Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1895/2022 10.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evindən çıxarılma» tələbinə dair Abşeron Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(012)-1817/2022 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, 0,025 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,025 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bu bərədə ona xx.xx.2008-ci il tarixdə ******* nömrəli çıxarış verilmişdir. O, 2010-cu ildən 2017-ci ilə kimi həmin torpaq sahəsində öz vəsaiti hesabına 3 otaqlı fərdi yaşayış evi tikmiş və 2017ci ildən ailə üzvləriylə birlikdə həmin evdə yaşamışdır. Onun Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində evi olmuşdur. O, həmin evi satıb Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,025 ha torpaq sahəsini almış, fərdi yaşayış evini tikmişdir. O, cavabdeh ilə 2001-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və aralarında rəsmi nikah olmamışdır. Tərəflərin faktiki nikahlarından üç övladı - 15 iyun 2002-ci il təvəllüdlü X2, 12 dekabr 2003-cü il təvəllüdlü X1 və 29 noyabr 2010-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Onun cavabehlə münasibətləri uzun müddətdir ki, pozulmuşdur. Lakin buna baxmayaraq cavabdeh iddiaçının evindən çıxmamışdır. Cavabdehin onun evinə dair heç bir hüququ yoxdur. Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Həmçinin tərəflərin arasında heç bir ər-arvad münasibəti yoxdur. Bu səbəbdən hesab edir ki, cavabdeh ona məxsus evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Abşeron Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(012)-1817/2022 nömrəli qətnaməsi ilə Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, 0,025 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə İddiaçı iddiasının təmin edilməməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(012)-1817/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MH Seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, 0,025 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2008-ci ildə İddiaçı adına qeydiyyata alınmışdır. Göründüyü kimi torpaq sahəsinin mülkiyyətçisi iddiaçıdır və o həmin torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evi tikmişdir. Cavabdehlə iddiaçı arasında rəsmi nikah yoxdur və cavabdeh heç bir əsas olmadan həmin mənzildə yaşayır. Cavabdeh iddia edir ki, evin tikilməsinə o, pul vəsaiti qoymuşdur. Cavabdeh mənzilin tikintisi üçün pul vəsaiti qoyması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməməsinə baxmayaraq, məhkəmə onun dediklərini əsas götürmüşdür. Halbuki MPM-nin 77-ci maddəsinin tələbinə görə cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Lakin cavabdeh məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə həmin torpaq sahəsini iddiaçının vəsaiti hesabına aldığını etiraf etmişdir. İddiaçı bildirmişdir ki, cavabdeh evin tikilməsi üçün heç bir vəsait qoymamışdır. Bütün vəsaitləri iddiaçı ödəmiş və evi tikmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, hazırkı vəziyyətdə mübahisə predmeti olan evə dair mülkiyyət hüquqları qeydə alınmış olmasa da, həmin əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquqlar onun adına qeydə alınmışdır. Fərdi yaşayış evi iddiaçının istifadə və sahibliyindədir. Mülki Məcəllənin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Hazırkı halda iddiaçı həmin evə sahiblik və istifadə hüququna, eləcə də mülkiyyət hüququ əldə etmək barədə əsaslı “gözləntiyə” malikdir. Bu isə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. İddiaçı və cavabdeh arasında olan münasibətlərə bu konteksdən yanaşma Avropa Məhkəməsinin presidentlərində formalaşan hüquqi mövqeyə uyğundur və qeyd olunan xüsusatlar mövcud mübahisəyə mülkiyyət hüququna dair normaların tətbiq olunmasına imkan verir. Qeyd olunanlara əsasən, mübahisəyə oxşar, yəni, mülkiyyətçi ilə yaranan münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq olunmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, Abşeron Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(012)-1817/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan hazırkı mülki işə baxılmasını mümkün hesab etmişdir. Həmin maddəyə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir. Məhkəmədə mübahisə edilməyən faktiki hallardan müəyyən edilir ki, İddiaçı və Cavabdeh 2001-ci ildə faktiki nikah münasibətlərinə daxil olmuş, bu münasibətdən 15 iyun 2002-ci il təvəllüdlü X2, 12 dekabr 2003-cü il təvəllüdlü X1 və 29 noyabr 2010-cu il təvəllüdlü X3 dünyaya gəlmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MH seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən göründüyü kimi Abşeron rayonu, Saray qəsəbəsi, 0,025 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2008-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, həmin torpaq sahəsi üzərində yerləşən özbaşına tikili olan fərdi yaşayış evi isə tərəflərin faktiki ər-arvad münasibətlərində olduğu dövrdə tikilmişdir. Tərəflər üç övladları ilə birgə həmin mübahisə predmeti olan fərdi yaşayış evində birgə yaşamışlar, birgə təsərrüfat idarə etmişlər, lakin son zamanlar tərəflərin münasibətləri korlandığı üçün iddiaçı könüllü olaraq fərdi yaşayış evini tərk etmiş, cavabdeh isə hazırda böyük qızı ilə mübahisə predmeti olan evdə yaşayır. Qeyd olunan hallar iş materialları və tərəflərin izahatları ilə müəyyən edilir və bu halları təkzib edəcək hər hansı bir sübut müəyyən edilməmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili mülkiyyət hüququ və həmin hüququ tənzimləyən müvafiq normalara istinad edərək iddianın təmin edilməsini xahiş etmişlər, lakin işin faktiki hallarından göründüyü kimi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olsa da, sözügedən fərdi yaşayış evi özbaşına tikilidir, həmin fərdi yaşayış evi tərəflərin birgə təsərrüfatı hesabına tikilmiş, belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi maddi hüquq normaları hal-hazırda həmin fərdi yaşayış evinə şamil oluna bilməz. Məhkəmə hesab etmişdir ki, özbaşına tikili olan fərdi yaşayış evi tərəflərin faktiki ərarvad münasibətlərində olduğu dövrdə tikilərkən hər iki tərəf yaşayış yerinə malik olmağı arzulamış və bu işin faktiki halları ilə təsdiqini tapır. Ona görə də məhkəmə yuxarıda qeyd olunan bütün faktiki hallara istinad edərək hesab etmişdir ki, iddiaçı tərəfindən hüquqdan sui-istifadə edilməsi cavabdehin hüquqlarının pozulması ilə nəticələnməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Ailə Məcəlləsinin tələblərinə görə valideynlər öz uşaqları barəsində bərabər hüququ və vəzifələrə malikdirlər. Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsasız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası işin yuxarıda araşdırılan faktiki hallarına və tətbiq olunan maddi hüquq normalarına əsasən birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanni və əsaslı hesab edir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, apellyasiya şikayətinin dəlili ilə bağlı iddiaçı Mülki Məcəllənin 180.3-cü maddəsinə istinad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Həmin maddənin tələbləri baxımından iddiaçının ona məxsus torpaq sahəsindəki özbaşına tikilmiş evə gözlənilən mülkiyyət hüququ olsa da, cavabdehin də qanunun analogiyası qaydasında Mülki Məcəllənin 11.1 və 157.7-ci maddəsinə əsasən özünün digər yaşayış sahəsi ilə təmin edilməsi üçün həmin tikiliyə çəkilmiş xərclərin özünə aid hissəsinin geri qaytarılmasını tələb etmək hüququ vardır.Belə ki,tərəflər rəsmi nikah münasibəətlərində olmasalar da,onların övladları olan üçuşaqları ilə bir yerdə yaşamaq məqsədi ilə birgə razılıq əsasında həmin evi tikmişlər.Buna görə məhkəmə kollegiyası qeyd edir ki,iddiaçı cavabdeh tərəfindən evin tikilməsinə çəkilmiş xərclərin ödənilməsi şərti ilə Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, 0,025 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmasını tələb edə bilər. Məhz yuxarıda qeyd olunan işin faktiki hallarına əsasən birinci instasya məhkəməsi Mülki Məcəllənin 560.3.4-cü maddəsinə düzgün istinad edərək göstərmişdir ki,iddiaçı digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi məqsədi ilə hazırkı iddianı qaldırmışdır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(012)-1817/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı sapellyasiya şikayəti təmin olunmasın. Abşeron Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(012)-1817/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1895/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1895/2022
10.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver