xxxxxx 2005-ci il tarixli, 319 saylı rəyi və Qusar şəhərinin Baş planından çıxarışa əsasən Cavabdeh1 adına ticarət obyekti tikilməsi üçün 200,0 kv.m torpaq sahəsinin satılması və obyektin sökülməsi ilə əlaqədar xüsusatların araşdırılması üçün müraciətin həmin hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının Cavabdeh2 5200 ABŞ dolları pul verməsi iş materialları ilə sübut olunmur. İddiaçı istinad etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2017-ci il tarixli qərarında Cavabdeh2 5000 ABŞ dollarını iddiaçıdan deyil, Zahid və Vahid qardaşlarından aldığını göstərmişdir. Həmçinin işdən görünür ki, Qusar rayonu Qusar bələdiyyəsinin 11/4-3 saylı, xx xxxxxxx 2005-ci il tarixli qərarı ilə ticarət obyektinin tikintisi üçün 200 kv.metr torpaq sahəsi Cavabdeh1 satılmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tələb etdiyi 5200 ABŞ dolları xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh1 tərəfindən iddiaçıya qaytarılmışdır və İddiaçı iddia tələbinin Cavabdeh1 qarşı olan hissəsindən imtinası ilə əlaqədar iş üzrə icraata həmin hissədə xitam verilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh2 aid hissədə qanuni və əsaslıdır. İddiaçı apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını göstərsə də, bunların nədə ifadə olunmasını konkret göstərməmişdir və məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmamışdır. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin Cavabdeh2 aid hissədə apellyasiya qaydasında ləğv olunmas üçün əsas deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(029)-855/2019 saylı qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar