Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1895/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı "xxxx" mənzil tikinti kooperativinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(012)-1213/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" mənzil tikinti kooperativinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(012)-1213/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elçin Kazımov) iddiaçı "xxxx" mənzil tikinti kooperativinin Cavabdeh qarşı mənzil tikintisi haqqında müqavilənin, maliyyə arayışlarının ləğv edilməsi, ödənilmiş 47826 manat məbləğində pul vəsaitinin geri qaytarılması və cavabdehin mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, "xxxx" mənzil tikinti kooperativi iddia ilə məhkəməyə müraciət edərək "xxxx" mənzil tikinti kooperativi ilə Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında yerləşən "xxxx" mənzil tikinti kooperativinə məxsus yaşayış kompleksinin 2-ci binasının, 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 1 A saylı mənzilinə dair 30 noyabr 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin və bütün maliyyə arayışlarının ləğv edilməsi, Cavabdeh "xxxx" "xxxx" mənzil tikinti kooperativinə məxsus yaşayış kompleksinin 2-ci binasının, 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 1 A saylı mənzilindən çıxarılması, Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında yerləşən "xxxx" mənzil tikinti kooperativinə məxsus yaşayış kompleksinin 2-ci binasının, 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 1 A saylı mənzili digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 47826 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə cavabdehə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" mənzil tikinti kooperativi arasında Abşeron rayonu, Saray qəsəbəsi, Masazır- Novxanı şossesi ünvanında "xxxx" MTK-ya məxsus yaşayış kompleksinin 2-ci binasının, 2ci mərtəbəsində yerləşən 2 otaqlı, 1 A saylı mənzilinə dair 30 noyabr 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə” bağlanmışdır. Müqavilənin 3.3, 3.4, 3.5 və 3.6-cı bəndlərinə əsasən mənzilin ümumi dəyəri 52.646 manat, ilkin ödəniş 4000 manat, aylıq ödəniş 1351 manat, kreditin müddəti isə 40 ay təşkil edir. Müqavilənin 3.5-ci bəndində göstərilən öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilmədiyi və lazımınca (kreditin müddəti başa çatdığına baxmayaraq borc ödənilməmişdir) yerinə yetirilmədiyi üçün cavabdehin 01.11.2020-ci il tarixə 4820 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi məqsədi ilə cavabdehlə dəfələrlə əlaqə saxlanılmasına və MTK tərəfindən 26 saylı, 13 noyabr 2020-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq qeyd edilən borc məbləği ödənilməmişdir. 30 noyabr 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə” vaxtından əvvəl ləğv edilməlidir. Həmçinin cavabdehdə olan bütün maliyyə arayışları ləğv edilməklə yanaşı, ödənilmiş 47826 manat məbləğində vəsait geri qaytarılmalıdır. Belə ki, "xxxx" MTK yaşayış kompleksində çoxmərtəbəli binaların inşasının davam etdirilməsi cavabdehin (payçıların) ödənişindən birbaşa asılıdır. Cavabdehdən (payçılardan) qrafik əsasında vəsait daxil olmadığı halda, lazımi materialların alınması mümkün olmur. Nəticədə binalarda tikinti işləri iflic vəziyyətə düşür, MTK maddi və mənəvi ziyana məruz qalır. Bundan başqa, müqavilə bağlandığı müddətdən bu günə qədər manatın iki dəfə devalvasiyası baş vermişdir. Göründüyü kimi, Cavabdeh öhdəliyini yerinə yetirmədiyindən MTK maddi və mənəvi ziyana məruz qalmışdır. Cavabdehin müqavilənin şərtini pozması əhəmiyyətli pozuntu sayılır, bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Müqavilənin 5.5-ci bəndinə görə “Payçı” tərəfindən ardıcıl iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödəniş 10 gündən artıq müddətdə gecikdirildikdə və ya aylıq ödəniş 2 ay ərzində ödənilmədikdə MTK-nın “Payçı”ya rəsmi xəbərdarlıq təqdim etmək şərti ilə bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququ vardır. Bu halda müqavilə ilə sənədləşdirilmiş mənzil digər müştəriyə satıldıqdan sonra ödənilmiş məbləğin 10 faizi saxlanılmaq şərti ilə “Payçı”nın ödədiyi məbləğ ona qaytarılır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı "xxxx" mənzil tikinti kooperativi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. 30 noyabr 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə”yə əsasən cavabdeh 40 ay müddətində 1351 manat məbləğində pulu hər ayın 30-u iddiaçıya ödəməlidir. Lakin cavabdeh tərəfindən öhdəliyin 47826 manat hissəsi, yəni əksər hissəsi lazımi şəkildə yerinə yetirilməmiş, yəni nə vaxtlı-vaxtında, nə də zəruri məbləğdə ödəniş aparılmamışdır. Məhkəmə öz qətnaməsini həm də cavabdehin maddi vəziyyətinin pisləşməsini, bununla da öhdəliyin qalan 4820 manat hissəsinin vaxtında icra olunmamasını xüsusi karantin rejimi ilə bağlı müəyyən edilmiş bəzi qadağalarla əsaslandırmışdır. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 336 saylı, 12 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə müəyyən məhdudiyyətlər istisna olmaqla, digər iş, xidmət sahələrində və istiqamətlərində fəaliyyətə icazə verilmişdir. Lakin mağazalarda parfumeriya satışına hər hansı qadağa qoyulmamışdır. Nazirlər Kabinetinin qeyd edilən qərarı ilə mağazalarda parfumeriya işinə hər hansı bir qadağa qoyulmadığı halda, cavabdehin maddi vəziyyətinin pisləşməsi, bununla da öhdəliyin qalan 4820 manat hissəsinin vaxtında icra olunmaması Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı deyildir. Bununla da müqavilənin şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmuşdur və bu pozuntu tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı deyildir. Tərəflər arasında bağlanmış 30 noyabr 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin 5.2ci bəndinə görə “Payçı” tərəfindən aylıq ödəniş 5 gündən artıq gecikdirildikdə mənzilin aylıq ödəniləcək məbləğindən hər gecikdirilmiş gün üçün 1% məbləğində cərimə tətbiq olunur. Müqavilənin 5.5-ci bəndinə görə “Payçı” tərəfindən ardıcıl iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödəniş 10 gündən artıq müddətdə gecikdirildikdə və ya aylıq ödəniş 2 ay ərzində ödənilmədikdə MTK-nın “Payçı”ya rəsmi xəbərdarlıq təqdim etmək şərti ilə bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququ vardır. Bu halda müqavilə ilə sənədləşdirilmiş mənzil digər müştəriyə satıldıqdan sonra ödənilmiş məbləğin 10 faizi saxlanılmaq şərti ilə “Payçı”nın ödədiyi məbləğ ona qaytarılır. Azərbaycan Respublikası MM-nin 421 və 424-cü maddələrində müqavilənin ləğv edilməsinin tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə və yaxud həmin müqavilənin ləğv olunmuş sayılması ilə mümkün olması nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin qalan 4820 manat hissəsinin vaxtında icra olunmaması və müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması nəticəsində müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun 30 noyabr 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin, bütün maliyyə arayışlarının ləğv edilməsi, cavabdehin mənzildən çıxarılması və mənzil digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 47826 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə cavabdehə geri qaytarılması qanunsuzluğu və ədalətsizliyi ehtiva etmir. Məhkəmə iddianı rədd edərkən həm də ona əsaslanmışdır ki, cavabdeh mənzilin təmirinə xeyli miqdarda pul xərcləmişdir. Cavabdeh mübahisəli mənzilin təmirinə xeyli miqdarda xərclənmiş pulun tələb olunması haqqında qarşılıqlı iddia ilə məhkəməyə müraciət edə bilərdi, həm də cavabdehin qarşılıqlı iddia ərizəsi ilə müraciət etməməsi, onun ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə maneə yaratmır. Məhkəmə qətnamədə cavabdehin ofisə gələrək öhdəliyini tam icra etməsi cəhdini, lakin MTK tərəfindən qəbul edilməməsini qeyd etmişdir. 13 aprel 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında cavabdeh iştirak etmədiyi və bu barədə hər hansı bir izahat vermədiyi halda, məhkəmənin əminliklə və heç bir sübüt olmadan qətnamədə bunu qeyd etməsi həqiqətə uyğun deyildir. Cavabdeh ödəniş etmək məqsədi ilə "xxxx" MTK-nın ofisinə gəlməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" mənzil tikinti kooperativinin nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulmasının iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etməməsinə, onun tərəfindən müqavilənin əksər hissəsinin artıq icra edilməsinə, icra edilmiş öhdəliklərə münasibətdə yerdə qalan 4820 manat məbləğində borcun icrasının gecikdirilməsi, həmin borcun ödənilməsi ilə bağlı cavabdeh tərəfindən bu günki gündə hərəkətlərin olunmasının tərəflər arasında bağlanmış müqavilənin, həmçinin cavabdeh tərəfindən öhdəliklərin icrasını təsdiq edən maliyyə arayışlarının ləğv edilməsi üçün əsas olmamasına istinad etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası MM-nin 421, 422-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti başçısının 495 saylı, 11.10.2014-cü il tarixli sərəncamının surətindən görünür ki, "xxxx" MTK-ya Daşınmaz Əmlakın Reyestri Xidmətinin MA seriyalı, ******* saylı çıxarış ilə mülkiyyətində olan, Saray qəsəbəsi ərazisində yerləşən 3,88 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evlərindən, xidmət, ticarət və istirahət obyektlərindən ibarət kompleksin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. İş materiallarında olan “İcraçı” "xxxx" mənzil tikinti kooperativi ilə “Payçı” Cavabdeh arasında bağlanmış 000314 saylı, 30 noyabr 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, “İcraçı” Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosesi, 2-ci blok, 2ci mərtəbədə yerləşən 2 otaqlı, 1 A saylı mənzili “Payçı”ya təhvil verməyi, “Payçı” müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər, mənzilin ümumi dəyəri 52.646 manat, ilkin ödəniş 4000 manat təşkil etmişdir. İş materiallarında olan maliyyə arayışlarının surətlərindən görünür ki, Cavabdeh "xxxx" mənzil tikinti kooperativinin Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosesi, 2-ci bina, 2-ci mərtəbədə yerləşən 2 otaqlı, 1 A saylı mənzilin dəyərindən cəmi 47826 manat ödəmişdir. İş materiallarında olan 31 yanvar 2020-ci il tarixli, 005739 saylı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh "xxxx" mənzil tikinti kooperativinə 1300 manat ödəniş etmiş, 4820 manat borcu qalmışdır. İş materiallarında olan 26 saylı, 13 noyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" mənzil tikinti kooperativi tərəfindən Cavabdeh 4820 manat məbləğində qalıq borcunu ödəməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosesi, 2-ci bina, 2-ci mərtəbədə yerləşən 2 otaqlı, 1 A saylı mənzilin iddiaçı tərəfindən cavabdehə verilməsi barədə 000314 saylı, 30 noyabr 2016-cı il tarixli müqavilə bağlanmışdır. Qeyd edilən müqaviləyə əsasən mənzilin ümumi dəyəri 52,646 manat, ilkin ödəniş 4000 manat təşkil etmişdir. İşdə olan maliyyə arayışlarından görünür ki, Cavabdeh tərəfindən mənzilin ümumi dəyərindən 47826 manat ödəniş edilmiş, 01.11.2020-ci il tarixə 4820 manat borcu qalmışdır. İddiaçı "xxxx" mənzil tikinti kooperativi 000314 saylı, 30 noyabr 2016-cı il tarixli müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyi, bunun nəticəsində iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğu əsas ilə həmin müqavilənin və bütün maliyyə arayışlarının ləğv edilməsini tələb etmişdir. Azərbaycan Respublikası MM-nin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Qeyd edilən maddələrin mənasından göründüyü kimi, tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. İddiaçı "xxxx" mənzil tikinti kooperativi iddia tələbini cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulması, bunun nəticəsində müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması ilə əsaslandırsa da, göstərilən hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İşin mübahisə edilməyən hallarından görünür ki, tərəflər arasında bağlanmış 000314 saylı, 30 noyabr 2016-cı il tarixli müqavilə üzrə mənzilin ümumi dəyəri kimi müəyyən olunmuş 52,646 manat məbləğin 47826 manat hissəsi, yəni əksər hissəsi cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin böyük hissəsinin icra edilərək 52,646 manat məbləğində ümumi borcdan cəmi 4820 manat ödənilməmiş məbləğin qalması iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması kimi qiymətləndirilə bilməz. İşdən görünür ki, pandemiya dövründə tətbiq edilmiş xüsusi karantin rejimi ilə bağlı müəyyən edilmiş bəzi qadağalar nəticəsində cavabdehin maddi vəziyyətinin pisləşmiş, bununla da onun tərəfindən öhdəliyin yerdə qalan az hissəsini vaxtında icra olunmaması, onun müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması kimi qəbul edilərsə, bu onun mənzildən məhrum edilməsi ilə nəticələnəcəkdir. Həmçinin işdən görünür ki, cavabdeh "xxxx" mənzil tikinti kooperativindən aldığı mənzili tam təmir etdirmiş və xeyli miqdarda pul xərcləmişdir. Digər tərəfdən, məhkəmə araşdırması dövründə cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliyin tam icrası ilə bağlı hərəkətlər olunduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh 4820 manat borcun ödənilməsi ilə bağlı hərəkətsiz qalmadığını, bir neçə dəfə "xxxx" mənzil tikinti kooperativinin ofisinə gedib 2200 manat məbləğində ödəniş etmək istəsə də, həmin məbləğin MTK tərəfindən qəbul olunmadığını göstərmiş, hazırda da 2200 manat məbləğində ödəniş etmək istədiyini göstərmişdir. Cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçı "xxxx" mənzil tikinti kooperativinin maddi və mənəvi ziyana məruz qalması da məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin faktiki hallarına uyğundur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı "xxxx" mənzil tikinti kooperativinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(012)-1213/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1895/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1895/2021
09.09.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver